Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1181/2024 27.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X5, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2(061)-1258/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli 326-K saylı işə qəbul etmə haqqında əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2018-ci il tarixindən etibarən satıcı kassir vəzifəsinə işə qəbul edilməsi, əməkhaqqının ştat cədvəlinə əsasən 153 manat olmaqla ödənilməsi əmr edilmişdir;
2. xx.xx.2018-ci ildə tərtib olunmuş əmək müqavilsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh satıcıkassir işinə qəbul olunmuşdur;
3. İddiaçı MMC üzrə xx.xx.2020-ci il tarixli 282 saylı vəzifə dəyişikliyi haqqında əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2020-ci il tarixdən administrator vəzifəsinə keçirilməsi, əməkhaqqının ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi əmr edilmişdir;
4. xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında X9 haqqında müqavilə bağlanmışdır;
5. Vəzifə təlimatının surətindən görünür ki, Cavabdeh vəzifə funksiyaları, vəzifə səlahiyyətləri və vəzifə məsuliyyətləri ilə tanış olmuş və təlimatla tanış olduğunu imzası ilə təsdiq etmişdir;
6. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 205 saylı işdən azad edilmə haqqında əmrdən çıxarışının surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin baş satıcısının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə əsasən xitam verilməsi, son haqq hesab: istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmişdir;
7. Aktivlər üzrə invertarizasiya nəticələrinə dair yekun aktın surətindən görünür ki, Tərtər rayon Şıxarx qəsəbəsində yerləşən “OBA”-Tərtər 4 saylı mağazada invertazasiya aparılmış və 6323,82 manat əskik mal olması müəyyən edilmişdir;
8. İddiaçı MMC-nin 29 aprel 2022-ci il tarixli 877 nömrəli əmri ilə Tərtər rayonu Şıxarx qəsəbəsi ünvanında yerləşən “Oba-Tərtər 4” (1199) mağazasında administrator işləyən, maddi məsul şəxs Cavabdeh Qabil oğlunun öhdəsində olan maddi ehtiyatların mağazaya yeni təyin olunmuş maddi məsul şəxs X2 bilavasitə iştirakı ilə mövcud olan maddi ehtiyaclarını, xx.xx.2022-ci il tarixinə olan vəziyyətinin yoxlamasını aparmaq əmr edilmişdir;
9. İddiaçı MMC-nin inventarizasiya komissiyasının xx.xx.2022-ci il tarixli itizamnaməsinin surətindən görünür ki, Cavabdeh apardığı qeydlərdə göstərmişdir ki, “Mən sayımda iştirak etdim. Bütün çeşidlər mən də köməyə gələn işçilər tərəfindən yoxlanıldı. Heç bir səhv aşkar olunmadı. Araşdırma zamanı heç bir etirazım olmayacaq. Mən şəxsin qarşılaşdırma və sənədlərlə zalın hər bir tərəfini yoxladım hər hansı bir səhv olarsa cavabdehəm. Sayılan miqdarda razıyam market daxilində verdiyim çəki məhsullarının kodlarına işi özüm yoxladığım yerlərə cavabdehəm. Sayım qrupuna və komissiya üzvlərindən heç bir etirazım yoxdur. Mən sayımda iştirak etdim. Mənim tərəfindən yoxlanılan yerlərdə heç bir səhv aşkar olunmadı. Market daxilində verdiyim çəki məhsulların kodlarına cavabdehəm. Sayılan miqdarda razıyam. Sayım qrupundan və komissiyon üzvlərindən heç bir etirazım yoxdur”;
10. İddiaçı MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 21 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2022-ci il tarixdə 6309,37 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmaqlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 5849 manat borc qalmışdır. Beləliklə, Cavabdeh 02 avqust 2023-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 5849 manat təşkil etmişdir;
11. İddiaçı MMC-nin Tərtər rayonu Seydimli kəndində yaşayan Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyəti yoxlanılmış və əskikgəlmə aşkar edilmişdir. 3 gün müddətində borcun ödənilməsinin təmin olunması xahiş edilmiş, əks halda barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir;
12. xx.xx.2023-cü il tarixli mediasiya arayışından görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı iş vaxtı ərzində, iş yerində intizam xətasının nəticəsi olaraq müəssisəyə vurulmuş maddi zərərlə bağlı 5849 manat borc tələbidir. Mübahisə üzrə digər tərəf üçüncü şəxs qismində satış departamentinin satış üzrə direktoru X4 müraciət edən tərəfində cəlb edilmişdir. Tərəflərə mediasiya sessiyasının keçirildiyi 25 iyul 2023-cü il saat 15-00 müəyyən edilmiş və tərəflərə bu barədə 06 iyul 2023-cü il tarixdə bildiriş göndərilmişdir. Həsənzadə X1 iştirak etməyən tərəf olmuşdur. İddiaçı MMC tərəfindən 50 manat xidmət haqqı və 5 manat poçt göndərişi, ümumilikdə 55 manat ödənilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5849 manat və mediasiya xərci üçün ödənilmiş 55 manat, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 29 manat vəsaitin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixli 282 saylı əmrlə cavabdeh administrator vəzifəsinə keçirilmiş və “X9" haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 205 saylı əmrlə isə cavabdeh işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin “Oba Tərtər 4” mağazasında çalışdığı zaman aparılmış invertarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə “İnvertarizasiya Nəticələri”nə dair akta əsasən yekun ziyan məbləği 6309,37 manat təşkil etmişdir. Maliyyə arayışından məlum olmuşdur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra cəmi 5849 manat borc qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, lakin müsbət nəticə olmamışdır.
15. Cavabdeh iddiaya etiraz verərək qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli əmək müqaviləsi ilə İddiaçı MMC-nin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən marketə satıcıkassir işinə qəbul edilmiş və işinin öhdəsindən layiqincə gəlmişdir. Bu nəzərə alınaraq xx.xx.2020-ci il tarixdə marketə “administrator” vəzifəsinə təyin edilmişdir. 2022-ci ilin aprel ayına kimi administrator işləmişdir. Administrator olaraq marketdə vəzifəsi ondan ibarət olmuşdur ki, marketə gələn ərzaq və digər məhsulları siyahı ilə qəbul etmiş və satışa buraxmışdır. 2021-ci il tarixdə baş ofisin daxili nəzarət şöbəsinin əməkdaşı Manaf adlı şəxs marketdə yoxlama apararaq heç bir əskiyi olmadığı və bu barədə şəffaflığın olması barədə protokol tərtib edilmişdir. Marketdə olan vaxt keçmiş ərzaq və digər ərzaq malları olmuşdur ki, onlar siyahısı ilə əvvəlki bölgə müdiri Fərid Abdullayevə təhvil verərək marketin zirzəmisinə yığılmışdır. Aradan 45 gün keçdikdən sonra onun işini yoxlamağa başlamışlar. Yoxlama aparılan zaman, üstündən silinmiş əvvəlki bölgə müdirinə təhvil verdiyi məhsulları onun üzərinə qanunsuz yazmasına etiraz etmişdir. Əvvəllər bölgə müdirinə təhvil verdiyi ərzaq və qeyri-ərzaq məhsullarını kameraya çəkərək özündə saxlamışdır. 2022-ci ilin aprel ayında onu qanunsuz olaraq işdən azad etmişlər. İşdən azad edilərkən onun son haqq-hesabını verməmişlər. O, təkrar qanunsuz işdən çıxarıldığını və üstünə qanunsuz məhsulların əskik kimi yazılmasını və baş ofisdən nümayəndə gələrək yenidən yoxlama aparılmasını xahiş etsə də, onun müraciətinə baxan olmamışdır.
16. Tərtər Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2(061)-1258/2023 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia təmin edilərək, Cavabdeh vurulmuş zərərə görə 5849 (beş min səkkiz yüz qırx doqquz) manat, mediasiya xərci üçün ödənilmiş 50 (əlli beş) manat xidmət haqqı, 5 (beş) manat poçt xidmət haqqı, ödənilmiş 29 (iyirmi doqquz) manat məbləğində dövlət rüsumu tutulub İddiaçı MMC-in bank hesabına ödənilməsi qət edilmişdir.
17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən iddia tələbinin qanuni əsasının Əmək Məcəlləsinin 191-ci maddəsi olması nəzərə alınmamışdır. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanunazidd olmalı, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. Bununla yanaşı, Əmək Məcəlləsi işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı konkret halların dəqiq siyahısını müəyyən edir (maddə 199), vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarının araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır (maddə 203). Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir (maddə 206). Lakin, işə baxmış birinci instansiya məhkəməsi işəgötürən tərəfindən hazırkı iddianın qaldırılmasınadək həmin müddəalara riayət olunub-olunmadığı barədə hər hansı hüquqi dəyərləndirmə aparmamış, iddiaçının təqdim etdiyi inventarizasiya aktı və təftiş yoxlaması barədə arayışla belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya tələb olunan məbləğdə maddi ziyan vurmuşdur. Tərəfindən iddiaçıya ünvanlanmış 30 aprel 2022-ci il tarixli məktubda qeyd edilənlərin iddiaçı şirkət tərəfindən araşdırılmamasına və iddiaçı təşkilat tərəfindən geri qaytarılan malların təzədən onun üstünə yazılmasına dair göstərdiyi xüsusatlara məhkəmə hüquqi qiymət verməmiş və məhkəmə iclasında verdiyi izahatda qeyd edilənlərlə bağlı heç bir araşdırma aparmamışdır. Eyni zamanda,birinci instansiya məhkəməsi zərərin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin etməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
21. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, inventarizasiya araşdırma prosesi zamanı o da iştirak etmişdir. Əvvəlki bölgə müdirinə təhvil verdiyi məhsullar qanunsuz olaraq onun adına yazılmışdır. İnventarizasiya araşdırma prosesi zamanı tərtib olunmuş xx.xx.2022-ci il tarixli iltizamnaməyə məsul şəxs kimi Cavabdeh imza etsə də, yekunlaşmış təftiş yoxlaması barədə 21 avqust 2023-cü il tarixli arayışa imza etmişdir. Lakin, bu hal formal xarakterli olmuşdur. Ona görə ki, qaydaya uyğun olaraq həmin marketdə yekunlaşmış təftiş yoxlaması zamanı tərtib edilən akta administratorlar imza edir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, 2021-ci ildə baş ofisin daxili nəzarət şöbəsinin əməkdaşı Manaf adlı şəxs marketdə yoxlama apararaq heç bir əskik olmadığı və şəffaflığın olması barədə protokol tərtib etmişdir. Mağazada olan vaxtı keçmiş ərzaq və digər mallar olmuşdur ki, onları da siyahı ilə əvvəlki bölgə müdiri Fərid Abdullayevə təhvil vermişdir.
22. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi inventarizasiya aktı və təftiş yoxlaması barədə arayışla belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya tələb olunan məbləğdə maddi ziyan vurmuşdur. Həmçinin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 30 aprel 2022-ci il tarixli məktubda qeyd edilənlərin iddiaçı şirkət tərəfindən araşdırılmamasına və iddiaçı təşkilat tərəfindən geri qaytarılan malların yenidən cavabdehin öhdəliyində olmasına dair göstərdiyi xüsusatlara məhkəmə hüquqi qiymət verməmiş və cavabdehin məhkəmə iclasında verdiyi izahatda qeyd edilənlərlə bağlı heç bir araşdırma aparmamışdır.
23. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış maddi məsuliyyət haqqında müqavilə cavabdehin özünün də imzası ilə tərtib olunmuş, cavabdeh işə qəbul edilərkən həmin müqaviləni imzalayaraq mağazada mallar əskik gələrsə məlumat verəcəyini, mağazada hər hansı bir problemin həll olacağını, avadanlıqların təhvil alıb sonra olacağı kimi qaytaracağı və digər hüquq və vəzifələri ilə bağlı, ümumiyyətlə maddi məsuliyyət müqaviləsində bütün bəndləri oxumuş və imza etmişdir. Cavabdehin işlədiyi son dövrlərdə mallarda əskiklik yaranmış, sayım keçirilmiş, invertarizasiya siyahısı və aktı ilə bu hal öz təsdiqini tapmışdır. Həmin əskik mallar barədə cavabdehə məlumat verilmiş və sonuncu invertarizasiya keçirilən zaman sayımın düzgün olduğunu qeyd etmişdir. Cavabdehin bir neçə dəfə əmək funksiyalarının icrası ilə bağlı nöqsanları olmuş, bu səbəbdən da onun əməkhaqqından tutulmalar olmuşdur.
24. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı şirkət tərəfindən onun işlədiyi mağazada 29 aprel 2022-ci il tarixdə imha işləri aparılmışdır. Həmin imha marketlər şəbəkəsinin Goranboy rayonu üzrə bölgə müdiri tərəfindən həyata keçirilmişdir. Həmin şəxs bunu ona şifahi şəkildə də etiraf edir, lakin bunu təsdiq edən hər hansı sənəd mövcud deyil. İmha işlərinin hansı səbəbdən rəsmiləşdirilməməsinin səbəbini bilmir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehin işlədiyi mağazadakı bəzi mallar 28 aprel 2022-ci il tarixdə imha edilmişdir. Cavabdeh iddia edir ki, həmin gündən bir gün sonra, yəni 29 aprel 2022-ci il tarixdə də bəzi mallar imha edilmişdir. Lakin, cavabdeh bu barədə hər hansı sübut təqdim etməmişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, cavabdehin işlədiyi marketdə bəzi mallar 28 aprel 2022-ci ildə imha edilmiş, 29 aprel 2022-ci il tarixdə isə malların sayımı aparılmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
27. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
28. Maddə 57.1. İşəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.
29. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X9 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada X9 daşıyırlar.
30. Maddə 200. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X9 daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X9 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Bu maddənin birinci və ikinci hissələrində göstərilən X9 barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. X9 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.
31. Maddə 203. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına əmək qanunvericiliyinə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli 326-K saylı işə qəbul etmə haqqında əmri ilə Cavabdeh cəmiyyətin satış departamentinin satış şöbəsinə xx.xx.2018-ci il tarixindən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli 282 saylı vəzifə dəyişikliyi haqqında əmrlə Cavabdeh cəmiyyətin satış departamentinin satış şöbəsində xx.xx.2020-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. Eyni zamanda, xx.xx.2020-ci il tarixdə işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında X9 haqqında müqavilə bağlanmışdır. Cavabdeh vəzifə funksiyaları, vəzifə səlahiyyətləri və vəzifə məsuliyyətləri ilə tanış olmuş və təlimatla tanış olduğunu imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh administrator işlədiyi Tərtər rayon Şıxarx qəsəbəsində yerləşən “OBA”-Tərtər 4 saylı mağazada xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mağazaya daxil olmuş malların invertarizasiyası aparılmış və 6323,82 manat dəyərində əskik mal olması müəyyən edilmişdir. Bu barədə işəgötürən tərəfindən aktivlər üzrə invertarizasiya nəticələrinə dair yekun akt tərtib edilmişdir. İşçi Cavabdeh invertarizasiya prosesində iştirək edərək komissiyanın iltizamnaməsində qeyd etmişdir ki, sayımda iştirak etmişdir və heç bir səhv aşkar olunmamışdır, sayılan miqdarla razıdır. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə işəgötürən tərəfindən müvafiq güzəştlər tətbiq edildikdə əskik gəlmələrə görə işçi Cavabdeh ümumi olaraq 5849 manat borcu müəyyən edilmişdir. 11 may 2022-ci ildə işçi Cavabdeh ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürən İddiaçı MMC dəymiş ziyanın əvəzinin ödənilməsi barədə işçiyə xəbərdarlıq etdiyini, lakin müsbət nəticə olmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
45. İşin hallarından göründüyü kimi xx.xx.2022-ci il tarixdə Cavabdeh administrator işlədiyi Tərtər rayon Şıxarx qəsəbəsində yerləşən “OBA”-Tərtər 4 saylı mağazada cavabdehin iştirakı ilə invertarizasiya aparılmış və 6323,82 manat dəyərində əskik mal olması müəyyən edilmişdir.
46. Cavabdeh tərəfin dəlili ondan ibarətdir ki, invertarizasiya aparılan zaman onun adından silinmiş, əvvəlki bölgə müdirinə təhvil verdiyi məhsullar, habelə vaxtı keçmiş ərzaq və digər mallar qanunsuz olaraq onun adına yazılmışdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi Cavabdeh administrator işlədiyi Tərtər rayon Şıxarx qəsəbəsində yerləşən “OBA”-Tərtər 4 saylı mağazada xx.xx.2021-ci il tarixdə invertarizasiya aparılmış və həmin yoxlama zamanı mağazada hər hansı əksik gələn mal olmamışdır. xx.xx.2022-ci il tarixdə aparılmış invertarizasiya da məhz əvvəlki (xx.xx.2021) invertarizasiyadan sonrakı dövrdə mağazaya daxil olmuş mallar üzrə aparılmışdır. Bununla yanaşı, apellyasiya baxışı zamanı İddiaçı MMC tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş qaimə sənədləri (silinmə aktları) məhkəmə iclasında tərəflərin iştirakı ilə sistemli şəkildə tədqiq edilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdən sonuncu invertarizasiya aparılan tarixə (xx.xx.2022) cavabdehin adminstrator işlədiyi mağazadakı son istifadə müddəti bitmiş, o cümlədən satış üçün yararsız hala düşmüş məhsulların siyahısı tutulmuşdur.
48. Göründüyü kimi, cavabdehin administrator işlədiyi mağazada xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixdə invertarizasiya aparılan dövrədək son istifadə müddəti bitmiş, habelə satış üçün yararsız hala düşmüş məhsullar əvvəlcədən müəyyən edilərək siyahıya alınmış və həmin mallar invertarizasiya zamanı yoxlayıcılar tərəfindən nəzərə alınmışdır. Beləliklə, “vaxtı keçmiş ərzaq və digər malların qanunsuz olaraq onun adına yazılmış” olması barədə cavab tərəfindən irəli sürülən dəlil öz təsdiqini tapmamış, əksinə iş materialları ilə həmin dəlil təkzib edilmişdir.
49. Bundan əlavə, cavabdeh mülki işin 119-123-cü vərəqlərindəki iadə sənədlərinə istinad edərək bildirir ki, onun adından silinmiş mallar qanunsuz olaraq invertarizasiya prosesində əksik gələn mal hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədlər kollegiya tərəfindən mötəbər sübut kimi qiymətləndirilməmişdir. Çünki, Cavabdeh “OBA”-Tərtər 4 saylı mağazada administrator işləmişdir. Mülki işin 119-123-cü səhifələrindəki iadə sənədləri isə həmin mağazaya deyil, “OBA”-Tərtər 3 saylı mağazaya aiddir.
50. Məhkəmə kollegiyası həmçinin göstərir ki, cavabdeh tərəf əvvəlki bölgə müdirinə təhvil verdiyi məhsulların qanunsuz olaraq onun adına yazılmış olduğunu bildirsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
51. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
54. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
55. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
56. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
57. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur.
58. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2(061)-1258/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.