Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1154/2024 20.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-346/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 14100 (on dörd min yüz) manat pulun və ödədiyi 133 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-346/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim F.Ə.Fərhadov) iddia təmin edilmiş, Cavabdeh 14100 (on dörd min bir yüz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, məhkəmə xərcinə görə 132,30 (bir yüz otuz iki manat otuz qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-346/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıya qanunla müəyyən olunmuş qaydada satdığı “Kia Geed” minik markalı avtomobili Gəncə şəhərində maşın alveri ilə məşğul olan digər cavabdeh Rzayev İlkin adlı şəxsin vasitəçiliyi ilə 13800 manat ödəməklə almışdır. O, İlkin Rzayevə 25 avqust 2023- cü il tarixdə avtomaşının pulunu tam ödədikdən sonra, avtomaşının mülkiyyətçisi X4 whatsapp vasitəsi ilə yanında danışaraq bildirmişdir ki, maşının pulunu almışdır, onu sənədləşdirmək lazımdır. Avtomobilin sahibi X5 işi ilə əlaqədar olaraq Gəncə şəhərinə gələcəyini bildirmişdir. Ondan xahiş etmişdir ki, şəxsiyyət vəsiqəsinin şəklini ona atsın. “Mobil notariat” vasitəsi ilə sənə baş etibarnamə göndərim”. Avtomobilin sahibi X5 26.08. 2023-cü il tarixdə “Mobil notariat” vasitəsi ilə ona nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə vermişdir. Həmin etibarnamə ilə xx.xx.2023-cü il tarixdə “Kia Ceed” minik markalı avtomobili İddiaçı 14100 manat pula satmış, satan gün o, İddiaçı şəxsən və bir neçə dəfə də telefon vasitəsi ilə bildirmişdir ki, “maşının sahibini yaxından tanımır, bilmir kimdir, gedən kimi maşını keçirt öz adına. Bir daha bildirirəm ki, mən X2 25 avqust 2023-cü il tarixdə avtomaşının razılaşdığımız pulunu tam ödədikdən sonra onun vasitəsi ilə avtomaşının sahibi X5 ona baş etibarnamə vermişdir. Məhkəmə həmin halları nəzərə almamışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, iddiaçıya etibarnamə ilə satdığı “Kia Geed” minik markalı avtomobilini Gəncə şəhərində maşın alveri ilə məşğul olan İlkin adlı şəxsin vasitəçiliyi ilə 13800 manat ödəməklə almış, baş etibarnamə ilə iddiaçı Şayinə satmışdır. O, sonradan bilmişdir ki, İlkinin aldığı pulu mülkiyyətçiyə verməməsi səbəbindən həmin avtomobilin mülkiyyətçisi olan Rafiq etibarnaməni ləğv etdirmiş və bu səbəbdən iddiaçı avtomobili adına sənədləşdirə bilməmişdir. O, pulu İlkinə verdiyi üçün, hesab edir ki, iddia tələbi ona münasibətdə rədd olunmalıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-346/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 346/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, İddiaçı “Kia Ceed” minik avtomaşınını 14100 manat pul ödəməklə, Cavabdeh almış, avtomaşının mülkiyyətçisi olan X5 adlı şəxsin adından ona etibarnamə verilmişdir. Avtomaşını ona cavabdeh satmışdır. Qeyd olunan avtomaşını etibarnamə ilə aldıqdan bir neçə gündən sonra adına rəsmiləşdirmək istəyərkən məlum olmuşdur ki, avtomaşının mülkiyyətçisi X5 tərəfindən etibarnamə ləğv edilmişdir. Buna səbəb isə Əlvan Rafiqdən maşını alarkən dəyərini ödənilməməsidir. O, avtomaşını cavabdehdən təhvil almışdır və 14100 manat pulu da Əlvana şəxsən vermişdir, buna görə də pulunu cavabdehdən tələb edir. Bundan sonra cavabdehdən sözügedən avtomaşına görə ödədiyi 14100 manat pulu geri tələb etsə də, cavabdeh pulu qaytarmaq istəmir. Dəfələrlə cavavbdehə avtomaşına dair ödədiyi 14100 manat pulun ona qaytarmasına dair müraciət etsə də, cavabdeh buna heç bir məhəl qoymayaraq pulu qaytarmaqdan yayınır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-346/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi və vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-346/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X1 adına xx.xx.2023cü il tarixdə, 2009-cu il buraxılışlı, tünd boz metallik rəngli, Kia Ceed minik markalı, **-KP- *** dövlət qeydiyyat nişanlı avtomobil (mübahisəli avtomobil) qeydiyyata alınmışdır. X5 tərəfindən Cavabdeh həmin nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə müvafiq etibarnamələr verilmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Hüseyn Quliyev tərəfindən qəbul edilmiş xx.xx.2023- cü il tarixli “materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan” görünür ki, X1 müraciəti əsasında toplanmış HK1-2818 sayla qeydiyyata alınmış material, araşdırmanın davam etdirilməsi üçün Gəncə ŞBPİ-nə göndərilməsi qərara alınmışdır. Gəncə Şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Cavidan Həsənov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonunda yaşayan İddiaçı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildrmişdir ki, Əlvan adlı şəxsdən təxminən 1 həftə bundan əvvəl Kia markalı avtomobil almış, avtomobilin sənədlərində problem olduğu üçün avtomobili Əlvana qaytarmaq istəyən zaman onunla mübahisə edib onu hədələmişdir, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət xx.xx.2023-cü il tarixdə 2-ci Polis Şöbəsində HK-1/3417 sayla qeydə alınaraq icraata daxil edilmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış vətəndaş İddiaçı öz izahatında ərizəsində göstərdikləri xüsusatları təsdiq edərək, Əlvan adlı şəxsdən təxminən 1 həftə bundan əvvəl Kia markalı avtomobil almış, avtomobilin sənədlərində problem olduğu üçün avtomobili Əlvana qaytarmaq istəyən zaman onunla mübahisə edib onu hədələdiyini qeyd etmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış vətəndaş Cavabdeh öz izahatında bildirmişdir ki, avtomobil alqı-satqısı ilə məşğul olur. Təxminən 1 həftə əvvəl Kia markalı maşını Şayin adlı şəxsə satmışdır. Lakin xx.xx.2023-cü il tarixdə Şayin ona avtomobilin sənədlərinin qaydasında olmadığını, etibarnaməni ləğv etdirib başqa avtomobil almaq istədiyini demişdir. Daha sona ondan pulunu istədikdə o, pulu xərclədiyini, başqa avtomobil almasını demişdir. Bu səbəbdən onlar arasında sözlə mübahisələri yaransa da, lakin o, Şayini hədələməmişdir. Beləliklə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonunda yaşayan İddiaçı Gəncə şəhərində Cavabdeh tərəfindən hədələnməsi faktında hədənin icra ediləcəyi real əsaslar olmadığından hədə faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh 14100 manat pul ödəməklə, 2009-cu il buraxılışlı, tünd boz metallik rəngli, Kia Ceed minik markalı, **- KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 tərəfindən verilmiş etibarnamə ilə həmin avtomobili əldə etmişdir. O, qeyd olunan avtomaşını etibarnamə ilə aldıqdan bir neçə gündən sonra adına rəsmiləşdirmək istəyərkən məlum olmuşdur ki, avtomaşının mülkiyyətçisi X5 tərəfindən etibarnamə ləğv edilmişdir. Gəncə Şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Cavidan Həsənov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən minik avtpmobilinə görə verdiyi 14100 (on dörd min yüz) manat pulun və ödədiyi 133 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, avtomobil qanunvericiliyə əsasən rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyadır və onun alqı-satqısına daşınmaz əmlakın alqı-satqısına dair qaydalar tətbiq edildiyindən mülkiyyət hüququnun keçirilməsi qanunvericiliklə müəyyən edilmiş müqavilə qaydasında təsdiqlənməli və dövlət qeydiyyatına alınmalı idi. Lakin mülkiyyətçi tərəfindən etibarnamə ləğv edildiyindən, avtomobilə dair alqı-satqı müqaviləsi bağlanılmamışdır. Cavabdehin etibarnamə əsasında mülkiyyətçi X3 məxsus avtomobili iddiaçıya verməsi, iddiaçının həmin avtomobilə görə 14100 manat məbləğində pulu cavabdehə verməsi iş materiallarında olan sübutlarla və tərəflərin izahatı ilə təsdiq edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh 14100 manat pul ödəməklə, 2009-cu il buraxılışlı, tünd boz metallik rəngli, Kia Ceed minik markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 tərəfindən verilmiş etibarnamə ilə həmin avtomobili əldə etmiş, lakin qeyd olunan avtomaşını etibarnamə ilə aldıqdan bir neçə gündən sonra adına rəsmiləşdirmək istəyərkən məlum olmuşdur ki, avtomaşının mülkiyyətçisi X5 tərəfindən etibarnamə ləğv edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Prezidentinin 564 saylı, xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan, özünə məxsus olmayan avtomobilə görə iddiaçı tərəfindən ona verilən 14100 manat pul hesabına əsassız varlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-346/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392- 393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-346/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1154/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1154/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver