Məhkəmə qərarları › İş №2(104)-1121/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1121/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1121/2024 15.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-155/2024 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Kəlbəcər Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(040)-155/2024 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 02 iyun 2023-cü il tarixli BRCB1756490B206 saylı kredit xətti müqaviləsi üzrə 1800 (min səkkiz yüz) manat əsas, 370,74 manat (üç yüz yetmiş manat 74 qəpik) faiz olmaqla, cəmi 2170,74 manat (iki min yüz yetmiş manat 74 qəpik) məbləğində kredit borcunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Cavabdeh2 22 sentyabr 2020-ci il tarixli, GTGK2572014A206 saylı kredit müqaviləsi üzrə 5090,05 manat (beş min doxsan manat 05 qəpik) əsas, 1110,58 manat (min yüz on manat 58 qəpik) faiz olmaqla cəmi 6200,63 manat (altı min iki yüz manat 63 qəpik) kredit borcunun və ödənilmiş 103,71 manat (yüz üç manat 71 qəpik) dövlət rüsumunun pul əvəzinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh Budaqov X1 Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(040)- 155/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir (apellyasiya şikayəti 16 mart 2024-cü il tarixdə “Elekron məhkəmə” informasiya sisteminə daxil olmuşdur). Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-155/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinin MPM-nin tələblərinə uyğun hesab edilməsi və mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-155/2024 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Kəlbəcər Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli, 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən, qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş MPM-nin: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, аpellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Hazırkı iş üzrə apellyasiya şikayətindən isə görünür ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmiş, apellyator işin faktiki hallarına istinad etməklə birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Lakin apellyator qeyd olunan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin və ya pozulmasının nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyatını göstərməmiş, bununla da şikayətin forma və məzmunu ilə bağlı tələblərə əməl olunmamışdır. Halbuki apellyasiya şikayəti cədvəl formasında tərtib edilməklə, hər bir qrafada pozuntusu qeyd edilən maddi və prosessual hüquq normaları sıralanmaqla göstərilməli, hər bir qrafanın qarşısında həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən apellyasiya şikayəti isə bu tələblərə cavab vermir və Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərini pozmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-155/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinin MPM-nin tələblərinə uyğun hesab edilməsi qərara alınsa da, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətinin həmin maddənin tələblərinə uyğunluğunu tam yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da MPM-nin 364-cü maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, qətnamədən verilmiş şikayətin Azərbaycan Respublikası MPMnin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-155/2024 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Kəlbəcər Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-155/2024 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Kəlbəcər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar