Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1106/2023 14.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollügiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi və İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(076)-3187/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 07 yanvar 2021-ci il tarixli, 800804-695929/2 nömrəli kredit müqaviləsi üzrə 3,881.52 manat məbləğində əsas borc və 439.82 manat faiz borcu olmaqla, cəmi 4,321.34 manat borcun və 63.62 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 800804-695929/2 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 28.5 faiz dərəcəsi ilə 5027 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və digər Cavabdeh2 arasında 07 yanvar 2021-ci i tarixli, 800804-695929/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 07 yanvar 2021-ci il tarixli, 800804-695929/2 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafıkini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da onlar banka olan borclarını ödəməmişlər. 05 oktyabr 2022-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 3,881,52 manat məbləğində əsas borcu və 439.82 manat faiz borcu olmaqla, ümumilikdə 4,321.34 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Şəmkir Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(076)-3187/2022 saylı qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 800804-695929/2 saylı kredit müqaviləsi üzrə 3,881.52 manat, faiz borcuna görə 439.82 manat, cəmi 4,321.34 (dörd min üç yüz iyrimi bir manat otuz dörd qəpik) manat borcun alınıb İddiaçı ASC-nə ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 63.62 (altımış üç manat altımış iki qəpik) manat dövlət rüsumunun alınıb İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 800804- 695929/2 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı Bank cavabdehə illik 28.5 faiz olmaqla 48 ay müddətinə 5027 manat məbləğində kredit vermişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 800804- 695929/2 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 800804-695929/2 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini yerinə yetirməsinə və onların pozulmasına yol verməməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 800804-695929/2 saylı kredit müqaviləsi üzrə 3,881.52 manat, faiz borcuna görə 439.82 manat, dəbbə borcuna görə 0 manat, borcun cəmi məbləği 4,321.34 manat borcu qalmışdır. Apellyasiya şikayətinin dəlilləri: Şəmkir Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(076)-3187/2022 nömrəli qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(076)-3187/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar vaxtlı-vaxtında cədvəldə müəyyən olunmuş məbləği ödəmişlər. Lakin iddiaçı həmin məbləğləri kredit məbləğindən çıxmamışdır. Bununla da onlara artıq məbləğ yazmışdır. Onların banka bu günə 500 manat kredit borcları vardır. Birinci instansiya məhkəməsinin öz qərarında göstərmiş olduğu dəlillər işin hallarına uyğun deyildir. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar vardır. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavadbehin nüamyəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə klollegiyasınını iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(076)-3187/2022 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(076)-3187/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehlər apellyasiya şikayətində kredit borcunun cox hisssəsini ödədiklərini və 500 manat borlarının qaldığını iddia etsələr də buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməməklə yanaşı, hər hansı bir əsaslandırılmış arqument də irəli sürə bilməmişlər. Halbuki, cavabdehlər ödədikləri məbləğlər barədə, o cümlədən hansısa ödənişinin nəzərə alınmaması və ya ödənilmiş pulun əsassız olaraq faiz məbləğinə silinməsi barədə dəlillərlə şikayətlərini əsaslandıra bilərdilər. Bununla yaanşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş kredit müqaviləsi üzrə ödənişlərə dair cədvəldən görünür ki, iddianın qaldırıldığı tarixə, yəni 06 oktyabr 2022-ci il tarixə kimi cavadbeh tərəfindən ümumilikdə 3095 manat ödənilmişdir. Sonuncu ödəniş 01 iyul 2022-ci il tarixdə 150 manat məbləğində olmuş, həmin tarixdən iddia qaldırıldığı tarixədək isə heç bir ödəniş edilməmişdir. Ödəniş cədvəlinə əsasən 2022-ci ilin iyul ayınadək öhdəlik ödəniş cədvəlinə əsasən lazmı qaydada icra edildiyi təqdirdə qalıq əsas borc 3844,96 manat təşkil edəcəkdi ki, cavadbehin də həmin tarixədək ödəniş aparması nəzərə alındıqa tələb edilən 3881,52 manat əsas borc məbləğinin əsassız olması şübhə yaratmamışdır. Həmçinin, əsas məbləğə hesablanmalı olan aylıq faiz məbləğinin 91,32 manat olması, həmin tarixədək cavabdehin ödəniş cədvəli üzrə ödənişləri lazımi qaydada icra etməməsi və 01 iyul 2022-ci il tarixdən iddia qaldırılan tarixədək isə cavadbehin əsas borc məbləğindən ödəniş etməməsi nəzərə alındıqda hesablanmış faiz məbləğinin 439,82 manat məbləğində olması da real olmaqla, hər hansı bir şübhə yaratmamışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(076)-3187/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(076)-3187/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Şəmkir Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(076)-3187/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(076)-3187/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir.