Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1121/2025 29.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-3018/2023 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra ASC) tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14209,28 manat əsas, 1005,51 manat faiz, 47,46 manat cərimə borcu olmaqla, cəmi 15262,55 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 135,79 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3018/2023 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti, eyni zamanda ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilərək mülki işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-3018/2023 nömrəli qərardadı (hakim Fuad Babaşov) ilə, ərizənin təmin edilməsi, Bərdə Rаyоn Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(021) 3018/2023 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab olunaraq bərpa edilsin, apellyasiya şikayəti uyğun hesab edilməsi və baxılması üçün mülki işlə birlikdə Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı ASC-nin nümayəndəsi şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, bankla Cavabdeh2 arasında şəxsən sonuncunun iştirakı ilə, xx.xx.2022-ci il tarixli, 1FİZAM148166301 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.8-ci bəndində qeyd edilmişdir ki, “Kreditorun zaminə olan bildirişləri, xəbərdarlıqları və.s sənədləri Beyləqan Rayonu, N nömrəli Hərbi hissə ünvanına bildirişli sifariş məktubu və ya teleqramla, eləcə də təqdim etməni təsdiq edən digər üsulla çatdıralacaqdır. Həmin ünvana göndərilmiş bildirişlər Zaminə çatdırılmış hesab olunacaqdır.”. Göründüyü kimi, tərəflər arasında müqavilə bağlanarkən, Cavabdeh2 bütün bildirişlərin, xəbərdarlıqların və digər sənədlərin məhz onun hazırda da qeydiyyatda olduğu Beyləqan rayonu, N nömrəli hərbi hissəyə göndəriləcəyi və həmin bildirişlərin çatdırılmış hesab olunacağı müqavilənin ayrıca müddəası olaraq təsbit edilmişdir. Buna görə də, müddətin bərpasına dair vəsatətində onun bir hərbi hissədən digər hərbi hissəyə xidmət yerinin dəyişdirilməsi və özünün qeyd etdiyi formada “ola bilsin ki məhz bu səbəbdən ona bildirişlərin çatmaması” barədə dəlili müddətin üzrlü səbəbdən buraxılmasına və ərizəsinin təmin edilməsinə əsas ola bilməzdi. Çünki, qeyd edilən ünvan Cavabdeh2 qeydiyyat ünvanıdır, hərbi xidmət keçdiyi ünvandır və onunla bağlanmış Zaminlik müqaviləsinə də bütün bildirişlərin, məktubların və. s sənədlərin həmin ünvana göndəriləcəyi və çatdırılmış hesab ediləcəyi göstərilmişdir . Digər yandan, məhkəmə öz qərardadında qeyd etmişdir ki, iş materiallarında olan poçt xəbərnaməsini “Məmmədov” soyadlı şəxs qəbul etmişdir, lakin həmin soyadlı şəxsin kimliyi, yəni cavabdehin qohumu, dostu və ailə üzvü olması və cavabdehin həmin qətnamədən məlumatlı olması xəbərnamədən məlum olmur. Həmin hissədə də məhkəmənin həmin mövqeyi də tamamilə əsassızdır. Belə ki, məhkəmənin özünün göndərdiyi bütün bildirişlər “Beyləqan rayonu N nömrəli hərbi hissə” ünvanına göndərilmişdir, həmin ünvan hərbi hissə olduğundan məntiqlə düşündükdə aydın olur ki, həmin ünvanda cavabdehin qohumu, dostu və ailə üzvü yaşaya bilməzdi, “Məmmədov” soyadlı şəxs göründüyü kimi həmin zərfi qəbul edən hərbi hissədə olan məktubları qəbul edən şəxs olmuşdur. Göründüyü kimi, cavabdehin həm qeydiyyatda olduğu ünvanda, eyni zamanda işlədiyi hərbi hissədə məhkəmənin qətnaməsi qəbul edilmişdir. Həmçinin cavabdeh müqavilədə xəbərnaməni özü qəbul etdiyi halda deyil, məhz poçt bildirişi N nömrəli hərbi hissəyə göndərildiyi təqdirdə qəbul edilmiş hesab olunacağı barədə öz iradə ifadəsini göstərmiş, bunun hüquqi nəticələri də bilmişdir. Onun sonradan xidmət yerinin dəyişməsi və vəsatətində sadaladığı digər hallar isə ümumiyyətlə məktubun çatdırılmamış hesab edilməsi üçün əsas kimi qəbul edilə bilməz. (bununla bağlı cavabdeh məhkəməyə heç sübut da təqdim etməmişdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 135.2-ci, 135.3-cü və 135.5-ci maddələrinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəməmüddətin bərpasına dair vəsatəti təmin edərkən sözügedən hallara diqqət yetirməmişdir. Həmçinin məhkəmə xx.xx.2023-cü il tarixli qətnaməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fərhad oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsini qeyd etmişdir. Müqavilədə də qeyd olunduğu kimi, bildirişlər Cavabdeh2 qeydiyyat ünvanı və xidmət yeri olan N nömrəli hərbi hissəyə göndərilmişdir. Məhkəmə qətnamə qəbul edərkən həmin ünvana göndərdikləri bütün bildirişləri çatdırılmış hesab edərək bu halı qətnaməsində nəzərə almış və cavabdehin lazımı qaydada məlumatlandırıldığını göstərmişdir. Lakin, hazırkı qərardadda bunun əksi mövqe sərgiləmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)- 3018/2023 saylı qətnaməsindən qanunla müəyyən edilmiş 1 ay müddət ərzində apellyasiya şikayəti verilməmiş və buna görə də, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi müvafiq qaydada aidiyyəti üzrə icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Məlumdur ki, icra sənədi icra şöbəsinə daxil olduqdan sonra icra məmuru borcluya bu barədə məlumat verir və sonuncunu şifahi və yazılı qaydada xəbərdar edir. Borclunun icra mərhələsində qətnamənin mövcudluğundan xəbərdar olub, sonradan məhkəməyə ərizə ilə müraciət edərək “qətnaməni almamışam, xahiş edirəm qətnaməni rəsmi qaydada təqdim edəsiniz” kimi ərizələrlə müraciət etməsi isə onun məhkəmə qətnaməsindən məhz “sonradan məlumatlı olması” kimi təfsir edilə bilməz. Cavabdeh özü də 2024-cü ilin dekabr ayında əmək haqqından tutulmalar zamanı qətnamədən xəbərdar olduğunu bildirsə də, qətnamədən apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair vəsatətlə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, müddəti ötürməsinə səbəb kimi isə iş yerindən icazənin məhz həmin tarixdə verilməsini qeyd etmiş, lakin bunu təsdiq edən mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə sadəcə cavabdehin göstərdiyi hala inanmaqla kifayətlənmiş, buna dair hər hansı dəlili təqdim etməsini cavabdehə təklif etməmişdir. Göründüyü kimi, məhkəmə şikayətdə sadalanan hallara səthi yanaşmış, qərardad qəbul edərkən göstərilən halları aydınlaşdırmamışdır. Göstərilənlərə əsasən hesab edirlər ki, qərardad maddi və prosessual hüquq normasının pozulması ilə çıxarıldığı üçün ləğv olunmalıdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-3018/2023 nömrəli nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-3018/2023 nömrəli qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad çıxarılmaqla, iş materialları Cavabdeh2 prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının MPM-in 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, MPM-in 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Baxılan iş üzrə qətnamənin surətinin Cavabdeh2 rəsmi qaydada verilib-verilməməsi araşdırılarkən müəyyən olunur ki, mülki işin 55-ci səhifəsində qətnamənin surətinin Cavabdeh2 tərəfindən qəbul edilməsi barədə poçt xəbərnaməsi vardır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 göndərilməsi ilə bağlı poçt sənədində məktubun “Məmmədov” soyadlı şəxs tərəfindən qəbul edildiyi qeyd olunmuşdur. Lakin, həmin şəxs Cavabdeh2 deyildir və onun cavabdehlə hansı hüquqi münasibətdə (qohum, ailə üzvü və s.) olduğu sənəddə göstərilməmişdir. Bu hal, Azərbaycan Respublikasının MPM-in 135.3-cü və 135.5-ci maddələrinin tələblərinə uyğun gəlmədiyi üçün poçt bildirişinin qanuni qaydada çatdırılmış hesab olunmasına imkan vermir. Üstəlik, məktubun göndərildiyi ünvanın hərbi hissə olması nəzərə alındıqda, orada cavabdehin ailə üzvlərinin və ya şəxsən özünün məktubu qəbul etməsi faktı daha ciddi əsaslarla sübuta yetirilməli idi. Bu isə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. İddiaçı bankla cavabdeh arasında bağlanmış zaminlik müqaviləsində cavabdehin qeydiyyatda olduğu və xidmət keçdiyi ünvana – “ünvan lda onlar “çatdırılmış hesab olunacağı” göstərilmişdir. Lakin, cavabdeh vəsatətində qeyd etmişdir ki, xidmət yeri dəyişdirildiyindən ona məktublar real olaraq təqdim olunmamışdır. Məhkəmə bu faktın doğru olub-olmadığını araşdırmaq məqsədilə müvafiq hərbi hissəyə sorğu verməklə cavabdehin həmin tarixdə orada olub-olmamasını müəyyən etməli idi. Bu hərəkət yerinə yetirilməmişdir və nəticədə məktubun cavabdeh tərəfindən qəbul edilib-edilmədiyi barədə qəti nəticəyə gəlinməsi mümkün olmamışdır. Eyni zamanda, Bərdə Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2023-cü il tarixində icra üçün aidiyyəti icra qurumuna göndərilmiş, icra məmuru isə xx.xx.2023-cü il tarixdə icraata başlamaq barədə qərar qəbul etmişdir. Ancaq, birinci instansiya məhkəməsi bu məsələyə hüquqi qiymət verməmiş, icra qurumuna sorğu göndərərək cavabdehin icra qurumuna gəlib-gəlməməsi, həmin zaman qətnamədən (hansı tarixdə) məlumatlı olması məsələsini araşdırmamışdır. Bu isə hüquqi həqiqətin müəyyən olunması baxımından əhəmiyyətli prosessual boşluqdur. Digər tərəfdən, cavabdeh apellyasiya şikayətini xx.xx.2025-ci il tarixində təqdim etmiş və bildirmişdir ki, qətnamədən yalnız xx.xx.2025-ci il tarixində – rəsmi qaydada onu əldə etdikdən sonra xəbərdar olmuşdur. Lakin, birinci instansiya məhkəməsi cavabdehin bu izahlarını qəbul etməklə kifayətlənmiş, onun göstərdiyi əsasları təsdiq edən sübutları təqdim etməsini tələb etməmişdir və sənədlərin mövcudluğunu araşdırmamışdır. Həmçinin, cavabdehin 2024-cü ilin dekabrında əməkhaqqı tutulmalarından qətnamədən xəbərdar olması iddia edildiyi halda, həmin tarixdən sonra müraciət etməsi arasında yaranan ziddiyyət də qiymətləndirilməmişdir. Lakin, birinci instansiya məhkəməsi bu halları nəzərə almamış, şikayətin təmin olunmaması barədə nəticəyə gəlmişdir ki, bu da qanuna ziddir. Ümumiyyətlə birinci instansiya məhkəməsi ərizənin təmin olunmasının konkret əsasını açıq şəkildə göstərməmiş, bunu əsaslandırmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin hansı sübutlara istinad etməsi və nəyə görə şikayətin verilməsi üçün müəyyən edilmiş müddətin ötməsi barədə mövqeyi aydın deyildir. Elə bu hal qərardadın ləğv olunması üçün kifayətdir. Çünki, Azərbaycan Respublikasının MPM-in məhkəmə qərardadının məzmununu müəyyən edən 264.0.5-ci maddəsinin tələbinə görə, ayrıca akt şəklində qəbul edilən qərardadda başqa hallarla yanaşı məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, məhkəmənin qətnaməsinin Cavabdeh2 çatdırılması işin hazırki halları ilə dəqiq müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Odur ki, istər iddiaçının, istərsə də cavabdehin dəlillərinin həqiqətə uyğun olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən tam və ətraflı araşdırılma aparılmalıdır. Bu aspektdən məhkəmə tərəfindən zərurət olduqda bu halların düzgün araşdırılması üçün Cavabdeh2 xidmət etdiyi “N” saylı hərbi hissəyə sorğu verilməklə, həqiqətən də mübahisəli məhkəmə qətnaməsinin Cavabdeh2 çatdırılıb-çatdırılmaması müəyyən edilməli, bununla paralel olaraq tələbkarın dəlilinin həqiqətə uyğun olub-olmamasının müəyyən edilməsi üçün icra işi tələb edilməli və icra materiallarına çəkişmə prinsipinə əməl edilməklə tərəflərin iştirakı ilə baxış keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı qərarında da qeyd etmişdir ki, ədalətli araşdırma hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarı əsaslandırsın. Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Bu mənada yalnız hüquq normalarının sadalanması hələ qərarın əsaslandırılması hesab olunmur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in qətnamələr üçün 217.1-ci maddəsində müəyyən etdiyi qanunilik və əsaslılıq tələbi eyni zamanda bütün məhkəmə aktlarına, o cümlədən qərardadlara da şamil olunur. Qanunilik və əsaslılıq məhkəmə aktının xüsusiyyətidir. Məhkəmə aktının qanuniliyi onun qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı olmasını ehtiva edir. Əsaslılıq dedikdə isə, məhkəmə aktında baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktların əks etdirilməsi, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsinin onda şərh edilməsi, göstərilən halların işin materiallarına uyğun olması nəzərdə tutulur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxarkən də heç bir əsaslandırma aparmadan şikayəti rədd etmişdir. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Eyni zamanda, kollegiya bildirir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Birinci instansiya məhkəməsinin araşdırması yarımçıq, formal xarakter daşımaqla yetərincə əsaslandırılmamışdır. Yuxarıda göstərilən hallara əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin müddətinin bərpasına dair ərizəyə baxarkən Azərbaycan Respublikasının MPM-in 133, 134 və 135-ci maddələrinin tələblərini pozmuş, sübutların toplanılması, təqdim olunması və qiymətləndirilməsi məsələlərində səthi və qeyri-kafi araşdırma aparmışdır. Məhkəmə hüquqi əhəmiyyətli faktları araşdırmadan yalnız cavabdehin subyektiv izahatlarına istinad etməklə prosessual müddətin bərpasına dair qərar qəbul etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-in 14.1 və 217.1-ci maddələrində təsbit olunmuş obyektiv və hərtərəfli araşdırma prinsipinə ziddir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-3018/2023 nömrəli qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad çıxarılmaqla, iş materialları Cavabdeh2 prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 133, 263, 264, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-3018/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki iş materialları Cavabdeh2 prosessual müddətin bərpa edilməsi barədə ərizəsi yenidən araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1121/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1121/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver