Məhkəmə qərarları › İş №2(104)-1149/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1149/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1149/2023 25.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-877/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) ABŞ dolları pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-877/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən Zaman İmanov) İddiaçı Cavabdeh qarşı pul tələbi iddiası iddia müddətinin keçməsinə görə təmin edilməmiş, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-877/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onunla cavabdeh arasında tələb etmə hüququnun 2015-ci il tarixdən hesablanması qənaətinə gəlsə də, lakin iş materiallarına əlavə edilmiş qətnamələrdən görünür ki, o, Cavabdeh tərəfindən maddi zərərə düçar olmağını və torpaq sahəsinin satılmasında onun səlahiyyətsiz olmaqla ona altı boş torpaq satılmasını 2020-ci il tarixdən müəyyən etmişdir. İş materiallarında olan qətnamə üzrə, həm cavabdeh tərəfindən aldadılaraq torpaq sahəsinin satılması ilə əhəmiyyətli dərəcədə xərc çəkdiyi evin çökməsi ilə cavabdehin mülki məsuliyyət daşımamış, həmçinin əli ilə verdiyi 6000 ABŞ dollarının itirmişdir. Cavabdeh isə pulu mənimsəməklə əsassız varlanmaqla həmin pula özünə obyektlər alır və gündən-günə varlanır. İş üzrə Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, Cavabdeh sonuncunun qaynanasına məxsus olan sərəncam əsasında ayrılmış torpaq sahəsini 2014-cü ildə 6000 (altı min) ABŞ dolları məbləğə almış və həmin torpaq sahəsində özlərinin fərdi yaşayış evi olmadığından, həmin il fərdi yaşayış evi tikdirməyə başlamaış və evi 3 il müddətinə tikdirərək, 2017-ci ildə başa çatdırmışdır. Evin tikintisinə başlayarkən, ustalar ona oradakı torpağın altının boş olduğunu və tikilinin çökə biləcəyini demişlər. Bununla bağlı o, Müşfiqə zəng vurub məlumat vermiş, Müşfiq isə ona problem olmayacağını bildirmişdir. 2018-ci ilin mart ayında isə ev çökmüş, evdə yaşamaq mümkün olmamışdır. Evin üzərində yerləşdiyi torpağın sənədi isə olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-877/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı vəkili X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-877/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-877/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(044)-155/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh vurulmuş zərərin əvəzi kimi 35000 (otuz beş min) manat pul tutularaq İddiaçı ödənilməsi və ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 60 manat hissəsi Cavabdeh, 40 manat hissəsi isə İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD-210005, VÖEN – 140155571, müxbir hesab –AZ 41NABZ ********************4, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu -3.) köçürülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1065/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(044)-155/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiasının təmin edilməməsi və İddiaçı 100 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD-210005, VÖEN – 140155571, müxbir hesab –AZ 41NABZ ********************4, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu -3.) köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3546/2022 nömrəli,12 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1065/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərək, gəldiyi nəticəsini belə əsaslandırmışdır ki, əsassız varlanma iddiasının verilməsi üçün qanun iki illik iddia müddəti müəyyən edir. Əgər bu müddət ərzində məhrum olan şəxs (zərərçəkən) əsassız varlanma ilə əlaqədar iddia verməzsə, o, əsassız varlanma obyektini qaytarmaq hüququnu itirir. İki illik iddia müddəti əsassız varlanma obyektini qaytarmaq hüququnun məhrum olana məlum olduğu vaxtdan hesablanır. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia müddətinin axımının iddiaçının qeyd etdiyi kimi 2015-ci ilin yanvar ayından hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, qanunla müəyyən edilmiş iki illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən oldu ki, Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2014-cü il tarixli, 1382 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, Gəc zavoduna gedən yolun sol tərəfində yerləşən torpaq sahəsində sonuncunun qaynanasına fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələşdirilməsinə) icazə verilmişdir. Sözügedən torpaq sahəsini Cavabdeh şifahi razılaşma əsasında 2015-ci ilin yanvar ayında 6000 (altı min) ABŞ dollara İddiaçı satmış, İddiaçı da həmin ərazi də fərdi yaşayış evi tikdirmişdir. Torpaq sahəsi doldurma torpaq sahəsi olduğundan fərdi yaşayış sahəsi yararsız hala düşmüşdür. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qaldırmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(044)-155/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı və Cavabdeh apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1065/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı aldığı torpaqda evin bünövrəsini inşa edərkən torpaq sahəsinin tökmə torpaqla doldurulduğunu bilmiş və bu barədə cavabdehə məlumat verdiyindən Cavabdeh apellyasiya şikayəti təmin edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(044)-155/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İddiaçı həmin qətnamədən narazı qalaraq kassasiya şikayəti vermiş, onun kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1065/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Halhazırda İddiaçı şifahi razılaşma əsasında Cavabdeh 6000 (altı min) ABŞ dolları pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq iddia müddətinin ötməsini nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.2-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə cavabdehin iddiaçıdan əldə etdiyi 6000 (altı min) ABŞ dolları pul vəsaiti iş materiallarına əlavə edilmiş və qüvvədə olan məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bu hal işin mübahisəsiz halıdır. Lakin, cavabdehin iddiaçıdan əldə etdiyi həmin pul məbləği etibarsız əqd üzrə əldə edildiyindən iddiaçı ilə cavabdeh arasında olan münasibətə, yəni cavabdehin əldə etdiyi məbləğ əsassız varlanma kimi qiymətləndirilməli və mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı normaları tətbiq olunmalıdır. Belə ki, tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, Cavabdeh iddiaçıdan 6000 (altı min) ABŞ dolları pul alaraq əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Lakin, məhkəmə qeyd edir ki, qanunvericilikdə əsassız varlanma iddiasının verilməsini istisna edən hallar müəyyən edilmişdir ki, bu hallardan biri də, əsassız varlanma obyektinin qaytarılması üçün müəyyənləşdirilmiş iddia müddətinin keçməsi və ötməsi halıdır. Əsassız varlanma iddiasının verilməsi üçün qanun iki illik iddia müddəti müəyyən edir. Əgər bu müddət ərzində məhrum olan şəxs (zərərçəkən) əsassız varlanma ilə əlaqədar iddia verməzsə, o, əsassız varlanma obyektini qaytarmaq hüququnu itirir. İki illik iddia müddəti əsassız varlanma obyektini qaytarmaq hüququnun məhrum olana məlum olduğu vaxtdan hesablanır. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin axımının 2015-ci ilin yanvar ayından hesablammaqla, mübahisəyə iddia müddətini tətbiq etməklə, düzgün olaraq, iddia tələbini rədd etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində onun tələb etmə hüququnun 2015-ci il tarixdən hesablanması ilə razılaşmayaraq, ona altı boş torpaq satılmasını 2020-ci il tarixdən müəyyən etməsinə dair dəlil irəli sürmüşdür. O, məhkəmə kollegiyasının iclasında isə, göstərmişdir ki, Cavabdeh sonuncunun qaynanasına məxsus olan sərəncam əsasında ayrılmış torpaq sahəsini 2014-cü ildə 6000 (altı min) ABŞ dolları məbləğə almış və həmin torpaq sahəsində özlərinin fərdi yaşayış evi olmadığından, həmin il fərdi yaşayış evi tikdirməyə başlamış və evi 3 il müddətinə tikdirərək, 2017-ci ildə başa çatdırmışdır. Evin tikintisinə başlayarkən, ustalar ona oradakı torpağın altının boş olduğunu və tikilinin çökə biləcəyini demişlər. Bununla bağlı o, Müşfiqə zəng vurub məlumat vermiş, Müşfiq isə ona problem olmayacağını bildirmişdir. 2018-ci ilin mart ayında isə ev çökmüş, evdə yaşamaq mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Evin tikintisinə başlayarkən, torpağın altının boş olmasının iddiaçıya 2014-cü ildən məlum olması Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan 2(104)-1065/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qətnaməsi ilə də müəyyən edilir. Belə ki, həmin qətnamə ilə müəyyən edilir ki, iddiaçı almış olduğu torpaqda evin bünövrəsini inşa edərkən, torpaq sahəsinin torpaqla doldurulduğunu bilmiş və bu barədə cavabdeh Müşviq Əliyevə məlumat vermişdir. Sonuncular birlikdə həmin əraziyə gəlmiş, Müşviq Əliyev İddiaçı pulu geri qaytarmağı və aralarında olan şifahi razılaşmanı pozmağı bildirmiş, lakin iddiaçı evi inşa edən ustanın bünövrənin karkazla töküləcəyi təqdirdə tikinti aparılmasının mümkünlüyü barədə fikrini əsas tutaraq torpaq sahəsini qaytarmaqdan imtina etmiş və tikinti işlərini davam etdirmişdir. Fərdi yaşayış evi tikildikdən bir müddət sonra evin divarlarında çatlar əmələ gəlmiş və ev yararsız hala düşmüşdür.Evin torpaq sahəsinin tökmə torpaqla Cavabdeh tərəfindən doldurulması sübut olunmur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 877/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-877/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar