Məhkəmə qərarları › İş №2(104)-1127/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1127/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1127/2023 28.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş 5000 manat sığorta pulunun qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-357/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, X5 tərəfindən verilmiş etibarnamə üzrə onun adından İddiaçı ilə Cavabdeh arasında Toyota Corolla markalı 10TX186 qeydiyyat nömrə nişanlı avtomobilə dair alğı-satqı müqaviləsi baglanmışdır.

2. xx.xx.2021-ci il tarixli, 7E-7700 reyestr nömrəli etibarnamədən görünür ki, X1 Corolla markalı 10TX186 qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncan vermək və digər hərəkətləri həyata keçirmək üçün İddiaçı etibar etmişdir.

3. xx.xx.2021-ci il tarixli, 28102 nömrəli kredit müqaviləsi və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 12 ay müddətinə illik 53 faiz ödəmək şərti ilə 3700 manat məbləğində kredit götürmüşdür.

4. "xxxx" ASC tərəfindən göndərilən sms məlumatından görünür ki, 10TX186 qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə sığorta ödənişinin məbləği 5000 manat təşkil etmişdir.

5. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Toyota Corolla markalı 10TX186 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır.

6. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, iddiaçı Ruzi xalası oğludur. Əhmədi isə Gəncə-Bakı istiqamətində sürücülük edərkən tanımışdır. Belə ki, uşağı xəstələnmiş və ona 2000 manat pul lazım olmuşdur. Bu məsələni Ruziyə bildirmişdir. Ruzi ilə birgə pul almaq üçün Əhmədin yanına gəlmişlər. Əhməd 3700 manat pul yazmış onlara 3000 manat pul vermişdir. Girov olaraq avtomobili qoymuşlar. Ancaq hər hansı qızıl-zinət əşyaları olmamışdır. Belə ki, avtomobil girovdan çıxdıqdan sonra Ruziyə geri qaytarılmalı idi. Avtomobili Ruzi idarə edərkən hadisə törətmişdir. Sığorta pulunu 5000 manatı Əhməd alaraq Ruziyə verməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3700 (üç min yeddi yüz) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qəza nəticəsində ödənilmiş 5000 manat sığorta pulunun və ona məxsus olan 3700 (üç min yeddi yüz) manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarının, onlar olmadıqda dəyəri olan 3700 manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh avtomobil alınması üçün kredit götürmüşdür. Belə ki, X2 qeyd olunan avtomobili faktiki olaraq almış və avtomobil üzərində faktiki sahibliyi həyata keçirmiş və etibarnamə əsasında avtomobili adına rəsmiləşdirmişdir. Lombarddan kredit götürərəkən cavabdeh kredit verilməsi üçün avtomobili adına rəsmiləşdirməyi tələb etdiyindən avtomobili saxta alğı-satqı müqaviləsinə əsasən cavabdehin adına rəsmiləşdirmişdir. Aralarında uydurma alğı-satqı müqaviləsi bağlamış və müqavilə onun adından imzalanmışdır. Bundan sonra avtomobil qəzaya düşmüşdür və avtomobilə dair 5000 manat sığorta pulu ödənilmişdir. Qeyd olunan sığorta pulunu cavabdeh sığorta şirkətindən almış və ona verməmişdir. Aralarında olan razılaşmaya əsasən lombardda kredit müqaviləsi bağlanaraq avtomobili ona verməklə kasko sığorta olunması üçün onunla 3700 manatla bağlı müqavilə bağlasa da, ona 3000 manat verdikdən sonra 700 manat pulu kasko sığortası üçün ondan almışdır. Cavabdeh adına 3700 manat kredit borcu qoymuşdur. Bu müddət ərzində ödəniş aparılmış lakin cavabdeh onu aldatdığına görə kredit borcunun ödənilməsi dayandırılmışdır. Həmçinin cavabdeh ona məxsus olan qızıl-zinət əşyalarını da girov götürsə də, geri qaytarmır. Bu baxımdan cavabdehə qarşı aralarında bağlanmış uydurma alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə, onu aldadaraq aldığı 5000 manat sığorta pulunun və ona məxsus olan qızıl-zinət əşyalarının geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh ondan aldığı qızıl əşyalarının və avtomobili almaqla və bu günkü gündə ona maddi zərərə saldığından əsassız olaraq varlanmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, realda hər hansı qızıl əşyası olmamış və girova qoyulmamışdır. Həmçinin iddia müddəti də ötürülmüşdür. İddianın əsassız olduğunu göstərərərək rədd edilməsini məhkəmədən xahiş etmişdir.

12. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-357/2023 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh 5000 (beş min) manat pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3, 340.1, 340.2,1091.2, 1092.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-357/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində sürülə bilməsi qeyd edilsə də, iddiaçı həmin tələbi 1 il müddət ötürüldükdən sonra qaldırmış, bu hal məhkəmənin nəzərinə çatdırılsa da, nəzərə alınmamışdır. Belə ki, tərəflər xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsi bağlamış, elə həmin tarixdə də İddiaçı etibarnamə əsasında idarə etdiyi avtomobil Cavabdeh mülkiyyətinə keçmiş və İddiaçı sürmək üçün etibarnamə verilmişdir. Yəni, İddiaçı hüququnun pozulmasını xx.xx.2021-ci il tarixdən artıq bilirdi, iddianı isə xx.xx.2023-cü il tarixdə vermişdir. Həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasənin tələbləri pozulmuşdur. Həmin maddədə qeyd edilir ki, əsassız varlanma halının baş verməsi üçün hər hansı müqavilə olmaması halı mütləqdir ki, cavabdeh Əhməd Naxmedov ilə "xxxx" ASC arasında sığorta müqaviləsi olmuş və həmin müqaviləyə əsasən 5000 manat məbləğində pul Əhməd Naxmedova verilmişdir. Yəni, Əhməd Naxmedov etibarlı müqavilə şərtləri daxilində sözügedən 5000 manatı əldə etmişdir. Çünki sığorta ödənişi Əhməd Naxmedov tərəfindən tərəfindən edilmiş və haqlı olaraq 5000 manat məbləğində pul Əhməd Naxmedova verilmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-357/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdilər. Cavabdeh əlavə olaraq bildirdi ki, İddiaçıla ilə razılaşmaq üçün dəfələrlə təşəbbüs göstərmiş, lakin iddiaçı bundan imtina etmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə aid şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.1. etibarnamənin müddətinin bitməsi; 365.1.2. etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; 365.1.4. etibarnamə verilmiş şəxsin imtinası; 365.1.5. adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.6. adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; 365.1.8. etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması.

20. “M.Bağırovun şikayəti üzrə X3 Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

21. İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il qərarında göstərilmişdir ki, hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir.

22. N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edildiyi hissədə ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin qismən ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilmiş hissəsi üzrə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməlidir.

28. İş materiallarından göründüyü kimi, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsi alğı-satqı müqaviləsi ilə X5 tərəfindən verilmiş etibarnamə üzrə onun adından İddiaçı ilə Cavabdeh arasında “Toyota Corolla” markalı, 10TX186 qeydiyyat nömrə nişanlı, avtomobilə dair alğısatqı müqaviləsi baglanmışdır. İddiaçı hazırda həmin müqavilənin uydurma əqd olduğunu iddia edərək, hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki tələblə məhkəmə müdafiəsindən istifadə etməyə subyektiv hüququnun olub-olmamasını araşdırmadan iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının hazırda etibarsızlığını mübahisələndirdiyi yuxarıda qeyd olunan alğı-satqı müqaviləsinin tərəfləri X5 ilə Cavabdeh olmuşlar. İddiaçı X5 tərəfindən verilmiş etibarnamə əsasında həmin əqd bağlanan zaman mülkiyyətçini təmsil etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİİ 062239 nömrəli, xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, “Toyota Corolla” markalı, 10TX186 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi X5 tərəfindən İddiaçı etibar edilmiş, sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər verilmişdir. İddiaçı nəqliyyat vasitəsi üzərində sərəncam verməklə, yəni mübahisələndirilən alğı-satqı müqaviləsini bağlamaqla etibarnamə ilə nəzərdə tutulmuş hərəkətləri həyata keçirmiş olmuşdur. Bu isə, mülki qanunvericiliyə əsasən, etibarnaməyə xitam verilməsi üçün əsaslarından biridir.

30. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı etibarnamə ilə nəzərədə tutulmuş hərəkətləri həyata keçirdiyindən etibarnamənin qüvvəsinə xitam verilmiş və buna görə də iddiaçının artıq qeyd edilən nəqliyyat vasitəsi ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin hüququ əsası yoxdur, onun belə bir tələblə məhkəmə müdafiəsindən istifadə etməyə subyektiv hüququ olmamışdır.

31. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 385, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-357/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh 5000 (beş min) manat pulun alınaraq İddiaçı ödənilməsinin təmin edildiyi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var Hakimlər: imzalar var

düzdür Hakim: Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar