Məhkəmə qərarları › İş №2(104)-1161/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1161/2024

01.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1161/2024 01.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ziyan tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X5 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəki) X4 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qızı) Səttar-zadə Bulqeyis Şakir qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2(125)-112/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, ünvan 1 ünvanında yerləşən mənzil Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-cı ı tarixli, 1411 nömrəli Sərəncamına əsasən X9 verilmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun 21,09.1997-ci il tarixli, 3M-2- 201 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, sözü gedən mənzil X1 və onun adına xx.xx.1997-ci il tarixli, 7654 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 6 saylı notariat kontorunun xx.xx.2006-ci il tarixli, 4Ə/1- 124 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, sözü gedən mənzil X2 və onun adına 17.01,2007-ci il tarixli, **********90-05101-093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 4 saylı notariat kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-1-275 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, sözü gedən mənzil Cavabdeh satılmış və onun adına xx.xx.2015-ci il tarixli, **********90-051 093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan mənzil "NBCBank” ASC-nin xeyrinə yüklü edilmiş və "xxxx" ASC-yə xx.xx.2018-ci il tarixli, **********90-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun 07.11,2019-cu il tarixli, 4Ə-139 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, sözü gedən mənzil X3 və onun adına xx.xx.2019-ci il tarixli, **********90-05101- 093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

2. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus 11 nömrəli mənzildə baş vermiş yanğın faktında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinin cinayət tərkibi olmadığı üçün həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Eləcədə həmin Qərardan görünür ki, cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən rəy alınmışdır. Məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının xx.xx.2018-ci il tarixli, 19333 nömrəli rəyində qeyd olunmuşdur ki, ünvan 4 ünvanda yerləşən İddiaçı məxsus 11 nömrəli mənzildə yanğının mənbəyi, mənzilin dəhlizinə daxil olduqda 1 m irəlidə döşəmə səviyyəsində olmuşdur. Yanğının texniki səbəbdən baş verməsi müəyyən edilməmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 11 saylı mənzilin konstruktiv elementlərində (tavan, divar, döşəməsində və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların yanğın nəticəsində yaranmaya xarakterik olduğunu nəzərə alaraq ünvan 5 ünvanında yerləşən 11 saylı mənzilə yanğın nəticəsində ziyan vurulduğu müəyyən olunmuşdur. ünvan 5 ünvanında yerləşən 11 saylı mənzildə yanğın nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4700 manat məbləğində müəyyən olunmuşdur.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı ziyanının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 6 ünvanda yerləşən əmlakına cavabdeh tərəfindən vurulmuş 6000 manat zərərin əvəzinin və 80 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanda yerləşən mənzil 2010-cu ildə alqı-satqı yolu ilə əldə etmiş və xx.xx.2010-cu il tarixdə Dasınmaz Əmlakın Dövlət Reyestrində adına qeydiyyata alınmışdır. 2018-ci ilin yay aylarında cavabdehin mənzilindəki elektrik xəttində yaranan yanğın onun mənzilinə keçmiş və nəticədə mənzil tamamilə yararsız vəziyyətə düşmüşdür. Cavabdeh onun alt qonşusudur. Digər qonşularının sayıqlığı nəticəsində Fövqaladə Halların əməkdaşları tərəfindən yanğının qarşısı alınmışdır. Yanğın söndürülsədə mənzilinə xeyli zərər dəymişdir. Belə ki, döşəmənin bir hissəsi yanmış, divarların bir hissəsi dağılmış, qapıdan giriş tamamilə yanmış, hamam, sanitar qovşaq, mətbəx sıradan çıxmış, digər otaqlar yanğının tüstüsündən hislə örtülmüş və yararsız hala düşmüşdür. Mənzilin təmiri barədə cavabdehə məlumat vermiş, sonuncu mənzili təmir etdirəcəyinə söz verərək ondan şikayət etməməsini xahiş etmişdir. Qonşuluğu nəzərə alaraq cavabdehə möhlət vermiş, lakin cavabdeh onun ölkədə olmamağından istifadə edərək, mənzili təmir etdirməkdən imtina etmişdir. Mənizlə dəyən zərər ən azı təxminən 6000 manat təşkil edir.

6. Gəncə Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2(125)-112/2024 nömrəli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddianın təmin edilməməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Alınmış rəydə qeyd edilmişdir ki, yanğının mənbəyi mənzilin dəhlizinə daxil olduqda 1 metr irəlidə döşəmə səviyyəsində olmuşdur. Yanğın söndürənlər bildiriblər ki, mənzilə daxil olanda qaz və elektrik xətti bağlı olmuşdur. Eyni zamanda onun mənzilində heç kim yaşamamışdır. Bir halda kı, təhlükə mənbələri bağlı olmuş, evdə uzun müddət heç kim yaşamamışdır, məntiqlə aydın olur ki, yanğın alt mərtəbədən keçmişdir. Bundan başqa məhkəmə qətnaməsində göstərilmişdir ki, yanğın hadisəsi baş verən zaman cavabdehin ailəsi özlərinə məxsus mənzildə yaşamışlar. Aydın məsələdir ki, onlar evdə olduqları üçün yanğını təcili aradan qaldırmışlar. Bundan başqa qətnamədə göstərilmişdir ki, o cavabdeh tərəfin dəymiş ziyanın aradan qaldırılmasına köməklik edəcəklərini və bunun qarşılığında onlardan şikayət etməməyini xahiş etmələrini sübuta yetirə bilməmişdir. O qonşunun səmimiyyətinə inanmış və onun səsini yazmağı fikirləşməmişdir. Cavabdeh isə heç kimə bildirmədən bir gecədə köçüb getmişdir. Qardaşı Tural yanğın baş verəndən sonra hadisə yerinə gəlmiş, qonşular ona demişlər ki, yanğın alt qonşunun mənzilindən elektrik xətti vasitəsilə onun mənzilinə qalxmışdır. Cavabdehin ailəsi evdə olmuş yanğının öz mənzillərinə yayılmasına imkan verməmiş və gecəykən izini itirmişlər. Yanğınsöndürənlər isə qardaşı Turala deyiblər ki, yanğının səbəbi barədə sizə sənəd verəcəyik, lakin sonradan verməyiblər. Cavabdeh yanğının onun mənzilinə keçməsi ilə maraqlanmamış, mənzilin döşəməsi yanaraq tüstüsü pəncərədən çıxanda qonşular xəbər tutmuşlar. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin, eləcədə apellyasiya şikayətinin məzmununa uyğun izahat vedikdən sonra, əlavə olaraq bildirmişdir ki, mənzilinin yanmasında cavabdeh tərəf təqsirlidir. Çünki cavabdehin mənzilindəki elektrik naqillərinin yarasız olması səbəbindən yanğın baş vermişdir. Yanğın olan zama Türkiyə Respublikasında olmuşdur. Yanğından sonra cavabdeh öz evinin naqillərini gecəyəynən usta gətirib düzəltdirmiş və izi itirmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçınin etibarnamə üzrə nümayəndəsi (vəki) X4 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qızı) Səttar-zadə Bulqeyis Şakir qızı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, yanğın baş verən zaman iddiaçının qapısı bağlı olduğundan, Fövqaladə Hallar Nazirliyinin əməkdaşları ilkin olaraq onların mənzilinin tavanını deşərək yanğın gələn hissəyə su vurmuşlar. İddiaçı mənzildə yaşamasada, lakin mənzilə gəlib gedənlər olurdu. Səttar-zadə Bulqeyis Şakir qızı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, ünvan 7 ünvanda yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı 2018-ci ilin yay aylarında Cavabdeh mənzilində elektrik xəttində baş vermiş qapanma nəticəsində yanğın baş verməsini, yanğının alt mərtəbədən onun mənzilinə keçməsini və təxminən ona 6000 manat ziyan dəyməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.

30. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin “qətnamənin maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılması, alınmış rəydə yanğının mənbəyinin mənzilin dəhlizinə daxil olduqda 1 metr irəlidə döşəmə səviyyəsində olması kimi qeyd olunması, mənzilə daxil olanda qaz və elektrik xəttinin bağlı olması, təhlükə mənbələri bağlı olduğu, eləcədə mənzilində yaşayış olmadığı halda yanğının alt mərtəbədən keçməsi, yanğın baş verən zaman cavabdeh evdə olduğundan öz mənzilindəki yanğının təcili aradan qaldırması, qardaşı Turalın yanğın baş verəndən sonra hadisə yerinə gəlməsi, cavabdehin ailəsinin evdə olması və yanğının öz mənzillərinə yayılmasına imkan verməyərək gecəykən izini itirməsi” dəlillərini qətnamənin ləğvi üçün əsas saymır.

31. Belə ki, yuxarıda da qeyd olunduğu kimi İddiaçı mənzilində baş vermiş yanğının cavabdeh Şakir Məmmədovun mənzilində elektrik xəttində baş vermiş qapanma nəticəsində yarandığını iddia etmişdir. İddiaçı belə bir dəlil irəli sürsədə, lakin onun bu dəlili sübut olunmur. Çünki apellyasiya icraatı zamani sorğu əsasında Gəncə Şəhər Baş Polis İdarəsindən alınmış HK-1/51 saylı materiala baxış keçirilmiş və həmin materiala əlavə olunmuş Azərbaycan Respublikası FHN X12 Xidmətinin 03 iyul 2018-ci il tarixli Yanğın baş vermiş hadisə yerinə baxış protokolundan müəyyən olunmuşdur ki, ünvan 8 ünvanında yerləşən mənzilin giriş qapısından içəri daxil olarkən sol hissədə bir metr qabaqda qaz peçi (ceyrangöz tipli) qurulu vəziyyətdədir, dəhlizin mətbəxə gedən hissəsi və sanitariya qovşağnın künc hissəsi təxminən 1 kv.m hissəsi yanaraq yararsız vəziyyətə düşmüşdür. Həmin hissədən elektrik xətti keçmir. Eləcədə həmin materiala əlavə olunmuş 03 iyun 2018-ci il tarixli aktdan müəyyən olunmuşdur ki, yanğın zamanı 2-ci mərtəbədə yerləşən 9 nömrəli mənzilin tavanı yoxlanış aparılması üçün 4 kv.m sahədə sökülmüşdür.

32. Göründüyü kimi yanğının baş verməsinin əsası kimi iddiaçının dəlili Azərbaycan Respublikası FHN X12 Xidmətinin 03 iyul 2018-ci il tarixli Yanğın baş vermiş hadisə yerinə baxış protokolu ilə də istisna olunur. Bu da özlüyündə onu deməyə əsas verir ki, baş vermiş yanğın nəticəsində İddiaçı mənzilinə dəymiş ziyana görə Cavabdeh məsuliyyət daşımır.

33. Mülki prosessual qanunvericiliyə görə də, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2(125)-112/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar