Məhkəmə qərarları › İş №2(104)-115/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-115/2024

11.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-115/2024 11.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(015)-15/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü ƏY Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, 7500 manat dəymiş ziyanın və məhkəmə üçün ödənilmiş 95,40 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 7595,40 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 21 nömrəli qərarı ilə ona və ailə üzvlərinə JN 171 Kod 50200088 saylı Dövlət aktı ilə 1,74 ha pay torpaq sahəsi verilmişdir. 2019-cu ildə cavabdehlər ona və ailə üzvlərinə məxsus həmin torpaq sahəsinin 1 ha hissəsini 3 il müddətinə zəbtdə saxlamaqla istifadə etmiş və qazanc əldə etmişlər. Dəfələrlə cavabdehdən torpaq sahəsini zəbtdən azad etmələrini bildirmiş və nəticədə sonuncular 2022-ci ildə torpaq sahəsindən çıxmışlar. Lakin üç il ərzində torpaqdan istifadələri nəticəsində ona vurmuş olduqları maddi ziyanın əvəzini ödəməmişlər. Belə ki, 1 ha torpaq sahəsində üç dəfə biçin aparılmaqla 500-600 ədəd yonca bağlaması əldə etmək olur. Bir ədəd yonca bağlamasının qiyməti 5 manat təşkil edir. Beləliklə cavabdehlər 3 il ərzində ona məxsus torpaq sahəsinin 1 ha hissəsini zəbt etməklə onu 7500 manat dəyərində maddi ziyana salmışlar. Ağstafa Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(015)-15/2023 nömrəli (hakim Z.Rəsulov) qətnaməsi ilə iddia qismən təmin edilərək, maddi zərərin əvəzi olaraq 5460 manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 95,40 manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, yaşadıqları ünvanda poçt fəaliyyət göstərmədiyindən işə məhkəmədə baxılmasından məlumatsız olmuşlar. Cavabdeh1 Bakı şəhərində yaşayır və orada iş fəaliyyəti ilə məşğul olur. Uzun müddətdir ki, Ağstafa rayonunda yaşamır. Ağstafa rayonunda aqrar islahat zamanı onun adına hər hansı torpaq sahəsi ayrılmamış, eləcə də orada kənd təsərrüfatı ilə məşğul olmamışdır. Onların iddiaçıya məxsus torpaq sahəsini zəbt etmələri və orada kənd təsərrüfatı ilə məşğul olmaları sübuta yetirilmir. Atası və anasına məxsus torpaq sahəsi 1997-ci ildən onların istifadəsindədir və sonuncular həmin torpaq sahəsində əkinçilik fəaliyyəti ilə məşğul olurlar. Əgər iddiaçıya məxsus torpaq sahəsi zəbt edilmiş olsaydı, bununla bağlı 1997-ci ildən mübahisə yaranmış olardı. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin, İddiaçı oğlu notarial qaydada təsdiqlənmiş ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər ilə barışdığını, buna görə də iddiadan imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Ağstafa Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(015)-15/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Buna görə də iddiaçının iddiadan imtinası qəbul edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261.0.4, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Ağstafa Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(015)-15/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar