Məhkəmə qərarları › İş №2(104)-1113/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1113/2023

04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1113/2023 04.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlaka vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: avtomobilə vurulmuş maddi ziyan) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, Cavabdeh2 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-2476/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. xx.xx.2021-ci il tarixli, PBA********** nömrəli İcbari Sığorta Müqaviləsinə dair məlumatın surətindən görünür ki, Cavabdeh1 məxsus olan “X3” markalı, ** BN *** dövlət qeydiyyat nömrəli avtomobil "xxxx" ASC tərəfindən 12 ay müddətində icbari sığorta növündə sığorta edilmişdir.

2. Məhkəmə kollegiyasına göndərilmiş İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir.

3. xx.xx.2022-ci il tarixli 607/22 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2022- ci il tarixdə saat 00:30 radələrində Yasamal rayonunda Sığortalanmış “X3” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes-Benz C180” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. "xxxx" ASC-nin təqdim etdiyi qüsur aktına uyğun olaraq 5828.00 manat ümumi ziyanın 86,62% yəni 4331.15 AZN məbləğində ziyan İddiaçı "xxxx" ASC-də yerləşən AZ75TURA******************** nömrəli hesabına ödənilmişdir.

4. AB 810595 nömrəli X2 Şəhadətnaməsinin surətindən görünür ki, ** RB *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz-C-180” markalı avtomobil İddiaçı məxsusdur.

5. “X1 Company” MMC tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ** RB *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz C-190” markalı minik avtomobilinin mövcud bazar dəyəri vuruqdan (zədədən) əvvəlki vəziyyətində 11,5-12,0 min manat, zədələnmiş vəziyyətdə 2,8-3,0 min manat, tam təmir edildikdən sonrakı vəziyyətində 8,0-8,5 min manat dəyərində müəyyən edilmişdir.

6. 16 avqust 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 özünə məxsus olan “X3 minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 satmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin həcmini artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onun xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 4000 manat məbləğində pulun, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində, ümumilikdə 4060 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 may 2022-ci il tarixdə təxminən 00:30 radələrində Cavabdeh1 xüsusi mülkiyyətində olan digər Cavabdeh2 tərəfindən idarə edilən ** BN *** dövlət nömrə nişanlı 2008-ci il buraxılışlı “Hyundai Santafe” minik markalı avtomobil Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 69 saylı binanın önündə park halında yəni hərəkətdə olmayan ** RB *** dövlət nömrə nişanlı, 2001-ci il buraxılışlı “Mercedes Benz-C 180” minik markalı avtomobillə toqquşmuş, nəticədə sözügedən avtomobilə xeyli miqdarda maddi zərər dəymişdir. Qəzanı törətmiş ** BN *** dövlət nörməli avtomobilin mülkiyyətçisinin mülki məsuliyyətinin icbari sığortası “Bakı Sığorta “ ASC tərəfindən sığortalandığından, həmin sığorta təşkilatı tərəfindən avtomobilə dəyən zərərin 4331,15 manat məbləğində olan hissəsi sözügedən sığorta təşkilatı tərəfindən ona ödənilmişdir. Avtomobilinin qəzadən əvvəlki vəziyyətdəki dəyəri 11.500-12.000 manat məbləğində, zədələndikdən sonra bu avtomobilin zədələnmiş vəziyyətdəki dəyəri 8000- 8500 manat məbləğində dəyəndirilmişdir. Bu barədə “X1 Company” MMC tərəfindən 10 iyun 2022-ci il tarixli mütəxəssis rəyi verilmişdir. Hesab edir ki, avtomobili mövcud vəziyyətdə 3000 manata satarsa, bu halda sığorta şirkətindən aldığı 4331.15 manatla birlikdə avtomobilin satış dəyəri ümumilikdə 7331,15 manat (3000+4331,15=7331,15) manat təşkil edəcəkdir. Əgər avtomobilin sığorta şirkətindən aldığı vəsait hesabına təmir edib satarsa, bu halda avtomobilin 8000-8500 manat satmaq mümkün olacaqdır. Halbuki, avtomobili vurulmamış vəziyyətdə satış dəyəri 12000 manat olacaqdır. Beləliklə, avtomobilə 3500-4000 manat ziyan dəymişdir. Zərərin sığorta ödənişindən artıq olan hissəsi, yəni 4000 manatı cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir.

9. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-2476/2022 nömrəli qətnaməsi ilə ( sədrlik edən Fuad Babaşov) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

10. Məhkəmə öz qənaətini onunla əsaslandırılmışdır ki, avtoqəza hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermişdir və həmin vaxt ** BN *** dövlət nömrə nişanlı 2008-ci il buraxılışlı “Hyundai Santafe” minik markalı avtomobil Cavabdeh1 deyil, digər Cavabdeh2 mülkiyyətində və istifadəsində olmuş, lakin iş materiallarına iddiaçı tərəfindən Cavabdeh2 hadisənin törədilməsində və iddiaçıya maddi ziyan vurulmasında təqsiri barədə səlahiyyətli orqanın və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əlavə edilməmişdir. Buradan belə nəticəyə gəlinir ki, iddiaçı cavabdehlərin hadisənin törədilməsində təqsirini sübut edə bilməmişdir. Məhkəmə işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq həmin sübutları qiymətləndirir və yekun qərar qəbul edir. Bundan başqa, İddiaçı məxsus olan avtomobilə dəymiş ziyan sığorta şirkəti tərəfindən iddiaçıya tam şəkildə ödəndiyindən, cavabdehlərdən ziyanın tutulması üçün heç bir əsas da mövcud deyildir.

11. Məhkəmə mübahisənin maddi hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097, 1108 , 883.1, 925.1, 925.2, 925.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-2476/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun hərəkətdə olmayan avtomobilinə Cavabdeh2 tərəfindən maddi ziyan vurlumuş və həmin maddi zərər hazırda Cavabdeh2 mülkiyyətində olan avtomobilinin məsuliyyətinin icbari sığorta olunduğu sığorta təşkilatı tərəfindən ödənilmişdir. Onun tələbi hərəkətdə olmayan avtomobilinə dəyən maddi zərərin əvəzinin deyil, avtomobilin əzilməsi nəticəsində onun bazar dəyərinin aşağı düşməsi nəticəsində əldən çıxan faydanın əvəzinin ödəniməsinə dair olmuşdur. Hazırki işin mübahisəsiz halıdır ki, onun hərəkətdə olmayan avtomobilinə maddi, yəni onun əzilməsi səbəbindən dəyərinin aşağı düşməsinə əsas olan əldən çıxan fayda şəklində zərəri Cavabdeh2 vurmuş, onun vurduğu maddi zərərin əvəzi sığorta təşkilatı tərəfindən ona ödənilmiş, lakin əldən çıxmış fayda şəklində zərər ona ödənilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı və Cavabdeh1 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar əməliyyat olunduğu üçün məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətlərinə etiraz edərək, göstərdi ki, avtonəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan “Mercedes Benz-C 180” markalı, ** RB *** dövlət nömrə nişanlı, 2001-ci il buraxılışlı nəqliyyat vasitəsinə 4300 manat ziyan dəymişdir. Ziyanın məbləği sığorta tərəfindən tam ödənilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-2476/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının hədləri

19. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-2476/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür.

23. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun.

24. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

25. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 26.Kollegiya hesab edir ki, iddiaçıya vurulmuş zərər tam olaraq sığorta şirkəti tərəfindən aradan qaldırılmışdır. Bu faktı iddiaçı özü də iddia ərizəsində və apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir.

27. İddiaçı avtomobilinin cavabdeh tərəfindən vurulanadək qəza törətmədiyini və avtomobilin bazar qiymətinin məhz 3500-4000 manat dəyərində aşağı düşməsini qeyd etsə də, kollegiya hesab edir ki, bu dəlil fərziyyə xarakteri daşıyır və zərər fərziyyələrə görə deyil, vurulmuş real zərərə əsasən ödənilməlidir. Həmin real zərər də aradan qaldırılmışdır. Digər tərəfdən, kollegiya qeyd edir ki, həmin avtomobil gələcəkdə daha baha qiymətə satıla bilər və ya hazırkı avtoqəzaya qədər olmuş müddətdə başqa qəzaya da uğramış ola bilər. 28.Göründüyü kimi, iddiaçının qəzaya uğramış minik avtomobilinə real olaraq 4300 manat məbləğində maddi ziyan dəymiş və həmin ziyan sığorta ödənişi ilə qarşılanmışdır. Belə olan halda, iddianın təmin edilməsinə hüquqi əsaslar yoxdur.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-2476/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 31.Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-2476/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar