Məhkəmə qərarları › İş №2(104)-116/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-116/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-116/2023 28.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi (vəkil) X2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borc” tələbinə mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-89/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Z.Hünmətov) xx.xx.2021-ci il tarixli, 2(044)-89/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 4.492 ABŞ dolları əsas, 1.706.98 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, cəmi 6298,98 (altı min iki yüz doxsan səkkiz) ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə manata məzənnəsi üzrə hesablanmaqla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-89/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4492 ABŞ dolları əsas, 1706.98 ABŞ dolları faiz, 2617.34 ABŞ dolları cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 636.63 ABŞ dolları borc, cəmi 9452.95 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bankı arasında xx.xx.2014-cü il tarixli, 49/2014 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik 24% olmaqla, 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin, borclu Cavabdeh müqavilənin şərtlərini pozmuş, kredit borcu üzrə banka xx.xx.2019-cu il tarixə 4.492 ABŞ dolları əsas, 1.706.98 ABŞ dolları faiz, 2.617.34 ABŞ dolları cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 636.63 ABŞ dolları borc, cəmi 9.452.95 ABŞ dolları məbləğində borcu mövcuddur Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək eynilə ərizədə göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq olunmasına baxmayaraq borclarını ödəməkdən yayınır. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Hesab edir ki, məhkəmənin gəldiyi həmin nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar tam aydınlaşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə maddi hüquq normaları pozulmaqla qətnamə çıxarılmışdır. Belə ki, İddiaçı ASC ilə aralarında xx.xx.2014-cü il tarixli, 49/2014 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə aparılmışdır. Qeyd olunan tarixdən sonra ödəniş aparılmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülmüşdür. Daimi yaşayış yeri Bakı şəhərində olduğuna görə məhkəmə iclasları barədə məlumatı olmamış, iddia müddətinin tətbiqi haqqında məlumat verə bilməmişdir. Ailə vəziyyəti ilə əlaqədar 10 ildən artıqdır ki, Bakı şəhərində yaşayır. Qeyd olunan fakt qətnamənin ləğv edilməsi üçün əsasdır. O, banka 2015-ci il tarixdən ödəniş etmir, buna baxmayaraq iddia tələbi üzrə onun borcu xx.xx.2019-cu il tarixə hesablanmışdır. Odur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-89/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkil) X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-89/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək bildirdi ki, iş üzrə təyin edilmiş ekspertiza rəyinə etirazı yoxdur. Odur ki, rəyə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya illik 24% olmaqla, 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından və şəxsi hesabdan çıxarışdan görünür ki, Cavabdeh 4.492 ABŞ dolları əsas, 1.706.98 ABŞ dolları faiz, 2.617.34 ABŞ dolları cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 636.63 ABŞ dolları borc, cəmi 9.452.95 ABŞ dolları məbləğində borcu qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3296 nömrəli rəyindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixə əsas borcu 4.491,23 ABŞ dolları, faiz borcu 976,09 ABŞ dolları təşkil edir. İş materiallarında olan təkrar eskpertiza tədqiqtı üzrə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7920 nömrəli rəyindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixə əsas borcu 4.497,07 ABŞ dolları, faiz borcu 972,12 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya illik 24% olmaqla, 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit vermişdir. Tərəflər arasında yaranan öhdəlik münasibətləri üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə öhdəliklərini vaxıtnda icra etməmişdir. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdıraraq hesab edir ki, cavabdeh kredit müqaviləsinə əsasən verilmiş kredit borcunu vaxtında icra etmədiyindən, onun banka borcu yaranmış, cavabdeh borcu ödəməsi üçün xəbərdarlıq edilsə də, borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı hazırki tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də, işin hallarına tərəflər arasında bağlanmış kredit müqaviləsinə, habelə qanunvericiliyin borcla bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası apellyatorun şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bank tərəfindən hazırki tələblə bağlı iddia müddəti ötürülməmişdir. Belə ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hazırkı kredit müqaviləsi 24 ay müddətinə bağlanılmış, müqavilənin icra müddəti isə xx.xx.2016-cı il tarixdə bitir. İddiaçı isə hazırki iddia ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, müqavilə tələbləri üzrə qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi məhkəmə iclasları barədə məlumatı olmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh kredit müqaviləsində yaşadığı ünvan kimi qeydiyyatda olduğu ünvanı, yəni ünvan 1şayış yeri kimi digər hər hansı bir ünvan göstərməmişdir. İddiaçı buna uyğun olaraq iddia ərizəsində məhz həmin ünvanı göstərmiş və birinci instansiya məhkəməsi tərəfindən məhkəmə bildirişləri həmin ünvana, yəni cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilmişdir. Məhkəmə kollegiyası apellyatorun apellyasiya icraatı zamanı göstərdiyi dəlilə, yəni onun kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019ci il tarixli Fərmanının təsir dairəsinə düşməklə restrukturizasiya tətbiq edilməli olması ilə bağlı dəlilinə münaibətdə qeyd edir ki, iş materiallarında olan Cavabdeh aid kredit məlumatlarından görünür ki, xx.xx.2019-cu il tarixə cavabdehin müxtəlif banklara olan əsas kredit borcunun ümümi məbləği 17000 manatdan çox olmuşdur. Ona görə də məlumatların restrukturizasiya olunması təklif olunan kredit bölməsində qeyd edilən kreditin restrukturizasiya olunması ilə bağlı hər hansı məlumat qeyd edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən ödənilməmiş borc məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmiş və xx.xx.2023-cü il tarixli, 9/7920 nömrəli ekspert rəyi ilə Cavabdeh xx.xx.2016-cı il tarixə 4.497,07 ABŞ dolları əsas borc, 972,12 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, faiz borcu birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, ekspert rəyi kifayət qədər tam və aydındır. Odur ki, Cavabdeh tutulacaq faiz borcu ekspertiza rəyinə uyğun olaraq 972,12 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Ekspert rəyi ilə müəyyən edilmiş əsas borc məbləği isə iddiaçı tərəfindən tələb edilən məbləğdən çoxdur. Məhkəmə kollegiyası ekspertiza rəyində göstərilmiş əsas borc məbləğinə münasibətdə qeyd edir ki, mübahisəyə verilmiş iddia tələbi həcmində baxıldığına görə, tələb edildiyindən artıq borc məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilir. Cərimə borcu isə birinci instansiya məhkəməsi tərəfindən minimum həddə qədər azaldılmışdır. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib, apellyasiya şikayətinin dəlillərini onun qismən təmin edilməsi üçün əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin qətnaməsini faiz borcu hissəsində dəyişdirilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-89/2021 saylı qətnaməsi qismən, yəni faiz borcuna aid hissədə dəyişdirilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulacaq faiz üzrə borc 972,12 (doqquz yüz yetmiş iki dollar on iki sent) ABŞ dollarının qətnamənin icra olunan günə manata məzənnəsi üzrə hesablanmaqla müəyyən edilsin. Birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh müştərək qaydada alınaraq, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Bayramov Hakimlər: Rəşad Mamedov Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar