Məhkəmə qərarları › İş №2(104)-118/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-118/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-118/2025 13.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Agency ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1500/2024 saylı qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2699,99 manat əsas, 659,07 manat faiz, 159,71 manat cərimə, 0,26 manat komisyon haqqı borcu olmaqla, cəmi 3519,03 manat məbləğində cərimə borcu, 0,40 manat xitmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 52,2 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1500/2024 nömrəli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2699,99 manat əsas, 659,07 manat faiz, 159,71 manat cərimə, 0,26 manat komisyon haqqı borcu olmaqla, cəmi 3519,03 (üç min beş yüz on doqquz manat üç qəpik) manat məbləğində borcun, 0,40 manat xidmət haqqının və 55,2 (əlli beş manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq "X3" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1500/2024 nömrəli qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla iddiaçı "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə 6942sSMKR/20 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün illik 29 faizədək olmaq şərtilə 60 ay müddətinə, kreditin ilkin limiti 500 manat təyin edilmiş və həmin məbləğdə kredit ona verilmişdir. Ona ayrılmış kreditdən istifadə etmiş və Banka olan borcunu vaxtında qaytarmışdır. Buna baxmayaraq iddiaçı Bank əsassız olaraq ona qarşı məhkəmədə iddia qaldıraraq, ondan 2699.99 manat əsas, 659.07 manat faiz, 159.71 manat cərimə, 0.26 manat komisyon haqqı borcu olmaqla, cəmi 3519.03 (üç min beş yüz on doqquz manat üç qəpik) manat məbləğində borc tələb etmişdir. Halbuki, ona ayrılmış kredit limiti 500 manat olmuşdur. O, hətta Banka müraciət edərək, xx.xx.2020-ci il tarixli, 6942sSMKR/20 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarışı da əldə etmişdir. Həmin çıxarışda belə Bank tərəfindən ona ayrılmış kredit limitinin artırılması müəyyən olunmur. Belə olan halda, iddiaçı Bank tərəfindən necə ola bilər ki, ondan 2699.99 manat əsas borc tələb edilə bilər. İddiaçı "xxxx" KB ASC-nin vəsatəti əsasında, xx.xx.2024-cü il tarixli 05/24 UB saylı müqavilə ilə tələb hüququ "xxxx" Agency ASC-nə keçdiyindən, iddiaçı "xxxx" KB ASC-ti "xxxx" Agency ASC-ti ilə əvəz edilmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, bank ondan əsassız olaraq borcunu tələb etmişdir. Belə ki, o, kredit götürmüş və ona ayrılmış limiti istifadə etmişdir. Həmin vaxt o, bank kredit kartını ailəsinə verərək, Rusiya şəhərinə getmiş və orada işləyib və yaşayaraq həmin karta pullar göndərmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1500/2024 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı "xxxx" Agency ASC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020- ci il tarixli 6942sSMKR/20 saylı Kredit müqaviləsi ilə, cavabdehə müqavilə üzrə illik 29 % faizədək olmaq şərtilə 60 ay müddətinə, 500 manat kredit limiti təyin edilmişdir. Həmçinin müqavilə şərtlərinə uyğun olaraq, həmin məbləğ ayrı-ayrı vaxtlarda artılıraq, cəmi 2700 manat məbləğində cavabdehin bank kartına köçürmələr edilmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1500/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1500/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020- ci il tarixli 6942sSMKR/20 saylı Kredit müqaviləsindən görünür ki, cavabdehə müqavilə üzrə illik 29 % faizədək olmaq şərtilə 60 ay müddətinə, 500 manat kredit limiti təyin edilmişdir. 22 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 2699,99 manat əsas, 659,07 manat faiz, 159,71 manat cərimə, 0,26 manat komisyon haqqı borcu olmaqla, cəmi 3519,03 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2024-cü il tarixli 9/8550 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh 22 yanvar 2024-cü il tarixinə "xxxx" KB ASC-nə əsas borcu 2699,98 manat, faiz borcu 1266,50 manat təşkil edir. Azərbaycan Respublikasının MM-nin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 6942sSMKR/20 nömrəli kredit müqaviləsinə əsasən, “Bank” tərəfindən 60 ay müddətinə, illik 29% faiz ödəmək şərtilə kreditinin ilkin limiti 500 manat məbləğində təyin edilmiş və müqavilə şərtlərinə uyğun olaraq, həmin məbləğ ayrı-ayrı vaxtlarda artılıraq, cəmi 2700 manat məbləğində pul cavabdehin bank kartına köçürmüşdür. Cavabdeh Qurbanov Elşən Əhməd oğlu kredit müqaviləsinin şərtlərini pozaraq, öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçının banka 22 yanvar 2024-cü il tarixinə "xxxx" KB ASC-nə əsas borcu 2699,98 manat, faiz borcu 1266,50 manat borcu qalmışdır. Məhkəmə kollegiyası iddia tələbində göstərilən əsas borcun və faiz məbləğini əsas götürməklə, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə, düzgün vəç qanuni nəticəyə gəlmişdir Cavabdeh apellyasiya şikayətinin dəlillərində Banka olan borcunu vaxtı-vaxtında icra etməsini və ona çıxarış üzrə ayrılmış kredit limitinin artırılmamasını göstərsə də, həmin hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1500/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1500/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar