Məhkəmə qərarları › İş №2(104)-1182/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1182/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1182/2023 16.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 2(062)-181/2023 saylı mülki iş üzrə 17 yanvar 2023cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 039CASA191690008 saylı xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-qarşısında olan 7981,15 AZN məbləğində kredit kredit borcu 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə restrukturizasiya edilmişdir.

2. İş materiallarında olan İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 039FİZAM31404601 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcalan Cavabdeh1nın İddiaçı ASC qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

3. İş materiallarında olan İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1nın İddiaçı ASC-yə xx.xx.2022ci il tarixə 5194,5 manat məbləğində əsas kredit borcu, 2,88 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 5197,38 manat məbləğində vəsait borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC-nin nümayəndəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə bank arasında bağlanmış 039CASA191690008 saylı xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bankın xeyrinə müştərək qaydada 5194,5 manat məbləğində əsas kredit borcu, 2,88 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 5197,38 manatın, həmçinin iddia qaldırılması üçün ödənilmiş 71,98 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 039CASA191690008 saylı xx.xx.2019-cu il tarixli güzəşətli kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 7981,15 AZN məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi digər Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli 039FİZAM31404601 saylı zaminlik müqaviləsinə əsasən, o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyətlərini öz üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən, cavabdehlər yeni şərtlərə əməl edərək, restrukturizasiya olunmuş kreditləri və kreditdən istifadəyə görə aylıq faiz məbləğini hissə-hissə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin, güzəştli kredit müqaviləsinə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlərin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 5194,5 manat məbləğində əsas kredit borcu, 2,88 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 5197,38 manat məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməyilərinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmişlər.

6. Tovuz Rayon Məhkəməsinin 2(062)-181/2023 saylı mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (F.Əliyev) iddia tələbi təmin edilmiş, Bank Respublika” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 039CASA191690008 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5194,5 manat məbləğində əsas kredit borcu, 2,88 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 5197,38 (beş min yüz doxsan yeddi manat otuz səkkiz qəpik) manat pulun və 71.98 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq, İddiaçı ASC-yə verilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 442, 445.1, 445.2.1, 448.1, 449, 470.1 və 472.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh2 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-181/2023 saylı mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, tərəflər arasında əldə edilmiş razılığa uyğun olaraq, iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi istiqamətində zamin olaraq onun tərəfindən yetərli addımlar atılmış, müəyyən qədər ödənişlər həyata keçirilmiş və bankla razılığa gəlinmişdir. Lakin, həmin ödənişlər iddia tələbində göstərilən məbləğlərdən çıxarılmamış, bank edilmiş ödənişlərlə bağlı məhkəməyə məlumat verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi.

12. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

16. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

17. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

18. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası İddiaçı ASC-nin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır.

28. Belə ki, işin məhkəmədə müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında əvvəlki kredit borcunun restrukturizasiya edilməsi barədə xx.xx.2019-cu il tarixli 039CASA191690008 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 7981.15 manat məbləğində kredit borcunu 60 ay müddətinə illik 1 faiz ödənilməsi şərtilə qaytarmaq öhdəliyi götürmüşdür. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi digər Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 039FİZAM31404601 saylı zaminlik müqaviləsinə əsasən, o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh tərəf üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamış, nəticədə iddiaçı Banka 5194,5 manat məbləğində əsas kredit borcu, 2,88 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 5197,38 manat məbləğində borcu yaranmışdır. Bu səbəbdən də iddiaçı Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir.

29. Apellyator şikayətində banka müəyyən ödənişlər edildiyini, lakin, iddia tərtib edilərkən həmin ödənişlərin nəzərə alınmadığını qeyd etsə də, məhkəmədə iddia qaldırılarkən onun etdiyi hansı ödənişlərin nəzərə alınmadığı barədə apellyasiya şikayətinə heç bir sübut əlavə etməmişdir. Ona görə də, işin faktiki halları kimi müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehin kredit borcu düzgün müəyyən edilmişdir və irəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur, məhkəmə də haqlı olaraq irəli sürülən iddianı təmin etmişdir. Həmçinin, iddia ərizəsinin baxılmamış saxlanması üçün heç bir əsas müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal xarakterli olmaqla, iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-181/2023 saylı mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-181/2023 saylı mülki iş üzrə 17 yanvar 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar