Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1150/2025 10.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X9 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin e- 2(015)-44/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə mərhum X12 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********74 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 18 % olmaq şərtilə 48 ay müddətinə 4080 manat kredit verilmişdir.
2. “Ölüm haqqında Şəhadətnamədən” görünür ki, X18 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
3. Ağstafa rayonu Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 56 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X8 adına Ağstafa şəhəri, H.Əliyev pr. Ev 33 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh xx.xx.2023-cü il tarixdə 8v-293 saylı reyestrlə vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir.
4. 16 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Mahal Axundovun vəfat etdiyi tarixdən sonra iddiaçı təşkilata ödənilməmiş 3935,01 manat əsas borcu yaranmışdır.
5. xx.xx.2024-cü il tarixli “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair” bildirişdən və həmin bildirişin çatdırılması barədə xəbərnamədən (F.119) görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərək, X8 vərəsəsi Cavabdeh 3935,01 manat əsas borcun, 59,36 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X12 arasında xx.xx.2023cü il tarixli BPM**********74 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X10 illik 18 %-lə 48 ay müddətinə 4080 manat nağd kredit verilmişdir. X12 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ağstafa rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 56 saylı cavab məktubundan görünür ki, X6 vərəsəsi Cavabdehdır. Bankın “Ağstafa” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X8 Banka ödənilməmiş 3935,01 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum X5 qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı təşkilat hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
8. Ağstafa Rayon Məhkəməsinin e-2(015)-44/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh 3935,01 manat əsas borc, 59,36 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının "xxxx" ASCnin xeyrinə tutulması qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə verilən kredit müqabilində ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 1306 və 1309-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Ağstafa Rayon Məhkəməsinin e-2(015)-44/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onu Axundov Mahalın vərəsəsi hesab etdiyindən həmin borcu ondan tələb etmişdir. İddiaçı Notariusun məktubunu əsas götürərək, onu borcalanın vərəsəsi hesab edərək, borcalanın banka olan borcunu ondan tələb etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-44/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Qətnaməyə əsasən, Cavabdeh 3935.01 manat əsas borc, 59.36 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin gəldiyi nəticə düzgün deyil, qanunsuz və əsassızdır. Qəbul edilmiş qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı iddia edir ki, "xxxx" ASC ilə X12 arasında xx.xx.2023-cü il tarixli, BPM**********74 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, X10 illik 18 % olmaqla, 48 ay müddətinə 4080 manat kredit verilmişdir. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Borcalanın vəfat etdiyi tarixə qədər 3935.01 manat banka borcu qalmışdır. İddiaçı qeyd etmişdir ki, Ağstafa Rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 56 saylı verdiyi məktubda X6 vərəsəsi Cavabdehdır. İddiaçı bunu əsas götürərək vərəsə kimi onu miras qoyanın borcuna cavabdeh hesab etmişdir, həmin borcu ondan tələb etmişdir. Məhkəmə zamanı o, tələbi qəbul etməyərək etiraz etmişdir. Etiraz əsaslıdır. İddiaçı iddia etmişdir ki, Notariat ofisinin verdiyi məlumata əsasən X1 vərəsəsi o, sayılır. O, buna etiraz etməmişdir. Bu yanlışdır. Çünki, Axundov Mahalın övladı həbsdə olduğundan və bu səbəbdən də mərhumun vərəsəlik dairəsi tam olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkünsüz olmuşdur. Yəni, vərəsəlik müəyyən edilməmiş, miras payı müəyyən edilməmiş qalmışdır. Məhkəmədən bu məsələnin ayırd edilməsi üçün Notariusa sorğu vermələrini də təklif etmişdir. X1 vərəsəsinin kim olduğu tam müəyyən edilmədiyindən və bu barədə müvafiq Vərəsəlik Şəhadətnaməsi verilmədiyindən onun X6 vərəsəsi hesab edilməyi düzgün deyildir. Bu məsələdə araşdırılmalı nüanslar çoxdur. Ona görə də hesab etmişdir ki, iddiaçının onu vərəsə hesab edərək varis kimi ondan borcu tələb etməsi düzgün sayılmamalıdır. Etirazda qeyd etdiyi bütün nüanslar məhkəmədə tam şəkildə araşdırılmamış, hüquqi qiymət verilməmişdir. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Notariusda vərəsəlik işinin açılması onun vərəsə hesab olunmağı üçün yetərli deyildir. Vərəsəlik Şəhadətnaməsi verilməmiş, miras qoyanın əmlakı barədə miras payı müəyyən edilməmişdir. Ona görə də hesab etmişdir ki, X1 vərəsəsi hesab olunmağı və müvafiq miras payının müəyyən edilməsi barədə Vərəsəlik Şəhadətnaməsinin verilməməsi onun bu halda mərhumun vərəsəsi olmağını istisna edir və belə olan halda da iddiaçının əsassız olaraq onu vərəsə hesab edib borcu ondan tələb etməsi haqsızlıqdır. Bu səbəblərdən də hesab etmişdir ki, iddiaçının iddiası əsassız olması səbəbindən təmin edilməməlidir. Məhkəmə iddiaçının verdiyi sənədlər əsasında, eyni zamanda heç bir araşdırma aparmadan iddianı təmin etmişdir. Məhkəmənin mövqeyini düzgün hesab etmir. Məhkəmə çəkişmə prinsipinə əsasən iddiaçı və cavabdehin fikirlərini bir yerdə tədqiq edib qiymətləndirməli və bundan sonra da ədalətli qərar qəbul etməli idi. Məhkəmə isə buna təşəbbüs belə göstərməmişdir. Məhkəmənin iddianı təmin etmək barədə mövqeyi ədalətsizdir, qanunsuzdur və iddia tələbi qeyd etdiyi faktların araşdırılmasından, bütün faktlar tədqiq edildikdən sonra rədd edilərək bu barədə yeni ədalətli qətnamə qəbul edilməlidir.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, mərhum əri X4 miras olaraq ev qalmışdır. Əri vəfat etdikdən sonra həmin evdə yaşayır. Evi hələki adına rəsmiləşdirməmişdir. Borcu ödəməkdən imtina etmir. Ancaq ona vaxt lazımdır. Özünün əvvəlki kredit borcu olmuşdur. Ona görə də, hazırki krediti ödəyə bilmir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
18. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
19. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
20. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
21. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.
22. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
23. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 746-2.1. İstehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir.
25. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 399.4 Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
27. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
32. Maddə 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
41. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin e-2(015)-44/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə mərhum X12 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********74 saylı kredit müqaviləsinə əsasən ona illik 18 % olmaq şərtilə 48 ay müddətinə 4080 manat kredit verilmişdir. X18 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ağstafa rayonu Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 56 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X8 adına Ağstafa şəhəri, H.Əliyev pr. Ev 33 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh xx.xx.2023-cü il tarixdə 8v-293 saylı reyestrlə vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. Lakin cavabdeh mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin X17ın vərəsəsi olmaması və hazırki vaxta vərəsəlik şəhadətnaməsi almaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edirlir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. İş materiallarında olan Ağstafa rayonu Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 56 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X8 adına Ağstafa şəhəri, H.Əliyev pr. Ev 33 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh xx.xx.2023-cü il tarixdə 8v-293 saylı reyestrlə vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. Lakin cavabdeh özü ifadəsində mərhum ərindən miras qalmış evdə yaşamasını, lakin evi adına sənədləşdirməyini bildirmişdir ki, bu da kollegiyaya cavabdehin mirası faktiki qəbul etməsi nəticəsinə gəlməyə imkan verir.
48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Plenumunun Qərarında həmçinin qeyd edilmişdir ki, Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
49. Məhkəmə kollegiyası cavabdehin kredit borcunun ödənilməsi üçün ona vaxt verilməsi ilə bağlı xahişinə münasibətdə qeyd edir ki, cavabdehin öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsi kreditorun hüquqlarını pozmaqla onun mənafeyinə ciddi ziyan vura bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin hissə-hissə icra olunması yalnız qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehin ərizəsi ilə həyata keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
50. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normasını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Ağstafa Rayon Məhkəməsinin e-2(015)-44/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin e-2(015)-44/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.