Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1134/2025 24.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh və onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bərdə Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 2(021)-43/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 160000 manatın, eləcə də dövlət rüsumu kimi ödənmiş 450 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qayını, arvadının qardaşıdır. 1999-cu ildə cavabdeh özəlləşdirmə proqramı əsasında Bərdə şəhəri H.Aslanov küşəsində (indiki Bakı küşəsi) Ağac emalı sexinin əmlakını özəlləşdirmiş və ona bu barədə şəhadətnamə verilmişdir. Həmin sex istifadəsiz qalmışdır. Ona bir qohum kimi təklif etmişdir ki, həmin sexi işlək vəziyyətə salıb işlətsin, o da onun işi ilə pul qazansın. Bu zaman cavabdeh təklif etmişdir ki, bu köhnə sexə vəsait qoymaqdansa, sexin həyətində boş torpaq sahəsində yeni bir bina tik, bu daha çox xeyir gətirər. O da onunla razılaşmışdır. Özəlləşmiş sex cavabdehin adına olduğu üçün onun yerləşdiyi ərazidə bina tikintisi üçün onun adından İcra Hakimiyytinə müraciət etmiş, İH başçısının 29 iyul 2004-cü il tarxili 102 saylı Sərəncamı ilə cavabdehə 18,4 x 9 m sahədə müasir tipli istehsal və satış binası tikilməsinə icazə almışdır. Bundan sonra tikilinin layihəsi tərtib edilmiş, həmin layihə və smeta ilə bina tikilmiş və fəaliyyətə başlamışdır. Həmin vaxtdan həmin tikilini o, idarə etmiş, orada mebel sexi işlətmişdir, bəzi sahələrini isə icarəyə vermişdir. 2019-cu ildə belə qərara gəlmişdir ki, ona torpağa görə 60 kv.metrlik sahə verir, qalan binanı isə özü işlədir və həmin vaxtdan ayrıca işləməyə başlayıblar. Lakin 2022-ci ildə cavabdeh binaya dair qanunsuz iddialarını irəli sürməyə başlamışdır, binanın və torpağın ona məxsus olduğunu bildirərək onu binanın idarə edilməsindən, icarəsindən uzaqlaşdırmışdır. O, indi belə vəziyyətə düşmüşdür ki, cavabdeh sərəncamın və smetanın onun adına olmasından istifadə edərək onun vəsaiti ilə tikilmiş binanı əlindən almışdır. Bu isə onun həmin binada olan hüquqlarını pozur, onu vəsaiti hesabına tikilmiş binadan məhrum edir. Ona görə də o, bu iddia ilə məhkəməyə müraciət edir. Həmin tikili onun vəsaiti hesabına tikilmiş, bina tikintisində işləmiş ustaların, binanın tikintisinə sərf edilmiş bütün materialların pulunu o vermişdir. Cavabdeh isə binanın onun sexinin yerləşdiyi torpaq sahəsində olmasını, sərəncamın da onun adına olmasını əsas götürərək onu binadan və onun idarəetməsindən uzaqlaşdırmışdır. Bu halda cavabdeh həmin binanın tikintisinə sərf edilmiş vəsaitini ona verməmiş, cavabdeh bu binanın tikintisinə bir manat da vəsait sərf etmədən hazırda həmin binaya sahib olmuşdur və potensial mülkiyyətçidir. Bərdə Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 2(021)-43/2025 nömrəli qətnaməsi ilə (hakim Fərman Abdullayev) İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddianın təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi; Məhkəmə-tikinti-texniki Ekspertiza tədqiqatının dəyəri 200 manatın İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, tərəflər yaxın qohumluq münasibətində olmaqla cavabdeh onun qayını, arvadının qardaşıdır. 1999-cu ildə cavabdeh özəlləşdirmə proqramı əsasında Bərdə rayonu H.Aslanov küşəsində (indiki Bakı küşəsi) Ağac emalı sexinin əmlakını özəlləşdirmiş və ona bu barədə şəhadətnamə verilmişdir. Bundan sonra sonuncuya bir qohum kimi təklif etmişdir ki, həmin özəlləşdiriyi ərazidə olan sexi işlək vəziyyətə salıb şərikli işlətsinlər , lakin cavabdeh təklif əsasında bu köhnə sexə vəsait qoymaqdansa, sexin həyətində boş torpaq sahəsində hazırkı mübahisəli sexi tikib şərikli işlətmək barədə razılaşmışlar. Bundan sonra həmin ərazidə onun tərəfindən mübahisəli sex tikilməyə başlamış və tikinti başa çatdıqdan sonra özəlləşmiş sex cavabdehin adına olduğu üçün onun yerləşdiyi ərazidə bina tikintisi üçün onun adından İcra Hakimiyyətinə müraciət etmiş, İH başçısının 29 iyul 2004-cü il tarixli 102 saylı Sərəncamı ilə cavabdehin adına müvafiq icazə və sənədləşmə işlərini aparmışdır. Müvafiq sənədləşmə işlərini həyata keçirəndən sonra həmin vaxtdan faktiki olaraq tikilini o, idarə etmiş, orada mebel sexi işlətmişdir, bəzi sahələrini isə icarəyə vermişdir. Cavabdeh isə onunla formal olaraq şərik kimi olmuş, onun ərazisində olduğu üçün müvafiq olaraq cavabdehə müəyyən ödənişlər iddiaçı tərəfindən edilmişdir. Sonradan təxminən 2019-cu ildə cavabdeh binanın tikildiyi torpaq sahəsinin ona məxsus olduğunu bildirdiyindən belə tərəflər razılaşmışdır ki, ona torpağa görə 60 kv.metrlik sahə verir, qalan binanı isə iddiaçı özü işlətsin və həmin vaxtdan cavabdehin həmin əmlaka münasibətdə heç bir iddia və tələbi olmayacaqdır. Bundan sonra tərəflər faktiki ayrılmış, ayrıca giriş-çıxışı olan həmin hissəni cavabdehə təhvil vermişdir. Daha sonra həmin onda qalan hissəsini icarəyə vermiş, lakin İkinci Qarabağ müharibəsi zamanı həmin obyektə mərmi düşmüş və obyektin böyük hissəsi yararsız vəziyyətə düşmüşdür. Həmin obyektin istər dağıldıqdan sonra, istərsə də, bərpası zamanı komissyya üzvləri ilə bütün danışıqları o aparmış və həmin obyektin sahibi kimi bütün məsələlərdə o iştirak etmişdir. Mübahisəli obyekt bərpa olunub əvvəlki vəziyyətdə onlara təhvil verildikdən sonra isə o həmin “kontakt home” həmin obyektə dair 2021-ci ilin oktyabr ayında yazılı icarə müqaviləsi bağlamış və həmin vaxt sənədlər cavabdehin adına olduğu üçün də məhz müqavilə cavabdehin tərəfindən imzalanmışdır. Lakin həmin obyekt üzrə müvafiq ödənişlərin ödədiyi kart iddiaçının qızı Dilgüşənin faktiki istifadəsində 2022-ci ilin iyun ayına qədər olmuş, daha sonra səbəbsiz şəkildə cavabdeh öz adında olan kartı geri tələb edərək, ümumilikdə obyektlə əlaqəsini kəsməyə çalışmışdır. Bundan sonra cavabdehin qərəzli hərəkətləri nəticəsində iddiaçının obyektlə əlaqəsi kəsmiş və bundan sonra iddiaçı birinci məhkəməyə ərizə ilə müraciət etmişdir. Hansı ki, iddiaçı mübahisəli obyektin onun tərəfindən tikildiyini və 2022-ci ilin payızına qədər onun istifadəsində olmaqla idarə edilməsini bildirmiş, cavabdeh isə bunun əksini bildirmişdir. Nəzərə alınsa ki, iddiaçının həmin obyekti tikməsi və həmin obyektin çəkdiyi bütün xərclərlə bağlı kifayət qədər aydın, ardıcıl və bir-birini tamamlayan ifadələri, eləcə də cavabdehin həmin obyektin tikilməsi ilə bağlı iştirakını təsdiq edən hər hansı bir halın olmaması, mübahisəli obyektin öz adına olmasını əsas götürməklə məhz obyektin onun tərəfindən tikildiyini idda etmişdir. Hansı ki, işin mübahisəsiz halı kimi həmin obyektin cavabdehin adına olması mübahisəsiz olmaqla iddiaçı tərəfindən mübahisələndirilmir. İddiaçı tərəfindən həmin tikilinin tikilməsi işdə olan şahid ifadələri və həmin obyektin tikintisinə dair kifayət qədər aydın və ardıcıl izahat bildirməklə bərabər, iddiaçının həmin tikilinin tikintisi üçün hər hansı bir maddi imkanın olmadığını, həmin obyekti tikdikdən sonra 2004-cü ildən 2022-ci ilə kimi istifadəsində olmaqla həmin obyekti öz əmlakı kimi sərbəst və manesiz şəkildə istifadə edib, müxtəlif dövrlərdə icarəyə verməsi ilə əsaslandırmış və işin bu halları cavabdeh tərəfindən inkar edilməmişdir. Hətta cavabdeh tərəfindən iş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizəsində bildirmişdir ki, həmin tikilini sonuncu “AqroKredit” və Bank Respublikadan müvafiq kreditlər götürməklə tikilini başa çatdırmışdır. Lakin, cavabdeh bununla bağlı həqiqətən sözügedən dövrdə hər hansı bir kredit götürməsinə dair sübut məhkəməyə təqdim etməmiş, hətta evinin hazırda bankda girov olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı bir sübut yoxdur. Digər tərəfdən iddiaçının özünün birinci instansiya məhkəməsində verdiyi ifadədə obyektin onun tərəfindən tikildiyini bildirsə də, həmin tikintinin hansı ildə tikilməsini bilmədiyini qeydə etməklə ziddiyyətli izahat vermişdir. İş üçün digər önəm kəsb edən vacib bir məqam isə məhz cavabdehin həmin tikintini Aqro Kredit” və Bank Respublikadan kredit götürərək, tamamladığını bildirsə də, məhkəməyə təqdim etdiyi kreditin götürüldüyü bank, tarixləri, məbləğləri tamamı ilə həmin obyektin tikintisindən təxminən 8 il sonrakı dövrə düşür.Həmin kredit tarixçəsində cavabdehin 2024cü ildə kredit götürməsi müəyyən edilmir. Belə ki, məhkəmə tərəfindən həmin obyektin tikilməsi isə 2004-cü il müəyyən edilməklə işin bu halı məhz iddiaçının verdiyi izahatla tam üst-üstə düşmüşdür. Digər tərəfdən, iş üzrə cavabdehin həmin sexin icarə haqqı verməkdənsə tərəflərin şərikli formada razılşaraq, yeni sexin tikilməsi barədə iddiaçı və cavabdeh tərəflərin izahatları üst-üstə düşsə də, cavabdehin həmin sexdən əvvəl mebel sexini işlətməyə başladığını bildirmiş, lakin ona çatası payın hər dəfə ödənmədiyini bildirməklə, digər halda təkrar iddiaçının təklifi əsasında yenidən öz vəsaiti hesabına mübahisəli binanı tikib, təkrar iddiaçını ora şərik etməsi inandırıcı olmamaqla, həmin binanın onun tərəfindən tikilməsi barədə dəlilləri ilə tam ziddiyət təşkil edir.Həmçinin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsində iş məhz iş üzrə iddianın etirafının bir forması olmaqla cavabdeh hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən həmin əmlakla bağlı çəkdiyi xərcə münasibətdə iddia müddəti ötmüşdür. Lakin məhkəmə işin bu hallarını nəzərə almamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi isə iddiaçıların qeyd edilən mübahisəli sexin onun tərəfindən tikilərək 2022-ci ilə qədər mübahisəsiz şəkildə öz əmlakı kimi idarə edib, istifadə etməsinə dair dəlillərini müzakirə etmədən iddianı rədd etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində iddiaçılar tərəfdən çoxsaylı şahidlər dindirilsə də, birinci instansiya məhkəməsi həmin şahidlərin ifadələrinə qiymət verməmiş, şahid ifadələrini nəyə görə qəbul etməməsini əsaslandırmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Digər tərəfdən iddiaçı birinci instansiya məhkəməsində X1, Seynalov Səbuhinin və Əliyev Fuadın, Aslanova Elmiranın şahid qismində dindirildiyini və ifadə verdiklərini bildirmiş, lakin iş materialları ilə tanış olarkən isə məhkəmənin 18 fevral 2023cü il tarixli iclas protokolu aşkar edilməmiş, həmin iclas protokolu müəyyən edilməmişdir. Belə olan halda apellyasiya baxışı zamanı təkrar həmin şahidlər dindirilməklə təkrar iş üzrə ifadələrinin alınması zərurəti mövcuddur. Mübahisəli bina məhz iş üzrə mülkiyyətçi olan cavabdehin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən təmirtikinti işləri aparıldıqda, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin təmir işlərinin dayandırılmasını və iddiaçının bağ evindən çıxmasını tələb etmək hüquqları qanunla tanınır Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə təmir işlərinin aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin iradəsidir. Bu baxımdan bağ evinin mülkiyyətçisinin razılığı əsasında təmir və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (mülkiyyətçinin maddi marağı, təmir işləri barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, iddiaçının köçərək həmin bağ evində yaşamasına şərait yaratması və s.). Bununla belə, torpaq sahəsinin mülkiyyətçisi öz hüququna əsaslanıb binanı tikmiş şəxsin həmin binadan çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla təmir işlərini aparmış şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Çünki, iddiaçının həmin obyektdən çıxarılacağı halda mülkiyyətçinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, hazırkı mübahisənin qanuni həlli baxımından mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında ədalətli balansın təmin olunması vacib əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. Həmçinin qeyd edir ki, şəxsin qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən həmin obyektdən çıxarılmasını tələb etməsi dürüstlük qaydasına da uyğun gəlməmişdir. Belə ki, cavabdeh hazırkı vəziyyətdə həmin əmlaka münasibətdə olan mülkiyyət hüquqlarından istifadə edərək, həmin binanı tikmiş və 20 ildən çox istifadəsində olan əmlakından məhrum etmişdir. Məhkəmə tərəflər arasında olan münasibətlərin faktiki vəziyyətini araşdırmamış, habelə həmin müddətin binanı tikilisindən uzun müddət istifadə etməsi və öz əmlakı kimi idarəetməsini, heç bir halda bununla bağlı cavabdehin həmin əmlaka münasibətdə hər hansı bir tələbinin olmamasını və əmlakın onun tərəfindən tikildiyini idida etdiyi ziddiyyətli və natamam ifadələr verməsini, hazırkı vaxta kimi və həmin öhdəliyin hazırda iddiaçı tərəfindən hüquqdan sui istifadə edilərək pozulmasını aydınlaşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməmişlər. İş materiallarında olan: “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş vergi məlumatları əsasında müəyyən olunmuşdur ki, İddiaçı adına xx.xx.2014-cü il tarixdən ********** nömrəli aktiv VÖEN mövcuddur; “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş vergi məlumatları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh adına xx.xx.2004-cü il tarixdən ********** nömrəli aktiv VÖEN mövcuddur; Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, işə məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə məhkəmənin qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 24.1 və 24.2-ci maddələri). Məhkəmə kollegiyası xatırladır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Çünki verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-nin 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsi işin bu mərhələsində aidiyyətlə bağlı uyğunsuzluq müəyyən etməmişdir. Halbuki, iş üzrə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanı tərəfindən müvafiq VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Yəni, tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olmuş, aralarında olan mübahisə isə sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə bağlı daxil oluqları kommersiya xarakterli münasibətlərdən yaranmışdır. Qeyd edilməlidir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Eyni zamanda qeyd olunur ki, tərəflərin vergi ödəyicisi kimi qeydiyyata alınması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması onunla bağlı istənilən mübahisəyə baxılmasının məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə aid olması anlamına gəlmir. Çünki, MPM-nin 25.1-ci maddəsində deyilir ki, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Qanunun tələbindən görünür ki, şəxsin sahibkar statusunun olmasına baxmayaraq mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa həmin mübahisələrə ümumi məhkəmədə baxılmalıdır. Sahibkarlıq fəaliyyətinin anlayışı «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində verilmişdir. Orada göstərilir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. İddia tələbi təhlil olunarkən müəyyən olunur ki, tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan tərəflərin kommersiya fəaliyyətini həyata keçirtdikləri əmlakla bağlıdır. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda kollegiya qeyd edir ki, hazırkı mübahisəyə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğu halda, ümumi məhkəmədə baxılması, işə buna hüququ olmayan hakim tərəfindən baxılması kimi qiymətləndirilməlidir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv olunmalı və iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-nin 384.0.4-cü maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-nin 26, 263-264, 384.0.4, 385.1.1, 387.2.1, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 2(021)-43/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1134/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1134/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver