Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1142/2023 04.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X1, Cavabdeh nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, Qazax Rayon Məhkəməsinin 2(023)-90/2023 saylı mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyul 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı 15000 manat borc almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun illərdir ki, tanıyır, münasibətləri həmişə normal olmuşdur. Cavabdeh 2020-ci ilin əvvəllərində ona müraciət edərək, pula ehtiyacının olduğunu bildirib, 15000 manat məbləğdə pulu borca verməyini ondan xahiş etmişdir. O da, 15000 manat pulu cavabdehə borc olaraq vermişdir. Cavabdeh həmin pulu alması ilə bağlı öz xətti və imzası ilə sadə yazılı olaraq qəbz də yazmışdır. Dəfələrlə cavabdehdən borcunun qaytarılmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınmışdır. Bir müddət əvvəl lotareyeya qoşularaq, ona olan borcunu qaytaracağını bildirsə də, lotareyanın da pulunu ödəməkdən yayınmışdır. Cavabdehin ona 15000 manat məbləğində borcunun olmasını təsdiq edəcək şahidləri də vardır. Hətta həmin şahidlərin içərisində cavabdehin yaxın qohumları da var. Cavabdeh tərəfindən pulun alınması barədə qəbz yazılarkən onun tərəfindən cavabdehə heç bir hədə qorxu və təsir göstərilməmişdir.
4. Qazax Rayon Məhkəməsinin 2(023)-90/2023 saylı mülki iş üzrə 17 yanvar 2023cü il tarixli qətnaməsi ilə (hakim N.Musayev) iddia təmin edilmiş, 15000 (on beş min) manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı verilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 2(023)-90/2023 saylı mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olmaqla yanaşı maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qəbz üzrə və faktiki olaraq aralarında faktiki olmuş borc məbləğinin həcmi və iddiaçı tərəfindən qəbzə qol çəkmədiyi halda hərbçi olduğundan şikayət edərək onun işdən çıxarılması ilə bağlı etdiyi təhdid nəticəsində qəbzə qol çəkməsinə dair səbəbli əlaqə düzgün qiymətləndirməmişdir. Halbuki, 2010-2018-ci illər üzrə olan dövr ərzində "xxxx" ASC-dən onun əmək haqqı kartı hesabından iddiaçı tərəfindən pul çıxarılaraq, borc tam ödənilmişdir. Onunla iddiaçı arasında sələm alınması halı araşdırılmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş qəbzin ona edilən psixoloji təzyiq nəticəsində yaranması və onun iddiaçıya həqiqətən də sələm pulu olması ilə onunla aralarında olan borc münasibətinə xitam verilməsi halı araşdırılmamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat vermiş, cavabdehin əmək haqqı kartının iddaçıda olduğunu və iddaçının cavabdehin əmək haqqı kartından hər ay 800 manat pul çıxardığını bildirmiş, şikayətin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılıb, yekun qərar qəbul edilməsini mümkün hesab edərək, işə baxmışdır. (Cavabdeh nümayəndəsi vəkil Nümayəndə qətnamə elan olunarkən məhkəməyə gəlmişdir.)
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi vəkil X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
13. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
14. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
18. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 23 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. İşin hallarından müəyyən olunur ki, Cavabdeh İddiaçı 2020-ci ildə 15000 manat məbləğində borc pul almış və bununla bağlı öz imzası ilə yazılı qəbz vermişdir. İddiaçı dəfələrlə borcunu tələb etməsinə baxmayaraq, cavabdeh ona olan borcunu qaytarmamış, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, məhkəmə tərəfindən iddia təmin edilmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
30. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək, qeyd etmişdir ki, qətnamənin əsası kimi məhkəmə iş materiallarında olan sadə yazılı formada olan qəbzə istinad edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, 2010-2018-ci illər üzrə olan dövr ərzində "xxxx" ASC-dən onun əmək haqqı kartı hesabından iddiaçı tərəfindən pul çıxarılaraq, borc tam ödənilmişdir.
31. Apellyasiya şikayətinin dəlillərini araşdırmaq məqsədilə məhkəmə kollegiyasının 02 may 2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC-dən Cavabdeh məxsus plastik kartı üzrə 2010-u ildən 2018-ci ilə kimi həyata keçirilmiş bank əməliyyatlarına dair sənədlər, həmçinin, pulun çəkilməsinə dair görüntülər tələb edilmişdir. "xxxx" ASC-nin 13 iyun 2023-cü il tarixli məktubuna əsasən qeyd edilən dövr ərzində Cavabdeh adına bank əməliyyat sistemində əmək haqqı təyinatlı plastik kartın aşkar olunmadığı barədə məhkəməyə məlumat verilmişdir..
32. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yalnız formal xarakter daşıyır.
33. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
34. Məhkəmə təqdim edilmiş iddia ərizəsindən, eləcə iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı cavabdehə 15000 manat borc vermiş, cavabdeh həmin borcunu qaytarmamışdır. İddiaçının cavabdehə həmin məbləğdə borc verdiyi iş materiallarında olan qəbzlərlə öz təsdiqini tapmışdır. Həmin məbləğdə borcun mövcud olması işin faktiki halı kimi müəyyən edildiyindən MPM-in sübutlarla bağlı tələblərinə görə 15000 manat məbləğdə borcunun olmadığını və ya həmin məbləğdə borcu qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşmüşdür. Cavabdeh isə həmin borcu ona məxsus olan əmək haqqı kartından çıxarılmış vəsaitlər hesabına qaytardığını bildirsə də, məhkəməyə öz izahatından savayı heç bir mötəbər sübut növünü təqdim edə bilməmiş, əksinə məhkəmə kollegiyasına təqdim edilmiş sorğunun nəticəsi ilə cavabdehin adına həmin dövrdə əmək haqqı kartının olmadığı müəyyən edilmişdir. Belə olan halda cavabdehin borcunu ödədiyi barədə onun nümayəndəsinin apellyasiya məhkəməsinin iclasında verdiyi izahatında göstərdiyi xüsusatları təsdiq edə bilən, əlaqəli, başqa sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh bu barədə heç bir mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətlərində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
36. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qazax Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2(023)-90/2023 saylı mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.