Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1105/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faiz borcunun və cərimə borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 30 noyabr 2022-cı il tarixli, 2(076)-2642/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “Bank of Baku" ASC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faiz borcunun və cəimə borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 24518.44 manat məbləğində əsas borcun, 2599.64 manat məbləğində faiz borcunun, 422.44 manat cərimə borcunun cəmi 27540.52 manat borcun və 173 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı banka ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 30 noyabr 2022-cı il tarixli, 2(076)-2642/2022 saylı qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK/31339/83/4 saylı kredit sazişinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 24518.44 manat məbləğində əsas borc, 2599.64 manat məbləğində faiz borcu, 40 manat cərimə borcu, cəmi 27158.08 (iyirmi yeddi min bir yüz əlli səkkiz manat səkkiz qəpik) manat məbləğində pul və 171.29 (bir yüz yetmiş bir manat iyirmi doqquz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 30 noyabr 2022-cı il tarixli, 2(076)-2642/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən Bank Borcluya 36 ay müddətinə illik 24% olmaqla 26000 manat məbləğində kredit verilmişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsınə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zaminlər həmin müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytanlması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Hazırda cavabdehlərin 24518.44 manat məbləğində əsas borcu, 2599.64 manat faiz borcu, 422,44 manat cərimə borcu vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şəmkir Rayon Məhkəməsi hazırkı işə baxarkən, təqdim edilmiş sübut və arayışlara əsaslanmışdır. Onun tərəfindən edilmiş kredit ödənişləri nəzərə alınmamışdır. Hesab edir ki, Şəmkir Rayon Məhkəməsi hazırkı işə baxarkən, məhkəmə-mühasibatlıq ekspertizası təyin edib, bank qarşısında ödənilməmiş əsas və faiz borcları düzgün müəyyən etməli idi. Bankdan götürdüyü kredit borcunun demək olar ki, əsas hissəsini tam ödəmişdir. İddiaçı tərəfındən bank qarşısında borcuna dair məlumatlar isə təhrif edilmiş şəkildə təqdim edilmişdir. Hazırda onun bank qarşısında öhdəliyi iddia tələbində qeyd edilən məbləğdən dəfələrlə azdır. Ona görə də hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və işin həqiqi hallarına uyğun yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehılərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, MK/31339/83/4 saylı İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış kredit sazişindən və İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri preambulasından görünür ki, bank Cavabdeh1 36 ay müddətinə illik 24 % olmaqla 26000 manat məbləğində kredit verməyi, Cavabdeh1 kreditin qaytarılması üzrə öhdəliyini ödəniş gününədək borc qalığı məbləğinin və digər ödənişlərin ödənilməsi şərtilə vaxtından əvvəl icra etməyi, Cavabdeh2 və Cavabdeh3 zaminliklə təmin edilmiş öhdəliklərin icrası üçün bütün əmlakları ilə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İşdə olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, Cavabdeh1 iddiaçı Bankdan götürdüyü krediti və ona hesablanmış faizləri xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixə qədər ümumilikdə 36735.10 manat qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 “Bank of Baku" ASC-yə 24518.44 manat əsas, 2599.64 manat faiz və 422.44 manat məbləğində cərimə borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank tərəfındən 173 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan 24 07.2022-ci il tarixli bildirişlərdən görünür kı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xəbərdarlıq edilərək kredit sazişi üzrə borcları xatırladılmış və ödənilməsi tələb olunmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən Bank Borcluya 36 ay müddətinə illik 24% olmaqla 26000 manat məbləğində kredit vermiş, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlərin İddiaçı ASC-yə kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarındakı sübutlarla Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etmədiyi sübuta yetdiyinə görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi dəbbə pulunu azaldaraq 40 manat miqdarında müəyyən etmişdir ki, cavabdeh də cərimənin azaldılması ilə razılaşmışdır. odur ki, məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, apelyator kredit borcunun əsas hissəsini tam ödədiyini qeyd edərək məhkəmənin düzgün olmayaraq məhkəməmühasibatlıq ekspertizası təyin etmədən həmin nəticəyə gəldiyini göstərmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdən görünür ki, birinci instansiya məhkəməsində işə baxılanda tərəflər, o cümlədən Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və kredit borcunu ödədiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir (məhkəmə bildirişlərinin çatdırılmasına dair xəbərnamələr – i.v. 31, 42, 55, 66). Cavabdeh məhkmə kollegiyasının iclasına da gəlməmiş, şikayətinə dəlillərini təsdiq edən sübut əlavə etməmişdir. Halbuki iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən qeyd olunan kredit müqaviləsi üzrə 1250,0 manat, 1080,0 manat, 750,0 manat, 500,0 manat və 500,0 manat olmaqla 5 dəfəyə cəmi 4080 manat ödəniş edilmişdir. Ona görə də kollegiya apellyasiya şikayətinin dəlillərini cavabdehin formal mülahizəsi, işə baxılmasının yubadılması üçün edilmiş cəhd kimi qiymətləndirir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcələnin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, Şəmkir Rayon Məhkəməsinin 30 noyabr 2022-cı il tarixli, 2(076)-2642/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 30 noyabr 2022-cı il tarixli, 2(076)-2642/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1105/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1105/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver