Məhkəmə qərarları › İş №2(104)-111/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-111/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-111/2023 17.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(062)-2235/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək 15000 manat əsas, 11015,53 manat faiz, 8732,20 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2213,12 manat faiz borcu olmaqla ümumilikdə cəmi 39960,85 manat pulun cavabdehdən Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Tovuz Rayon Мəhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(062)-2235/2021 saylı qətnaməsi ilə (hakim N.Mustafayev) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Tovuz Rayon Мəhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(062)-2235/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddanın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 oktyabr 2017-ci il tarixli 051T10170012 nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən, Cavabdeh İddiaçı ASC tərəfindən 05 oktyabr 2017-ci il tarixdən 05 sentyabr 2018-ci il tarixədək banka illik 20 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit xətti açılmışdır. Borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmış, cavabdehə dəfələrlə xəbərdarlıq ediməsinə baxmayaraq, öhdəliyi icra etməmişdir. xx.xx.2021-ci il tarixə Cavabdeh banka 15000 manat əsas, 11015,53 manat faiz, 8732,20 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 2213,12 manat faiz borcu olmaqla ümumilikdə cəmi 39960,85 manat borcu vardır. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iddia tələbini rədd edərkən iddia tələbi üzrə dəlilləri araşdırmamış, yalnız cavabdehin izahatına əsaslanaraq qətnamə qəbul etmişdir. Belə ki, iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Sözügedən müqavilə üzrə iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, iddiaçı tərəf isə iddia ərizəsi ilə məhkəməyə 6 gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Mübahisə edilən bu halı təsdiq edən poçt göndərişidir. Apellyasiya şikayətinə əlavə edilmiş 294644 nömrəli poçt göndərişindən görünür ki, **********329 qeydiyyat nömrəli iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Tovuz Rayon Məhkəməsinə göndərilməsi üçün xx.xx.2021-ci il tarixdə poçt xidmətinə təqdim edilmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə tərəfindən iş materialları ətraflı araşdırılsaydı, müəyyən olunardı ki, sözügedən mülki iş üzrə dövlət rüsumunun ödənişi xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Bu hal bir daha onu təsdiq edir ki, müvafiq mülki iş üzrə məhkəməyə iddia müddəti ötürülməmiş müraciət edilmişdir. Tovuz Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara diqqət yetirməmişdir. İddia tələbini rədd etmiş birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında, Cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Göründüyü kimi, cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Məhkəmə isə müvafiq qətnamə qəbul edərkən bu kimi halları nəzərə almamışdır. Birinci instansiya məhkəməsi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Göründüyü kimi, məhkəmənin qanunvericiliyin müddəalarını pozaraq sübutları düzgün qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Apelyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib həmin şikayətin təmin edilərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı təşkilat 09 sentyabr 2021-ci il tarixdə, yəni kredit müqaviləsi üzrə müddətin bitdiyi 05 sentyabr 2021-ci il tarixdən 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddianın irəli sürülməsi üçün qanunla müəyyən edilmiş 3 (üç) illik iddia müddətini keçirdiyindən mübahisə edən cavabdehin iddia müddətinin keçməsi barədə verdiyi ərizəyə əsasən, iddiadan imtina barədə qərar çıxarılmalıdır. Birinci instansiya məhkəməsnin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İş üzrə tərəflər arasında bağlanmış 05 oktyabr 2017-ci il tarixli 051T10170012 nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən göründüyü kimi cavabdehə həmin müqavilə üzrə kredit xətti 11 ay müddətə yəni xx.xx.2018-ci il tarixədək açılmışdır. İş materialından da göründüyü kimi iddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixdə, yəni qanunericilikdə nəzərdə tutulmuş müddəti ötürməməklə müraciət etmişdir. İş üzrə tərəflər arasında bağlanmış 05 oktyabr 2017-ci il tarixli 051T10170012 nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən göründüyü kimi cavabdehə həmin müqavilə üzrə kredit xətti 11 ay müddətə, yəni xx.xx.2018-ci il tarixədək açılmışdır. İş materialındakı iddia ərizəsinin məhkəməyə təqdim olunmasına dair 294644 nömrəli poçt göndərişindən görünür ki, iddiaçı LPO İddiaçı ASC tərəfindən iddia ərizəsi **********329 nömrəli iddia ərizəsi rabitə xidməti göstərən orqana xx.xx.2021-ci il tarixdə, yəni qanunericilikdə nəzərdə tutulmuş müddəti ötürməməklə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikasının MPM-in 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İşdə olan 05 oktyabr 2017-ci il tarixli 051T10170012 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsindən əsasən, Cavabdeh llham oğluna İddiaçı ASC tərəfindən 05 oktyabr 2017-ci il tarixdən 05 sentyabr 2018-ci il tarixədək banka illik 20 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı ASC-yə 15000 manat əsas, 11015,53 manat faiz, 8732,2 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2213,12 manat borc, ümumilikdə cəmi 36960,85 manat məbləğində kredit borcu vardır. Məhkə kollegiyası tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1078 nömrəli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 05 oktyabr 2017-ci il tarixli 051T10170012 saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə əsas borcu 15000 manat, fazi borcu 11491,67 manat cəmi borcu 26491,67 manat təşkil edir. Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında Cavabdeh cərimə hesablanmamışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 05 oktyabr 2017-ci il tarixli 051T10170012 nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən, Cavabdeh İddiaçı ASC tərəfindən 05 oktyabr 2017-ci il tarixdən 05 sentyabr 2018-ci il tarixədək banka illik 20 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit xətti açılmışdır. Borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmış, cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmişdir. Cavabdehin öz öhdəliyini icra etməməsi nəticəsində İddiaçı ASC-yə zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinəəsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görəözgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Ona görə də cavabdehə münasibətdə iddiaçının tələbi qanuni və əsaslıdır.Həmçinin məhkəmə kollegiyası qeyd edir ki hazırki iş üzrə Cavabdeh llham oğluna qarşı iddia qaldırması qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə kollegiyası cavabdehdən tutulmalı olan cərimənin (dəbbə pulunun) məbləği məsələsini müzakirə edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən tələb olunan 8732,20 manat cərimə iddiaçıya vurulmuş ziyana tənasübsüz dərəcədə uyğun olmamaqla yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-ci maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunu azaldılmalı və 732,20 manat müəyyən edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarmın şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Ona görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2213,12 manat faiz borcu hissəsində də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinəəsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin iddia müddətinə dair normalarının tətbiqində səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilərək məhkəmənin şikayətlə mübahisələndirilən həmin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilərək 05 oktyabr 2017-ci il tarixli 051T10170012 nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə üzrə əsas borc 15000 manat, faiz borcu 11015,53 manat, cərimə borcu 732,20 manat, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2213,12 manat borc olmaqla cəmi 28960,85 manat məbləğində kredit borcu və ödənilmiş 30.40 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilməlidir. 100 manat ekspertiza xərci cavadehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(062)-2235/2021 saylı ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 05 oktyabr 2017-ci il tarixli 051T10170012 nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən əsas borc üzrə 15000 (on beş min) manat, faiz borcu üzrə 11015,53 (on bir min on beş manat 53 qəpik) manat, cərimə borcu üzrə 732,20 (yeddi yüz otuz iki manat 20 qəpik) manat, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2213,12 (iki min iki yüz on üç manat 12 qəpik) manat borc, ümumilikdə cəmi 28960,85 (iyirmi səkkiz min doqquz yüz altmış manat 85 qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ013601 **********3944 SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar