Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1166/2023 26.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanıda Meşələrin İnkişafı Xidmətinin X7 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyan tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, Daşkəsən Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(030)-33/2023 nömrəli qətnaməsindən iddiaçı X7 Təsərrüfatı Mərkəzinin direktoru Nəbiyev Vasif tərəfindən verilmiş apellyasiya şikayətinə 26 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X7 Təsərrüfatı Mərkəzi tərəfindən tərtib edilmiş 24 avqust 2022-ci il tarixli 55640 nömrəli aktda və həcm-qiymət cədvəlində görünür ki, X7 X1 meşəbəyliyinin 10 saylı meşə dolayının meşə gözətçisi X3 yazmış olduğu 22 avqust 2022ci il tarixli məlumata əsasən Qalakənd meşəbəyliyinin meşəbəyisi X4 və həmin meşəbəyliyinin 10 saylı meşə dolayısının meşə gözətçisi X8 24 avqust 2022-ci il tarixdə Daşkəsən rayonu Qabaqtəpə kənd sakini Cavabdeh meşədən qanunsuz kök üstə yaş ağacları kəsib odun doğrayaraq aparıdğını, ona görə də, meşə ərazisinə baxış keçirilməsində iştirak etməsi təklif edilmiş, Cavabdeh isə meşədən qanunsuz ağac kəsmədiyini, lakin kəsilib doğranmış oduncaqları onun ZİL-131 markalı avtomobili ilə aparıldığını bildirərək, baxışın keçiriləcəyi əraziyə getməkdən imtina etmişdir. X7 Təsərrüfatı Mərkəzinin meşəbəyisi X4 və həmin meşəbəyliyinin 10 saylı meşə dolayısının meşə gözətçisi X8 10 saylı meşə dolayına baxış keçirilərkən dolayın 49-cu kvadratında qanunsuz olaraq kök üstə yaş ağacları fıstıq cinsindən diametri 12 sm-lik 2 ədəd, 16 sm-lik 3 ədəd, 60 sm-lik 2 ədəd, ağcaqayın cinsindən diametri 32 sm-lik 1 ədəd, ümumilikdə 8 ədəd oduncaq ağaclar kəsildiyi və kütlələri meşə ərazisindən aparıldığı müəyyən edilmişdir. Təsərrüfata vurulmuş ziyanın məbləği 709,67 manat məblğində qiymətləndirilmişdir.
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X7 Təsərrüfatı Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli 27/09/99-002 saylı bildiriş məktublarından görünür ki, dövlət meşə fonduna ziyan vurduğuna görə Cavabdeh X7 Təsərrüfatı Mərkəzinə dəvət edilmiş, üzürsüz səbəbdən mərkəzə gəlmədiyi təqdirdə İnzibati xəta və meşə fonduna vurduğu ziyan ilə bağlı iştirakı olmadan qərar qəbul edilərək sənədlər toplanaraq məhkəmə orqanlarına göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir.
3. Cavabdeh Daşkəsən Rayon Polis Şöbəsində verdiyi izahatının surətindən görünür ki, “ZİL 131” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. Arabir həmin avtomobil ilə kənd ərazisində yaşayan sakinlərin haqqını alaraq yüklərini daşıyır. 17 avqust 2022-ci il tarixdə Daşkəsən rayonu Əmirvar kəndi ərazisində olan zaman Daşkəsən rayonu Astaf kənd sakini Səməd Həsənov mobil telefonla ona zənng edərək Astaf kəndi ərazisində yerləşən meşəlik sahədə özünə məxsus odun olduğunu və daşınmasına köməklik göstərməsini xahiş etmişdir. O, “ZİL 131” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini, Yaşar Qasımov isə “Zil 131” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək saat 16 radələrində çayın kənarına gələn zaman Səməd Həsənov, Anar Həsənov və Vüsal Həsənovun kəsdikləri ağacları səliqə ilə doğramaqla odun halına gətirdiklərini görmüş, həmin vaxt Səməd Həsənov meşədən ağac kəsmək üçün icazəsi olduğunu bildirmişdir. Təxminin 2 saat müddətdində qalan yaş ağaclar doğranaraq odun halına gətirilmiş, sonra odunlar avtomobillərə yüklənmiş və Səməd Həsənovun həyətinə gətirilərək boşadılmışdır. Bunun müqabilində Səməd Həsənov ona 120 manat pul vermiş, 120 manatı Yaşarla tən bölmüş, hər birinə 60 manat düşmüşdür. O, meşə dolayından qanunsuz olaraq köküstə yaş ağacları kəsməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X7 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, Daşkəsən rayonu Qabaqtəpə kənd sakini Cavabdeh dövlət meşə fonduna vurulmuş ziyana görə 709,67 manat məbləğində pulun alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X7 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X7 Təsərrüfatı Mərkəzinin əməkdaşları Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının meşə gözətçisi X3 22 avqust 2022-ci il tarixli məlumatını yerində araşdırarkən Daşkəsən rayonu Qabaqtəpə kəndində yaşayan Cavabdeh heç bir icazəsi olmadan fıstıq cinsindən diametri 12 sm-lik 2 ədəd, 16 sm-lik 3 ədəd, 60 sm-lik 2 ədəd, ağcaqayın cinsindən 32 sm-lik 1 ədəd olmaqla, cəmi 8 ədəd ümumi həcmi 9,77 m3 olan köküstə yaş ağacları “ZİL 131” markalı avtomobillə kəsilmiş ağac kütlələrini apardığına görə mərkəzin əməkdaşları tərəfindən 24 avqust 2022-ci il tarixdə barəsində akt, dəymiş ziyana görə qiymətləndirmə cədvəli tərtib edilmişdir. Bununla cavabdeh tərəfindən təsərrüfata cəmi 709,67 manat məblğində ziyan vurulmuşdur. Dəfərlərlə tələb edilməsinə baxmayaraq, cavabdeh qeyd edilən məbləği ödəməkdən imtina etmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Daşkəsən Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(030)-33/2023 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) iddianın təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, iddianın irəli sürülməsi üçün istinad edilən sübutlar ehtimallara əsaslana bilməz. Ona görə də sözügedən aktın iddianı əsaslandırılan sübut kimi qəbul edilməsi mümkün deyildir. İddiaçı məhkəməyə tələbini əsaslandıran başqa sübutlar təqdim etməmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 21, 1096.1 və 1096.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 106.1 və 217.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(030)-33/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, işi düzgün araşdırmamışdır. Belə ki, Cavabdeh ağacların onun qanunsuz hərəkətlərin edilməsində payı olmadığını sübuta yetirməlidir. Məhkəmə şəxsin sözlərinə istinad edərək mülahizələrin nəticəsi obyektiv olmayan qərar qəbul etmiş, dövlətin bu sahədə olan maraqlarını diqqətə almadan şəxsdən dediklərini təsdiq edən sübutlar təqdim etməyi istəməmişdir. Halbuki, ağacların yoxlama zamanı kəsilməsinin aşkar olunmasına dair Mərkəz tərəfindən tərtib olunmuş akt mövcuddur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək məzmununa uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, “ZİL 131” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. Arabir həmin avtomobil ilə kənd ərazisində yaşayan sakinlərin haqqını alaraq yüklərini daşıyır. 17 avqust 2022-ci il tarixdə Daşkəsən rayonu Əmirvar kəndi ərazisində olan zaman Daşkəsən rayonu Astaf kənd sakini Səməd Həsənov mobil telefonla ona zənng edərək Astaf kəndi ərazisində yerləşən meşəlik sahədə özünə məxsus odun olduğunu və daşınmasına köməklik göstərməsini xahiş etmişdir. O, “ZİL 131” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini, Yaşar Qasımov isə “Zil 131” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək saat 16 radələrində çayın kənarına gələn zaman Səməd Həsənov, Anar Həsənov və Vüsal Həsənovun kəsdikləri ağacları səliqə ilə doğramaqla odun halına gətirdiklərini görmüş, Səməd Həsənov meşədən ağac kəsmək üçün icazəsi olduğunu bildirmişdir. Təxminin 2 saat müddətdində qalan yaş ağaclar doğranaraq odun halına gətirilmiş, sonra odunlar avtomobillərə yüklənmiş və Səməd Həsənovun həyətinə gətirilərək boşaldılmışdır. Bunun müqabilində Səməd ona 120 manat pul vermiş, 120 manatı Yaşarla tən bölmüş, hər birinə 60 manat düşmüşdür. O, meşə dolayından qanunsuz olaraq köküstə yaş ağacları kəsməmişdir. İddia tələbi əsassız olduğu üçün rədd olunmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
21. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
22. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Daşkəsən Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(030)- 33/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. İşin halları ondan ibarətdir ki, fıstıq cinsindən diametri 12 sm-lik 2 ədəd, 16 sm-lik 3 ədəd, 60 sm-lik 2 ədəd, ağcaqayın cinsindən 32 sm-lik 1 ədəd olmaqla, cəmi 8 ədəd ümumi həcmi 9,77 m3 olan köküstə yaş ağacları “ZİL 131” markalı avtomobillə kəsilmiş ağac kütlələrini apardığına görə mərkəzin əməkdaşları tərəfindən 24 avqust 2022-ci il tarixdə barəsində akt, dəymiş ziyana görə qiymətləndirmə cədvəli tərtib edilmişdir. X7 Təsərrüfatı Mərkəzinin əməkdaşları Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının meşə gözətçisi X8 22 avqust 2022-ci il tarixli məlumatını yerində araşdırarkən Daşkəsən rayonu Qabaqtəpə kəndində yaşayan Cavabdeh heç bir icazəsi olmadan ağacları aparmasını görmüşdür. Ona görə də cavabdehdən vurulmuş ziyanın ödənilməsi tələb edilmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən əvvəla yuxarı qeyd edilən maddi normalara istinadən (&16,17) qeyd edir ki, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu, delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddia edilən hərəkətin edilməsi, vurulan zərərin məhz cavabdehin hərəkəti nəticəsində baş verməsi öz təsdiqini tapmamışdır. İddiaçı tərəf iddianın əsası kimi cavabdeh izahatında avtomobili ilə odun daşımasına istinad etmişdir. Halbuki cavabdeh bunu inkar etməmiş, başqa şəxslərin yüklərini daşımasını etdiyini bildirmişdir. Cavabdeh tərəfindən kəsilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, bu hal məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. İddianın əsası, eləcə də apellyasiya şikayətinin dəlili kimi göstərilən aktlar isə cavabdeh tərəfindən sözügedən əməlin törədilməsi qənaətinə gəlinməsi mötəbər sübut və əsas deyildir. Çünki həmin aktlar iddiaçı təşkilatının işçiləri tərəfindən tərtib edilmişdir.
32. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
33. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Daşkəsən Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(030)-33/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .