Məhkəmə qərarları › İş №2(104)-1190/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1190/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1190/2024 03.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsinin alqı-satqısına görə ödənilmiş pulun qaytarılması tələbi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dаir mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(125)-283/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 03 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 1192 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, H.Şəh-38, xətt-14, ev 11-də yaşayan İddiaçı müraciəti və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alınaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndi və Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəii Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndini əsas tutularaq, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi; vətəndaş İddiaçı yaşayış evinin layihəsinin memarlıq planlaşdırma bölməsini Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırmasının tapşırılması qərara alınmışdır;

2. X2 Gəncə şəhəri 1 saylı notariat kontorunda verdiyi ərizənin surətindən görünür ki, onun Cavabdeh qarşı heç bir iddia, şikayəti və tələbi yoxdur. Bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacaq;

3. X3 Gəncə şəhəri 1 saylı notariat kontorunda verdiyi ərizənin surətindən görünür ki, onun Cavabdeh qarşı heç bir iddia, şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq;

4. X8 Gəncə şəhəri 1 saylı notariat kontorunda verdiyi ərizənin surətindən görünür ki, onun Cavabdeh qarşı heç bir iddia, şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq;

5. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarda Gəncə şəhər Baş Polis İdarəsinə İddiaçı verdiyi izahatdan görünür ki, 2016-cı ilin aprel ayının sonlarında iş yoldaşı Mübariz Quliyevin iştirakı ilə 4000 manat pulu Gəncə şəhəri Cavadxan qəsəbəsində torpaq sahəsi almaq üçün makler Rasim Bəyalıyevə vermişdir. 17 iyun 2017-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 1192 nömrəli sərəncamına əsasən Gəncə şəhəri Cavadxan qəsəbəsində 400 kv.m torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi haqqında sərəncam verilmişdir. Torpaq sahəsində ev tikmək üçün dəfələrlə Kəpəz rayon İcra Hakimiyyətinin başçısının müavininin qəbulunda olmuş, adını dəqiq bilmədiyi şəxs ona bildirmişdir ki, həmin torpaq sahəsi dövlət əmlakıdır və orada heç bir tikinti işləri aparıla bilməz. Hazırda həmin torpaq sahəsində tikinti işləri apara bilmir. Daha sonra bu barədə aidiyyəti dövlət orqanlarına müraciət etmişdir. Həmin qərarın qəbul edilməsinə əsas olan araşdırma zamanı X1 Vüsalə Vahid qızı ilə eyni məzmunlu izahat vermişdir. Gəncə şəhər Baş Polis İdarəsinə X8 verdiyi izahatdan görünür ki, 2016-cı ildə iş yoldaşı Mübariz Quliyevlə torpaq sahəsi almaq istəmiş, daha sonra torpaq sahəsi almaq üçün Razin adlı şəxslə Gəncə şəhəri Yeni Yevlax avtovağzalının yaxınlığında görüşmüşdür. Orada Razin adlı şəxs onlara bir neçə yerdə torpaq sahəsi göstərmiş, iki torpaq sahəsini Gəncə şəhəri Cücə zavodunun yaxınlığında, ikisini isə Cavadxan qəsəbəsində göstərmiş və həmin yeri bəyənib almışdır. Ümumilikdə, Razin adlı şəxsə 4 ədəd torpaq sahəsi üçün 26000 manat pul vermişdir. Daha sonra Mübariz Quliyev iş yoldaşının da torpaq sahəsi almaq istədiyini bildirmiş, həmin vaxt Razin adlı şəxs Mübariz Quliyevə torpaq sahəsinin olduğunu bildirmiş, bir neçə saatdan sonra Mübariz Quliyev iş yoldaşı Vüsalə adlı xanımla gəlib onun almaq istədiyi torpaq sahəsinə baxmışlar, danışıb razlaşmışlar və 4000 manat pulu Mübariz Quliyevin iştirakı ilə Razin adlı şəxsə vermişdir. Orada Razin adlı şəxslə bir qədər söhbət etdikdən sonra yaxın günlərdə torpağın sənədini verəcəyini bildirmiş, bir neçə gündən sonra Razin adlı şəxs ona bildirmişdir ki, Mübariz Quliyevin iş yoldaşı Vüsalə adlı xanıma göstərdiyi torpaq sahəsi alınmadığından başqa bir yer təklif etmişdir. Daha sonra Vüsalənin atası Vahid adlı şəxslə gedib həmin torpaq sahəsinə baxmışlar. Bu vaxt Razin adlı şəxs yeni göstərdiyi torpaq sahəsinin qiymətinin 10000 manat olduğunu bildirmişdir. Həmin Vahid adlı şəxs əlavə pulunun olmadığını və 4000 manat pul qarşılığında torpaq sahəsi ala biləcəyini bildirmişdir. Bundan sonra Vahid adlı şəxs Razinə demişdir ki, yer xoşuna gəlmiş və torpağın sənədləri gəldikdə ona əlavə hörmət edəcək. Bir müddətdən sonra torpaqların sənədləri düzəlmədiyindən Mübariz, o və Vahid adlı şəxs bu barədə Gəncə şəhər Baş Polis idarəsinə Razin adlı şəxsin barəsində şikayət ərizəsi yazmışlar. Bu işlə bağlı Gəncə şəhər Baş Polis İdarəsində Razin adlı şəxsin barəsində cinayət işi açılmış və Razin adlı şəxs həbs edilmişdir. Bir müddət keçdikdən sonra Razin onun, Mübarizin və Vahidin torpaq sahəsinə dair sərəncamlarını vermişdir. Həmin araşdırma vaxtı Gəncə şəhər Baş Polis İdarəsinə Cavabdeh verdiyi izahatdan görünür ki, 2016-cı ildə əvvəllər tanıdığı Rasim adlı şəxs onunla görüşərək yaxın adamına torpaq sahəsi almaq istədiyini bildirmişdir. Həmin vaxt özünə məxsus Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən torpaq sahəsini Rasim adlı şəxsə göstərmiş, daha sonra həmin torpaq sahəsini Rasim adlı şəxs bəyəndiyini bildirərək ilkin olaraq 1000 manat beh pul vermişdir. Həmin torpaq sahəsini ümumilikdə 3000 manat pul qarşılığında razlaşmışlar. Təxminən 10-15 gündən sonra Rasim adlı şəxs onunla görüşərək həmin torpaq sahəsini almaq istəmədiyini demiş, o da beh kimi verdiyi 1000 manat pulu Rasim adlı şəxsə qaytarmışdır. Bundan sonra Rasim Bəyalıyevin onun barəsində şikayət və tələbinin olmaması barədə xx.xx.2018-ci ildə Gəncə şəhər 1 saylı notariusa ərizə təqdim etmişdir. Bundan başqa İddiaçı tanımır. Həmin vaxt Rasim adlı şəxsə qaytardığı 1000 manat pulu Rasimin özünün alması bardə öz xətti ilə yazaraq ona təqdim etmişdir.

6. X10 xx.xx.2017-ci il tarixdə yazdığı əlyazma qəbzdə qeyd etmişdir ki, Cavabdeh mülkiyyətində olan və Zeynalov Vahidin qızına almaq üçün 4 (dörd) sot torpaqdan imtina edir və 4 (dörd) sot torpağa görə verdiyi 1000 manat pulu almışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh 4000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 4000 manat verib Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsi almış və Cavabdeh ona xx.xx.2017-ci tarixli Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1192 nömrəli sərəncamını vermişdir. Sərəncama əsasən ona həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Lakin o, həmin torpaq sahəsində ev tikdirmək istərkən icazə verilməmişdir. Kəpəz rayon İcra Hakimiyyətində bildirmişlər ki, həmin torpaq sahəsi elektrik şəbəkəsinin altında yerləşməklə dövlət əmlakıdır və orada heç bir tikinti işləri aparıla bilməz. Hazırda o, həmin torpaq sahəsində heç bir tikinti işləri apara bilmir. Buna görə də o, dəfələrlə Cavabdeh verdiyi 4000 manatı geri tələb etmiş, lakin Cavabdeh 4000 manat pulu qaytarmaqdan imtina etmişdir. Bu barədə aidiyyəti orqanlara müraciət etmiş, lakin Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Gəncə Baş Polis İdarəsində araşdırma aparılarkən cavabdeh Razin Qəhramanov bir həftəyə onun pulunu qaytarmasına söz vermişdir. Buna baxmayaraq, hal-hazıra kimi pulu qaytarılmamışdır. 4000 manat pulu torpaq sahəsinə baxdıqdan sonra gedib Cavabdeh iş otağında iş yoldaşı X5, X10 və atası Vahid Zeynalovun yanında vermişdir.

9. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Mübarizlə tanış idilər və ondan torpaq sahəsi almışdırlar. Sonra Mübariz ona Vüsalə adlı iş yoldaşının torpaq sahəsi almaq istədiyini bildirmiş, beləliklə Vüsalə ilə tanış olmuşlar. O, Mübariz və Vüsalənin atası birlikdə gedərək, torpaq sahəsinə baxmışlar və 4000 manat pulu Razinə vermişlər, daha sonra Razin həmin torpağı verə bilməmiş və başqa torpaq sahəsini verəcəyini, amma onun dəyərinin 8000 manat olduğunu bildirmişdir. Vüsalənin atası razılaşmamış və demişdir ki, 4000 manata hansı torpaq sahəsi uyğun gəlirsə, onu versin. Cavabdeh əvvəlcə özünü İcra Hakimiyyətinin nümayəndəsi kimi tanıtmış, daha sonra isə belə olmadığnı öyrənmişlər. Pullarını geri tələb etdikdə Razinin qardaşı bildirmişdir ki, pulları geri qaytaracaq, notariat qaydada ərizə versinlər, həmin vaxt Vüsalənin atası qaydasında olmayan sənədinə görə Razindən şikayətçi idi, ona görə notariat qaydada ərizə verdi. Onlardan başqa 18 nəfər də şikayət edən şəxs var idi, onlar ərizə versələr də, pullarını geri qaytarmadılar. Razılığa gələ bilmədikləri üçün Vüsalə polis şöbəsinə şikayət etdilər, Razin bir həftəyə pulu qaytaracağını bildirdi. Vüsalə pulu sayaraq ona vermiş, o da Mübariz və Vüsalənin atasını yanında pulu Razinə vermişdir, Vüsalə həmin vaxt çöldə avtomobilin içində gözləyirdi. “Yeni Avtovağzal” adlanan ərazidəki daş karxanasında Razinə pulu vermişlər.

10. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Vüsalə onun qızıdır və münasibətləri yaxşıdır. Qızı Vüsaləyə torpaq sahəsi lazım olduğundan bildirdi ki, iş yoldaşı olan Mübarizin torpaq sahəsi satan tanışı var. Daha sonra Mübariz və Rasimlə birlikdə gedərək “Avtovağzal” deyilən ərazidə torpaq sahəsinə baxdıqdan sornra Razinə pulu vermək üçün yanına Mübariz və Rasimlə birlikdə getmişlər, həmin vaxt çöldə Vüsalə gözləmiş, üç nəfər olaraq Razinin yanına getmişlər. Rasimi tanıdıqları üçün pulu sayaraq Rasimə vermişlər, Rasim də onların yanında pulu Razinə vermişdir. Daha sonrasında Vüsalənin adına torpaq sahəsinə dair sənəd verilməmişdir. Razin barəsində cinayət işi başlandığından torpaq sahəsinə dair onun adına sənəd verildiyi üçün Razinə qarşı hər hansı tələbi olmaması barədə notariat qaydada ərizə vermişlər. Lakin, həmin torpaq sahəsində tikinti apara bilməmişlər, çünki ərazidən yüksək gərginlik xətt keçir, daha sonra polis şöbəsinə şikayət etmişdir.

11. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Vüsalə onun iş yoldaşıdır, münasibətləri yaxşıdır. Razin Vüsaləyə torpaq satmışdır, Rasim vasitəsilə Razini tanımışlar. Rasimlə birlikdə taksi fəaliyyətiylə məşğuldurlar. Rasim Razinin torpaq satdığını bildirmiş, o da torpaq sahəsi almaq üçün Razinə pul vermiş, daha sonra pulunu geri ala bilmişdir. Vüsalə də torpaq sahəsi əldə etmək istədiyini bildirmiş, Vüsalənin atası, Vüsalə, o və Rasim birlikdə gedərək Razinlə görüşmüşlər, Razin “Avtovağzal” deyilən ərazidə onlara torpaq sahəsi göstərmiş, 4-5 gün sonra Vüsalə torpaq üçün pulu vermişdir Rasimə, Vüsalənin atası, Rasim və Mübariz birlikdə daş karxanasında Razinə torpaq sahəsinin Vüsaləyə satılmasının dəyəri olaraq vermişlər. Vüsalə həmin vaxt çöldə avtomobilin içində gözləmişdir. Razin torpaq sahəsi üçün rəsmi sənəd verməmiş, daha sonra Vüsalə poliş şöbəsinə müraciət etdikdən, Vüsaləyə sərəncam verilmişdir. Həmin sənədlə də torpaq sahəsində evin tikintisinin qeyrimümkün olduğu bildirilmişdir. Daha sonra Vüsalə təkrarən polisə şikayət etdikdən sonra, Razin pulu qaytarmaq üçün bir həftə vaxt istəmişdir, amma hələ də pulu qaytarmamışdır. Verdiyi pulu Razin ona geri qaytardığı üçün tələbi olmaması barədə notariat qaydada ərizə vermişdir. Polis şöbəsində verdiyi izahatında da pulun Razinə verilməsi barədə bildirmişdir.

12. Gəncə Şəhər Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(125)-283/2024 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia təmin edilərək, Cavabdeh 4000 (dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 (altmış) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1092.2, 1092.3, 1093.1 və 1093.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, tərəflərin münasibələtləri əsassız varlanma kimi qiymətləndirilsə də, lakin Mülki Məcəllənin 1095-ci maddəsinin tələbləri pozulmuşdur. Çünki, həmin maddədə qeyd edilir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Göründüyü kimi, pulu tələb etmək hüququ üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Bundan başqa, məhkəmə iddianı təmin edərkən şahid ifadələrinə əsaslansa da, lakin nəzərə alınmamışdır ki, şahidlərdən biri iddiaçının iş yoldaşı, biri atası, digər biri isə işdə ən çox marağı olan şəxsdir. Eyni zamanda, həm iddiaçının, həm də şahidlərin məhkəmədə verdikləri ifadə ilə polis şöbəsində verdikləri ifadələr arasında önəmli ziddiyyətlər var. Belə ki, iddiaçı əvvəllər pulu Rasim Bəyalıyevə verdiyini göstərsə də, hazırda pulu guya ona vermiş olduğunu göstərir. Həmçinin, şahidlərin ifadələri ziddiyyət təşkil edir, habelə məhkəmə iclasında ifadə verən şahidlərin cavabdehə qarşı hər hansı tələb və ya şikayətlərinin olmadığı və olmayacağına dair notariat qaydada təsdiq olunmuş ərizələr onlar tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə isə iddiaçının özünün ərizə verməməsi əsası ilə digər şəxslərin ərizələrini nəzərə almamışdır. Halbuki, həmin şahidlər ən əsası da iddiçının atasının cavabdehlə başqa münasibətləri olmamışdır və məhkəmə iclasında onların hansı səbəbə görə notariusda belə bir ərizə vemələri barədə ağlabatan fikir deyə bilməmişlər.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçını Gəncə Baş Polis İdarəsində araşdırma aparılan zamanadək görməmiş və tanımamışdır. X10 2017-ci ilin iyul ayında ona bildirmişdir ki, ev tikdirmək istəyir və bunun üçün ona torpaq sahəsi lazımdır. Həmin vaxt onun satışa çıxartdığı torpaq sahəsi olmuşdur və həmin torpağı almağı Rasimə təklif etmişdir. Sonuncu da bununla razılaşmış və 2017-ci ilin iyun ayında ona məxsus 0,4 ha torpaq sahəsini satın almaq məqsədilə 1000 manat məbləğində beh vermişdir. Lakin, bir müddətdən sonra Rasim ona müraciət edərək alqı-satqıdan imtina etdiyini bildirmiş və verdiyi beh məbləğini ondan geri istəmişdir. O da Rasim Bəyalıyevin istəyinə uyğun olaraq verdiyi 1000 manat behi ona geri qaytarmışdır. Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin ona hər hansı aidiyyəti yoxdur. Həmin torpaq sahəsini iddiaçıya o satmamışdır. Sədrlik edən suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçı polisə müraciət edən zaman onun səhhəti pisləşmişdir, həmin vaxt işi aparan müstəntiq qardaşı Rizvana pul verməyəcəyi təqdirdə onu həbs edəcəklərini bildirmiş, iddiaçı Vüsalənin xeyrinə ondan 4000 manat pul almışdır. Onun isə bundan məlumatı olmamışdır. Ona görə də, ona qarşı hər hansı şikayət və tələbinin olmadığı barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Rasim Bəyalıyevə satdığı, sonradan isə geri qaytardığı torpaq sahəsi hal-hazırda da onun istifadəsindədir.

18. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehə torpaq sahəsi üçün verilən 4000 manat məbləğində pul ona məxsus olmuşdur. Həmin pulu cavabdehə onun atası iş yoldaşı Mübariz Quliyevlə birlikdə vermişlər. Torpaq sahəsini satın aldıqdan sonra torpağı öz adına özəlləşdirmək və orada ev tikdirmək qərarına gəlmişdir. Bu zaman ona bildirilmişdir ki, həmin torpaq sahəsi elektrik xəttinin altında yerləşir və dövlət mülkiyyətindədir. Bundan sonra torpaq sahəsinin alqı-satqısına görə cavabdehə verdiyi pulu geri tələb etsə də, lakin müsbət nəticə olmamışdır. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, torpaq sahəsi üçün pulu Cavabdeh 2017-ci ilin may ayında vermişlər. Verdiyi pulu Cavabdeh tələb edəndə sonuncu bildirmişdir ki, onun barəsində polisə etdikləri şikayət geri götürülsə, torpağa dair sənədləri təqdim edəcək. Onun atası da bu səbəbdən polisə Cavabdeh qarşı hər hansı şikayət və tələbinin olmaması ilə bağlı ərizə yazmağa məcbur olmuşdur. Amma Razin torpağa dair sənədi yenə verməmişdir. Torpaq sahəsini X10 vasitəsilə almışdır.

19. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Rasim Bəyalıyevə torpaq satmamışdır. Torpaq sahəsini İddiaçı satmış və 1000 manat da beh almışdır. X9 həmin pulu ondan geri almış və bu barədə Rasim qəbzə imza etmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia təıləbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, torpaq sahəsinin alqı-satqsına görə pulu Rasim Bəyalıyevə vermişdir. Rasim də onun atası və iş yoldaşı ilə birlikdə gedərək həmin pulu Cavabdeh vermişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, pula görə cavabdeh şəxs Rasim Bəyalıyev olmuşdur. Torpaq sahəsini da Rasim onlara göstərmişdir. Bilirmişlər ki, Rasim Bəyalıyev pulu başqasına verəcək. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Hazırkı məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X10 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçı torpağı cavabdehdən almışdır, sadəcə torpağın sənədi gec gəldiyi üçün prokurorluğa şikayət etmişlər. İddiaçı iş yoldaşı Mübariz ilə yaxın olmuşlar və sonuncu ona bildirmişdir ki, Vüsalə xanıma torpaq sahəsi lazımdır. Razin torpağı İcra Hakimiyyətindən alıb satmışdır. Cavabdeh pulu Vüsalə xanımın atasına vermişdir. Orada Mübariz, o və Vüsalə xanımın atası olmuşdur. Onun da 25000 manat pulu olub və hələdə qaytarılmayıb. Onlar pulu verib torpaq almış, sadəcə sənədləri gec verildiyi üçün şikayət etmişlər. İddiaçı torpaq sahəsi verilmiş olsa da, lakin torpaq yararsız olduğu üçün istəməmişdir. Həmçinin suala cavab olaraq bildirilmişdir ki, savadsız olduğuna görə xx.xx.2017-ci il tarixdə tərtib edilmiş İddiaçı almaq istədiyi 0.04 ha torpaq sahəsi üçün verilmiş 1000 manat pulun ona geri qaytarılması barədə olan əlyazma qəbzə imza etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

35. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh 4000 manat verib Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsi aldığını, lakin orada tikinti işləri aparılmasına icazə olmadığından Cavabdeh verdiyi 4000 manatı geri tələb etdiyini, buna baxmayaraq sonuncunun həmin vəsaiti qaytarmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

37. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsini 4000 manat pul müqabilində Cavabdeh aldığını iddia etsə də, lakin tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair tərtib edilmiş müqavilə, akt, əlyazma sənəd və.s tərtib edilməmişdir. Beləliklə, tərəflər arasında torpaq sahəsinin alqı-satqısı olması və bu məqsədlə məhz iddiaçı tərəfindən cavabdehə 4000 manat pul verilməsi öz təsdiqini tapmamışdır.

38. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, 400 kv.m torpaq sahəsinin alqı-satqısı məqsədilə cavabdehə 4000 manat pul verilməsi ilə bağlı iddiaçı tərəf bir-biri ilə təzad yaradan dəlillər irəli sürmüşdür.

39. Belə ki, iş materiallarındakı sənədlərdən göründüyü kimi iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmiş və həmin müraciət üzrə araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara nəzər satdıqda müəyyən olunur ki, İddiaçı araşdırma aparılan zaman verdiyi izahatında 2016-cı ilin aprel ayının sonlarında iş yoldaşı Mübariz Quliyevin iştirakı ilə 4000 manat pulu Gəncə şəhəri Cavadxan qəsəbəsində torpaq sahəsi almaq üçün makler Rasim Bəyalıyevə verdiyini bildirmişdir (bax iş materialları səhifə 6).

40. İddiaçı iddia ərizəsinin məzmununda isə polis idarəsində verdiyi izahatı ilə əhəmiyyətli dərəcədə ziddiyyət yaradan dəlillər irəli sürərək qeyd etmişdir ki, 4000 manat pulu torpaq sahəsinə baxdıqdan sonra gedib Cavabdeh iş otağında iş yoldaşı X5, X10 və atası Vahid Zeynalovun yanında vermişdir (bax 1-ci səhifə iddia ərizəsi).

42. Göründüyü kimi, iddiaçı tərəfin iddia tələbini əsaslandırmağa çalışdığı arqumentlər bir-biri ilə ziddiyyət doğurur.

43. Bundan başqa, Cavabdeh isə apellyasiya baxışı zamanı verdiyi izahatında bildirmişdir ki, X10 2017-ci ilin iyul ayında ev tikdirmək istədiyini və bunun üçün ona torpaq sahəsi lazım olduğunu demişdir. Həmin vaxt onun satışa çıxartdığı torpaq sahəsi olmuşdur və həmin torpağı almağı Rasimə təklif etmişdir. Sonuncu da bununla razılaşmış və 2017-ci ilin iyun ayında ona məxsus 0,4 ha torpaq sahəsini satın almaq məqsədilə 1000 manat məbləğində beh vermişdir. Lakin, bir müddətdən sonra Rasim ona müraciət edərək alqı-satqıdan imtina etdiyini bildirmiş və verdiyi beh məbləğini ondan geri istəmişdir. O da Rasim Bəyalıyevin istəyinə uyğun olaraq verdiyi 1000 manat behi ona geri qaytarmış və bu barədə sonuncu qəbzə imza etmişdir. Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin ona hər hansı aidiyyəti yoxdur.

44. X10 da iddiaçının müraciəti üzrə Gəncə şəhər Baş Polis İdarəsində aparılan araşdırma zamanı verdiyi izahatında Vüsalə xanıma torpaq almaq üçün 4000 manat pulu Mübariz Quliyevin iştirakı ilə Cavabdeh verdiyini bildirmişdir.

45. Nəzərə almaq lazımdır ki, iş materiallaına əlavə edilmiş X8 xx.xx.2017-ci il tarixdə yazdığı əlyazma qəbzdə qeyd etmişdir ki, Cavabdeh mülkiyyətində olan və Zeynalov Vahidin qızının almaq istədiyi 0.4 ha torpaq sahəsini almaqdan imtina edir və 0.4 ha (dörd) torpaq sahəsinə görə verdiyi 1000 manat pulu geri almışdır.

46. Apellyasiya baxışı zamanı keçirilmiş hazırkı məhkəmə iclasında da X10 şahid qismində dindirilmiş və verdiyi ifadəsində bildirmişdir ki, iş materiallarındakı xx.xx.2017-ci il tarixdə tərtib edilmiş əlyazma qəbz onun tərəfindən icra edilmişdir.

47. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək cavabdehin səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlir. Ona görə ki, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya torpaq alınması məqsədilə yalnız Rasim Bəyalıyev tərəfindən Cavabdeh 1000 manat beh verilmişdir ki, həmin vəsait də cavabdeh tərəfindən Rasim Bəyalıyevə geri qaytarılmışdır və bu hal da sonuncu tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş əlyazma qəbzlə öz təsdiqini tapır.

48. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas yoxdur. İşə baxan birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.

49. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(125)-283/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dаir iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar