Məhkəmə qərarları › İş №2(104)-1180/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1180/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1180/2024 10.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra İddiaçı QSC BOKT) Cavabdeh qarşı tələbinə dair iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Kredit borcu, iddia müddəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi X5 iştirakı ilə, İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Tərtər R/ayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(061)-101/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 07 oktyabr 2010-cu il tarixli 10/79№-li kredit müqaviləsindən görünür ki, İddiaçı QSC BOKT-un Bərdə filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2010-cu il tarixdə, 10/79 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 21 % tətbiq etməklə, 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2010-cu il tarixli 10/79 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq X2 mülkiyyətində olan xx.xx.2006-cı il tarixli seriya MH ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, ********* saylı Qeydiyyat nömrəli çıxarışa əsasən Tərtər rayonu Hacıqərvənd kəndində yerləşən mülkiyyətində olan 0,37 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 122,7 kv.metr ümumi, 53,8 kv.metr yaşayış, 68,9 kv.metr köməkçi sahəsən ibarət fərdi yaşayış evini ipoteka ilə yükləməyi öz öhdəsinə götürmüşlər. Tərəflər arasında tərtib olunmuş xx.xx.2010-cu il tarixli qiymətləndirmə aktına əsasən ipoteka əmlakın razılaşdırılmış dəyəri 6000 manat müəyyən edilmişdir.

3. 15.10.2010-cu il tarixli, qeydiyyat nömrəsi ********** saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, X2 Tərtər rayonu, Hacıqərvənd kəndində mülkiyyətində olan 0,37 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 53,8 kv.metr yaşayış, 68,9 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. xx.xx.2006-cı il tarixli, qeydiyyat nömrəsi ********** saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Tərtər rayonu, Hacıqərvənd kəndində 0,37 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 53,8 kv.metr yaşayış, 68,9 kv.metr köməkçi sahədən ibarət X2 adına olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

5. AZ-İ 498289 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2011-ci ildə vəfat etmişdir.

6. Tərtər Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli 2(061)-1467/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh İddiaçı QSC BOKT-un xeyrinə xx.xx.2010-cu il tarixli 10/79 saylı kredit müqaviləsi üzrə 1476 manat əsas borcun, 1147 manat faiz borcunun, cəmi 2623 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka qoyulmuş mərhum X4 məxsus olmuş, hazırda onun qanuni vərəsəsi Cavabdeh sahibliyində olan Tərtər rayonu, Hacıqərvənd kəndində mülkiyyətində olan 0,37 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, 0,37 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin evin açıq hərraca çıxarılıb satılması hesabına 2623 manat borc məbləği və 30 manat dövlət rüsumunun tutulub İddiaçı QSC BOKT-a ödənilməsi, həmin hərracda satıldıqdan 1 ay sonra orada yaşayan cavabdehlər Cavabdeh, X1, Mehdiyev Əkbər Ələkbər oğlunun, X6 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı QSC BOKT-a təhvil verilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 6000 manat müəyyən edilməsi qət edilmişdir.

7. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-536/2019 saylı qərardadının surətindən görünür ki, həmin qərardadla İddiaçı QSC BOKT-nın Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-536 saylı qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması barədə ərizəsi təmin edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı QSC BOKT Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 918 (doqquz yüz on səkkiz) manat 70 (yetmiş) qəpik əsas borc, 1146 (min yüz qırx altı) manat 48 (qırx səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 2065 (iki min altmış beş) manat 18 (on səkkiz) qəpik borc məbləğinin və ödənilmiş 40 (qırx) manat 65 (altmış beş) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC BOKT-un Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 10/79 saylı kredit müqaviləsinə əsasən ona 22 ay müddətinə illik 21 faiz olmaqla cəmi 4000 manat kredit verilmişdir. Cavabdeh qrafikə uyğun olaraq əsas borc və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda müqavilənin şərtlərinə əməl etməmiş, əsas və faiz borcundan ödəniş etməmişdir. Bununla da Cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh İddiaçı QSC BOKT-a olan əsas borcu 918,70 manat faiz borcu 1146,48 manat olmaqla, cəmi borcu 2065,18 manat məbləğində təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)-536/2019 saylı qərardadına əsasən İddiaçı QSC BOKT-ın Cavabdeh qarşı borcun ödənilməsi və əmlakın hərracda satılması barədə iddia ərizəsi baxılmamış saxlanılmış və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Bundan əlavə Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-536/2019 saylı qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması barədə İddiaçı QSC BOKT-ın ərizəsi təmin edilməmişdir. Cavabdeh onunla bağlanmış restukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 2065,18 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməlidir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh 918 (doqquz yüz on səkkiz) manat 70 (yetmiş) qəpik əsas borc, 1146 (min yüz qırx altı) manat 48 (qırx) səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 2065 (iki min altmış beş) manat 18 (on səkkiz) qəpik borc məbləğinin və ödənilmiş 40 (qırx) manat 65 (altmış beş) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bundan sonra İddiaçı QSC BOKT iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Cavabdeh 918 (doqquz yüz on səkkiz) manat 70 (yetmiş) qəpik əsas borcun və ödənilmiş 40 (qırx) manat 65 (altmış beş) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(061)-101/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev), iddianın təmin edilməsi, Cavabdeh 918 (doqquz yüz on səkkiz) manat 70 (yetmiş) qəpik əsas borc və ödənilmiş 40 (qırx) manat 65 (altmış beş) qəpik dövlət rüsumu alınıb İddiaçı QSC-in hesabına ödənilməsi qət edilmişdir.

12. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, göründüyü kimi cavabdeh mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu vəsatətinin təmin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, məhkəmədə elan edilmiş Tərtər Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli 2(061)-1467/2018 saylı qətnaməsi qəbul edilmiş və tərəflərə poçt vasitəsi ilə göndərilmişdir. Cavabdeh həmin vaxt iddia müddətinin tətbiq edilməsi ilə bağlı müraciət etməmişdir. Məhkəmə hesab edir ki, o, həmin qətnamə ilə razılaşmışdır. Eləcə də məhkəmədə elan edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-536/2019 saylı qərardadının surətindən görünür ki, həmin qərardadla İddiaçı QSC BOKT-nın Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-536 saylı qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması barədə ərizəsi təmin edilməmişdir. Həmin vaxtda da cavabdehin müddət tətbiqi ilə bağlı vəsatəti məhkəməyə təqdim edilməmişdir. Cavabdeh kredit məbləğini 07 oktyabr 2010-cu ildə götürsə də mülki işlə bağlı qətnamə 03 sentyabr 2018-ci il tarixdə qəbul edilmişdir. Eləcə də həmin mülki işlə bağlı xx.xx.2023-cü il tarixdə qərardad qəbul edilmişdir. Bununla yanaşı kreditin ödənilməsinin təminatı olaraq mərhum X4 məxsus olmuş, hazırda onun qanuni vərəsəsi Cavabdeh sahibliyində olan Tərtər rayonu, Hacıqərvənd kəndində mülkiyyətində olan 0,37 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka yüklü edilmişdir. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddia tələbi ilə bağlı 03 sentyabr 2018-ci il tarixdə qətnamə qəbul edilmiş, sonralar da xx.xx.2023-cü il tarixdə iddia tələbi ilə bağlı qərardad qəbul edilmiş və iddiaçı tərəf cavabdehə qarşı borclu olduğu kredit məbləğinin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Beləliklə də müvafiq olaraq prosessual müddətin axımı davam etmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279, 295, 317.1, 442, 425, 443.1, 445.1, 448.1, 739.1 və 739.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(061)-101/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. Belə ki, əvvəla o Tərtər Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(061)-1467/2018 №-li qiyabi qətnaməsi çıxarlarkən həmin məhkəmə iclasında iştirak etməmişdir və məhz buna görə də qətnamə qiyabi qətnamə formasında çıxarılmışdır. Tərtər Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(061)-1467/2018 №-li qiyabi qətnaməsinin mövcudluğundan məlumatı olduqda isə o həmin qətnamənin Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ərizə ilə məhkəməyə müraciət edərək, Tərtər rayon məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(061)- 1467/2018 №-li qiyabi qətnamənin ləgv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qiyabi qətnamənin ləğvi barədə məhkəməyə göndərdiyi ərizəsi məhkəmənin dəftərxanasına xx.xx.2019-cu ildə daxil olmuş və xx.xx.2019-cu ildə də hmin ərizəyə dərkənar qoyulmuşdur. Buna baxmayaraq onun həmin ərizəsinə baxılmamış, əksinə iddiaçının ərizəsinə əsasən Tərtər rayon məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(061)-536 /2019 №-li qərardadına əsasən (hakim Mübariz Məmmədov) İddiaçı QSC BOKT-nin Cavabdeh oglunna qarşı «borcun ödənilməsi və əmlakın hərracda satılması barədə» iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmış və ərizə və ona əlavə edilmiş sənədlərin ərizəçiyə qaytarılmışdır. Bundan sonra iddiaçı yenidən Tərtər rayon məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(061)-536/2019 №-li qərardadının ləgv edilməsi və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması barədə məhkəməyə ərizə təqdim etmiş, lakin Tərtər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-536/2023№-li qərardadı ilə Tərtər rayon məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(061)-536/2019 №-li qərardadının ləgv edilməsi və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması barədə ərizəsi təmin edilməmişdir. Yalnız bundan sonra iş üzrə idiaçı İddiaçı QSC BOKT ümumi qaydada iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət edərək ondan 918.00 manat əsas borcu, 1146.48 manat faiz borcu olmaqla, cəmi 2065.00 manat və ödənilmiş 40.65 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir ki, da həmin iddia ərizəsinə baxılarkən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Yəni mən indiyədək keçirilən məhkəmə iclaslarının heç birində iştirak edə bilmədiyim üçün iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilməmişdir, yalnız bu sonuncu məhkəmədə iştirak etdiyi üçün iddia müddətinin tətbiq edilməsi barədə müraciət edə bilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı QSC BOKT-un Bərdə filialı ilə ilə aramızda bağlanmış xx.xx.2010-cu il tarixli 10/79 saylı kredit müqaviləsinə əsasən o 22 ay müddətinə illik 21 faiz olmaqla cəmi 4000 manat kredit götürmüşdür. Kredit götürüb yonca bitkisi əkmişdir. Lakin, erməni işğalçıları su verməmiş, eləcə də sahəni ziyanvericilər tamamilə məhv etmişdir. Dəfələrlə həmin banka və aidiyyəti orqanlara şəhid ailəsi olduğunu, kredit müqaviləsinin vaxtının 12 ildən artıq keçməsini və 2012-ci ilin fevral ayında ödədiyi 2000 manat pulun bankın ödəniş cədvəlinə səhvən olaraq əvvəlcədən ödənilmiş pul kimi yox, səhvən olaraq gecikdirilmiş pul kimi göstərilmişdir. Əgər bank tərəfindən cədvəldə düzəliş olunarsa, onun banka borcu deyil, az miqdarda faiz borcu qalmış olacağını bildirmişdir. Bundan sonra kredit müqaviləsinin vaxtının keçməsini nəzərə alınmasını xahiş etmişdir. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC BOKT-nın nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

22. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

25. Maddə 445.1. Öhdəliyin icrasını gecikdirən borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

26. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməs - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

27. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır.

30. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

31. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

32. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

33. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

34. Maddə 739.1. Borc müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

35. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarı

36. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarı

37. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenmunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 10 mart 2004-cü il tarixli qərarı

38. Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri inistutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarı

39. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

40. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

41. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməlidir.

43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Maddə 217.3 qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

49. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

50. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

51. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

52. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

54. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.

55. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

57. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

58. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqaviləsinə, habelə qanunvericiliyin borcla bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.

59. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.

60. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.

61. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

62. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.

63. İş materiallarında olan sənədlərlə təsdiq olunur ki, Cavabdeh İddiaçı QSC BOKTdan xx.xx.2010-cu il tarixli 10/79 nömrəli kredit müqaviləsi üzrə 22 ay müddətinə 4000 manat məbləğində kredit götürmüş, lakin kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyin icrasını təmin etməmiş, müqavilə şərtlərinə əməl etməmiş və kreditorun hüquqları pozulmuşdur. Lakin iddiaçı tərəfindən cavabdehə qarşı vaxtında iddia verilməmiş, kredit müqaviləsi üzrə iddia müddəti ötürülmüşdür.

64. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti qeyd olunaraq göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

65. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, «iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur». Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

67. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli 10/79 nömrəli kredit müqaviləsi üzrə icra müddəti bitdikdən 3 il keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia tələbi iddia müddətinin tətbiqi üzrə rədd edilməlidir. Hansı ki, caavbdeh tərəfindən birinci instansiya məhkəməsində ərizə ilə bu məqama toxunmuş və iddianın məhz bu əsasla rəddini xahiş etmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırda iddia müddətinin tətbiqi yolveriləndir.

68. Çünki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamış, keçirilmiş məhkəmə iclasları barədə onların məlumatı olmamışdır. Bununla da onlar iddia müddətinin tətbiqi barədə ərizə vermək hüquqlarından məhrum edilmişlər.

69. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı).

70. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur.

71. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri).

72. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir.

73. Məhkəmə kollegiyası göstərir ki, işin faktiki halları iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunla müəyyən olunmuş iddia müddətininin ötürülməsi nəticəsinə gəlməyə əsas verir.

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

75. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

76. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

77. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

78. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

79. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

80. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

83. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

84. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

85. Eyni zamanda kollegiya qeyd edir ki, iddia təmin edilmədiyindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

86. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.2, 385.1, 386, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(061)-101/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar