Məhkəmə qərarları › İş №2(104)-1124/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1124/2023

08.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1124/2023 08.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-505/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mənzilindən əşyaları ilə birlikdə çıxarılması və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-505/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Xədicə Səfərli) İddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-505/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilə onun oğlunun yoldaşı, hazırki Cavabdeh4 gəlin gəlmişdir.Onlar 1988-ci ildə ailə qurub ünvan 1 ünvana gəlin gəlmişdir. 2003-cü ildə isə ünvan 2uraya pasport qeydiyyatına düşmüşlər.Həmin vaxt mənzil onun mərhum həyat yoldaşının adına olmuşdur. Həyat yoldaşı X4 2018-ci ildə rəhmətə gedəndən sonra o, qanun üzrə vərəsə kimi miras əmlakdan oğluna düşən 15832 manat pulu vermişdir. Digər cavabdehlər mübahisəli evə 1996-cı ildə yox, 2003-cü ildə köçmüşlər. Onların evdən istifadə hüququ yoxdur. Oğluna düşən miras payı isə o ödəmişdir. Belə olan halda oğlunun istifadə hüququna xitam verilməli və digər cavabdehlərlə birlikdə mübahisəli mənzildən çıxarılmalıdır. İşə baxan məhkəmə maddihüquq normalarını da düzgün tətbiq etməmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, məhkəmə iclasının başqa vaxtda təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə kollegiyası onun əvvəlki məhkəmə iclasında iştirak edib izahat verməsini nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 məhkəmə kollegiyasına yazılı etiraz ünvanlayaraq etirazında göstərmişdir ki, o, yəni Cavabdeh4 1988-ci ildə iddiaçının oğlu Nümayəndə ilə ailə qurub hazırda iddiaçının yaşadığı ünvan 3 ünvanında yerləşən evə gəlin köçmüşdür. Həmin evdə onlar qayınatası, hazırki iş üzrə İddiaçı və mərhum qayınanası X4 ilə birlikdə yaşamışdır. Onlar 1996-cı ilədək həmin evdə yaşamışlar. Həmin evdə övladları hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Babayeva (Əliyeva) Ləman Şirin qızı doğulmuşdur. 1996-cı ildə uşaqla məktəbə getdiyinə görə və mübahisə predmeti olan Gəncə şəhəri, Təbriz küçəsi, ev 1, mənzil 48 ünvanında yerləşən ev məktəbə yaxın olduğu üçün mənzilin mülkiyyətçisi olan qayınanası X4 onları daimi yaşamaq üçün Təbriz küçəsi, ev 1, mənzil 48 ünvanda yerləşən mənzilə köçürmüşdür. Həmin vaxtdan hazırki vaxtadək o, həyat yoldaşı Nümayəndə və uşaqları ilə birlikdə həmin mənzildə yaşayırlar. 2008-ci ildə qızı Ləman ailə qurub və uşaqları ilə birlikdə həmin mənzildə yaşayırlar. Cavabdeh1 da onun övladıdır. Oğlu Cavabdeh2 isə 2018-ci ildə ailə qurub, həyat yoldaşı və iki övladı ilə mübahisəli mənzildə yaşayırlar.İddiaçı apellyasiya şikayətində onların mübahisəli mənzilə 2003-cü ildə köçdüyünü göstərsə də, o, birinci instansiya məhkəməsində izahatında heç bir zaman onların mənzilə 2003-cü ildə köçməyini göstərməmişdir. Həyat yoldaşı Nümayəndə mirasdan düşən payın əvəzi olaraq 15832 manat pul ödənmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, həyat yoldaşı Nümayəndə mərhum anası X1 vərəsəsi kimi ondan miras qalan hazırda yaşadıqları ünvan 4 ünvanda yerləşən mənzilin 1/3 hissədə mülkiyyətçisi olmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, mənzil açıq hərracdan satışa çıxarılmış, mənzili İddiaçı almış, həyat yoldaşı Nümayəndə İsa oğlunun payına düşən 15832 manat pulu saxlanca qoymuşdur. İddiaçının özünün də göstərdiyi kimi Nümayəndə mənzildən onun payına düşən pulu götürmüşdür. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, mübahisəli evi 1987-ci ildə həyat yoldaşı X2 adına almış, həyat yoldaşı 2018-ci ildə rəhmətə getmişdir. Cavabdehlərdən Cavabdeh4 oğlu Şirin ilə 1988-ci ildə ailə qurub, ünvan 1 ünvana gəlin gəlmişdir. 2003-cü ildə isə ünvan 6, həmin evə pasport qeydiyyatına düşmüşlər.Həmin vaxt mənzil onun mərhum həyat yoldaşının adına olmuşdur. Həyat yoldaşı X4 2018-ci ildə rəhmətə gedəndən sonra o, qanun üzrə vərəsə kimi miras əmlakdan oğluna düşən 15832 manat pulu vermişdir.İsa 1992-ci ildə, Ləman isə 1989-cu ildə anadan olmuşdur. Ləman 2004-cü ildə Bakı şəhərinə ərə getmiş və azyaşlı övladı Zülfiyyə ilə birlikdə Bakı şəhərində yaşayırlar. Lakin onlar mübahisəli evdə pasport qeydiyyatında olmaqla, tez-tez gəlib anası ilə mübahisəli evdə qalırlar. Cavabdehlərdən Cavabdeh4 adına Daşkəsən rayonu, Bayan kəndində 4 otaqlı həyət evi vardır. Hesab edir ki, cavabdehlərin hazırda onun evində yaşamaları mülkiyyətçi olaraq onun mülkiyyət hüquqlarını pozur. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-505/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının əvvəlki iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, onun qeydiyyatı Rusiya Federasiyasında olduğu üçün evi o, 1997-ci ildə anasının adına almışdır. Evi o təmir etdirmişdir. 2018-ci ilə qədər mübahisələri olmamış, anası öləndən sonra atası Məlahət adlı qadınla evlənmiş və evə gətirmişdir. Bundan sonra aralarında narazılıq başlamışdır. O, Cavabdeh4 ilə 1988-ci ildə ailə qurub evlənmiş və 1996-cı ildə hazırkı mübahisə edilən evə köçdüklərindən, cavabdehlərin həmin evdən istifadə hüquqları vardır. Cavabdehlərdən Cavabdeh3 onun qızıdır. 2004-cü ildə ailə həyatı quraraq Bakıya köçmüş və Zülfiyyə adlı uşaqları anadan olmuşdur. Atasının adına başqa ev vardır və atası həmin evdə yoldaşı ilə yaşayır. Mübahisə olunan ev məhkəmıə qətnaməsi ilə hərracda satılmış və həmin evi atası olan iddiaçı almış və ona kompensasiya verilmişdir. Hazırda mübahisəli evdə o, həyat yoldaşı Pərvanə, İsa (oğlu), oğlunun yoldaşı Səma, Ləman, onun qızı Zülfiyyə yaşayır. Daşkəsəndə olan ev 1989-cu ildə alınıb. Cavabdehlərdən Zülfiyyə onun nəvəsidir və 13 yaşı olmaqla, autizim xəstəsidir. Ləman azyaşlı qızı Zülfiyyə ilə birlikdə Bakıda yaşayır. Oğlu İsanın 31 yaşı var, ailəlidir, 2 uşağı var. Mübahisəli evdə 1997-ci ildən yaşayır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)- 505/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-505/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus ünvan 4 evdən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 azyaşlı uşağı Cavabdeh1 ilə birgə, cavabdehlərə aid əşyaları ilə birlikdə həmin evdən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Təbriz küçəsi, bina 1, mənzil 48 xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatdadırlar. Daşkəsən Rayon DTİ və MHQİ-nin Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Daşkəsən rayonu, Bayan kəndi, ümumi sahəsi 58.0 kv.m yaşayış evi Daşkəsən rayon notariat kontorunun 1-160, 10 avqust 1999-cu il tarixli sərəncamı əsasında X3 adına qeydə alınmışdır. İddianı rədd edən birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsini tətbiq etməklə, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, araşdırma zamanı cavabdehlərin ünvan 7 ünvanında yerləşən evdə istifadə hüquqlarının olması, onların həmin istifadə hüququnun itirilməsinə dair əsasların mövcud olmadığı müəyyən edilmişdir. Qanuvericilikdə isə hazırkı vəziyyətdə yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsinin qaydası tənzimlənmişdir. Lakin, iddiaçı cavabdehlərin isitifadə hüququnun itirilməsini tələb etsə də, hüququn xitamı üçün hər hansı bir məbləğdə kompensasiya məbləği təklif etməmişdir. Belə bir vəziyyətdə isə məhkəmə hesab etmişdir ki, cavabdehlərin ünvan 8 ünvanda olan istifadə hüququ itirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Belə ki, iş materilları ilə müəyyən edilir ki, Gəncə şəhəri, Təbriz küçəsi, bina 1, mənzil 48 xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh4 həyat yoldaşı Nümayəndə həmin evdə vərəsəlik üzrə paylı mülkiyyət hüququ olmuş və bu hüquqa həmin evin həracda satılması, hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi üzrə əmlakın dəyərinin iddiaçı tərəfindən ödənilməklə əldə edilməsi və ona qanun üzrə vərəsə kimi miras əmlakdan düşən 15832 manat pulun ödənilməsi ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Məhkəmə kollegiyası cavabdehlərdən Cavabdeh4 mübahisə edilən yaşayış evinə 1996-cı ildə evə köçdüyündən, cavabdehlərin həmin evdən istifadə hüquqlarının olmasına dair cavabdehlərin nümayəndəsinin dəlilləri ilə bağlı, həmçinin Cavabdeh2 istifadə hüququ ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Lakin bu maddədə həmin istifadənin qaydası, o cümlədən onun hansı şərtlər və hüdudlar daxilində həyata keçirilməsi müəyyən olunmamışdır. Eyni zamanda bu maddə və ümumiyyətlə, Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Xüsusilə qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin İV hissəsi mülkiyyət hüququnun iki mühüm hüquqi təminatını ehtiva edir. Birinci təminata görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Bu hal digər mənaların mövcudluğu ilə yanaşı, məhkəmə qərarı olmadan hər hansı dövlət orqanı və ya vəzifəli şəxslərin hansısa məqsədəmüvafiqliyə və ya hətta qanuna istinadən mülkiyyətçinin iradəsinin ziddinə olaraq mülkiyyət hüququndan məhrum olunmasına qadağa qoyur. İkinci təminat isə ondan ibarətdir ki, mülkiyyətin dövlət və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər. Bu cür müddəa mülkiyyət hüququna hörmətlə yanaşılması ruhunda yazılmış yuxarıda göstərilən beynəlxalq hüquq normalarından irəli gəlir. Həmin normaları tətbiq edən beynəlxalq hüquq qurumları öz qərarlarında mülkiyyət hüququnun tərkib hissələrinin əsas elementlərinin əhəmiyyətinə xüsusi diqqət yetirirlər. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsi Marks Belçikaya qarşı 13 iyul 1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Belə iradə ifadəsi olmadığı bir halda, yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsi məsələsinin həllinin istifadəçinin və ya məhkəmənin mülahizəsinə buraxılması təcrübədə müxtəlif yanaşmalara səbəb ola bilər. Bununla əlaqədar, məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin, Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə, bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyil. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir. Belə ki, 01 sentyabr 2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət hüquqlarının qanuni baxımdan hərtərəfli həllinə təminat verir. Lakin, Mülki Məcəllənin 228.2-ci maddəsində öz əksini tapmış “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər” normasının onun qəbulundan əvvəl yaranmış münasibətlərlə bağlı mübahisələrin həllində tətbiqinin mümkünlüyünü dəqiqləşdirmək üçün bir neçə məqama xüsusi diqqət yetirilməlidir. Mülki Məcəllənin 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki-hüquq normalarını müəyyənləşdirən başqa normativ-hüquqi aktlardan ibarətdir. Mənzil qanunvericiliyi mahiyyətcə mülki qanunvericiliyin bir hissəsidir. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Lakin, Mənzil Məcəlləsi yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsinə dair tərəflərin münasibətlərini tənzimləmədən saxlamışdır. Bununla belə, bir çox mülki hüquq münasibətləri uzanan xarakter daşıyır, bu zaman Azərbaycan Respublikasının qanunvericiliyi isə dinamik inkişaf edir və dövri olaraq yeniləşir. Bu münasibətlərin mövcudluğu zamanı onların tənzimlənməsinə yönəldilmiş bəzi qanunların dəyişilməsi, həmin münasibətlərin çərçivəsində müəyyən subyektiv hüquq və vəzifələrin əmələ gəlməsi və xitamı mümkündür. Lakin belə hallarda Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin – mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Yeni və əvvəlki qanunların arasında kolliziyalar yaranarsa, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil olunmasının mümkünlüyünü nəzərdə tutan Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi əsas götürülməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 7-ci maddəsinə görə də Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Mülki qanunvericilik müddəalarının tətbiqi mülki hüquq subyektlərinə ziyan vurarsa və ya bu subyektlərin vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi yoxdur. Bununla yanaşı nəzərdən yayınmamalıdır ki, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Hər iki maddənin məzmununu təhlil edərkən aşkar olunur ki, müstəsna hallardan başqa qanunun qüvvəyə mindikdən sonra yaranmış münasibətlərə şamil olunmasının qeyri-mümkünlüyü Mülki Məcəllənin 7-ci maddəsində öz əksini tapmışdırsa, bu Məcəllənin 11.1-ci maddəsi yuxarıda sadalanan konkret şərtlər mövcud olduğu hallarda oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarının tətbiqinə yol verir. Belə yanaşma Mülki Məcəllənin 1.2 və 11.1ci maddələrinin müddəalarına müvafiq olaraq qüvvədə olan mülki qanunvericiliyin elə normalarına aid oluna bilər ki, həmin normalar bundan əvvəl qanunla tənzimlənməmiş münasibətlər üçün nəzərdə tutulsun, mülki dövriyyənin iştirakçılarına daha imtiyazlı rejim yaratsın, bu şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin etsin. Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Belə ki, sözügedən qərarda Mülki Məcəllənin 7.1-ci maddəsinin müddəalarını nəzərə alaraq Konstitusiya Məhkəməsi öz mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir”. Göründüyü kimi Konstitusiya Məhkəməsi mübahisələrin həlli üçün məhz müvafiq maddələrin qaydalarının əsas götürülməsini zəruri hesab etmişdir. Bununla bağlı isə bir daha qeyd etmək lazımdır ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 marl 2016-cı il tarixli qərarına əsasən, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır... Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür... Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Məhkəmə kollegiyası iddianın cavabdehlər Cavabdeh2 və Cavabdeh4 münasibətdə qeyd edir ki, Cavabdeh4 mülkiyyətində hal-hazırda Daşkəsən rayonu, Bayan kəndində yerləşən ümumi sahəsi 58.0 kv.m olan fərdi yaşayış evi vardır. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, hesab edir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin tələbləri baxımından, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış evinin tərkib hissəsindən istifadə hüquqları yaşayış sahəsinə ehtiyacları aradan qalxdığı üçün, onların həmin hüququna kompensasiya ödəmədən xitam edilməli, onlar əşyaları ilə həmin evdən çıxarılmalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh3 münasibətdə, xx.xx.2009cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin maddələrinə uyğun olaraq həll edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının MM-nin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh3 İddiaçı nəvəsi olmaqla, ünvan 7 saylı evdə doğulmuş, boya-başa çatmış və 2004-cü ildə ailə quraraq, həmin evdən Bakı şəhərinə ər evinə köçmüşdür. Cavabdeh1 yaşayış yeri isə Cavabdeh3 ilə birlikdə Bakı şəhəridir. Cavabdeh3 azyaşlı övladı Cavabdeh1 ilə birlikdə iddiaçının iradəsinə zidd olaraq mübahisəli evə gəlməsi və yaşaması qanuni deyildir. Ona görə də, Cavabdeh3n da, ünvan 4 evdən istifadə hüquqlarına xitam verilməli və azyaşlı övladı Cavabdeh1 və özlərinə aid əşyaları ilə birlikdə həmin evdən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-505/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus ünvan 4 evdən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 azyaşlı uşağı Cavabdeh1 ilə birgə, cavabdehlərə aid əşyaları ilə birlikdə həmin evdən çıxarılmalıdırlar. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 386, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-505/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus ünvan 4 evdən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 azyaşlı uşağı Cavabdeh1 ilə birgə, cavabdehlərə aid əşyaları ilə birlikdə həmin evdən çıxarılsınlar. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar