Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-116/2025 06.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(125)-158/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 29 iyul 2019-cu il tarixli, 800821-160992/10 saylı güzəştli kredit müqaviləsi üzrə 3543,62 manat məbləğində əsas borc və 42,02 manat faiz borcu, ümumilikdə 3585,64 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alnması üçün köçürülmüş 15,68 manat dövlət rüsumu və 30,77 manat xidmət haqqı olmaqla, cəmi 46,45 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 56,25 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsi, 6-cı döngə, 4 saylı fərdi yaşayış evinə (76,9 kv.m) yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan 10 gün sonra Cavabdeh2 və Cavabdeh1 tərəfindən həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(125)-158/2024 saylı qətnaməsi ilə (sədrlik edən F.Fərhadov) iddia təmin edilmiş, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 800821-160992/10 nömrəli kredit müqaviləsi üzrə 3413,86 manat əsas borc və 40,60 manat faiz borcu olmaqla, cəmi 3454,46 (üç min dörd yüz əlli dörd manat qırx altı qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alnması ilə əlaqədar çəkilmiş cəmi 45 (qırx beş) manat xərc və 56,25 (əlli altı manat iyirmi beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Gəncə şəhəri, X4 küçəsi, 6-cı döngə, 4 ünvanda 0,0572 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,9 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh1 tam mülkiyyətində olan Gəncə şəhəri, X4 küçəsi, 6-cı döngə, 4 ünvanda 0,0572 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,9 kv.metr olan fərdi yaşayış evinin açıq hərracdan satılması və fərdi yaşayış evinin satışından əldə olunacaq vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 tam mülkiyyətində olan Gəncə şəhəri, X4 küçəsi, 6-cı döngə, 4 ünvanda 0,0572 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,9 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiymətinin (likvid) 57000 manat müəyyən edilməsi, iş üzrə təyin edilmiş qiymətləndirmə xərci olaraq Cavabdeh2 300 (üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-nin bank hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(125)-158/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin halları ondan ibarətdir ki, həmin qətnamə ilə mənzilin ilkin satış qiyməti 57000 manat müəyyən edilmişdir. Hansı ki, ona məxsus fərdi yaşayış evi Gəncə şəhərinin mərkəzi küçələrinin birində yerləşməklə və yüksək səviyyədə təmin olunmaqla, hazırkı bazar qiyməti orta hesabla 140-150 min manat civarındadır. Həmin ərazidə torpaq sahəsinin 0,01 ha sahəsi 15000 manat dəyərindədir. Evin torpaq sahəsi 0,0572 ha olmaqla, hazırda mütəxəssis rəyinə görə müəyyən edilmiş qiymət heç torpaq sahəsinin qiymətini ödəmir. Məhkəmədə onun tərəfindən bu barədə vəsatət verib yenidən ekspertiza keçirilməklə qiymətləndirilmə tələb etməyinə baxmayaraq, məhkəmə işin faktiki hallarını araşdırmaq istəməmişdir. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, qətnamənin ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin dəyəri hissəsindən narazıdır. Həmin fərdi yaşayış evi yoldaşı Cavabdeh1 adınadır. Digər tərəfdən, onun 3500 manat kredit borcuna görə, evinin hərracda satılması düzgün deyildir. Evnin daha yüksək dəyəri barədə sənədi yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(125)-158/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, Gəncə Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(125)-158/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, əslində Bank tərəfindən cavabdehlərə evin hərracda satılmaması üçün şərait yaradılmış, lakin cavabdeh tərəf ödəniş etməmiş və süni şəkildə icranı ləngidirlər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(125)- 158/2024 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(125)-158/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh2 apellyasiya şikayətindən görünür ki, o, Gəncə Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(125)-158/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya dəlillərində ipoteka qoyulan əmlakın qiyməti hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissələri mübahisələndirilmədiyindən həmin hissələrlə ilə bağlı araşdırma aparılmır. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: "xxxx" ASC (Bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 800821- 160992/10 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1-ci bəndinə və hesabdan çıxarışa əsasən, Bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restruktrizasiya olunan kredit borcunun 6246,60 manat qalıq məbləğinin, 60 ay müddətinə, faizlər hər ay ödənilməklə əsas borcun ödənilməsinə 12 ay güzəşt müddəti olmaqla, illik 1 faiz ödəmək şərti ilə qaytarılmasını borcalanla razılaşdırmış, borcalan kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinə görə sözügedən kredit müqaviləsi üzrə 60 ay müddətinə, xx.xx.2024-cü il tarixədək ilk 12 ay 5,21 manat olmaqla, sonrakı aylar 132,81 manat (sonuncu ay 132,82 manat) ödənilməli idi. Müqavilənin 3.8-ci bəndinə görə bu müqavilə üzrə ödənişin silinməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir və borcalan tərəfindən müəyyənləşdirilmiş hər hansı digər qayda etibarsızdır – a) dəbbə pulu, b) vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər, c) vaxtı keçmiş və gecikdirilmiş əsas borc, d) faiz borcu, e) əsas borc. Müqavilənin 4.1.1-ci bəndinə əsasən müştərinin əmlak vəziyyətli əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə bu kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə, bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Müqavilənin 4.1.2-ci bəndinə əsasən bu kredit müqavilənin 4.1.1-ci yarımbəndində göstərilən hallarda Bank, bağlanacaq təminat müqaviləsinin şərtlərinə əsasən öhdəliklərin icrasını, təminat predmetinə tutma yönəldilməsi yolu ilə və ya Müştərinin digər əmlakları hesabına, təminat qismində zaminlik, girov və s. çıxış etdikdə isə habelə öhdəliyin icrasını zamindən, girov qoyandan və s. şəxslərdən tələb edə bilər. Müqavilənin 4.1.5-ci bəndinə əsasən kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi Müştəridən tələb edə bilər. Müqavilənin 5.3-cü bəndinə əsasən kredit öhdəliklərinin icrasının gecikdirilməsinə görə hesablanan dəbbə pulu, gecikdirilən əsas borc qalığı məbləğinə borcun gecikmədə olduğu günlər üçün hesablanır. Müştəri borcların ödənilməsini gecikdirildiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müəyyən faizi miqdarında hər il üçün 0,02 faiz olmaqla, 5 il müddətinə 0,1 faiz dəbbə pulu ödəyir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********69-10301 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2012-ci il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, X4 küçəsi, 6-cı döngə, 4 ünvanda 0,0572 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,9 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyətdə olmaqla, Cavabdeh1 adına qeydə alınmışdır Cavabdeh2 Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən 8İ-2180 reyestr nömrəsi ilə təsdiqlənmiş xx.xx.2019-cu il tarixli, **********180 nömrəli ərizəsindən görünür ki, o arvadı Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsi, 6-cı döngə, 4 ünvanında yerləşən 0,0572 ha torpaq sahəsi və onun üzərindəki (76,9 kv.m) fərdi yaşayış evi (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, seriya MN 0337808, reyestr nömrəsi **********69-10301, daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır) sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçı ASC-nin xeyrinə ipotekaya qoyulmasına razılıq vermiş, sonrakı ipotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldildikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür Həmin kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi dairəsi tərəfindən qeydiyyata alınmış, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsi, 6-cı döngə, 4 ünvanında yerləşən 0,0572 ha torpaq sahəsi və onun üzərindəki (76,9 kv.m) fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, 800821-160992/10 nömrəli sonrakı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yenidən yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********69-10301 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, X4 küçəsi, 6-cı döngə, 4 ünvanda 0,0572 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,9 kv.metr olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, 800821-160992/10 nömrəli kredit müqaviləsi üzrə 60 ay müddətinə, xx.xx.2019- xx.xx.2024-cü il tarixədək İddiaçı ASC-nin xeyrinə yüklü edilmiş, hüququ yüklü edilən şəxs isə Cavabdeh1 olmuşdur Borcalana ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcalana xx.xx.2022-ci il tarixə olan vəsaiti xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 5 gün müddətindən gec olmayaraq ödənilməsi tələb olunmuş, borcu ödəmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Həmin xəbərdarlıq borcalanın ünvanına göndərilmiş, xəbərdarlığın borcalan tərəfindən xx.xx.2022-ci il tarixdə qəbzə imza edilməklə götürülməsini təsdiq edən xəbərnamənin surəti iş materiallarına əlavə edilmişdir. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 001/007/4128/2023 nömrəli, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, öhdəliklər vaxtında icra edilmədiyindən cavabdehlərə 29 iyul 2019-cu il tarixli, 800821-160992/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə borcun olduğu bildirilmiş, bildirişi aldıqları gündən sonrakı 3 iş günü ərzində, borcun ödənilməsi təmin olunmazsa, cavabdehlərə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36.2.3-cü maddəsinə əsasən notariat qaydasında razılaşmanın məhkəməyə müraciət edilmədən bağlanması üçün Banka gəlmələri barədə xəbərdarlıq edilmiş, İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış “bildirişin dövlət qeydiyyatına alınması haqqında” ərizədən görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmiş, bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin hesabına ayrılıqda 30 manat və 15 manat dövlət rüsumu ödənilmişdir xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2023-cü il tarixə Banka 3543,62 manat əsas borc və 42,02 manat faiz borcu olmaqla, cəmi 3585,64 manat borcu yaranmış, kredit müqaviləsi üzrə gecikmə 396 gün təşkil edir AZ-İ seriyalı, 164781 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X2 arasında olan nikah xx.xx.2005-ci il tarixdə, 506 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin LP258/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsi, 6-cı döngə, 4 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin müqayisə yanaşması ilə hazırkı bazar qiyməti 60000 manat, likvid qiyməti 57000 manat təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, 26 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, mübahisə predmeti olan Gəncə şəhəri, X4 küçəsi, 6-cı döngə, 4 ünvanında 0,0572 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,9 kv.m olan fərdi yaşayış evinə və həmin ərazidə yerləşən analoji fərdi yaşayış evinə dair birja məlumatları, internet saytı məlumatları olmadığından Gəncə şəhəri, X4 küçəsi, 6-cı döngə, 4 ünvanında 0,0572 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,9 kv.m olan fərdi yaşayış evinin hazırki bazar dəyərini və likvid qiymətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; İşə baxan birinci instansiya məhkəməsi ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, xx.xx.2019-cu il tarixli, 800821-160992/10 nömrəli sonrakı ipoteka müqaviləsində Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsi, 6-cı döngə, 4 ünvanında yerləşən 0,0572 ha torpaq sahəsi və onun üzərindəki (76,9 kv.m) fərdi yaşayış evinin dəyəri 40000 manat qeyd edilsə də, "xxxx" MMC-nin 30 dekabr 2023-cü il tarixli rəyi ilə, Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsi, 6-cı döngə, 4 ünvanında yerləşən 0,0572 ha torpaq sahəsi və onun üzərindəki (76,9 kv.m) fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixdə likvid qiyməti 57 000 (əlli yeddi min) manat müəyyən edilməsini nəzərə alaraq, ipoteka predmetinin dəyərini həmin mütəxəssis rəyinə uyğun qaydada, yəni 57 000 manat dəyərində qiymətləndirmişdir. Cavabdeh həmin ilkin satış qiymətini mübahisələndirmişdir. Məhkəmə kollegiyasının qərardadı ilə ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin, yəni hazırkı likvid dəyərinin müəyyən olunması üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 noyabr 2024-cü il tarixli rəyinə əsasən mübahisə predmeti olan Gəncə şəhəri, X4 küçəsi, 6-cı döngə, 4 ünvanında 0,0572 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,9 kv.m olan fərdi yaşayış evinə və həmin ərazidə yerləşən analoji fərdi yaşayış evinə dair birja məlumatları, internet saytı məlumatları olmadığından Gəncə şəhəri, X4 küçəsi, 6-cı döngə, 4 ünvanında 0,0572 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,9 kv.m olan fərdi yaşayış evinin hazırki bazar dəyərini və likvid qiymətini müəyyən etmək mümkün olmamışdır. Ona görə də, kollegiya hesab edir ki, "xxxx" MMC-nin 30 dekabr 2023-cü il tarixli rəyi əsas götürülməklə, həmin rəyə əsasən ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsi, 6-cı döngə, 4 ünvanında yerləşən 0,0572 ha torpaq sahəsi və onun üzərindəki (76,9 kv.m) fərdi yaşayış evinin ilkin satış qiyməti kimi likvid dəyəri 57.000 (əlli yeddi min) manat dəyərində müəyyən edilməlidir. Cavabdeh tərəf həmin fərdi yaşayış evinin ilkin satış qiyməti kimi likvid dəyərinin daha baha olmasına dair heç bir sübuit növü təqdim etməmiş və əldə edilmiş mütəxəssis rəyinin mötəbərliliyi şübhə doğurmur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə müvafiq olaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində xərc iş üzrə cavabdehlərə aid edilməklə, 100 manat məbləğində olan ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb X1, kodu 210005,VÖEN **********,SFİFT BİK CTREAZ22, Müxbir hesabı AZ41NABZ********************, Benefisiarın adı Məhkəmə Ekspertiza Mərkəzi, Benenfisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəliləri əsassız olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(125)-158/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(125)-158/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 100 manat məbləğində olan ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-116/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-116/2025
06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver