Məhkəmə qərarları › İş №2(104)-1193/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1193/2023

17.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1193/2023 17.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı X1 Cavabdeh qarşı xırdabuynuzlu heyvanların və ya onların dəyərinin cavabdehdən tutulması tələbi barədə ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: heyvanların qaytarılması və ya dəyərinin ödənilməsi, pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, Qazax Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(023)-80/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 17 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ağstafa RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X2 qəbul etdiyi 15 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Ağstafa RPŞ-yə vermiş olduğu Cavabdeh barəsində olan şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı ərizəsində qeyd etdiyi xüsusatlarla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qazax X10 Mərkəzinin verdiyi 11 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1 baş boğaz vəziyyətdə olan xırda buynuzlu heyvan (qoyun) 8 ay ərzində 1 baş və ya ekiz doğarsa 2 baş bala verə bilər. Hal-hazırda bazarda xırda buynuzlu heyvanın ətinin 1 kiloqramı 14 manat civarında olmaqla bir baş quzu təxminən 200-250 manat, qoyun isə yaşından aslı olaraq, 2-3 yaşlı qoyunu 150-200 manata, 5-6 yaşlı qoyunu isə 100-150 manata almaq olar.

3. Qazax rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, MTT(023)-47/2022 nömrəli müvəqqəti təminat tədbiri haqqında qərardadın surətindən görünür ki, həmin qərardada əsasən İddiaçı ərizəsi təmin edilərək, Ağstafa rayonu ərazisindəki Ceyrançöl qış otlaq sahəsindəki Cavabdeh istifadəsində olan fermada saxlanılan, Cavabdeh məxsus xırda buynuzlu heyvanların siyahıya alınmaqla, həmin heyvanların üzərinə həbs qoyulması və siyahıya alınmış heyvanlar üzərində müəyyən hərəkətləri etməyi Cavabdeh və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır.

4. Qazax rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Qazax rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, MTT(023)-47/2022 nömrəli müvəqqəti təminat tədbiri haqqında qərardadının icrası ilə bağlı Ceyrançöl qış otlaq sahəsindəki Cavabdeh istifadəsində olan fermada saxlanılan, Cavabdeh məxsus 150 baş xırda buynuzlu heyvanlar siyahıya alınmaqla, həmin heyvanların üzərinə həbs qoyulmuş və siyahıya alınmış heyvanlar üzərində müəyyən hərəkətləri etməyi Cavabdeh və başqa şəxslərə qadağan edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı xırdabuynuzlu heyvanların və ya onların dəyərinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 16 baş qoyun və 90 baş quzudan ibarət xırda buynuzlu heyvanların və ya həmin xırda buynuzlu heyvanların ümumi dəyəri olan 22.650,0 (iyirmi iki min altı yüz əlli) manat məbləğində pul vəsaitlərinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İlk İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin iyun ayında İddiaçıla Cavabdeh arasında əldə olunmuş şifahi razılışmaya əsasən cavabdeh iddiaçıya məxsus 252 baş xırda buynuzlu heyvanları Ceyrançöl qış otlaq sahəsində saxlamaq üçün iddiaçıdan təhvil alaraq, həmin heyvanlara qulluq edəcəyi, heyvanların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə iddiaçının qarşısında öhdəlik götürmüşdür. Bunun müqabilində cavabdehə hər ay 500 manat zəhmət haqqı ödəmək öhdəliyi isə iddiaçının üzərinə düşmüşdür. İddiaçı da həmin öhdəliyi tam icra edərək, cavabdehin haqqını tam ödəmişdir. Eyni zamanda belə razılığa gəlmişlər ki, cavabdeh iddiaçıdan təhvil aldığı heyvanları saxlamaq üçün Ceyrançöl qış otlaq sahəsində icarəyə götürdüyü fermaya görə icarə haqqı olaraq iddiaçıdan 4.000 (dörd min) manat pul almışdır. Həmin heyvanların 190 başı boğaz vəziyyətində olmaqla, onların hər biri yaxın vaxt ərzində bala verməli olmuşdur. Cavabdeh eyni zamanda həmin boğaz olan heyvanların bala verəcəyi quzulara da qulluq edəcəyi, onların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə də öhdəlik götürmüşdür. Təxminən 2022-ci ilin mart ayında iddiaçı cavabdehə verdiyi heyvanlardan 4 baş qoyun və 6 baş quzunu götürüb evə aparmışdır. Bundan əlavə iddiaçının razılığına əsasən cavabdeh həmin heyvanlardan 15 baş quzunu 2.750 (iki min yeddi yüz əlli) manat pula sataraq, həmin pulları zəhmət haqqı əvəzinə götürmüşdür. 2022-ci ilin iyun ayında iddiaçı Ceyrançöl qış otlaq sahəsinə gedərək, heyvanları yoxlayarkən ona məlum olmuşdur ki, cavabdehdə cəmi 232 baş qoyun və 85 baş quzu qalmışdır. Halbuki, cavabdehdə iddiaçıya məxsus 248 baş qoyun və 190 baş quzu qalmalı idi. İddiaçı əskik olan (çatışmayan) 16 baş qoyunun və 90 baş quzunun aqibətini soruşduqda cavabdeh həmin heyvanların tələf olduğunu bildirmişdir. Halbuki, cavabdeh iddiaçıya məxsus bütün heyvanların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə iddiaçının qarşısında öhdəlik götürmüşdür. Buna baxmayaraq cavabdeh həmin öhdəliyi yerinə yetirməmişdir. Hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri şifahi formada bağlanmış podrat və tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində iddiaçıya zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin podrat və tapşırıq müqavilələrini, habelə mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Cavabdeh Ağstafa rayon Polis şöbəsində izahat verərkən, iddiaçıya məxsus xırda buynuzlu heyvanların ondan təhvil aldığını etiraf etmişdir. Odur ki, ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı 4.500 (dörd min beş yüz) manat çoban haqqının və maddi zərərə görə 500 (beş yüz) manat pulun, cəmi 5.000 (beş min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 2021-ci ilin oktyabr ayının 5 də ona zəng edib görüşmək istədiyini bildirmişdir. O da, Qazax şəhərində N.Nərimanov qəsəbəsində dostu Vüqarla birlikdə onunla cayxanada görüşmüşdür. İddiaçı görüş zamanı 250 baş xırda buynuzlu heyvanlarının və 34 baş keçisinin olduğunu bildirib, onu saxlamağa çətinlik çəkdiyini və onları saxlamaqda ona köməklik etməsini ondan xahiş etmişdir. Aralarındakı razılaşmaya əsasən o, heyvanları saxlamaq üçün İddiaçı ona 4000 manat icarə haqqı və hər ay heyvanları otarmaq üçün, çoban haqqı olaraq 500 manat pul ödəməli olmuşdur. Eyni zamanda, verdiyi heyvanların qış ayları üçün otunu, yemini və dərmanını verməyi öz üzərinə götürmüşdür. İddiaçı noyabr ayının axırlarınadək onunla əlaqə saxlamamışdır. İddiaçı noyabr ayının axırlarında fermaya gəlib ona 300 manat pul vermişdir. İddiaçı onunla heç bir əlaqə saxlamamış və telefon zənglərinə heç bir cavab verməmişdir. Dəfələrlə Hafizə heyvanlara yem, dərman alması barədə məlumat vermişdir. Hafiz Heydərovun anası ona 1300 manat pul vermişdir. Bundan sonra İddiaçı 2022-ci ilin yanvar ayının axırlarında fermaya 80 ədəd saman bağı və 12 kisə arpa göndərmişdir. 2021-ci ilin mart ayının əvəllərində Ceyrançöl qış otlaq sahəsində hava şəraiti kəskin dəyişmiş və mart ayının əvəllərində güclü qar yağmışdır. Ona görə də o, heyvanları 10 gündən artıq tövlədə saxlamaq məcburiyyətində qalmışdır. Heyvanlara vermək üçün ot və yem olmadığından heyvanlar quzu salmış və quzular ölmüşdür. 2022-ci ilin may ayının əvəllərində İddiaçı razılığı ilə, İddiaçı məxsus 15 baş quzunu İddiaçı qohumunun iştiraki ilə satıb 2750 manat pul əldə edərək, icarə haqqını ödəmişdir. İddiaçı tərəfindən ona cəmi 4050 manat pul ödənilmişdir. İddiaçı ona cəmi 232 baş qoyun, toğlu, erkək və verdiyi sayda keçi təhvil vermişdir. Həmin heyvanlardan 121 baş quzu təhvil vermişdir. İddiaçı özü fermadan 4 baş qoyun, qoç, xəstə qoyunu və 6 baş faraş quzunu satmaq üçün aparmışdır. İddiaçının quzularının 30 başı ölmüş, 10 baş qoyun quzu salmış, 5 baş qoyun isə qısır qalmışdır. İddiaçının 16 baş deyil, 14 baş qoyunu xəstəlikdən və açından ölmüş, 4 baş qoyunu özü aparmışdır. 174 doğar qoyundan isə 121 baş quzu iddiaçıya təhvil verilmişdir. 6 baş faraş quzunu isə o, iddiaçı satmağa aparmışdır. O cavabdehdən onun heyvanlarını təhvil alanda heyvanlardan 195 başı doğar olmuşdur. 195 baş doğar qoyundan 160 baş quzu doğulmuşdur. İddiaçı çoban haqqı olan 4500 manat pulu bu günkü günədək ödəməmişdir. Öz heyvanları üçün qış yem tədarükünü göndərməmiş və heyvanlar üçün heç bir dərman almadığından 15 baş qoyun və 40-50 baş quzu ölmüşdür. Odur ki, ilk iddianın rədd qarşılıqlı iddiann təmin olunmasını xahiş edir. Suallara cavab olaraq bildirmişdir ki, İddiaçı 15 baş quzunu sataraq əldə olunmuş pullar hesabına heyvanlara vermək üçün ot və dərman almışdır. Ağstafa RPŞ-nin TB-də araşdırma aparılan zaman İddiaçı ona zəhmət haqqı hesabına 2.200 manat borcunun olduğunu bildirsə də, hazırda hesab edir ki, həmin borcun məbləği 4000 manatdır.

9. Qazax Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(023)-80/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) ilk iddianın qismən təmin edilməsi, Cavabdeh 15 baş qoyun və 65 baş quzudan ibarət xırda buynuzlu heyvanlar və ya həmin xırda buynuzlu heyvanların ümumi dəyəri olan 16.875 (on altı min səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaitlərinin alınaraq İddiaçı verilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə ilk iddianı qismən təmin edərkən qeyd etmişdir ki, tərəflər arasında şifahi formada podrat və tapşırıq müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh Hafiz Heydərova məxsus 251 baş xırda buynuzlu heyvanları sonuncudan təhvil alaraq, həmin heyvanların və bu heyvanlardan boğaz olan qoyunların doğacağı quzuların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə öhdəlik götürmüş olsa da, o, həmin öhdəlikləri lazımınca yerinə yetirməməsi nəticəsində Hafiz Heydərova zərər vurulmuşdur. Cavabdeh Hafiz Heydərovdan təhvil aldığı 251 baş xırda buynuzlu heyvanların içərisində boğaz olan qoyunların cəmi 160 baş quzu doğduğunu, həmin heyvanlardan 15 baş qoyun və 50 baş quzu tələf olduğunu, 15 baş quzunu isə sataraq əldə olunmuş pullar hesabına heyvanlara vermək üçün ot və dərman aldığını bildirmişdir. Məhkəmə, mülki işdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qazax X10 Mərkəzinin verdiyi 11 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsaslanaraq belə qənaətə gəlir ki, bir baş quzunun hazırkı bazar qiymətinə uyğun olaraq dəyəri orta hesabla 225,0 manat olarsa, onda 65 baş quzunun ümumi dəyəri 14.625 manat, eyni zamanda bir baş qoyunun hazırkı bazar qiymətinə uyğun olaraq dəyəri orta hesabla 150,0 manat olarsa, onda 15 baş qoyunun ümumi dəyəri 2.250 manat təşkil edir. (14.625+2.250=16.875). Məhkəmə, Cavabdeh İddiaçı tərəfindən heyvanlar üçün qış yem tədarükünün göndərilməməsi və heyvanlar üçün heç bir dərman alınmadığı, bunun nəticəsində 15 baş qoyunun və 40-50 baş quzu öldüyü barədə göstərdiklərini inandırıcı hesab etməmişdir ki, bunlar heç bir sübuta söykənməyən, Cavabdeh fərziyyəsidir və ilk iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.

11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1, 442, 443, 752.1, 753.1, 762.1, 772.1, 777.1, 777.2, 778.3, 779.1, 21, 1096.1 və 1097.1-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1 və 106.1ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil vasitəsilə apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(023)-80/2023 nömrəli qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İlk iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. Belə ki, cavabdehlə aralarında yaranmış hüquq münasibətləri şifahi formada bağlanmış podrat və tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində zərər vurulması ilə bağlı mübahisədir. Məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin şifahi formada bağlanılmış podrat və tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəzərə alınmış olsa da ilk iddia tələbini qismən təmin etməkdə haqlı olmamışdır. Belə ki, Cavabdeh ondan təhvil aldığı 251 baş xırdabuynuzlu heyvanların içərisində boğaz olan 190 baş qoyunların quzu doğduğunu, həmin heyvanlardan və quzulardan tələf olduğunu etiraf etdiyindən onlardan məhz 15 baş qoyunun və 65 baş quzunun tələb olmasını sübut etmək vəzifəsi onun üzərinə düşdüyündən və o, bu barədə hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi tam həcmdə təmin olunmalıdır.

14. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh da apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(023)-80/2023 nömrəli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə hər bir halda nəzərə almalıdır ki, cavabdehin iddiaçıdan heyvanların otarılması üçün aylıq 500 manat xidmət haqqı müqabilində həm yem tədarükünü, həm də peyvəndləmə işlərini öz hesabına həyata keçirə bilməz. Aralarındakı razılaşmaya əsasən şifahi bağlanmış xidmət müqaviləsinin əsas şərti ondan ibarət olmuşdur ki, o cavabdehə məxsus heyvanlara qulluq edir, onları otarır, onların qış yem tədarükü, habelə dərman preparatları ilə təminatı iddiaçı tərəfindən həyata keçirilir. İddiaçı tərəfindən üzərinə düşən bu öhdəliklər icra edilməmişdir. Həmçinin heyvanlar ona 2021-ci ilin iyun ayında yox, 2021-ci ilin oktyabr ayında təhvil verilmişdir. Onların sayı 250 baş xırdabuynuzlu olmuş və bütün qış boyu onlara tərəfindən qulluq edilmiş otarılmış sayı artırılmış və 2022-ci ilin iyul ayında iddiaçı heyvanları ondan təhvil verdiyi saydan artıq sayda geri qəbul etmişdir. Onun 9 aylıq fəaliyyəti nəticəsində iddiaçı artıq sayda heyvan əldə etməklə fayda əldə etmişdir. Onun zəhmət haqqı verilməmişdir, ona görə də qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək pulunu tələb etmişdir. İlk iddiaçı bildirmişdir ki, 16 baş qoyun və 90 baş quzunun aqibəti bəlli deyildir. İddiaçının qeyd etdiyi boğaz heyvanların və onlardan doğulan quzuların say tərkibi haqqında iddiaçının tələbi iş materiallarında heç nə ilə təsdiq olunmur. Onun öz vəzifəsini icra etdiyi 9 ay müddətində heyvanlardan 150 başa yaxın quzu doğulmuş, onlardan təqribən 30 başı xəstəlikdən, həmçinin 14 baş qoyun xəstəlikdən və acından zəifləyərək ölmüş həmçinin 5 baş qoyun qısır qalmış, 10 baş qoyun-quzu satılmışdır. Məhkəmə heyvanların real bazar qiyməti ilə bağlı əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Birinci instansiya məhkəməsi vacib halları diqqətəlayiq araşdırmamış və qətnaməni doğru əsaslandırmamış, sonda yanlış hüquqi nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, 2021-ci ilin iyun ayında İddiaçıla Cavabdeh arasında əldə olunmuş razılışmaya əsasən cavabdeh iddiaçıya məxsus 252 baş xırda buynuzlu heyvanları Ceyrançöl qış otlaq sahəsində saxlamaq üçün iddiaçıdan təhvil alaraq, həmin heyvanlara qulluq edəcəyi, heyvanların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə iddiaçının qarşısında öhdəlik götürmüşdür. Cavabdehə hər ay 500 manat zəhmət haqqı ödəmək öhdəliyi isə iddiaçının üzərinə düşmüşdür. İddiaçı da həmin öhdəliyi tam icra edərək, cavabdehin haqqını hər ay tam ödəmişdir. Eyni zamanda belə razılığa gəlmişlər ki, cavabdeh iddiaçıdan təhvil aldığı heyvanları saxlamaq üçün Ceyrançöl qış otlaq sahəsində icarəyə götürdüyü fermaya görə icarə haqqı olaraq iddiaçıdan 4.000 (dörd min) manat pul almışdır. Həmin heyvanların 190 başı boğaz vəziyyətində olmaqla, onların hər biri yaxın vaxt ərzində bala verməli olmuşdur. Cavabdeh eyni zamanda həmin boğaz olan heyvanların bala verəcəyi quzulara da qulluq edəcəyi, onların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə də öhdəlik götürmüşdür. Təxminən 2022-ci ilin mart ayında iddiaçı cavabdehə verdiyi heyvanlardan 4 baş qoyun və 6 baş quzunu götürüb evə aparmışdır. İddiaçının razılığına əsasən cavabdeh həmin heyvanlardan 15 baş quzunu 2.750 manata sataraq, həmin pulları zəhmət haqqı əvəzinə götürmüşdür. 2022-ci ilin iyun ayında iddiaçı Ceyrançöl qış otlaq sahəsinə gedərək, heyvanları yoxlayarkən ona məlum olmuşdur ki, cavabdehdə cəmi 232 baş qoyun və 85 baş quzu qalmışdır. Halbuki, cavabdehdə iddiaçıya məxsus 248 baş qoyun və 190 baş quzu qalmalı idi. İddiaçı əskik olan (çatışmayan) 16 baş qoyunun və 90 baş quzunun aqibətini soruşduqda cavabdeh həmin heyvanların tələf olduğunu bildirmişdir. Tərəflər arasında yaranmış hüquq münasibətləri şifahi formada bağlanmış podrat və tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində iddiaçıya zərər vurulması ilə bağlı mübahisədir və mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Cavabdeh Ağstafa rayon Polis şöbəsində izahat verərkən, iddiaçıya məxsus xırda buynuzlu heyvanların ondan təhvil aldığını etiraf etmişdir. Ona görə də, iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, ilk iddianın təmin olunmamış hissəsinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsinə, qətnamənin həmin hissədə qüvvədə qalmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, onun iddiaçı ilə aralarındakı razılaşmaya əsasən şifahi bağlanmış xidmət müqaviləsinin əsas şərti ondan ibarət olmuşdur ki, o cavabdehə məxsus heyvanlara qulluq edir, onları otarır, onların qış yem tədarükü, habelə dərman preparatları ilə təminatı iddiaçı tərəfindən həyata keçirilir. İddiaçı tərəfindən üzərinə düşən bu öhdəliklər icra edilməmişdir. Həmçinin heyvanlar ona 2021-ci ilin iyun ayında yox, 2021-ci ilin oktyabr ayında təhvil verilmişdir. Onların sayı 250 baş xırdabuynuzlu olmuş və bütün qış boyu onlara tərəfindən qulluq edilmiş otarılmış sayı artırılmış və 2022-ci ilin iyul ayında iddiaçı heyvanları ondan təhvil verdiyi saydan artıq sayda geri qəbul etmişdir. Onun 9 aylıq fəaliyyəti nəticəsində iddiaçı artıq sayda heyvan əldə etməklə fayda əldə etmişdir. İddiaçıdan heyvanların otarılması üçün ona aylıq 500 manat zəhmət haqqı verilməmişdir, ona görə də qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək pulunu tələb etmişdir. İddiaçı Hafiz bildirmişdir ki, 16 baş qoyun və 90 baş quzunun aqibəti bəlli deyildir. Onun öz vəzifəsini icra etdiyi 9 ay müddətində heyvanlardan 150 başa yaxın quzu doğulmuş, onlardan təqribən 30 başı xəstəlikdən, həmçinin 14 baş qoyun xəstəlikdən və acından zəifləyərək ölmüş həmçinin 5 baş qoyun qısır qalmış, 10 baş qoyun-quzu satılmışdır. Ağstafa rayon Polis şöbəsində izahat verərkən, iddiaçıya məxsus xırda buynuzlu heyvanların ondan təhvil aldığını etiraf edərək bildirmişdir. Həmçinin suala cavab olaraq göstərmişdir ki, yem tədarükü və dərman olmadığı üçün 15 baş qoyun və 50 baş quzu ölmüş, 15 baş quzunu sataraq yem və dərman almışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, qarşılıqlı iddianın təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X5 cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

20. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. İddiaçı nümayəndə və vəkillı ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

27. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

28. Maddə 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.

29. Maddə 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

30. Maddə 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.

31. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

32. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

33. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

34. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

35. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

36. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

37. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

41. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

44. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Hər iki tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etdiyi, nəticə etibarı ilə şikayətlərin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.

50. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(023)-80/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Belə ki, işin müəyyən olunmuş hallarına görə ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı xırdabuynuzlu heyvanların və ya onların dəyərinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 16 baş qoyun və 90 baş quzudan ibarət xırda buynuzlu heyvanların və ya həmin xırda buynuzlu heyvanların ümumi dəyəri olan 22.650,0 (iyirmi iki min altı yüz əlli) manat məbləğində pul vəsaitlərinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə mütaciət edərək, İddiaçı 4.500 (dörd min beş yüz) manat çoban haqqının və maddi zərərə görə 500 (beş yüz) manat pulun, cəmi 5.000 (beş min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

53. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri şifahi formada bağlanılmış podrat və tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində iddiaçıya zərər vurulması ilə bağlı mübahisədir. Birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin podrat və tapşırıq müqavilələrini, habelə mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll etmişdir.

54. İlk iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan təhvil aldığı 251 baş xırdabuynuzlu heyvanların içərisində boğaz olan 190 baş qoyunların quzu doğduğunu, həmin heyvanlardan və quzulardan tələf olduğunu etiraf etdiyindən onlardan məhz 15 baş qoyunun və 65 baş quzunun tələb olmasını sübut etmək vəzifəsi onun üzərinə düşdüyündən və o, bu barədə hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi tam həcmdə təmin olunmalıdır.

55. Məhkəmə kollegiyası ilk iddiaçının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, işdə olan subutlarla Cavabdeh həmin heyvanlardan 15 baş qoyunun və 50 baş quzunun tələf olmasını, 15 baş quzunu isə satdığını etiraf etmişdir. İlk iddiaçı iddia tələbənin təmin olunmayan hissəsinə dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin oluna bilməz.

56. Qarşılıqlı iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıdan heyvanların otarılması üçün aylıq 500 manat xidmət haqqı müqabilində həm yem tədarükünü, həm də peyvəndləmə işlərini öz hesabına həyata keçirə bilməz. Aralarındakı razılaşmaya əsasən şifahi bağlanmış xidmət müqaviləsinin əsas şərti ondan ibarət olmuşdur ki, o cavabdehə məxsus heyvanlara qulluq edir, onları otarır, onların qış yem tədarükü, habelə dərman preparatları ilə təminatı iddiaçı tərəfindən həyata keçirilir. İddiaçı tərəfindən üzərinə düşən bu öhdəliklər icra edilməmişdir. Həmçinin heyvanlar ona 2021-ci ilin iyun ayında yox, 2021-ci ilin oktyabr ayında təhvil verilmişdir. Onun öz vəzifəsini icra etdiyi 9 ay müddətində heyvanlardan 150 başa yaxın quzu doğulmuş, onlardan təqribən 30 başı xəstəlikdən, həmçinin 14 baş qoyun xəstəlikdən və acından zəifləyərək ölmüş həmçinin 5 baş qoyun qısır qalmış, 10 baş qoyun-quzu satılmışdır.

57. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, həmin dəlillər formal xarakter daşıyır və inandırıcı deyildir. Baxılan işdə bu barədə heç bir subut yoxdur, həmçinin iddiaçı tərəf qarşılıqlı iddianı və cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etmir. Eyni zamanda cavabdeh araşdırma zamanı izahatında 15 qoyun və 50 quzuların tələf olmasını, 15 quzunu satdığını etiraf etmişdir. Bu işin mübahisəsiz halıdır.

58. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

59. Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyildir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 392, 393 və 402, 403, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qazax Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(023)-80/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar