Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1144/2023 13.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(040)-130/2023 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 5000 manat əsas, 1621,96 manat faiz olmaqla, cəmi 6621,96 manat vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi 86,21 manatın Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(040)-130/2023 nömrəli (hakim H.Qəniyev) qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 20 dekabr 2021-ci il tarixli BBLK4554762A299 saylı kredit müqaviləsinə əsasən, cavabdehə məxsus karta müddəti 60 ay olan illik 25 faiz dərəcəsi ilə 5000 manat vəsait mədaxil edilmişdir. Yəni kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında sonuncuya məxsus hesaba köçürülmüşdür. Buna baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə iddia ərizəsində göstərilən məbləğdə banka borcu yaranmışdır. Borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan imtina etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinin səbəbi kimi İddiaçı ASC tərəfindən Cavabdeh Cümşüd oğluna 20 dekabr 2021-ci il tarixli BBLK4554762A299 saylı elektron kredit müqaviləsi üzrə 5000 manat kreditin verilməsi və kredit məbləğinin ödəniş kartı olan Birkart vasitəsilə verilməsinin əsaslandırılmamasını göstərmişdir. Bundan əlavə Cavabdeh Cümşüd oğlunun X1 adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılması cavabdehin bankdan kredit götürməsi faktını inkar etmir və onu bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini icra etməkdən azad etmir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin fiziki olaraq imzalanmaması ilə bağlı bildirilir ki, cavabdeh tərəfindən banka telefon və ya elektron qaydada müraciət edilir, müraciət əsasında onun şəxsiyyəti müəyyənləşdirilir, eyniləşmə aparılır (onlayn qaydada), kredit verilməsi üçün müqavilə, ödəniş cədvəli və.s sənədlərlə bağlı cavabdehə linklər göndərilir, cavabdeh isə həmin sənədlərlə tanış olur, pulun hansı hesaba köçürülməsini qeyd edir və həmin linklər vasitəsilə sənədləri elektron qaydada imzalayır. Qeyd olunan halların həyata keçirilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, video görüntü ilə də sübut olunur ki, Cavabdeh elektron qaydada bankdan kredit götürmüşdür. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. habelə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Kreditor İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 20 dekabr 2021-ci il tarixli BBLK4554762A299 saylı kredit müqaviləsindən görünür ki, bank müştəriyə Birkart ödəniş kartı verir, həmin kartla bağlı bu müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xəti ayırır və xəttin istifadəsilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kredit xəttindən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və.s) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Müqavilənin şərtlərinə əsasən, müştəriyə 60 ay müddətinə illik 25 faiz ödəmək şərtil kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ 5000 (beş min) manat müəyyən olunur; İddiaçı ASC tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli 135000/4154 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 20 dekabr 2021-ci il tarixli BBLK4554762A299 saylı kredit müqaviləsi üzrə 19 oktyabr 2022-ci il tarixə borcu 5000 manat əsas, 1621,96 manat faiz borcu olmaqla, ümumilikdə borc 6621,96 manat təşkil edir. İddiaçı ASC tərəfindən verilmiş 22 sentyabr 2022-ci il tarixli hesabın açılması barədə çıxarışdan görünür ki, müştəri Cavabdeh Cümşüd oğluna məxsus 20 dekabr 2021-ci il tarixdə açılmış hesaba 21 dekabr 2021-ci il tarixdə BBLK4554762A299 saylı kredit müqaviləsinə əsasən 4999 manat ssuda borcu ayrılaraq, sonuncuya məxsus 210700C**********299 nömrəli hesaba köçürülmüşdür.(İ.v 18) Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331.1, 331.3, 386.4, 739.1, 739.2, 740.1, 972.1 və 972.2-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC Cavabdeh Cümşüd oğluna 20 dekabr 2021-ci il tarixli BBLK4554762A299 saylı kredit müqaviləsi üzrə 5000 manat kredit verdiyini, kredit məbləğinin ödəniş kartı olan Birkart vasitəsi ilə verildiyini qeyd etsə də, bunu əsaslandıra bilməmişdir. İş materiallarında cavabdehin belə birkart almasını, karta vəsaitin ötürülməsini təsdiq edən sübut aşkar edilməmişdir. Cavabdeh Cümşüd oğlunun hansı elektron daşıyıcı (mobil telefon və sair) vasitəsi ilə müraciət etməsi və müqaviləni imza etməsi göstərilməmişdir. Ona görə də hesab etmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi elektron qaydada bağlandığından, habelə sənəd mübadiləsi prosesləri elektron qaydada aparıldığından tərəflər arasındakı mübahisənin hərtərəfli, tam və obyektiv həlli üçün qanunvericiliyin elektron imza və elektron qaydada bağlanmış əqdlərlə bağlı müddəalarına nəzər yetirilməsi zəruridir. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaucan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu Qanunun 3.2-ci və 3.3-cü maddələrinə müvafiq qaydada imzalanmış elektron sənəd bu şərtlərə cavab verən hesab edilir. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və qeyd olunan Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı). Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin. Mülki Məcəllənin 331.3-cü maddəsinə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Qeyd etmək lazımdır ki, “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununda əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur. Belə ki, həmin Qanunun 7-ci maddəsinə əsasən, elektron ticarətdə satıcı (təchizatçı) ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron sənəd formasında bağlanır. Müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən formada hazırlanmalıdır. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən müqavilə etibarsız sayıla bilməz. Bu halda satıcı (təchizatçı) müqavilənin qüvvədə olduğu müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir. Müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi aksept hesab olunmur. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: tərəflər, onu şəxsən imzalamaqla; mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); elektron imzadan istifadə etməklə; şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı 20 dekabr 2021-ci il tarixli BBLK4554762A299 saylı kredit müqaviləsi elektron imza vasitələri ilə təsdiqlənmişdir və həmin müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış hesab edilir. Belə olan halda isə həmin kredit müqaviləsi üzrə tərəflərin qarşılıqlı hüquq və öhdəlikləri vardır. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinin tələblərinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyasının iclasında işin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh elektron qaydada müraciəti əsasında 20 dekabr 2021-ci il tarixdə BBLK4554762A299 saylı kredit müqaviləsinə əsasən 4999 manat ssuda borcu ayrılaraq ona məxsus 210700C**********299 nömrəli hesaba köçürülmüşdür. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Ona görə də, tərəflər arasında bağlanmış elektron kredit müqaviləsi üzrə 5000 manat əsas və 1621,96 manat faiz borcu olmaqla, ümumilikdə 6621,96 manat borc Cavabdeh Cümşüd oğlundan tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməyərək iddia tələbini əsassız olaraq təmin etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən müəyyən olunur ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı ASC tərəfindən 86,21 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(040)-130/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilsin. 20 dekabr 2021-ci il tarixli BBLK4554762A299 saylı kredit müqaviləsi üzrə 5000 manat əsas, 1621,96 manat faiz borcu olmaqla, ümumilikdə 6621,96 manat borc, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 86,21 manat pul Cavabdeh Cümşüd oğlundan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1144/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1144/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver