Məhkəmə qərarları › İş №2(104)-1125/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1125/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1125/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiаçı İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dаir mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(021)-82/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14422.03 manat məbləğində əsas borc və 2271.6 manat faiz borcu olmaqla, cəmi 16693.63 manat borcun və 140.48 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh olan borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 900804-145948/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 17% dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Borcalan üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və banka olan borcunu ödəməmişdir. xx.xx.2023-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 14422.03 manat məbləğində əsas borc və 2271.6 manat faiz borcu olmaqla, cəmi 16693.63 manat məbləğində kredit borcu yaranmışdır. Ona görə də məhkəmədən Cavabdeh 14422.03 manat məbləğində əsas borc və 2271.6 manat faiz borcu olmaqla, cəmi 16693.63 manat borcun və 140.48 manat dövlət rüsumunun tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə MPM-in 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək cavabdehdən 14422.03 manat əsas borc və 6995.53 manat faiz borcu olmaqla cəmi 21417.56 manat borc və 155.05 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(021)-82/2025 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) iddianın qismən təmin edilməsi, Cavabdeh 14404.87 manat əsas borc, 2308.42 manat faiz borcu olmaqla, cəmi 16713.29 manat kredit borcu və 140 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 15.05 manatının isə iddiaçıya aid edilməsi, Cavabdeh 100 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, birincin instansiya məhkəməsi apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş prosessual müddət daxilində verilib-verilməməsini yoxlamadan işi apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Belə ki, iş materiallarının 88-ci vərəqində olan poçt xəbərnaməsindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi xəbərnaməyə “Cavabdeh ” qeydi edilməklə xx.xx.2025-ci il tarixdə alınmışdır. Eyni zamanda iş materiallarının 95-ci vərəqində olan məhkəmə qəbzindən görünür ki, Cavabdeh qəbzə xx.xx.2025-ci il tarixdə imza edərək məhkəmə qətnaməsini almışdır. Göründüyü kimi işdə ziddiyətli hallar olmasına baxmayaraq birinci instansiya məhkəməsi apellyasiya şikayətinin prosessual müddət daxilində verilib-verilməməsini araşdırmadan işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2025-ci il tarixli e-2(021)-82/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(021)-82/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-1125/2025 saylı mülki iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(021)-82/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-1125/2025 saylı mülki iş Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar