Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1156/2023 31.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(125)-742/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: xx.xx.2019-cu il tarixli, BPM**********12 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən borclu Cavabdeh2 60 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 13500 (on üç min beş yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, BPM**********12 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, BPM**********12 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə Cavabdeh1 birgə məsuliyyəti müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 "xxxx" ASCnin kassasından 13365 AZN pulu imza etməklə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, BPM**********12 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 11260,15 manat əsas, 4510,31 manat faiz borcu olmaqla, cəmi 15770,46 manat borcu vardır. xx.xx.2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehlər borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada əsas borc üzrə 11260,15 (on bir min iki yüz altmış manat on beş qəpik) AZN, faiz borcu üzrə 4510,31 (dörd min beş yüz on manat otuz bir qəpik) AZN, cəmi 15770,46 (on beş min yeddi yüz yetmiş manat qırx altı qəpik) AZN kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 137,71 (bir yüz otuz yeddi manat yetmiş bir qəpik) AZN dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********12 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 20 faizlə 60 ay müddətinə 13500 (on üç min beş yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdehlər tərəfindən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(125)-742/2023 saylı qətnaməsi ilə (hakim Z.İmanov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11260,15 (on bir min iki yüz altmış manat on beş qəpik) AZN məbləğində əsas borc, 4510,31 (dörd min beş yüz on manat otuz bir qəpik) AZN faiz borcu olmaqla, ümumilikdə 15770,46 (on beş min yeddi yüz yetmiş manat qırx altı qəpik) AZN borc və məhkəmə xərci qismində 137,71 (bir yüz otuz yeddi manat yetmiş bir qəpik) AZN məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) AZN bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445, 448, 450, 467, 472-ci maddələrini rəhbər tutaraq iddia tələbini təmin etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin tam ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh2 məhkəmə prosesində iddianı qəbul edərək, ifadəsində qeyd etmişdir ki, həqiqətən "xxxx" ASC ilə xx.xx.2019-cu il tarixdə bağladığı BPM **********12 saylı kredit müqaviləsi əsasında aylıq dərəcəsi 20 faiz olmaqla 60 ay müddətinə 13500 (on üç min beş yüz) manat məbləğində kredit götürmüşdür. Borcu hər ay olmaqla 15 (on beş) ay ödəniş etmişdir. Maddi imkanı ilə bağlı borcundan ödəniş edə bilməmişdir. Lakin hər ay borcundan ödəcəyinə söz vermişdir. İddiaçıya mövcud borcunu etiraf edərək, qanunun tələbinə uyğun qətnamə çıxarılmasını və zaminin başqa bankları olmasını bildirib, ödəniş etməkdən kənarlaşdırılmasını xahiş etmişdir. Qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, guya o, bankın məhkəmədə göstərdiyi məbləği tam ödəməyə hazırdır. Əslində isə o, banka olan borcunu qismən ödəmək istdiyini bildirmiş buna şərait yaradılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin buna imkanı olsa da buna əhəmiyyət verməmiş, heç bir şərait yaratmamışdır. Yəni faiz borcunun tam silinməsinə məhkəmənin imkanı olmuşdur. Beləliklə də məhkəmə işə qarşı birtərəfli mövqedə olmuşdur. Məhkəmə işə baxan zaman iş üzrə iddia tələbində göstərilmiş məbləği qismən təmin etməyə imkanı olduğu halda, tam təmin etmişdir. Məhkəmə əsas məbləği təmin etsə də, faiz borcu kimi qeyd edilmiş 4510.31 (dörd min beş yüz on manat 31 qəpik) AZN silməyə imkanı olmuşdur. Lakin məhkəmə bu məsələyə laqeyd münasibət göstərmişdir. Məhkəmə işə baxan zaman onun digər banka da borcu olduğuna heç bir əhəmiyyət verməmişdir. Cavabdeh bunu məhkəmə zamanı bildirmişdir. Məhkəmə işə baxan zaman o məhkəmə prosesində qeyd etmişdir ki, krediti götürən zaman onun əmək haqqı yüksək olmuşdur. Lakin sonradan dövlət tərəfindən hərbiçilərin maaşı yarıya endirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də banka olan borcu ödəməkdə çətinliklərə üzbə-üzə qalmış. Buna baxmayaraq məhkəmə bu məsələyə də heç bir əhəmiyyət verməmişdir. O krediti götürdükdən sonra 15 ay qrafik üzrə ardıcıllıqla banka olan borcu ödəmişdir. Pandemiya ilə bağlı ardıcıllıq pozulmuşdur. Daha sonra "Vətən Müharibəsi" başlamış və o Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün getmişdir. Döyüşlər zamanı qoluna snaper gülləsi dəymiş və yaralamışdır. 6 ay xəstəxanada müalicə qəbul etmiş. Qolu dəmirdə saxlanılmışdır. Bundan başqa baş-beyin travması da almışdır. Anası beyin əməliyyatı keçirdiyindən onun da müalicə xərcləri onun üzərinə düşmüşdür. Müalicəsi ilə bağlı maddi imkanı daha da zəifləmişdir. Həyat yoldaşı azyaşlı uşaqlarına baxdığından, işləyə bilmir. Ailəsinin yeganə qazancgətirəni o olduğundan, borcu ödəməkdə çətinliklərlə üzləşmişdir. Məhkəməyə bu barədə bildirsə də, qətnamə qəbul edən zaman bunlara heç bir əhəmiyyət verilməmişdir. Bütün borcun özü tərəfindən ödməyi, zaminin 2 banka borcu olmasını o, məhkəmə zamanı və "Müharibə Veternı" olmasını bildirərək, borcun onun tərəfindən aparılmasını xahiş etsə də məhkəmə bu məsələyə də laqeyid münasibət göstərmişdir. O, məhkəmə zamanı məhkəməyə hazırda hərbidə " Komandoda" xidmət etməyini və Qarabağ "Müharibə Veteranı"olmağını bildirmişdir. Bundan başqa öhtəsində xəstə anasının və iki körpə uşağının da olmasını demiş. Lakin məhkəmə qeyd etdiklərinə fikir vermədən qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etdi. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.3-cü maddəsində həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyəti əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(125)-742/2023 saylı qətnaməsi «cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4510,31 (dörd min beş yüz on manat otuz qəpik) AZN faiz borcunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi» hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 4438,05 manat məbləğdə müəyyən edilməli, qətnamə iddianın təmin edilmiş digər hissələri üzrə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qətnamənin tam ləğv olunması tələb olunduğuna görə qətnamə tam yoxlanmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və zaminlik ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə, habelə qanunvericiliyin borc və zaminliklə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit və zaminlik müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Məhkəmədə müəyyən olunmuşdur ki, kreditor kredit müqavilələrində nəzərdə tutulmuş borcu borcalana verməklə, müqavilə üzrə vəzifəsini yerinə yetirmişdir. Lakin borcalan aldığı krediti müqavilələrdə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. Belə ki, borcalan kreditor qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Nəticədə onun kreditora 11260,15 (on bir min iki yüz altmış manat on beş qəpik) AZN məbləğində əsas borc, 4510,31 (dörd min beş yüz on manat otuz bir qəpik) AZN faiz borcu olmaqla, ümumilikdə 15770,46 (on beş min yeddi yüz yetmiş manat qırx altı qəpik) AZN borcu yaranmışdır. Bundan başqa əsas və faiz borcuna münasibətdə məhkəmə kollegiyası tərəfindən borcun düzgün müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********12 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş sual üzrə 26 sentyabr 2022-ci il tarixə Cavabdeh2 iddiaçı "xxxx" ASC-yə olan əsas borc üzrə 11395,85 manat, faiz borcu üzrə 4438,05 manat təşkil edir. Kollegiya qanunvericliyin tələblərini və işin hallarını nəzərə alaraq hesab edir ki, rəydə qeyd olunan xx.xx.2022-ci il tarixə hesablanmış faiz borcu əsas götürülməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy faiz borcu hissəsində əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, faiz borcu ekspert rəyinə əsasən, əsas borc isə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə iddia ərizəsinə uyğun müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(125)-742/2023 saylı qətnaməsi «cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4510,31 (dörd min beş yüz on manat otuz qəpik) AZN faiz borcunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi» hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 4438,05 manat, ümumi borc 15836,31 manat məbləğdə müəyyən edilməli, qətnamə iddianın təmin edilmiş digər hissələri üzrə dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən 50 manat ekspertiza xərci tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(125)-742/2023 saylı qətnaməsi «cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4510,31 (dörd min beş yüz on manat otuz qəpik) AZN faiz borcunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi» hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 4438,05 manat, ümumi borc 15836,31 manat məbləğdə müəyyən edilsin. Qətnamə iddianın təmin edilmiş digər hissələri üzrə dəyişdirilmədən saxlansın. İş üzrə ekspertiza xərci müştərək qaydada "xxxx" ASC-yə və cavabdeh X2 aid edilməklə, 50 manat pul iddiaçıdan, 50 manat pul isə cavabdeh X1 tululub SAP (XİİS), X4, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1156/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1156/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver