Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-116/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, “X10” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMCyə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və ziyanın ödənilməsi tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(115)-234/2023 saylı qətnaməsindən cavabdeh LPO “X10” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(115)-234/2023 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın təmin edilməsi, hazırki ləğv prosesində olan “X10” ASC-nin Gəncə filialı ilə İddiaçı adından bağlanmış xx.xx.2014-cü il tarixli, 1737/Q saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə Maraqlı şəxs MMC-də olan kredit reyestrindən İddiaçı adının borclular siyahısından çıxarılmasına dair müvafiq məlumatın Maraqlı şəxs MMC-yə göndərilməsi vəzifəsinin cavabdeh “X10” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, Cavabdeh2 300 manat maddi ziyan və 200 manat mənəvi ziyanın alınaraq İddiaçı ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın Cavabdeh2 alınaraq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilməsi qət edilmişdir. Cavabdeh LPO “X10” ASC apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(115)-234/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2, “X10” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 avqust 2014-cü il tarixli 1737/Q nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə Maraqlı şəxs MMC-də olan kredit reyestrindən adının borclular siyahısından çıxarılmasına dair müvafiq məlumatın Maraqlı şəxs MMC-yə göndərilməsi vəzifəsinin cavabdeh “X10” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması və digər Cavabdeh2 maddi ziyana görə 300 manat və mənəvi ziyana görə 200 manat təzminat alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı ləğv prosesində olan “X10” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmədən iddiaçıya bildiriş gələrkən məlum olmuşdur ki, iddiaçı ilə “X10” ASC arasında kredit müqaviləsi mövcuddur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-56/2022 saylı 04 fevral 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İndi də Maraqlı şəxs MMC-də şəxsi məlumatları problemli və kredit gecikdirən müştəri kimi qeydə alınıb. Bu da onun banklardan kredit alınmasına və yaxud bir hərbçi kimi güzəştli şərtlərlə ipoteka krediti almağıı əngəlliyir. “X10” ASC-nin filial rəhbəri Cavabdeh2 tərəfindən saxta imza onun adına qanunsuz kredit müqaviləsi rəsmiləşdirilmişdir. O, cavabdehin təqsirli hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Ləğv prosesində olan “X10” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ümumiyyətlə işin halları üzrə heç bir araşdırma aparmadan, kredit üzrə ödənişlərin kimin tərəfindən ödənilməsini aydınlaşdırmadan, onun şəxsiyyətini müəyyən edib hazırki mübahisəli məsələyə münasibətini öyrənmədən, bu barədə işə əlavə edilmiş sənədlərə hüquqi qiymət vermədən, iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir. İlk növbədə İddiaçı xx.xx.2014-ci iltarixli 1737/Q tarixli kredit müqaviləsinə əsasən 10000,48 manat məbləğdə borcunun olması LPO “X10” ASC tərəfindən təqdim edilən maliyyə arayışı, hesabdan çıxarış, kredit müqaviləsi və digər kredit sənədləri ilə təsdiq edilir. Hesabdan çıxarış ilə müştərinin kredit müqaviləsi üzrə etdiyi əməliyyatlara nəzər salan zaman cavabdehin kredit borcu üzrə etdiyi ödənişləri görmək olar. Tərəf kredit borcu üzrə ödənişlər etməklə də kredit müqaviləsinin onun tərəfindən imzalanmasını öz iradəsi ilə ifadə etmiş və İddiaçı tərəfindən ödənişlərin olması təsədüfü ola bilməzdi. Mübahisələndirilən mövzuya başqa istiqamətdən hüquqi qiymət verilsə də belə nəticəyə gəlmək olur ki, iddiaçının sözügedən kredit müqaviləsindən yaranmış öhdəlik üzrə etdiyi hərəkətlər kredit borcunun olması etirafı anlamına gəlir. Hesabdan çıxarış ilə isə müştərinin kredit üzrə etdiyi əməliyyatlar və həmin ödənişlərin edildiyi tarixlər ardıcıllıqla qeyd edilmişdir. Tələb edilən borc məbləğləri təcrübəli maliyyəçilər tərəfindən hesablandıqdan və dəfələrlə yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir və sübut kimi məhkəməyə təqdim olunur. Bununla da qeyd edilən hallar cavabdehin həqiqətən öz iradəsi ilə kredit müqaviləsi bağlamasına, müqavilə üzrə öhdəlikləri qəbul etməsinə və apellyasiya şikayətində qeyd edilən dəlillərin əsaslı olmasına dəlalət edir. Digər tərəfdən iş üzrə məhkəmə-xəttşunaslıq ekspertizası keçirilmiş lakin kredit müqaviləsinin sonunda “borcalan” qrafasındakı imzanın İddiaçı tərəfindən icra olunması müəyyən olunmamışdır. Halbuki kredit müqaviləsindəki “borcalan” qrafasındakı imza ilə cavabdehin şəxsiyyət vəsiqəsindəki imzaları açıq aydın eyni şəxs tərəfindən imza olunması görsənir. Birinci instansiya instansiya məhkəməsi bu halı da nəzərə almamışdır. Ən azından təkrar məhkəmə-xəttşunaslıq ekspertizası keçirilə bilərdi. Göründüyü kimi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması üçün məhkəmə tərəfindən əlavə tədbirlər görülə bilərdi. Bu tədbirlər sırasında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə müvafiq sorğu ilə müraciət edilməsi aid edilə bilər. Bank tərəfindən əmanətçilərin əmanətlərinin qaytarılması, kreditorlarının tələblərinin yerinə yetirilməsi və digər tədbirlərlə əlaqəli xərclər ödənilməlidir. LPO “X10” ASC-nin bu öhdəlikləri yerinə yetirilməsi birinci növbədə dövlətin maraqlarının təminatıdır. Buna baxmayaraq, məhkəmə Bankın mənafeyini diqqətə almamış, faktiki vəziyyəti gözardı edərək, tamamilə yanlış, qeyri-obyektiv qərar qəbul etmişdir. Yerinə yetirilməli olan öhdəliyin məhkəmə tərəfindən bu şəkildə gözardı edilməsi isə, bankın real vəziyyətini çətinləşdirir. Nəzərə alınsa ki, LPO “X10” ASC ləğv prosesində olan bankdır və onun kreditorları qarşısında öhdəliyini yerinə yetirmək vəzifəsi var, bu halda bankı borcalanlara verdiyi kredit məbləğinin borcundan məhrum etmək qeyri-obyektiv və qərəzlidir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi iddiaçının iddiası üzrə dəlilləri üzrə araşdırma aparmağa cəhd etməmiş, bu səbəbdən, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi tam ləğv edilməli, iş yenidən baxılmalı və təqdim etdilən sübutlara düzgün qiymət verməlidir. Qeyd edilən maddi, prosessual pozuntları və məhkəmənin əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına əsasən hesab etmişlər ki, Gəncə Şəhər Məhkəməsinin qətnaməsi LPO “X10”ASC-nin maraqlarına toxunduğuna görə ləğv edilməlidir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixə saat 16:50-yə təyin edilmiş iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh LPO “X10” ASC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 276.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edərək bildirdi ki, həmin bankdan əvvəllər kredit götürmüş olsa da, 2014-cü ildə həmin bankdan kredit götürməmiş, nə də ki, kredit verilməsi üçün müraciət etməmiş, banka hər hansı əşyanı qirov qoymamışdır. xx.xx.2014-cü il tarixli kredit müqaviləsindəki imza da ona məxsus deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə da kredit müqaviləsindəki imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən imza edildiyini bildirirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə üçüncü şəxs qismində cəlb edilmiş və əvvəlki məhkəmə iclaslarında iştirak etmiş X5 izahatında göstərmişdir ki, İddiaçı ümumiyyətlə tanımır, bankdan özü üçün girov müqabilində kredit götürmüş və krediti də qaytarmışdır. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətiniin dəlilləri ilə bağlı iddiaçını və onun nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv prosesində olan “X10” ASC tərəfindən mübahisələndirilsə də, Cavabdeh2 həmin qətnaməni mübahisələndirməmişdir. Odur ki, kollegiya həmin qətnamənin əsaslılığını verilmiş apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Belə ki, Gəncə Şəhər Məhkəməsindən sorğu əsasında alınmış Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-566/2022 nömrəli işinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçı ləğv prosesində olan “X10” ASC xx.xx.2017-ci il tarixdə cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-4408/2017 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, bundan sonra İddiaçı ərizə ilə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-4408/2017 nömrəli qərardadı ilə ərizə təmin edilmiş qiyabi qətnamə ləğv edilərək və işə mahiyyəti üzrə baxılması davam etdirilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-56/2022 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan “X10” ASC-in cavabdeh İddiaçı qarşı 10000,48 manat kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi iddiaçının nümayəndəsi məhkəməyə gəlmədiyi üçün baxılmamış saxlanılmış, həmin qərardaddan şikayət verilməmiş, qətardad qanuni qüvvəyə minmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 1737/Q saylı kredit müqaviləsindən görünür ki, “X10” ASC-in Gəncə filialı tərəfindən İddiaçı 24 ay müddətinə illik faiz dərəcəsi 30 faiz olmaqla 8800 (səkkiz min səkkiz yüz) manat kredit verildiyi qeyd edilmişdir. Müqavilədə kredit verən tərəf filialın direktoru Cavabdeh2 borcalan İddiaçı göstərilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 1737/Q saylı girov müqaviləsindən görünür ki, 1737/Q nömrəli kredit müqaviləsinə vaxtında əməl edilməsinin təminatı üçün 10300 manat dəyərində 4 brilyant komplekti (üzük, sırğa) və 1 ədəd brilyant kolye girov qoyulmuş, girov qoyan şəxs kimi X5 göstərilmişdir. Üçüncü şəxs X6 tərəfindən məhkəmə kollegiyasının iclasında təqdim edilmiş və araşdırılaraq iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 1892/Q saylı kredit müqaviləsinin kserosurətindən görünür ki, “X10” ASC-nin Gəncə filialı tərəfindən X4 24 ay müddətinə illik faiz dərəcəsi 32 faiz olmaqla 10000 (on min) manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, G/1892/Q saylı girov müqaviləsindən görünür ki, 1892/Q nömrəli kredit müqaviləsinə vaxtında əməl edilməsinin təminatı üçün 12550 manat dəyərində 2 brilyant komplekti (üzük, sırğa), 1 brilyant üzük, 1 brilyant braslet və 1 ədəd brilyant kulon girov qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/327 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 98-102-ci vərəqlərində olan “X10” ASC Gəncə filialı və İddiaçı adlarından olan 01,08.2014-cü il tarixli, 1737/Q saylı Kredit müqaviləsinin “4.Kreditin təminatı (Girov və ya İpoteka)” bölməsinin aşağısında “Borcalan” qrafasındakı imza, müqavilənin 2-ci vərəqinin aşağısında “Borcalan” qrafasındakı imza, 3-cü vərəqin “Digər şərtlər” bölməsinin aşağısında olan “Borcalan” qrafasındakı imza, müqavilənin “14.Tərəflərin hüquqi ünvanları və rekvizitləri” bölməsində “Borcalan” qrafasının aşağısında “İddiaçı” sözlərinin altındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. Məhkəmə kollegiyası tərəfindən yenidən xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 4/1654 nömrəli rəyi ilə təqdim edilmiş mülki işin 98-102-ci vərəqlərində xx.xx.2014-cü il tarixli, 1737/Q saylı Bank – “X10” ASC-nin Gəncə filialı və Borcalan - İddiaçı adlarından olan “Kredit Müqaviləsi”ndə “Borcalan” qrafalarında olan imzaların - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göründüyü kimi hazırki ləğv prosesində olan “X10” ASC-in Gəncə filialı ilə İddiaçı adından bağlanmış kredit müqaviləsi iddiaçının iradəsindən kənar onun iştirakı olmadan saxta yolla bağlanmış əhəmiyyətsiz əqd olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki ləğv prosesində olan “X10” ASC-in Gəncə filialı ilə İddiaçı adından bağlanmış xx.xx.2014-cü il tarixli, 1737/Q saylı kredit müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə üzrə "xxxx" MMC-də olan kredit reyestrindən İddiaçı adının borclular siyahısından çıxarılmasına dair müvafiq məlumatın "xxxx" MMC-yə göndərilməsi vəzifəsi cavabdeh “X10” ASC-in ləğvedici Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. İddia tələbinin digər Cavabdeh2 maddi və mənəvi ziyanın ödənilməsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (Azərbaycan Respublikası MM-in 390.1-ci maddəsi). Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, iddiaçının cavabdehlə bağlandığı iddia edilən xx.xx.2014-cü il tarixli, 1737/Q saylı kredit müqaviləsi cavabdeh (cavabdehin nümayəndəsi) tərəfindən imza edilməmişdir. Müqavilədə, habelə ödəniş tapşırığında cavabdeh İddiaçı imzasının olmaması isə o deməkdir ki, həmin tələb üzrə cavabdehin öhdəliyi yaranmamışdır.Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur. İddia tələbinin Cavabdeh2 maddi və mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1115-ci mddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə kollegiya “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edilməsini də zəruri hesab edir. Həmin Qərara görə, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Qeyd olunan maddi hüquq normalarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmışdır və bu hal mübahisəsizdir. Təmin edilmiş mənəvi zərərin məbləği həm realdır, həm işin halına uyğundur, həm də cavabdehin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalı, ekspertiza xərci cavabdeh ləğv prosesində olan “X10” ASC-yə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(115)-234/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 124 (bir yüz iyirmi altı) manat ekspertiza xərci cavabdeh ləğv prosesində olan “X10” ASC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-116/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-116/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver