Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1121/2023 16.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) X2 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(125)-465/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Gəncə şəhər Qaz İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, X9 İdarəsi tərəfindən ünvan 1 ünvanına əlavə olaraq hesablanmış 199.69 manat borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı ərizə verərək cavabdeh Gəncə şəhər Qaz İstismar İdarəsinin əsl cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ilə əvəz edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(125)-465/2023 nömrəli (hakim: X.Səfərli) qətnaməsi ilə iddia təmin edilərək, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən bina 63, 26 saylı mənzil üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 199 (yüz doxsan doqquz) manat 69 (altmış doqquz) qəpik borcun silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən bina 63-də yerləşən 26 nömrəli mənzili almışdır. 10 mart 2022-ci il tarixdə X9 İdarəsi tərəfindən yaşadığı ünvana göndərilmiş bildirişlə ona məlum olmuşdur ki, abonent hesabına 199,69 manat əlavə borc məbləği hesablanmışdır. Halbuki həmin bildirişdən əvvəl ona göndərilmiş bildirişdə əlavə borc məbləği qeyd olunmamışdır, eləcə də mənzil onun tərəfindən alınan zaman mənzildə smart tipli (kart vasitəsi ilə ödəniş olunan) sayğac olmuşdur. Mənzildə istismara verilmiş smart tipli sayğacın istismar müddəti bitdiyi üçün 13 noyabr 2021-ci il tarixdə X9 İdarəsinə sayğacın dəyişdirilməsi barədə ərizə vermiş və həmin tarixdə ******* nömrəli akta əsasən sayğac dəyişdirilərək mexaniki qaz sayğacı ilə əvəzlənmişdir. Aktda yaşayış sahəsinin cəmi 17 kubmetr qaz borcu qaldığı göstərilmiş, əlavə borc məbləğinin olmasına dair məlumat verilməmişdir. Borc məbləğinin aydınlaşdırılması barədə müraciətinə cavab olaraq X9 İdarəsi tərəfindən şifahi olaraq bildirilmişdir ki, köhnə ev sahibi Səadət Abbasovaya 2003-cü ildə cərimə borcu yazılmış və cərimənin ödənilməyən hissəsi qalmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 2012-ci ilin sentyabr ayında hesablanmış borc məbləği qaz sayğacının göstəriciləri müəyyən edilərək iddiaçının abonent hesabına köçürülmüşdür. Bundan əlavə, əvvəlki istehlakçı Səadət Abbasova borcun olmaması barədə təchizatçı təşkilata ərizə ilə müraciət etməmiş, habelə bununla bağlı arayış almamış və arayışı yeni mülkiyyətçiyə təqdim etməmişdir. 2012-ci ilin iyun ayı üçün hesablanmış borc məbləği sırf qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır və iddiaçı tərəfindən ödənilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) X5 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: AN-İ seriyalı ******* nömrəli 09 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 şəhəri, Yeni Gəncə qəsəbəsi bina 63-də yerləşən 26 nömrəli mənzili alıcı İddiaçı satmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, 30 sentyabr 2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi bina 63-də yerləşən 26 nömrəli mənzil İddiaçı mülkiyyətindədir; “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 13 noyabr 2021-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, X2 yaşadığı ünvan 3 ünvanında quraşdırılmış İtron G-4 markalı 1202A********** nömrəli qaz sayğacı Zinner G-4 **********6 qaz sayğacı ilə əvəz edilmişdir; X10 İstismar İdarəsi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanı AGİS bazasında kod **********00260 olmaqla qeydiyyata alınmışdır. Qeyd olunan ünvanda G-4 markalı İTRON tipli 1202AQ**********0 nömrəli öncədən ödənişli qaz sayğacınızın istismar dövründə baza məlumatlarına əsasən 291,60 manat dəyərində dəymiş ziyan aktı tərtib olmuşdur. Ünvanda 15 noyabr 2021-ci il tarixli, sayğacın sonradan ödənişli sayğacla əvəzlənməsi nəticəsində borcun qalıq hissəsi 199.69 manat 3E bazasından yeni quraşdırılmış qaz sayğacının hesabına keçmişdir. Hazırda borc 344.17 manat təşkil edir. 144.48 manat borc istehlak edilmiş təbii qazın dəyəridir. Ərizədə tələb edilən 22 sentyabr 2012-ci il tarixli aktın saxlanması üçün arxivə verilməsi və həmin sənədin saxlanması müddətinin başa çatması səbəbindən təqdim edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” haqqında Qərarına istinadən hesab etmişdir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 5-ci bəndinə müvafiq olaraq, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6-cı bəndinə müvafiq olaraq, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı 09 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi bina 63-də yerləşən 26 nömrəli mənzili aldığını, 10 mart 2022-ci il tarixdə X9 İdarəsi tərəfindən yaşadığı ünvana göndərilmiş bildirişlə abonent hesabına 199,69 manat əlavə borc məbləği hesablanmasını bildiyini, həmin borc məbləğinin aydınlaşdırılması barədə müraciətinə cavab olaraq X9 İdarəsi tərəfindən köhnə ev sahibi Səadət Abbasovaya 2003-cü ildə cərimə borcu yazıldığını və cərimənin ödənilməyən hissəsinin qaldığını öyrəndiyini, ona görə də həmin borcun silinməli olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan X10 İstismar İdarəsi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli məktubdan, eləcə də cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətindən müəyyən olunur ki, 2012-ci ilin sentyabr ayında mənzilin əvvəlki mülkiyyətçisinin istismarında olan qaz sayğacına hesablanmış borc məbləği (199,69 manat) müəyyən edilərək iddiaçının mülkiyyətində olan mənzilə quraşdırılmış qaz sayğacına əlavə olaraq hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi İddiaçı Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi bina 63-də yerləşən 26 nömrəli mənzili 09 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə almış və adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Ona məxsus mənzilə quraşdırılmış sayğaca hesablanmış 199,69 manat borc məbləği 2012-ci ildə mənzilin əvvəlki mülkiyyətçisinin adına yazılmış borc məbləğidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin borcun iddiaçının istismarında olan qaz sayğacının abonent hesabına köçürülməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 402.1. maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(125)-465/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1121/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1121/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver