Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1186/2024 08.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2(023)-1433/2023 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 766,1 manat əsas borc, 136,95 manat faiz borcu olmaqla, cəmi 903,05 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2(023)-1433/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 766,1 manat əsas borc, 136,95 manat faiz borcu olmaqla, cəmi 903,05 (doqquz yüz üç manat beş qəpik) manat borcun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə verilməsi qət edilmişdir. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2(023)-1433/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsini, ötürülmüş müddətin üzrlü hesab edilməsini və mülki işin Gəncə Apellaysiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh2 ərizəsini onunla əsaslandırmışdır ki, Qazax Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2(023)-1433/2023 nömrəli qətnaməsinin mövcudluğundan xəbəri olmamışdır. Yalnız tutma əməkhaqqına yönəldikdə qətnamədən xəbəri olmuşdur. Beləliklə, qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Qazax Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2(023)-1433/2023 nömrəli qərardadı ilə (hakim Nemət Musayev) İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-1433/2023 nömrəli qətnaməsindən Cavabdeh2 vermiş olduğu apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh2 şikayət verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin olunmaması nəticəsində onun məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Halbuki, onun nə məhkəmə qətnaməsindən, nə də ki işə məhkəmədə baxılmasından xəbəri olmamışdır. Qazax Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(023)-1433/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 27 mart 2024-cü il tarixli 2(023)-1433/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 08 aprel 2024-cü il tarixli 2(023)-1433/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, ərizə təmin edilməməli, apellyasiya şikayəti vaxtında verilmiş hesab edilərək apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kollegiyasına verilməlidir. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. MPM-nin 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı MPM-nin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.6-cı maddəsində göstərilmişdir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə, habelə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə proses iştirakçısının elektron kabinetinə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materialları ilə Qazax Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2(023)- 1433/2023 nömrəli qətnaməsinin cavabdeh X1 çatdırılmasına təsdiq edən hər hansı rəsmi sənəd müəyyən olunmamışdır. Beləliklə sözü gedən qətnamə cavabdeh Lilpar Aslanova tərəfindən əldə edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamədən şikayət vermə müddətinin axımı «qətnamənin surətinin rəsmi qaydada verildiyi» vaxtdan hesablandığına görə və qətnamə rəsmi qaydada cavabdeh Lilpar Aslanovaya təqdim edilmədiyindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdirr. Belə olan halda onun buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsi yolverilməzdir. “Q.Hüseynovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X3 Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir». Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 27 mart 2024-cü il tarixli 2(023)-1433/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 08 aprel 2024-cü il tarixli 2(023)-1433/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, ərizə təmin edilməməli, apellyasiya şikayəti vaxtında verilmiş hesab edilərək apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kollegiyasına verilməlidir. MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-in 133, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2(023)-1433/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 08 aprel 2024-cü il tarixli 2(023)-1433/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Cavabdeh2 tərəfindən verilmiş ərizə apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötmədiyindən təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2(023)-1433/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1186/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1186/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver