Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1132/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Məmmədova Gülarə Məcid qızına qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(062)-2092/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 aprel 2023-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. BOKT "xxxx" MMC-nin Tovuz filialının Cavabdeh1 ilə bağladığı 28 fevral 2017-ci ildə LD********** saylı kredit müqaviləsinə əsasən təşkilat tərəfindən Cavabdeh1 28 fevral 2020-ci il tarixə qədər illik 0% dərəcəsi ilə 36 ay müddətinə 2379 manat məbləğində kredit verilmişdir.
2. 28.02.2017-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, Məmmədova Gülarə Məcid qızı kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür.
3. 08.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci tarixə əsas borcu 638.8 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Məmmədova Gülarə Məcid qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 638,80 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı BOKT "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə BOKT "xxxx" MMC-nin Tovuz filialının bağladığı 28 fevral 2017-ci ildə LD********** saylı kredit müqaviləsinə əsasən təşkilat tərəfindən Cavabdeh1 28 fevral 2020-ci il tarixə qədər illik 0% dərəcəsi ilə 36 ay müddətinə 2379 manat məbləğində kredit verilmişdir. ( BOKT "xxxx" MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT "xxxx" MMC-yə satılmışdır (güzəşt edilmişdir).) Məmmədova Gülarə Məcid qızı ilə 28 fevral 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Gülarə Məmmədova zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Borclular öz üzərlərinə götürdükləri kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində 08 iyul 2020-ci il tarixə 638,80 manat məbləğində əsas borcu, 0 manat faiz borcu, 0 manat məbləğində cərimə borcu olmaqla cəmi 638,80 manat borcları yaranmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Cavabdehlər müqavilənin tələblərini pozaraq üzərlərinə düşən öhdəliyi yerinə yetirmirlər. Borcluların banka olan borcları hələ də ödənilməmiş qalır. Odur ki, cavabdehlərdən 638,80 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, cəmi 668,80 manat borcun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş edir.
6. Tovuz Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(062)-2092/2020 nömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddianın təmin edilməsi, 28 fevral 2017-ci il tarixli sazişə əsasən 638,80 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Məmmədova Gülarə Məcid qızından müştərək qaydada alınaraq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445, 448 və 472.1 maddələrinə və Mülki Prosessual Məcəllənin 284-1, 284-5-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(062)-2092/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Belə ki, borc məbləği şişirdilmiş və onların maddi vəziyyəti nəzərə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
14. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
15. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.1, Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.ğ
20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikasının MPM-in 394-1.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılır.
24. Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.
26. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin ona aid hissəsinin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
29. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Cavabdeh apellyasiya şikayətinin dəlillərində borcun şişirdildiyiniı bildirsə də bu dəlilinə dair sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə kollegiyasının araşdırması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. Həmçinin cavabdehin borcunun hesablanması sadə riyazi hesablama olmaqla xüsusi bilik tələb edilmədiyindən, ekspertiza keçirilməsinə dair zərurət müəyyən edilmədiyindən bu barədə qərardad təyin edilməməlidir.
31. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
32. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393, 394-1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(062)-2092/2020 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .