Məhkəmə qərarları › İş №2(104)-1116/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1116/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1116/2023 21.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 Vəliyeva Şərqiyyə Əkbər qızına qarşı, Vəliyeva Şərqiyyə Əkbər qızının Mehralıyeva Zülfiyyə Nüsrət qızına və İddiaçı2 qarşı; Mehralıyeva Zülfiyyə Nüsrət qızının cavabdeh Vəliyeva Şərqiyyə Əkbər qızına qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: Pul tələbi; sübutetmə ) Hakim Süleymanov Loğman Srac oğunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı2 və sonrakı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 vəkili X6 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-523/2020 nömrəli qətnaməsindən İddiaçı2 və sonrakı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə 21 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Bərdə rayon Qaratəpə Bələdiyyəsinin 29 fevral 2006-cı il tarixli 03- B saylı qərarı icarə müqaviləsi ilə 250144.33 kv.m kənd təsərrüfatı məhsulları istehsalı üçün Vəliyeva Şərqiyyə Əkbər qızına icarəyə verilmişdir. Bərdə rayon Qaratəpə bələdiyyəsinin mülkiyyətində olan Bərdə rayon Qaratəpə kəndində yerləşən 25 ha torpaq sahəsinə Vəliyeva Şərqiyyə Əkbər qızının icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Vəliyeva Şərqiyyə Əkbər qızı xx.xx.2017-ci il tarixdə X3 onu təmsil etməyi barədə etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Bərdə rayon Qaratəpə kəndində yerləşən 25 ha torpaq sahəsi xx.xx.2031-ci ilədək Mehralıyeva Zülfiyyə Nüsrət qızına icarəyə verilmişdir. Bərdə rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, Bərdə rayon Qaratəpə kənd bələdiyyəsinin sədri vəzifəsini icra edən X11 və DƏDRX-nin 7 saylı Əİ-nin qeydiyyat şöbəsinin sabiq müdiri vəzifəsində işləyən X7 əməllərində CM-nin 313-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin maddələri ilə cinayət təqibinin başlanılması rədd olunmuşdur. Həmçinin DƏDRX-nin 7 saylı Əİ-nin baş mühəndisi vəzifəsində işləyən X5 Mehralıyeva Zülfiyyə Nüsrət qızından rüşvət alması təsdiqini tapmadığından CM-nin 311-ci maddəsi ilə cinayət işinin başlanılması rədd olunmuşdur. Bərdə rayon Prokurorluğunun Bərdə rayon Məhkəməsinə ünvanladığı ərizədən görünür ki, xx.xx.2017-ci il tarixli 7E-7022 nömrəli etibarnamə ilə X1 Şərqiyyə Əkbər qızının icarəsinə verilmiş 25 ha torpaq sahəsinin üzərində icarə hüququnun qeydiyyata alınması ilə əlaqədar xx.xx.2018-ci il tarixdə etibarnamə əsasında Xidmətin 7 saylı Əİ müraciət etmiş, xx.xx.2018-ci il tarixdə texniki səhv olaraq icarə hüququ etibarnamə əsasında çıxış edən X2 adına qeydiyyata alınmışdır. Texniki səhv aşkar olunduqdan sonra RX ******* saylı çıxarış həmin idarənin əməkdaşları tərəfindən ləğv edilib düzəliş edilərək xeyrinə yüklü edilən şəxs bölməsində Vəliyeva Şərqiyyə Əkbər qızının adı əlavə olunmuş və ******* nömrə ilə çap olunmuşdu. Araşdırma zamanı X2 adına olan ******* saylı çıxarışla, Vəliyeva Şərqiyyə Əkbər qızının adına olan ******* çıxarış faktiki olaraq eyni vaxta çap edilmədiyi aşkar olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Vəliyeva Şərqiyyə Əkbər qızından 50.000 ABŞ dollar məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Vəliyeva Şərqiyyə Əkbər qızından təxminən 10 il əvvəl 25 ha torpaq sahəsini 50.000 (əlli min) ABŞ dolları ödəməklə almışdır. Həmin torpaq sahəsini illərdir ki, istifadə edir. Lakin torpağı öz adına rəsmiləşdirməmişdir. Daha sonra torpağı öz adına rəsmiləşdirmək istəyəndə Vəliyeva Şərqiyyə Əkbər qızı etiraz edərək bildirmişdir ki, o, torpaq sahəsini satmamış, icarəyə vermişdir. Cavabdehdən verdiyi 50.000 ABŞ dollarını tələb etsə də bu günə qədər qaytarmamışdır. İddiaçı Vəliyeva Şərqiyyə Əkbər qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər İddiaçı2 və Mehralıyeva Zülfiyyə Nüsrət qızının Bərdə rayon Qaratəpə kəndində yerləşən 25 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Qaratəpə kəndində yerləşən 25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi onun icarəsindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən ona xx.xx.2018-ci il tarixdə Seriya RX № **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxariş verilmişdir. Həmin torpaq sahəsi Bərdə rayon Qaratəpə bələdiyyəsi ilə aralarında bağlanmış İ/M 06 saylı xx.xx.2018- ci il tarixli icarə müqaviləsinə əsasən 29.0.2031-ci ilə qədər onun icarəsindədir. Mübahisəli torpaq sahəsinin əkib-becərməyə imkanı olmadığından İddiaçı2 və Mehralıyeva Zülfiyyə Nüsrət qızının müvəqqəti istifadəsinə vermişdir. Hazırda cavabdehlər onun torpaq sahəsindən çıxmırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Mehralıyeva Zülfiyyə Nüsrət qızı qarşılıqlı iddia tələbi ilə məhkəmə müraciət edərək, mübahisəli torpaq sahəsinin onların mülkiyyətinə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşı Ehtibar 50000 ABŞ dollarını iddiaçı Cavabdeh1 vermiş, Cavabdeh1 da öz növbəsində ona etibarnamə verərək həmin torpaq sahəsini öz adına sənədləşdirmişdir. 2008-2009-cu illərdən həmin torpaq sahəsini onlar istifadə edirlər. Bərdə rayon Məhkəməsinin iclasında ifadə verən şahid X12 bildirmişdir ki, həmin dövrdə torpaq alğı-satqısı ilə məşğul idi. Torpaq sahəsinin satılmasına dair Etibar ilə cavabdehin oğlu Vidadi 50000 ABŞ dollarına razılaşmışlar. Etibar əvvəl Vidadiyə 10000 ABŞ dolları verməyi, 40000 ABŞ dollarını isə sonra verməyini bildirmişdir. 10000 ABŞ dolları Vidadiyə vermiş, qalan 40000 ABŞ dollarını isə Şərqiyyəyə vermişdir. Bərdə rayon Məhkəməsinin iclasında ifadə verən digər şahid X10 bildirmişdir ki, Rəisin, Nüsrətin, Vidiadinin yanında Şərqiyyəyə 40000 ABŞ dolları verildi. Əvvəldə eşitmişdir ki, torpağa görə 10000 ABŞ dolları pul verilmişdir. Bərdə Rayon Məhkəməsinin (hakim Qamət Əbilov) 03 iyun 2020-ci il tarixli 2(021)- 523/2020 nömrəli qətnaməsi ilə İddiaçı2 cavabdeh Vəliyeva Şərqiyyə Əkbər qızına qarşı “pul” tələbinə dair iddiasının təmin olunmaması, iddiaçı Vəliyeva Şərqiyyə Əkbər qızının cavabdehlər Mehralıyeva Zülfiyyə Nüsrət qızına və İddiaçı2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Mehralıyeva Zülfiyyə Nüsrət qızı və İddiaçı2 iddiaçı Vəliyeva Şərqiyyə Əkbər qızına məxsus olan Bərdərayonu, Qaratəpə kəndində yerləşən 25 ha torpaq sahəsindən çıxarılması, cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Mehralıyeva Zülfiyyə Nüsrət qızının cavabdeh Vəliyeva Şərqiyyə Əkbər qızına qarşı “torpağın mülkiyyətlərinə verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması, iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir Məhkəmə hesab etmişdir ki, torpaq sahəsi Cavabdeh1 icarə hüquq əsasında verildiyindən icarəyəgötürən tərəfindən müstəqil alğı-satqının predmeti ola bilməz. Həmçinin məhkəmənin xüsusi qərardadı əsasında prokurorluqda aparılmış araşdırma nəticəsində aşkar olunmuşdur ki, X2 adına qeydə alınmış çıxarış texniki səhv olmuş və texniki səhv aşkar olunduqdan sonra RX ******* saylı çıxarış həmin Reyestr idarənin əməkdaşları tərəfindən ləğv edilib düzəliş edilərək xeyrinə yüklü edilən şəxs bölməsində Vəliyeva Şərqiyyə Əkbər qızının adı əlavə olunmuşdur Bərdə rayon Qaratəpə bələdiyyəsi ilə Şərqiyyə Vəliyeva arasında icarə müqaviləsinin ləğvi barədə hər hansı məlumat da olmamışdır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 torpaq üzərində sahiblik və istifadə hüquqlarını nəzərə alaraq onun iddiası təmin olunaraq cavabdehlər Z.Mehralıyeva və E.Mehralıyev Bərədə rayonu Qaratəpəkənd ünvanında yerləşən 25 ha torpaq sahəsindən çıxarılmalıdırlar. Məhkəmə hesab etmişdir ki, ilk iddia təmin edildiyindən onunla qarşılıqlı əlaqədə olan Z.Mehralıyevanın torpaq sahəsinin mülkiyyətə verilməsinə dair qarşılıqlı iddiası təmin olunmamalıdır. Məhkəmə İddiaçı2 pul tələbinə dair iddiasına münasibətdə isə hesab etmişdir ki, məhkəmə prosesində Cavabdeh1 bildirmişdir ki, onun oğlu Vidadinin xəstə olması ilə əlaqədar olaraq İddiaçı2 onun oğluna 20 000 ABŞ dolları pul vermişdir. Oğlu sonradan vəfat etmişdir. O da Etibarın bu yaxşılığı əvəzində onun bacısı Z.Mehralıyevaya etibarnamə vermişdir ki, torpağı əkib becərib gəlir əldə etsinlər. Həmin qeyd etdiyi pulu onun özünə verməmişlər. Həmin torpaq sahəsi 2008-2009-cu illərdən Z.Mehralıyevanın və E.Mehralıyevin istifadəsindədir. Bu halı onlar iddia ərizəsində də qeyd etmiş və borcun müqabilində dəfələrlə artıq gəlir əldə götürməklə oğluna vermiş olduğu pulu kompensasiya şəklində əldə etmişlər. Həmçinin bildirmişdir ki, oğluna verilmiş pula görə o məsuliyyət daşımalı deyildir. Məhkəmə müəyyən etmişdir ki, hazırkı pul tələbinə münasibətdə Cavabdeh1 iddiaya cavab verməli olan şəxs deyildir. Yəni onun oğlunun vərəsəsi olmasını (mirasın qəbulu ilə əlaqədar olaraq) sübut etmə yükü iddiaçının üzərinə düşür. Hazırkı halda vərəsəliyin dairəsinin müəyyən etmək iddiaçının üzərinə düşən haldır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 oğlu Vidadinin vərəsələri müəyyən olunmalı, ondan sonra həmin vərəsələrə qarşı miras əmlak payına münasibətdə iddia qaldırılmalıdır. Yəni, yeni əsaslarla məhkəməyə müraciət olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 20 000 ABŞ dollarının onun oğluna verildiyini və oğlunun da vəfat etdiyini bildirsə də, bu halda yuxarıda qeyd olunan hallar və əsaslar müəyyən edilməli, əgər Cavabdeh1 həmin iddiaya cavab verməli şəxs ola bilərsə - oğlu Vidadinin miras əmlakından ona düşən paya münasibətdə- ona da qarşı pul tələbi ilə iddia irəli sürülə bilər. Məhkəmə öz mövqeyini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 18-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.1- ci, 6.9, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat: Qətnamədən İddiaçı2, sonrakı iddia üzrə iddiaçı Mehralıyeva Zülfiyyə Nüsrət qızı birgə apelyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)- 523/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və pul tələbinə dair iddianın təmin edilməsini xahiş etmişlər. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Azər Bayramov - sədrlik edən və məruzəçi, Əlizamin Abdullayev və Rəşad Mamedov) 06 aprel 2021-ci il tarixli 2(104)- 665/2021 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-523/2020 saylı qətnaməsi qismən, İddiaçı2 cavabdeh Vəliyeva Şərqiyyə Əkbər qızına qarşı “pul” tələbinə dair iddiasının təmin olunmaması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla, ilkin iddia üzrə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Vəliyeva Şərqiyyə Əkbər qızından 20000 (iyirmi min) manat məbləğində pul alınaraq İddiaçı2 verilmiş, ilkin iddia üzrə tələb qalan hissədə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh Vəliyeva Şərqiyyə Əkbər qızı xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əsasən Bərdə rayon Qaratəpə Bələdiyyəsinə məxsus 25 ha torpaq sahəsini xx.xx.2031-ci il tarixədək icarəyə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* saylı çıxarışa əsasən Bərdə rayonu, Qaratəpə kəndində yerləşən 25 ha torpaq sahəsi xx.xx.2006-xx.xx.2031 illər ərzində (25 il) Bərdə rayon Qaratəpə Bələdiyyəsi tərəfindən Vəliyeva Şərqiyyə Əkbər qızına icarəyə verilmişdir. Apellyasiya məhkəməsi instansiyası qarşılıqlı iddia üzrə iddiaçı Mehralıyeva Zülfiyyə Nüsrət qızına aid hissədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmiş, qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi qanuni əsaslarla cavabdeh Vəliyeva Şərqiyyə Əkbər qızının icarəsindədir, belə vəziyyətdə həmin torpaq sahəsinin digər şəxsin mülkiyyətinə verilməsi qanuni hesab edilə bilməz Apellyasiya instansiyası məhkəməsi İddiaçı2 cavabdeh Vəliyeva Şərqiyyə Əkbər qızına qarşı “pul” tələbinə iddiasına münasibətdə qeyd etmişdir ki, tərəflər arasında torpağın alğısatqısına dair razılaşma olmuşdur. İddiaçı2 Bərdə rayonu, Qaratəpə kəndində yerləşən 25 ha torpaq sahəsinin alğı-satqısına görə cavabdehə 50000 ABŞ dolları pul verdiyini bildirmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında isə cavabdeh Vəliyeva Şərqiyyə Əkbər qızı izahatında İddiaçı1 oğlu Vidadiyə sonuncun xəstəliyi ilə əlaqədar 20000 manat pul verdiyini, həmin pulun müqabilində isə torpaq sahəsinin iddiaçıya müvəqqəti icarəyə verildiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan 20000 manat məbləğində pul alındığını qismən etiraf etmişdir. Əgər qeyd edilən pul vəsaiti alğı-satqısına dair razılaşmanın predmeti deyildisə, cavabdehin qeyd etdiyi kimi oğluna onun xəstəliyi ilə əlaqədar verilmişdisə, belə vəziyyətdə həmin pulun müqabilində torpaq sahəsinin icarəyə verilməsinə dair cavabdehin mülahizələri əsaslı görünmür. Uzun müddət ərzində mübahisəli torpaq sahəsindən iddiaçının faktiki sahibliyində və istifadəsində olması və cavabdehin buna hər hansı pretenziyanın bildirməməsi, tərəflər arasında torpağın alğı-satqısına dair razılaşma olmadığı və buna görə iddiaçıdan pul vəsaiti almadığına dair cavabdehin göstərdiklərini təkzib edir. Həmçinin, apelyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilmiş X12 və X10 tərəflər arasında torpağın alğısatqısına dair razılaşma olduğunu təsdiq etmişlər. Apelyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında torpağın alğı-satqısına dair razılaşmanın olması işin faktiki halları ilə müəyyən edilir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki razılaşma mülki qanunvericiliyin tələblərinə uyun olmadığından mahiyyətinə görə etibarsız əqddir. Mübahisəli torpağın alğısatqısına dair şifahi formada olan razılaşma qanunvericiliyin tələbinə uyğun olmadığından və bu baxımdan etibarsız əqd olduğundan tərəflər həmin əqd üzrə aldıqlarını bir-birlərinə qaytarmalı, torpaq sahəsinin qaytarılmasına dair Cavabdeh1 iddiası təmin edildiyindən, İddiaçı1 pul tələbinə dair iddiası qismən, yəni etiraf edilən həddə-20000 manat pul vəsaitinin qaytarılmasına dair hissədə təmin edilməlidir. Apellyasiya məhkəməsi cavabdeh Şərqiyyə Vəliyevanin iddia tələbinin dəlillərində də mübahisəli torpaq sahəsinin müvəqqəti İddiaçı2 və Mehralıyeva Zülfiyyə Nüsrət qızının icarəsinə verildiyinə dair göstərdiyi xüsusatları əsaslı hesab etməmişdir. Belə ki, 20000 manat məbləğində pulun birdəfəlik icarə haqqı kimi əvvəlcədən verilməsi və ya icarə haqqına hesablanması istənilən torpaq sahəsini icarəyə götürmüş şəxsin mənafeyinə uyğun olmadığından inandırıcı hesab etməmişdir. Digər tərəfdən, Mülki Məcəllənin 712.1.1-ci maddəsinə əsasən torpağı üçüncü şəxslərin istifadəsinə vermək, o cümlədən ikinci əldən icarəyə verilməsi icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi cavabdeh Vəliyeva Şərqiyyə Əkbər qızının mülkiyyətində olmamış, bələdiyyə mülkiyyətində olan və onun icarəsinə verilmiş torpaq sahəsidir. İcarəyə verənin isə icazəsi olmadan icarəçinin yəni, Cavabdeh1 həmin torpaq sahəsini üçüncü şəxslərin istifadəsinə, o cümlədən ikinci əldən icarəyə verməyə hüququ yoxdur. Odur ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bələdiyyənin razılığı olmadan üçüncü şəxsin icarəsinə verilməsinə dair əqdin bağlanılması mümkün deyildir, bağlanıbsa belə hüquqi nəticələr yaratmır, mahiyyət etibarı ilə əhəmiyyətsiz əqddir. Odur ki, cavabdehin tərəflər arasında icarə hüquq münasibətlərinin olmasına dair göstərdikləri əsaslı deyildir. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 399.1,405.1, 337.1, 337,3, 337.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,80, 88, 217.4-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində birinci icraat Qətnamədən İddiaçı2 və sonrakı iddia üzrə iddiaçı Mehralıyeva Zülfiyyə Nüsrət qızı kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli 2(104)-665/2021 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh Vəliyeva Şərqiyyə Əkbər qızı kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli 2(104)- 665/2021 nömrəli qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elşanə Vəliyeva (sədrlik edən və məruzəçi), Elşad Şamayev və Aqil Abbasov) 2(102)- 5179/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı2 və Mehralıyeva Zülfiyyə Nüsrət qızı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, cavabdeh Vəliyeva Şərqiyyə Əkbər qızının kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-665/2020 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsinin qismən, İddiaçı2 və Mehralıyeva Zülfiyyə Nüsrət qızının pul tələbinə dair iddialarının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə işin yeni baxışa göndərilməsi, qətnamənin ilkin iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi düzgün olaraq tərəflər arasında bələdiyyə mülkiyyətində və cavabdehin icarəsində olan 25 ha torpaq sahəsinə dair alğı-satqısına dair şifahi qaydada razılaşmanı etibarlı alğı-satqı müqaviləsi kimi qəbul etməmiş və bu etibarsızlığın nəticəsi olaraq iddiaçıların faktiki sahibliyində olan torpaq sahəsinin cavabdehə qaytarmalı olduğu barədə qənaətə gəlmiş, həmçinin cavabdehin əhəmiyyətsiz əqd üzrə alınmış məbləği qaytarmaq öhdəliyi ilə bağlı məsələni həll etsə də, lakin bu zaman əqd üzrə ödənilmiş pulun məbləği ilə bağlı sübutlara düzgün qiymət verməmişdir. Belə ki, apellyasiya məhkəməsi uzun müddət ərzində mübahisəli torpaq sahəsindən iddiaçının faktiki sahibliyində və istifadəsində olması və cavabdehin buna hər hansı irad bildirməməsi, həmçinin birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilmiş X12 və X10 tərəflər arasında torpağın alğı-satqısına dair razılaşma olduğunu təsdiq etməsi barədə ifadələrinə əsaslanaraq tərəflər arasında torpağın icarəsi barədə deyil, alğısatqısına dair razılaşma olması qənaətinə gəlsə də, həmin şahidlərin ifadələrini torpaq sahəsinə görə cavabdehə ödənilmiş pulun məbləği hissəsində hansı əsasla qəbul etmədiyini qətnamədə əsaslandırmamış, yalnız cavabdehin 20000 manat məbləğində pul alındığını qismən etiraf etməsinə istinad edərək ilk iddianı həmin hissədə təmin etmişdir. Halbuki həmin şahidlər ifadələrində torpaq sahəsinə görə pulun onların iştirakı ilə verildiyini göstərmişdirlər. Belə olan halda, apellyasiya məhkəməsinin şahid ifadələrini əqdin bağlanması məsələsinə münasibətdə mötəbər sübut, ödənilən pulun məbləğinə münasibətdə isə ümumiyyətlə sübut kimi qiymətləndirilməməsindən ibarət yanaşması Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Digər tərəfdən məhkəmə Mülki Prossesual Məcəllənin 77.3, 97.1-ci maddəsinə nəzərdə tutulmuş hüquqlarından istifadə etməklə, yaranmış mübahisənin həlli zamanı torpaq sahəsinə dair razılaşma əldə olunan zaman torpaq sahələrinin dəyərini müəyyən etmək, torpağa görə ödənildiyi göstərilən məbləğin ağlabatan olub-olmamasını müəyyən etmək üçün hər hansı addım atmamışdır. Göründüyü kimi, işə baxmış apelyasiya instansiyası məhkəməsi ilk iddianın qeyd olunan hissəsində yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, sübutların qiymətləndirilməsi zamanı ilkin iddianın rədd edilən hissəsi üzrə mövqeyini əsaslandırmamışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) 12 avqust 2022-ci il tarixli, 2(104)-650/2022 nömrəli qətnaməsi ilə X4 və İddiaçı2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 2(021)- 523/2020 saylı mülki iş üzrə 03 iyun 2020-ci il tarixli qətnaməsinin İddiaçı2 Cavabdeh1 qarşı 50000 (əlli min) ABŞ dolları məbləğində pul tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla, həmin iddianın tam təmin edilməsi, Cavabdeh1 qzından 50000 (əlli min) ABŞ dolları məbləğində pulun qətnamə icra olunan günə məzənnə ilə Azərbaycan manatı ilə alınaraq, İddiaçı2 verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, işin ikinci apellyasiya baxışınadək aparılmış məhkəmə araşdırmaları nəticəsində Cavabdeh1 ilə İddiaçı2 arasında mübahisəli torpaq sahəsinin alğı-satqısı barədə əhəmiyyətsiz əqdin bağlanması işin faktiki halı kimi təsdiqini tapmışdır. İşin ikinci apellyasiya baxışı zamanı məhkəmənin həll etməli olan məsələ İddiaçı2 mübahisəli torpaq sahəsinin alğı-satqısı üçün 2008-2009-cu illərdə Cavabdeh1 hansı məbləğdə pul verməsinin mötəbər sübutlar əsasında düzgün müəyyən edilməsi məsələsi olmuşdur. Kollegiya qeyd edir ki, şahidlər Rəis Salmanov və Babək Qurbanovun ifadələrinin işin hallarının müəyyən edilməsində mötəbər sübut növləri kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Kollegiya həmçinin qeyd etmişdir ki, işin təkrar apellyasiya baxışı zamanı alınmış ekspert rəyində Bərdə rayonu Qaratəpə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 25 hektar torpaq sahəsinin yerləşdiyi ərazidə həmin torpağın keyfiyyət qrupuna uyğun olan bir hektar torpaq sahəsinin 2008-2009-cu illərdə dəyərinin təqribi qiymətinin 1600 (min altı yüz) manat məbləğində olduğu müəyyən edilmişdir. Həmin ekspert rəyinin işin faktiki hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Adi riyazi hesablamadan müəyyən edilir ki, mübahisəli 25 hektar torpaq sahəsinin dəyəri (25x1600)=40000 (qırx min) manat məbləğini təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının 30 dekabr 2008-ci il tarixli məlumatlarına əsasən, həmin tarixə bir ABŞ dollarının 0,8 Azərbaycan manatı dəyərində olması nəzərə alındıqda, 40000 (qırx min) manatının (40000:0,8)=50000 (əlli min) ABŞ dolları məbləğində olması fakt kimi təsdiq olunur. Qeyd edilən şahid ifadələrini və mübahisəli 25 hektar torpaq sahəsinin 2008- 2009-cu illərdə 50000 ABŞ dolları dəyərində olduğunu təsdiq edən ekspert rəyini işin hallarının müəyyən edilməsində mötəbər sübut növləri kimi qiymətləndirən kollegiya bu qənaətdə olmuşdur ki, İddiaçı2 mübahisəli torpaq sahəsinin alğı-satqısı üçün 2008-2009-cu illərdə Cavabdeh1 50000 (ǝlli min) ABŞ dolları məbləğində pul verməsi barədə məhkəməyə bildirdiyi məlumatların həqiqətə uyğun olduğu təsdiq olunur və nəticə etibarı ilə İddiaçı2 mübahisəli torpaq sahəsinin alğı satqısı üçün 2008-2009- cu illərdə Cavabdeh1 50000 (əlli min) ABŞ dolları məbləğində pul verməsi işin faktiki halı kimi müəyyən edilir. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14, 76.1, 76.2, 77.1, 88, 106.1, 119.1, 217.1, 217.3, 385, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində ikinci icraat X9 Əkbər qızı (vəkili X13) kassasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, işə baxan apelyasiya məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, bununla da maddi və prosessual hüquq normaları pozulmuş və nəticədə əsassız qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.T.Əhmədova, hakimlər Ə.Ə.Əliyev və V.T.Həsənovdan ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-650/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işə yenidən baxan apellyasiya məhkəməsi isə müvafiq ekspertiza təyin edərək, mübahisəli olan 25 ha torpaq sahəsinin alğı-satqı dəyərini müəyyən etsə də, əldə olunan nəticəyə, yəni 2008- 2009-cu illərdə torpaq sahəsinin təqribi qiymətinin 1600 manat məbləğində olmasına düzgün hüquqi qiymət verməmiş, mübahisəli torpaq sahəsinin 2008- 2009-cu illərdə 1 hektarının mülkiyyətdə olan dəyərini deyil, icarədə olan dəyərini müəyyən etməli olduğu halda bunu etməmişdir. Ekspert mülkiyyətdə olan torpaq sahəsinin alğı-satqı qiymətini müəyyən etmişdir. Hazırki iş üzrə isə icarə hüququnun alğı-satqısından, icarə münasibətlərindən bəhs edilir. Apellyasiya instansiya məhkəməsində üçüncü icraat Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 və sonrakı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 vəkili X14 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)- 523/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və ilk və qarşılıqlı iddia tələblərinin təmin edilməsini xahiş etdi. İddiaçı2, sonrakı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 və cavabdeh Vəliyeva Şərqiyyə Əkbər qızına işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. İddiaçı2 və sonrakı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 məhkəmə kollegiyasının iclasında vəkil X14 ilə təmsil edilmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Vəliyeva Şərqiyyə Əkbər qızı apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, torpaq sahəsini satmamış, İddiaçı1 pul almamışdır. 20000 manat pul oğlunun xəstəliyi ilə əlaqədar yox, 25 ha torpaq sahəsinin 10 il müddətinə icarəyə verilməsi üçün onun tərəfindən alınmış və qarşı tərəf bunun müqavilində 400.000 manatdan çox gəlir əldə etmişdir. Başqa pul məbləği alınmamış və heç vaxt mübahisə edilən torpaq sahəsini satmamışdır. Həm də, həmin torpaq sahəsi onun mülkiyyəti olmamışdır ki, sata bilsin. Məhkəmənin qətnaməsini mübahisə edilən hissədə qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2008/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya baxışının hədləri MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5179/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-665/2020 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsinin qismən, İddiaçı2 və Mehralıyeva Zülfiyyə Nüsrət qızının pul tələbinə dair iddialarının rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə işin yeni baxışa göndərilməsi, qətnamənin ilkin iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılması qət edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı İddiaçı2 pul tələbinə dair iddiasının rədd edilməsi hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-523/2020 nömrəli qətnaməsi İddiaçı2 pul tələbinə dair iddiasının təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə əqd məhkəmə tərəfindən tanınmamışdır. İddiaçı1 mübahisəli torpaq sahəsini Vəliyeva Şərqiyyə Əkbər qızından 50.000 ABŞ dolları müqabilində əldə etdiyini qeyd etsə də, sonuncu İddiaçı1 torpaq sahəsini 10 il müddətinə icarəyə verdiyini qeyd etmiş və bunun müqavilində 20.000 manat alındığını göstərmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında şərh edilən göstərişləri yerinə yetirərək, mübahisəli, Bərdə rayonu, Qaratəpə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 25 hektar torpaq sahəsinin yerləşdiyi ərazidə həmin torpağın keyfiyyət qrupuna uyğun olan bir hektar torpaq sahəsinin 2008-2009-cu illərdə icarə dəyərinin müəyyən edilməsi məqsədilə xx.xx.2023-cü il tarixli, 2(104)-1116/2023 saylı qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazilriyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/3849 saylı imtina məktubu ilə sualda göstərilən illərə dair Mərkəzdə məlumat olmadığından tədqiqat aparılması mümkün olmaması səbəbindən ekspertiza aparılmasından imtina edilmişdir. Həmçinin məhkəmə kollegiyasının Bərdə regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna Mərkəzin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, torpaq sahəsinin icarə müqaviləsi əsasında alqısatqının rəsmiləşdirilməsinə dair 2008-2018-ci illər üçün olan dövrə aid heç bir məlumat aşkar olunmamışdır, notariat ofisi üzrə 2007-ci il tarixdən 2008-ci il tarixədək olan dövrlərdə saxlanılan sənədlərə və reyestr kitablarına baxış keçirilmiş və icarə müqaviləsinin bağlanması və ya icarə hüququnun alqı-satqısı barədə məlumat aşkar olunmamışdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). İddiaçı tərəf mübahisə edilən torpaq sahəsinin alqı-satqısı üçün 50.000 ABŞ dolları verməsinə dair heç bir mötəbər sübut növü təqdim etməmişdir. Digər tərəfdən, bələdiyyə mülkiyyətində olub, Bərdə rayon Qaratəpə bələdiyyəsi ilə aralarında bağlanmış İ/M 06 saylı xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən 29.0.2031-ci ilə qədər cavabdehin icarəsində olan torpaq sahəsinin alqı-satqısına dair iddiaçı tərəfin dəlilləri inandırıcı görünmür, çünki icarəçi mülkiyyətində olamytan torpaq sahəsini sata bilməzdi və cavabdeh tərəfə məlum idi ki, həmin torpaq sahəsi cavabdehin yox, müvafiq bələdiyyənin mülkiyyətidir. Cavabdeh tərəf yalnız mübahisəli torpaq sahəsini 10 il müddətinə cavabdehə icarəyə verdiyini qeyd edərək, bunun müqavilində 20.000 manat alındığını göstərmişdir ki, iddianın həmin məbləğlə bağlı hissəsi qüvvədə olan məhkəmə qətnaməsi ilə təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın təmin edilməyən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, həmin hissədə mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(021)-523/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392-393, 402- 407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-523/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar