Məhkəmə qərarları › İş №2(104)-1143/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1143/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1143/2025 24.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: borcun tutulması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 2(013)- 2658/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 23 faizlə 12000 manat kredit verilmişdir;

2. xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini icra etməyəcəyi təqdirdə sonuncunun bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsini Cavabdeh2 öz üzərinə götürmüşdür,

3. İddiaçı Accessbank" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış məktubların surətlərindən görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmişdir;

4. İddiaçı QSC-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə əsas borcu 11179,03 manat, faiz borcu 2538,47 manat, cərimə borcu 692,1 manat təşkil edir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11179,03 manat əsas, 2538,47 manat faiz, 692,1 manat cərimə - cəmi 14409,6 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzində 133,23 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı QSC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən Cavabdeh1 48 ay müddətinə, illik 23 faizlə, 12000 manat kredit vermişdir. Öhdəliyin icrasını təmin etmək üçün iddiaçı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 Cavabdeh1 bank qarşısında olan öhdəliklərini icra etməyəcəyi təqdirdə özünün icra edəcəyini üzərinə götürmüşdür. Cavabdeh1 ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməmiş, nəticədə borclu qaldığını qeyd edilmişdir. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilsə də onlar, borcu ödəməkdən yayınmışdır.

7. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-2658/2024 saylı qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11179,03 manat əsas, 2538,47 manat faiz, 10 manat cərimə – cəmi 13727 (on üç min yeddi yüz iyirmi yeddi) manat 50 (əlli) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzində 133,23 manat İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın cərimə borcu tələbinin 682,1 manat hissəsinin rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 470.1, 472.1, 472.2, 472.3-cü, 739.1 və 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 124-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini, Ağdam Rayon Məhkəməsinin 27 noyabr 2024-cüil tarixli, 2(013)-2658/2024 saylı qətnaməsini dəyişdirilərək təqdim olunmuş sübutlar əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Qeyd etmək lazımdır ki, məhkəmənin 27 noyabr 2024-cü il tarixli iclasının vaxtı barədə məlumatı olsa da həmin iclasın ilkin iclas olduğunu başa düşməmiş və ailə vəziyyəti ilə bağlı həmin vaxt məhkəmə iclasına gələ bilməmişdir. Hesab etmişdir ki, növbəti dəfə məhkəmə baxışına dəvət olunacaqdır. Ancaq belə olmamış, birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxmış və 30 noyabr 2024-cü il tarixdə ona qətnamə göndərilmişdir. Digər məhkəmə iclasları barədə ona heç bir məlumat verilməmişdir. Bildirmişdir ki, İddiaçı QSC tərəfindən iddia düzgün verilməmiş, faiz şişirdilmiş, məhkəmə isə ekspertiza təyin etmədən iddianı olduğu kimi təmin etmişdir. O, hər ay ödəmələr aparmış, bunlar nəzərə alınmamışdır. Məhkəmə tərəfindən faizlərin düzgün hesablanması üçün mühasibatlıq ekspertizası təyin edilməli idi. Əgər ekspertiza təyin olunsa idi, onun bütün ödədiyi məbləğ aydın olacaqdı. O, qalan borcunu ödəyəcəkdi. Sonradan iş yerində ixtisar olduğu üçün işdən çıxarılmış və həmin vaxt ödəmə apara bilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

19. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

20. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

21. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

22. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

33. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin olunmuş və zamin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız borclu birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

34. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh1 kredit borcunun tutulması hissələri üzrə qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki qətnaməni zamin Cavabdeh2 mübahisələndirməmişdir.

35. Həmçinin nəzərə alınmalıdır ki, qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermədiyindən qətnamə ona aid hissədə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclu Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən qətnamənin bütünlüklə və digər cavabdehə (zaminə) münasibətdə yoxlanılması sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilir.

36. Beləliklə, qətnamənin əsaslığı və qanuniliyi digər Cavabdeh2 aid hissədə hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 48 ay müddətinə illik 23 faizlə, 12000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Buna baxmayaraq, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Bu səbəbdən də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

39. Hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası xx.xx.2022-ci il tarixli kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda cavabdehlərdən əsas, ona hesablanmış faiz və cərimə borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişlər, apellyator isə kredit borcunun mövcudluğunu inkar etməyərək yalnız borcun düzgün hesablanmadığını mübahisələndirmişdir.

40. Cavabdeh1 apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, kredit müqaviləsi üzrə borcun düzgün hesablanması üçün mühasibatlıq ekspertizası təyin edilməmişdir.

41. İşin halları əsasında müəyyən olunmuşdur ki, borcalan aldığı pul vəsaitini müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora 11179,03 manat əsas və 2538,47 manat faiz məbləğində borcu yaranmışdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də əsas və faiz borcunun kredit müqaviləsi üzrə borcludan tələb edilməsi əsaslıdır.

43. Bu qənaətinə uyğun olaraq kollegiya apellyatorun borcun düzgün hesablanmaması və ekspertiza təyin edilməsi barədə dəlili ilə bağlı göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehin subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Mülki Prosessual Məcəllənin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir.

44. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. (Mülki Məcəllənin 433.3-cü maddəsi).

46. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan maliyyə arayışı ilə borc məbləği dəqiqliklə göstərilmişdir. Həmin arayışın mötəbərliyini şübhə altına alacaq hər hansı əsas olmamaqla məsələnin həlli baxımından hər hansı xüsusi biliyin tətbiqinə də zərurət yoxdur.

47. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

48. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

49. Tərəflər arasında bağlanmış kredit müqavilələsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.

50. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

51. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsi üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, Eyni zamanda cərimə məbləğini azaldaraq 10 manat məbləğdə müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.

52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-2658/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan, yəni Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar