Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1109/2023 06.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı mülki iş üzrə Açar sözlər: “borcun silinməsi” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı «borcun silinməsi» tələbinə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)-2742/2022 saylı mülki iş üzrə 24 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Şəmkir rayonu Qədimqala kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış Elster tipli, zavod nömrəsi ******* nömrəli qaz sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir.
2. İş materiallarında olan Abonentin Saldosundan görünür ki, İddiaçı 2022-ci ilin avqust ayında akt üzrə 518,40 (beş yüz on səkkiz manat 40 qəpik) manat borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə olan 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borcunun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən, ona məxsus fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. Cavabdehlə bağlanmış müqavilə əsasında mavi qazdan istifadə edirlər və sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış qaz sayğacının hesablaması üzrə mütəmadi olaraq ödəmişdir. Cavabdehin əməkdaşları 2022-ci ilin aprel ayının 13-də istifadə etdiyi mavi qazın sərfiyyatını ölçən, zavod nömrəsi ******* olan Elster markalıqaz sayğacının istifadə müddətinin keçməsi bəhanəsi ilə dəyişdirmişlər. Qeyd etdiyi kimi istifadə etdiyi qazın sərfiyyatına görə aylıq ödənişlərindən hər ayda müəyyən məbləğdə borclu qalmışdır. Ancaq, qaz sayğacının dəyişdirilməsindən sonra nəzarətçi ona şifahi olaraq bildirəndə ki, əvvəlki aylardan olan borcundan əlavə ona borc yazılmışdır. O, həmin borcun hansı əsasla ona yazılmasını aydınlaşdırmaq üçün cavabdehin Şəmkir rayonundakı əməkdaşlarına müraciət etmiş və nəticədə ona xx.xx.2022-ci il tarixdə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* No-li akt təqdim edilmişdir ki, həmin aktda dəyişdirilmiş əvvəlki sayğacının dəyişdirilməsinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda ******* olan Elster markalı qaz sayğacının «Çıxış plastmas borusunun deşilməsi» qeyd edilmişdir. Ancaq, bu barədə istehlakçı olaraq heç bir vaxt ona bildirilməmiş, nə də həmin sayğaca onun iştirakı ilə baxış keçirilməmişdir. İstifadəsində olmuş ******* olan Elestr markalı qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən hər ilin sonunda tam araşdırılaraq heç bir qüsurunun olmaması müəyyən edilmişdir ki, həmin sayğacın qeydiyyata aldığı sərf etdiyi qazın pulunu da ödəmiş, həmin sayğacdan sonra dəyişdirilmiş sayğacın da eyni məbləğdə qaz sərfiyyatının olmasının qeydə alınması dediklərini təsdiq edir. Onu da əlavə etmişdir ki, evindən istifadə etdiyi qaz avadanlığı 3 gözlü xörək bişirmək üçün olan və 1 ədəd istilik üçün olan qaz peçindən ibarətdir ki, onu da günün az bir hissəsində istifadə edir ki, sərfiyyatı az olsun. Deməli, cavabdehin ona qarşı tətbiq etdiyi əsassız borc heç bir reallığı əks etdirmir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda göstərilmişdir ki, Şəmkir rayonu Qədimqala kəndində yaşayan İddiaçı adına Şəmkir RQİİ-də qeydiyyatda olan təbii qaz sayğacına-sayğacın çıxış plastmas borusu deşilməklə müdaxilə edilmişdir. Müdaxilə faktı barədə Şəmkir RQİİ-nin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh tərəfindən sayğaca müdaxilə edilməklə təbii qazdan istifadə edildiyi üçün 4320 kub metr təbii qaz sərfi, yəni 518.40 manat dəymiş ziyan hesablanmışdır. Müdaxilə nəticəsində istismara yarasız hala salınmış qaz sayğacının dəyəri 64.67 manat həmin məbləğə əlavə edilməklə ümumilikdə cavabdehin X1 İstismar İdarəsinə vurduğu ziyan 583.07 manat təşkil etmişdir. Odur ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
7. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2742/2022 saylı mülki iş üzrə 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı qüsur aktı üzrə hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2742/2022 saylı mülki iş üzrə 24 noyabr 2022-ci il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş 2022-ci ilin may ayında iddiaçının abonent hesabına işlənilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verməmişdir. Məhkəmə İnformasiya Texnologiyaları və rabitə idarəsinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Beləki, sayğacın çıxış plastmas borusunun deşilməsi aşkarlanmışdır. Nəzərə alınamamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya institutunun nümayəndələri də iştirak etmişdir. İddiaçının stismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2022-ci il il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 518.40 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri-müəyyən olduğundan müdaxilə halı aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2022-ci ilin may ayında müəyyən edilmiş məbləğin hamısının silinməsi qət edilmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə səhvdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya məhkəməsində icraat
12. İş üzrə iddiaçıya və cavabdeh təşkilatın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun:
13. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları:
14. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
15. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
16. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Tətbiq edilməli olan prosessual hüquq normaları
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
18. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
20. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
22. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
28. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarında İddiaçı borcunun olması barədə heç bir sübut yoxdur, həmçinin qaz sayğacında ortaya çıxmış problemin məhz onun təqsiri üzündən yaranması sübut edilmir.
29. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.
31. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 518.40 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2742/2022 saylı mülki iş üzrə 24 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.