Məhkəmə qərarları › İş №2(104)-1186/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1186/2023

11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1186/2023 11.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-931/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş ziyanın əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-931/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-931/2023 saylı qərardadından şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərardaddan verilmiş şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı ilə onun iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Səbəb kimi MPM-nin 149-cu və 152-ci maddələrinin tələblərinə riayət edilməməsi qeyd olunsa da, hazırda iddia ərizəsində hansı çatışmazlıqların olduğu göstərilmir. İddia ərizəsi əsassız olaraq ona geri qaytarılmışdır. Əslində iddia ərizəsi tam olaraq MPM-nin 149-cu və 152-ci maddələrinə müvafiq olaraq tərtib olunmuş, tələbin nədən ibarət olduğu açıq-aydın göstərilmiş və əsaslandırılmış, tərəflərin rekvizitləri, mobil telefonları qeyd olunmaqla ünvanları, həmin ünvanları təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Hesab edir ki, qərardad əsassızdır və ləğv olunaraq iddia ərizəsi baxılmaq üçün icraata götürülməlidir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-931/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyаsı şikаyətin dəlillərini iş üzrə toplаnmış sübutlаrlа əlаqəli şəkildə tədqiq edib, аşаğıdа qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar vardır, birinci instаnsiyа məhkəməsi qərar qəbul edərkən düzgün nəticəyə gəlməmiş və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.7-ci mаddəsinə əsasən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmış və qərardadı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməli olduğu halda, ərizəyə bu məlumatlar əlavə edilməmişdir. Göründüyü kimi, iddia ərizəsində hər iki tərəfin, yəni iddiaçı və cavabdehin adı, soyadı, atasının adı, rəsmi qeydə alındığı ünvanlar, mobil telefon nömrələri dəqiq göstərilmiş, həmçinin bu halı təsdiq edən sübutlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmun tələblərinə uyğun tərtib edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Formal mülahizələrə görə məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsi tərəfindən prosessual hüquq norması düzgün təfsir olunmadığından şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-931/2023 saylı qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadda həll edilməli olan məsələni həll etmək hüququ vardır. Odur ki, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-398 -ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-931/2023 saylı qərardadı tam və bununla əlaqədar xx.xx.2023-cü il tarixli, 2(062)-931/2023 saylı qərardadı qismən ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: imza var Hakimlər: imzalar var düzdür Hakim: Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar