Məhkəmə qərarları › İş №2(104)-1110/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1110/2025

20.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1110/2025 20.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları “Mercedes Benz 240” minik markalı, ** VC *** qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X1 məxsusdur. Sonuncu həmin avtomobili idarə etmək hüququnu 25 avqust 2024-cü il tarixdə bir il müddətinə iddiaçıya vermişdir. 10 noyabr 2024-cü il tarixdə iddiaçı idarə etdiyi “Mercedes Benz 240” minik markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy rayonu Novasaratovka kəndində hərəkətdə olarkən cavabdehə məxsus at ilə iddiaçının idarə etdiyi avtomobil toqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyatı hadisəsi zamanı iddiaçının idarə etdiyi “Mercedes Benz 240” minik markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmuşdur. İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla müəyyən olunur ki, cavabdeh 10 noyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi (mal-qaranın yolda nəzarətsiz qoyulması) ilə təqsirli bilinmişdir. xx.xx.2024-cü il tarixli, 132 nömrəli ziyan aktından görünür ki, “Mercedes Benz 240” minik markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirə ehtiyacı olan ehtiyat hissələrinin dəyəri və təmiri ümumilikdə 1155 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilə vurulmuş ziyanın əvəzi kimi 1155 manat pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31,55 manat pulun və 65 manat vəkil xidməti üçün haqqın alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır və “Mercedes Benz 240” minik markalı, ** VC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə edir. Avtomobilə mülkiyyət hüququ ona məxsus olmasa da nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamə ilə həmin avtomobil faktiki olaraq onun sahibliyində və istifadəsindədir. 10 noyabr 2024-cü il tarixdə təxminən saat 15:10 radələrində Gədəbəy rayonu, Novosaratovka kəndinin mərkəzində Novosaratovka-Gədəbəy yolu istiqmətində hərəkətdə olan zaman iki rəst at yolun hərəkət hissəsinə çıxmış, o, avtomobili saxlamış, atlardan biri avtomobilin qabaq ön şüşəsinə çırpılmış, digəri üstündən atılmış və maşına dəyib əzmişdir. Sonradan məlum olmuşdur ki, avtomobilin üstündən keçən at Cavabdeh İsfəndiyar oğluna məxsusdur. Cavabdeh heyvanı nəzarətsiz qoymuş, nəticədə at onun avtomobilinin üstündən keçərək maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə bağlı Gədəbəy rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılmış, hadisənin baş verməsində Cavabdeh İsfəndiyar oğlu təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. Bundan sonra o, avtomobilinə dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Lakin bu günədək cavabdeh ona dəyən ziyanı ödəməkdən boyun qaçırır. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(042)- 142/2025 nömrəli iş üzrə qəbul etdiyi 18 fevral 2025-cü il tarixli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh 1115 manat maddi ziyan, 31,55 manat məhkəmə xərci və 65 manat vəkil xidmət haqqı, cəmi 1251,55 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh təqsirli hüquqazidd əməli nəticəsində iddiaçıya 1155 manat miqdarında ziyan vurulmuşdur. Ona görə də iddia tələbi təmin edilməlidir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1110-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, iddia tələbinin qismən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh iddia tələbini qismən qəbul edir. Belə ki, cavabdehə məxsus at iddiaçının avtomobilinin ön şüşəsini sındırmışdır. Kamera görüntülərində görünən digər at isə cavabdehə məxsus deyildir. İddiaçının avtomobilinə cavabdehə məxsus atın vurduğu ziyan isə qətnamədə qeyd olunduğu kimi 1115 manat deyil, 150-200 manatdır. Məhkəmə isə qeyd olunan halları nəzərə almadan və işdə olan sübutları araşdırmadan ədalətsiz qətnamə qəbul etmişdir. Ona görə də hazırkı iş üzrə sübutlar yenidən qiymətləndirilməli və iddia tələbi ədalətli araşdırılmalıdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəmsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə və tərəflərin məhkəmələrə verdikləri məlumatları əsasən müəyyən olunur ki, 10 noyabr 2024-cü il tarixdə iddiaçı idarə etdiyi “Mercedes Benz 240” minik markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə məxsus at ilə toqquşmuş və nəticədə iddiaçının idarə etdiyi avtomobilə ziyan vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi (mal-qaranın yolda nəzarətsiz qoyulması) ilə təqsirli bilinmişdir. xx.xx.2024-cü il tarixli, 132 nömrəli ziyan aktı ilə iddiaçının idarə etdiyi avtomobilin təmirə ehtiyacı olan ehtiyat hissələrinin dəyəri və təmiri ümumilikdə 1155 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçıya vurulmuş zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, zərər vuran şəxsin təqsirli olması iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, 10 noyabr 2024-cü il tarixdə Gədəbəy rayonu Novasaratovka kəndində baş vermiş yol nəqliyyat hadisəsində mülki hüquq pozuntusu (delikt) məsuliyyəti daşıyan şəxs cavabdehdir və o, iddiaçının avtomobilinə dəymiş ziyanın əvəzini ödəmək vəzifəsini daşıyır. Məhkəmə iddiaçıya vurulmuş zərərin məbləği ilə bağlı ilk öncə bildirir ki, iddiaçı tələbində avtomobilinə vurulmuş ziyanın məbləğini 1155 manat olduğunu bildirərək, cavabdehdən ziyana görə 1155 manat pulun tutulmasını xahiş etmişdir. İşə baxan Rayon Məhkəməsi iddianı təmin etsə də, avtomobilə virulmuş ziyana görə 1115 manat ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, Məhkəmə isə qətnaməni cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlamışdır. Rayon Məhkəməsi iddiaçıya vurulmuş maddi zərərin həcmini X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 132 nömrəli arayış əsasında müəyyən etmişdir. İddiaçıya məxsus nəqliyyat vasitəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə Məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. "xxxx" MMC tərəfindən verilmiş 24 iyul 2025-ci il tarixli hesabatdan görünür ki, iddiaçının idarə etdiyi “Mercedes Benz 240” minik markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirə ehtiyacı olan ehtiyat hissələrinin dəyəri və təmir xərci 1155 manatdır. Məhkəmə həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir və hesab edir ki, iddiaçıya vurulmuş zərərin məbləği ekspert rəyi əsas götürülməklə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, sözügedən rəy ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə edilməklə verilmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, işə baxan Rayon Məhkəməsi iddia tələbini təmin etməkdə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin edilsin. Hazırki iş üzrə Gədəbəy Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 fevral 2025ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar