Məhkəmə qərarları › İş №2(104)-117/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-117/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-117/2023 23.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və iddia həcminin artırılması tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 163750 (yüz altmış üç min yeddi yüz əlli) manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim T.V.Musayev) iddia qismən təmin edilmiş, Cavabdeh 105.000 (bir yüz beş min) manat əsas borc, 19.250 (on doqquz min iki yüz əlli) manat faiz borcu olmaqla, cəmi 124.250 (bir yüz iyirmi dörd min iki yüz əlli) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-443/2022 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh 2018-ci ilin mart ayında ona ünvan 1 ünvanında yerləşən mənzili almaq istədiyini bildirmiş, lakin pulu çatmadığını bildirərək ondan borc pul istəmişdir. Borcun təminatı olaraq evi aldıqdan sonra evin sənədlərini ona verəcəyini bildirmişdir. Cavabdehlə aralarında olan 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli müqaviləyə əsasən cavabdehə 105.000 (bir yüz beş min) manat borc pul vermişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh xx.xx.2018–ci il tarixədək borcunu qaytarmağı öhdəsinə götürmüşdür. O, həmin pulu X1 alaraq cavabdehə vermişdir. Cavabdehlə notarial müqavilədən kənar aralarında olan şifahi razılaşmaya əsasən o, X1 borc alaraq cavabdehə vermiş olduğu pulun tam şəkildə geri qaytarılacağı vaxtadək hər ay 1.500 manat əlavə pul ödəməli olmuşdur. Onun özü X1 almış olduğu pulun müqabilində cavabdehin əvəzinə hər ay 1.500 manat olmaqla, ümumilikdə 22.500 manat pul ödəmişdir. Bundan başqa 27 mart 2019cu il tarixdə cavabdehə qızının bank kartı vasitəsi ilə əlavə olaraq 15.000 manat pul göndərmişdir. Lakin cavabdeh notarial müqavilənin və aralarında olan şifahi razılaşmanın şərtlərinə əməl etməyərək öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq o, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh 105.000 manat borc müqaviləsinə görə müqavilə bağlanan andan hazırki vaxtadək əsas məbləğin 5 faizi miqdarında faiz ödəməlidir. Belə ki, hazırki tarixədək 44 ay müddət keçmişdir. Həmin məbləğin 1 ay üçün gecikmə faizi 437.50 manat təşkil edir. Ümumilikdə qeyd edilən məbləğ 19.250 manat təşkil edir. Bundan başqa 26 mart 2019-cu il tarixdə cavabdehə kart vasitəsi ilə göndərmiş olduğu həmin məbləğin gecikdirilməsi 32 ay, hər ay üçün gecikmə faizi 62.50 manat olmaqla ümumilikdə 2.000 manat təşkil edir. Beləliklə cavabdehin ona olan ümumi borcu 163.750 manat təşkil edir. Odur ki, Cavabdeh ümumilikdə 163.750 (bir yüz altmış üç min yeddi yüz əlli) manat məbləğində pulun alınıb və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-443/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun yaxın tanışıdır və uzun müddət bir yerdə işləmişlər. O, əvvəllər iddiaçıdan sələminə pul götürmüş və götürdüyü pulları qaytarmışdır. İddiaçının təqdim etdiyi borc müqaviləsi əslində formal bağlanılmış və əsl həqiqəti əks etdirmir. Belə ki, iddiaçı ona bildirmişdir ki, Mətanət adlı tanışından borca pul alıb və Mətanət hazırda həmin pulunu tələb edir. Ona görə də, Mətanəti inandırmaq və borcunu qaytarmaq üçün vaxt qazanmasında ona yardımçı olmağını istəmişdir. Formal olaraq müqavilə bağlanmış və imza etmişdir. İddiaçı Mətanətə olan borcunu qaytaracağını bildirmiş və ona pul məbləği verilmədiyindən iddiaçı həmin pulu notariusun depozit hesabına qoymamışdır.Bu səbəbdən qeyd olunan müqavilə real deyil və həqiqəti əks etdirmir. Cavabdeh hazırda 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi və məhkəmə kollegiyasının iclasında nümayəndəsi olan vəkili Vəkil2 ilə təmsil olunduğundan, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, Cavabdeh apellyasiya şikayətinə isə etiraz edərək, oxşar məzmunlu izahat verdi.Həmçinin bildirdi ki, cavabdehlə 2010-cu ildən dostluq münasibətində olmaqla, aralarında borc münasibətləri olmuşdur. Cavabdeh 2018-ci ilin mart ayında ona Bakı şəhərində mənzili almaq istədiyini bildirmiş, lakin pulu çatmadığını bildirərək ondan borc pul istəmişdir. Lakin onun pulu olmadığı üçün tanışı X1 105.000 manat məbləğində pulu müəyyən məbləğdə pulu verəcəyə şərti ilə alaraq, 29 mart 2018-ci il tarixli 3M– 200 reyestr nömrəli müqaviləyə əsasən 2 ay müddətinə faizsiz olaraq cavabdehə vermişdir. Bundan sonra isə, cavabdehə 2018-ci ilin aprel ayında 106.300 manat, sonra isə müxtəlif vaxtlarda bir neçə dəfə borc pul vermişdir. Lakin cavabdeh borclarını qaytarmadığı üçün, o, prokurorluğu şikayət etmiş və cavabdeh məhkəmənin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinərək, məhkum olunmuşdur. Hazırkı iddia tələbinin məhkəmə hökmündə qeyd edilən epizodlara aidiyyəti yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh apellyasiya şikayətinin rədd edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, Cavabdeh apellyasiya şikayətinə isə etiraz edərək, İddiaçı ilə eyni məzmunlu izahat verdi, odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh apellyasiya şikayətinin rədd edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi Vəkil2 izahatında apellyasiya şikayətini müdafiə, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi. Həmçinin göstərdi ki, heç şübhəsiz cavabdeh tərəfindən iddiaçıdan 29 mart 2018ci il tarixli, 3M–200 reyestr nömrəli borc müqaviləsi əsasında borc alınsa idi, həmin epizodla bağlı da prokurorluğa şikayət olunardı və ona həmin epizod üzrə ittiham elan olunardı. Digər tərəfdən, onlar yaxın dost olduqları üçün, dəfələrlə aralarında borc münasibətləri olmuş və heç vaxt aralarında rəsmi müqavilə olmamış və iddiaçı verdiyi borcun müqavilində küllü miqdarda gəlir əldə etmişdir. Cavabdeh sadəcə iddiaçının xahişi ilə həmin müqaviləyə imza atmış, həmin müqavilə uydurma əqd olmuş və o, həmin müqavilə əsasında heç bir pul məbləği borc almamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi və vəkilləri dinləyərək, hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməli, qətnamə iddianın qalan hissədə rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-443/2022 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsini, Cavabdeh isə həmin qətnamənin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişlər. Ona görə də, qətnamənin əsaslılığı tam yoxlanılır. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 mart 2018-ci il tarixli, 3M–200 reyestr nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş müqavilənin surətindən görünür ki, İddiaçı Cavabdeh 105.000 (bir yüz beş min) manat borc vermiş, cavabdeh həmin pulu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. X2 Gəncə Filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Cavabdeh adına 15.000 manat pul köçürmüşdür. AN–İ ******* saylı 23 may 2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 150.000 manata ünvan 1 ünvanında yerləşən mənzili "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən satın almışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(076)-84/2021 saylı 27 yanvar 2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.4-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyana görə 161.000 (bir yüz altmış bir min) manat, mənəvi ziyana görə 10.000 (on min) manat pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(076)-84/2021 saylı, 27 yanvar 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə 105000 manat borc pul vermiş, cavabdeh həmin borcunu xx.xx.2018-ci ilədək qaytarmağı öhdəsinə götürsə də, qaytarmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarında təsbit edilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmamış və yalnız ona əsaslanmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli müqavilə mövcuddur. Halbuki, Cavabdeh nümayəndəsi Vəkil2 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında həmin müqavilənin formal olaraq bağlanıldığını və iddiaçıdan borc pul alınmadığını göstərmiş, məhkəmə isə onun həmin izahatını təqdiq edib hüquqi qiymət verməmişdir. Hazrıkı işə apellyasiya icraatında baxılarkən, Cavabdeh 29 mart 2018-ci il tarixli 3M– 200 reyestr nömrəli müqavilənin etibarsızlığı barədə məhkəmədə iddia qaldırdığı üçün, Gəncə Apellyasiya Məhkəməsinin 19 may 2022-ci il tarixli qərardadı ilə hazırkı işin icraatı dayandırılmış, lakin Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərardadı ilə Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyun 2022-ci il tarixli qərardadında izah edilmişdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin Qərardadın 16-cı bəndinə görə, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). 17-ci bəndinə əsasən, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hü-ququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası ilk növbədə 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli borc müqaviləsi əsasında yarandığı hesab edilən hüquqla bağlı həmin əqdin etibarlı olub-olmamasını araşdırmağı zəruri hesab edir. İddiaçı məhkəmə kollegiyasının iclasında cavabdehlə 2010-cu ildən dostluq münasibətində olmaqla, aralarında borc münasibətləri olmasını, 2018-ci ilin mart ayında ona Bakı şəhərində mənzili almaq istəyi ilə bağlı tanışı X1 105.000 manat məbləğində pul alaraq, 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli müqaviləyə əsasən 2 ay müddətinə faizsiz olaraq cavabdehə verməsini, cavabdehin nümayəndəsi isə, tərəflərin yaxın dost olduqları, dəfələrlə aralarında borc münasibətlərinin olması və heç vaxt aralarında rəsmi müqavilə olmamasını, cavabdehin sadəcə iddiaçının xahişi ilə həmin müqaviləyə imza atmasını və həmin müqavilənin uydurma əqd olmaqla, həmin müqavilə əsasında borc almamasını göstərmişdir. İddiaçı iş materiallarının 1-2-ci vərəqələrində olan 105.000 manat pul tələbinə dair xx.xx.2019-cu ildə tərtib etdiyi iddia ərizəsində Cavabdeh 2018-ci ilin mart ayında ona Bakı şəhərində mənzil almaq üçün pulu çatmadığını bildirərək ondan borc pul istədiyini və 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli müqaviləyə əsasən ona 105.000 manat borc verdiyini bildirmişdir. İddiaçı iddia həcminin artırılmasına dair xx.xx.2019-cu il tarixli ərizəsində isə qeyd edir ki, o, həmin pulu tanışı X1 alaraq cavabdehə vermiş və X4 ilə razılaşmasına əsasən pulu geri qayıdanadək hər ay Mətanətə 1500 manat pul ödəməli idi və Mətanətə 22.500 manat pul ödəmişdir. Bundan başqa, 27.03. 2019-cu ildə cavabdehə qızının bank kartı vasitəsilə 15.000 manat pul göndərmişdir.Ona görə də, cavabdehdən 142.500 manat pul tələb edir. (1-ci cild, iş vərəqə 47-48) İddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi üzrə məhkəmə iclas protokolunda öz əksini tapmış izahatında göstərmişdir ki, o, həmin pulu tanışı X1 alaraq cavabdehə vermiş və X4 ilə razılaşmasına əsasən pulu geri qayıdanadək hər ay Mətanətə 1500 manat pul ödəməli olduğundan, Mətanətə cəmi 22.500 manat pul ödəmişdir. Bundan başqa, 27.03. 2019-cu ildə cavabdehə qızının bank kartı vasitəsilə 15.000 manat pul göndərmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuş və 142.500 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmiş və həmin qətnamənin icrası qaydasında xx.xx.2020-ci il tarixli hərrac protokolu və hərracın yekunları barədə alqı-satqı müqaviləsi ilə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi-81,M 5, 3 saylı mənzil 160.500 manata İddiaçı tərəfindən əldə edilmiş və mülkiyyətinə keçirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(076)–84/2021 saylı 27 yanvar 2021-ci il tarixli hökmü ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı özünə inam yaradıb əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin aprel ayında sonuncudan 106.300 manat, 2018-ci ilin iyun ayının 27-də 149.300 manat, özünün plastik kart vasitəsilə xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək cəmi 32.900 manat, xx.xx.2019-cu ildə plastik kart vasitəsilə 15.000 manat olmaqla, cəmi 303.500 manat pul vəsaitini dələduzluqla ələ keçirmişdir. (İş vərəqə 174, 1-ci cild) Həmin hökmdə öz əksini tapan zərərçəkmiş İddiaçı ifadəsindən görünür ki, o, Cavabdeh qarşı borc tələbi ilə Şəmkir Rayon Məhkəməsinə iddia qaldırdığını, iddianın təmin tədbiri kimi Cavabdeh məxsus mənzilin üzərinə həbs qoyulduğunu, bundan sonra, 26 avqust 2019-cu ildə prokurorluq tərəfindən həmin mənzilin üzərinə təkrar həbs qoyulduğunu, həmin mənzilin açıq hərracda satılmaqla onun tərəfindən alındığını və hazırda mənzilin onun mülkiyyətində olmasını və bu səbəbdən iş üzrə qaldırdığı iddia tələbinin həcminin azaldaraq, təqsirləndirilən şəxs Cavabdeh 161000 manat maddi ziyanın və 10000 manat mənəvi ziyanın tutulub ona verilməsi barədə məhkəməyə yazılı ərizə göndərdiyini bildirmişdir.(İş vərəqə 183). Gəncə Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixlin qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilməklə, yenidən baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmiş və həmin işə yenidən baxılarkən, İddiaçı iddia həcminin artırılmasına dair xx.xx.2021-ci il tarixli ərizəsi ilə, cavabdehdən ümumilikdə əlavə faizlərlə birlikdə, cəmi 161.750 manat pul tələb etmişdir. İddiaçı iddia həcminin artırılmasına dair xx.xx.2021-ci il tarixli ərizəsi ilə, cavabdehdən ümumilikdə əlavə faizlərlə birlikdə, cəmi 163.750 manat pul tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən Cavabdeh 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli müqavilə ilə 105.000 (bir yüz beş min) manat borc verməsi sübut olunmur və öz təsdiqini tapmır. Belə ki, sübutlar, o cümlədən işdə iştirak edən şəxslərin izahatları qanunun tələbinə görə mübahisənin ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etməli, həmin sübutların tamlığı, obyektivliyi, mötəbərliyi şübhə altında olmamalıdır. İş üzrə əhəmiyyət kəsb edən hallar o halda mötəbər sübut hesab olunur ki, həmin sübutların məzmununu təşkil edən məlumatlar işin həqiqi hallarına uyğun olsun. Hansı ki həmin hallar məhkəmənin iş üzrə obyektiv nəticəyə gəlməsi və son nəticədə ədalətli qərar qəbul etməsi üçün zəmin rolunu oynayır. İşin həqiqi hallarına qiymət verilməməsi isə qəbul ediləcək məhkəmə aktının mötəbərliyini və obyektivliyini şübhə altına alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Əvvəla, İddiaçı hazırkı iş üzrə məhkəmədə iddia qaldırarkən, o, Cavabdeh 2018-ci ilin mart ayında ona Bakı şəhərində mənzil almaq üçün pulu çatmadığını bildirərək, ondan borc pul istədiyini və 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli müqaviləyə əsasən ona 105.000 manat borc verdiyini bildirmişdir. Sonradan isə, iddia həcminin artırılmasına dair xx.xx.2019-cu il tarixli ərizəsində qeyd etmişdir ki, o, həmin pulu tanışı X1 alaraq cavabdehə vermiş və X4 ilə razılaşmasına əsasən pulu geri qayıdanadək hər ay Mətanətə 1500 manat pul ödəməli idi və Mətanətə 22.500 manat pul ödəmişdir. Göründüyü kimi, İddiaçı hazırkı iş üzrə iddia ərizəsində və iddia həcminin artırılmasına dair xx.xx.2019-cu il tarixli ərizəsində bir-birinə zidd hallara istinad etmişdir ki, bu da onun qeyri-səmimiliyinə dəlalət edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(076)–84/2021 saylı 27 yanvar 2021-ci il tarixli hökmü ilə isə, müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı özünə inam yaradıb əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin aprel ayında sonuncudan 106.300 manat, 2018-ci ilin iyun ayının 27-də 149.300 manat, özünün plastik kart vasitəsilə xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək cəmi 32.900 manat, xx.xx.2019cu ildə plastik kart vasitəsilə 15.000 manat olmaqla, cəmi 303.500 manat pul vəsaitini dələduzluqla ələ keçirmişdir. Lakin həmin hökmdə cavabdehin iddiaçıdan 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli müqaviləyə əsasən 105.000 manat borc alması müəyyən olunmur. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2018-ci ilin aprel ayından başlamaqla, iyun ayına qədər cavabdehə küllü miqdarda, yəni 2018-ci ilin aprel ayında 106.300 manat, 2018-ci ilin iyun ayının 27-də 149.300 manat borc verdiyi halda, həmin tarixdən 10-15 gün əvvəl başqasından sələminə borc alıb cavabdehə verməsi və bunun müqabilində borc aldığı şəxsə hər ay 1500 manat olmaqla, 25.000 manat sələm ödəməsi inandırıcı və mötəbər hesab olunmur və iddiaçının həmin dəlilinin məzmununu təşkil edən məlumatlar işin həqiqi hallarına uyğun deyildir. Bundan başqa, baxmayaraq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(076)– 84/2021 saylı 27 yanvar 2021-ci il tarixli hökmü ilə 29 mart 2018-ci il tarixli 3M– 200 reyestr nömrəli müqaviləyə əsasən ehtimal olunan 105.000 manat borc verməsi müəyyən olunmur, cavabdehin isə həmin hökm ilə məhkum olunduğu epizodlara əsasən iddiaçının cəmi 303.500 manat pul vəsaitini dələduzluqla ələ keçirməsi müəyyən olunur, həmin hökm üzrə zərərçəkmiş İddiaçı Şəmkir Rayon Məhkəməsinin qiyabi qətnaməsinin icrası qaydasında Cavabdeh məxsus mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi-81,M 5, 3 saylı mənzilin 160.500 manat müqabilində mülkiyyətinə keçirilməsinə görə, cinayət işi iş üzrə qaldırdığı iddia tələbinin həcminin azaldaraq, təqsirləndirilən şəxs Cavabdeh 161000 manat maddi ziyanın və 10000 manat mənəvi ziyanın tutulub ona verilməsi barədə məhkəməyə yazılı ərizə göndərdiyini bildirmişdir. Göründüyü kimi, İddiaçı hazırkı iş üzrə tələbinin əsası kimi istinad etdiyi 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli müqavilənin uydurma olduğu və heç bir hüquqi nəticə yaratmadığını zənn edərək, həmin epizod üzrə cavabdeh ittiham olunmadığı halda, başqa qətnamənin icrası qaydasında əldə etdiyi cavabdehin mənzilinin müəyyən edilmiş dəyərinin, başqa dələduzluq epizodlarına görə ittiham olunduğu 303.500 manat pul məbləğindən çıxılmasını və cinayət işi iş üzrə qaldırdığı iddia tələbinin həcminin azaldaraq, təqsirləndirilən şəxs Cavabdeh 161000 manat maddi ziyanın və 10000 manat mənəvi ziyanın tutulub ona verilməsi barədə məhkəməyə yazılı ərizə göndərdiyini bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(076)-84/2021 saylı 27 yanvar 2021-ci il tarixli hökmü ilə isə, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.4-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyana görə 161.000 (bir yüz altmış bir min) manat, mənəvi ziyana görə 10.000 (on min) manat pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh bir neçə şəxsə qarşı küllü miqdarda dələduzluğa yol verdiyi üçün, İddiaçı gələcəkdə çıxarılacaq hökm üzrə mülki iddalar üzrə cavabdehin mülkiyyətində olan evin qərarın icrası qaydasında başqalarının alması ehtimalını düşünərək, tələsik qeyd edilən uydurma müqavilə üzrə iddia qaldıraraq, əldə edəcəyi qətnamənin icrası qaydasında Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi-81,M 5, 3 saylı mənzili əldə etmək niyyəti olmuş və bu niyyətlə uydurma əqdə əsalanmışdır. Çünki, belə olmasa idi, o, məhkəmə hökmü ilə müəyyən edilən dələduzluq epizodları üzrə təqsirləndirildiyi 303.500 manat məbləği üzrə mülki iddianın məbləğindən hazırki müqavilə üzrə borc verdiyini dediyi pulun müqabilində qətnamənin icrası qaydasında əldə etdiyi mənzilin dəyəri kimi 160.500 manatını çıxmaqla, iddianın həcminin azaldılmasına dair ərizə verməz idi. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MM-nin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.1. uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görnüş üçün bağlanılan əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə kollegiyası hesab edir ki,İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli müqavilə uydurma əqd olmaqla, əhəmiyyətsiz əqdir və etibarsızdır. Həmin əqd heç bir hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanılan əqddir və həmin müqavilə üzrə iddia olunan subyektiv hüquq yaranmamışdır. Belə olan halda, Şəmkir Rayon Məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmamışdır. İddianın təmin edilməyən hissələrinə gəldikdə, tərəflər arasında bağlanılan əqd etibarsız olduğu üçün, iddiaçı həmin müqavilə üzrə faizlər tələb etməkdə də haqlı deyildir, çünki həmin əqd bağlandığı andan etibarsızdır. İddianın təmin edilməyən xx.xx.2019-cu ildə cavabdehə qızının bank kartı vasitəsilə 15.000 manat pul göndərilməsi hissəsinə gəldikdə isə, həmin məbləğ də yuxarıda qeyd edilən ittiham hökmünə oturmuş və həmin epizodla bağlı mülki iddia baxılmamış saxlanılmışdır ki, hazırkı tələb məhz ittiham hökmündə qeyd edilən həmin məbləğlə bağlı olmadığından, təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməli, qətnamə iddianın qalan hissədə rədd edilmiş hissədinə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş Cavabdeh 105.000 (bir yüz beş min) manat əsas borc, 19.250 (on doqquz min iki yüz əlli) manat faiz borcu olmaqla, cəmi 124.250 (bir yüz iyirmi dörd min iki yüz əlli) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə, həmin iddia təmin edilməsin. Qətnamə iddianın qalan hissədə rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar