Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1193/2025 28.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı lpo İddiaçı ASC (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdeh(lər)) qarşı kredit borcunun tutulması tələbinə dair mülki işi üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(066)-206/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. İddiaçının Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00/14457/KBK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 25 faizlə 5000 (beş min) manat məbləğində kredit verilmişdir.
2. İddiaçı ilə Cavabdeh3 və Cavabdeh1 arasında borlu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə xx.xx.2019-cu il tarixli, 00/14457/KBK-ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
3. xx.xx.2019-cu il tarixli kredit hesabı üzrə qrafikə əsasən, Cavabdeh2 kredit məbləğini xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödəməsini öhdəsinə götürmüşdür.
4. xx.xx.2019-xx-xx-2022-ci il tarixədək olan hesabdan çıxarışına əsasən, iddiaçı tərəfindən cavabdehə 5000 manat kredit verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-131/2020 saylı qərarının surətindən görünür ki, «NBCBANK” ASC-nin müflis elan edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təadiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlarla maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamasına icazə verilməsi qərara alınmışdır.
6. Maliyyə arayışına əsasən, Cavabdeh2nın 00/14457/KBK saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə «NBCBANK” ASC-nə 5884.89 (beş min səkkiz yüz səksən dörd manat səksən doqquz qəpik) manat təşkil edir. Bundan 3778.87 (üç min yeddi yüz yetmiş səkkiz manat səksən yeddi qəpik) manat əsas, 1663.50 (bir min altı yüz almış üç manat əlli qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz, 442.52 (dörd yüz qırx iki manat əlli iki qəpik) manat gecikdirilmiş gün üçün hesablanmış illik beş faiz borcu vardır.
7. 12-5/2-V-21-3393/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 banka olan borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cəmi 5.884,89 (beş min səkkiz yüz səksən dörd manat səksən doqquz qəpik) manat borc olmaqla -3.778.87 (üç min yeddi yüz yetmiş səkkiz manat səksən yeddi qəpik) manat əsas, 1.663,50 (bir min altı yüz altmış üç manat, əlli qəpik) manat faiz. AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt uçün hesablanmış 442.52 (dörd yüz qırx iki manat əlli iki qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 78.85 (yetmiş səkkiz manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" AC-ya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00/14457/KBK nömrəli kredit müqaviləsinə əsasən borcalana 36 (otuz altı) ay müddətinə illik 25 (İyirmi beş) faiz dərəcəsi ilə 5.000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli, 00/14449/KBK nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizlən ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-V-21- 3393/2024 say xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 5.884,89 (beş min səkkiz yüz səksən dörd manat səksən doqquz qəpik) manat təşkil edir. Bundan 3.778,87 (üç min yeddi yüz yetmiş səkkiz manat səksən yeddi qəpik) manat əsas, 1.663,50 (bir min altı yüz altmış üç manat, əlli qəpik) manat faiz və AR MMnin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 442,52 (dörd yüz qırx iki manat əlli iki qəpik) manat faiz borcu təşkil edir.
10. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişdir ki, kredit müqaviləsi onunla 18 ay müddətinə bağlanmışdır. İndi isə bank deyir ki, müqavilə 36 ay müddətinə bağlanıb. Onun maşınından oğlurluq olmuşdur deyə banka aid sənədləri özündə yoxdur. Ona görə bu barədə dəqiq məlumatı yoxdur. Özü hazırda bilir ki, banka olan borcunu ödəməmişdir. xx.xx.2019-cu ildə 36 ay müddətinə kredit götürüb və 3 ay həmin krediti ödəmişdir. Sonra noyabr ayında pandemiya başladığından işlətdiyi kafe bağlanmışdır. Bank ilə öz aralarında razılığa gələ bilməmişlər. Onu neçə dəfə banka çağırıblarsa, hər dəfə getmişdir. Bankın onunla problemi ayrı yerdən qaynaqlanır. Belə ki, həmin vaxt pandemiya olmuşdur. Pandemiyadan sonra Prezidentində qərarı olmuşdur ki, krediti olunanlara güzəşt edilsin. Sonra o, bankdan maraqlananda ona məlum olmuşdur ki, borc pulun üstünə faiz də gəlmişdir. Onlara özündə olan sənədlərin itməsi barədə məlumat vermişdir. Pandemiya vaxtı işlətdiyi kafe bağlananda o, banka zəng edib kömək istəmişdir. Onlar da bildirmişdir ki, hər ay imkan daxilində 200 manat ödənilsə problem olmaz. Avqust ayında da banka gedib onlara təklif etmişdir ki, əgər faiz silinəcəksə özünə məxsus olan avto maşını satıb kredit borcunu ödəsin. Onlar isə bununla razılaşmamışdırlar. Amma hər dəfə ona bildiriblər ki, hissə-hissə borc ödənilsə faiz silinəcək. Lakin buna baxmayaraq faiz silinməmişdir. Bundan sonra o, bankın problemli şöbəsinə faizin silinməsinə dair müraciət etsə də, ona bildirilmişdir ki, faizi silə bilmirlər. O da bundan sonra borcu ödəməyəcəyini və ona görə də işin məhkəməyə verilməsini onlardan istəmişdir. Hazırda borcun məbləğindən narazılığı yoxdur. Lakin maddi vəziyyətinin aşağı olmasının nəzərə alınaraq məhkəmədən gecikdirilən günə görə hesablanmış faiz məbləğinin silinməsini xahiş etmişdir.
11. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(066)-206/2025 nömrəli qətnaməsi (hakim Rəşad Mustafayev) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 3778,87 manat əsas, 1663,50 manat faiz, borcun gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanmış 442,52 manat borc məbləği olmaqla, cəmi 5884,89 (beş min səkkiz yüz səksən dörd manat səksən doqquz qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 78,85 (yetmiş səkkiz manat səksən beş qəpik) manat dövlət rüsumu, tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə kredit müqaviləsi xx.xx.2019-cu il tarixdə 36 ay müddətinə bağlanmış, kreditin qaytarılması üçün son tarix xx.xx.2022-ci il müəyyən edilmiş, iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə verilmişdir. Cavabdeh3 və Cavabdeh1 ilə bağlanılmış zaminlik müqaviləsində zaminliyin verilməsi müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixdə başa çatdığından və həmin vaxtdan 1 il ərzində iddiaçı tərəfindən zaminlər Cavabdeh3 və Cavabdeh1 qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilmişdir. Buna görə də cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı iddia təmin edilə bilməz.
13. Həmçinin, məhkəmə hesab etmişdir ki, kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borca faiz və gecikdirilmiş vaxt üçün faiz məbləği hesablanmışdır. Buna görə də məhkəmə əsas borca və gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin tamamını Cavabdeh2 iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.
14. Məhkəmə iddia tələbinin Cavabdeh2 illik beş faiz hesablamaqla 442.52 manat əlavə faizin tutulması hissəsini əsaslı hesab etmişdir.
15. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 3778,87 manat əsas, 1663,50 manat faiz, borcun gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanmış 442,52 manat borc məbləği olmaqla, cəmi 5884,89 (beş min səkkiz yüz səksən dörd manat səksən doqquz qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 78,85 (yetmiş səkkiz manat səksən beş qəpik) manat dövlət rüsumu, tutularaq iddiaçı LPO İddiaçı ASCnin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir.
16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 385.1, 425.1, 442, 445.1, 445.2.1, 445.7, 472.1, 739-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107,119.1, 216-220 və 357- 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
17. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Cavabdeh2 ilə Bank arasında 18 ay müddətinə bağlanmışdır. İndi isə bank deyir ki, müqavilə 36 ay müddətinə bağlanıb. Onun maşınından oğlurluq olmuşdur deyə banka aid sənədləri də yoxdur. Ona görə bu barədə dəqiq məlumatı yoxdur. Banka olan borcunu tam ödəməmişdir. xx.xx.2019-cu ildə 36 ay müddətinə kredit götürüb və 3 ay həmin krediti ödəmişdir. Sonra noyabr ayında pandemiya başladığından işlətdiyi kafe bağlanmışdır. Bankın onunla olan problemi pandemiya ilə əlaqəlidir. Belə ki, həmin vaxt pandemiya olmuşdur. Pandemiyadan sonra Prezidentində qərarı olmuşdur ki, krediti olunanlara güzəşt edilsin. Sonra mən, bankdan maraqlananda mənə məlum olmuşdur ki, borc pulun üstünə faiz də gəlmişdir. Banka özü də olan sənədlərin itməsi barədə məlumat vermişdir. Pandemiya vaxtı işlətdiyi kafe bağlananda o banka zəng edib kömək istəmişdir. Bank işçisi ona bildirmişdir ki, hər ay imkan daxilində 200 manat ödənilsə problem olmaz. Avqust ayında da banka gedib onlara təklif etmişdir ki, əgər faiz silinəcəksə özünə məxsus olan avto maşını satıb kredit borcunu ödəsin. Bank işçisi isə bununla razılaşmamışdır. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. İşə baxan məhkəmə cavabdeh tərəfə iddiaçı ilə bərabər prosessual imkanlar yaratmayaraq əsassız və qanunsuz qətnamə çıxarmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı olan bankla arasında 18 ay müddətinə bağlanmışdır. Lakin, indi isə bank deyir ki, müqavilə 36 ay müddətinə bağlanıb. Onun maşınından oğlurluq olmuşdur deyə banka aid sənədləri də yoxdur. Ona görə bu barədə dəqiq məlumatı yoxdur. Banka olan borcunu tam ödəməmişdir. xx.xx.2019-cu ildə 36 ay müddətinə kredit götürüb və 3 ay həmin krediti ödəmişdir. Sonra noyabr ayında pandemiya başladığından işlətdiyi kafe bağlanmışdır. Bankın onunla olan problemi pandemiya ilə əlaqəlidir. Belə ki, həmin vaxt pandemiya olmuşdur. Pandemiyadan sonra Prezidentində qərarı olmuşdur ki, krediti olunanlara güzəşt edilsin. Sonra mən, bankdan maraqlananda mənə məlum olmuşdur ki, borc pulun üstünə faiz də gəlmişdir. Banka özü də olan sənədlərin itməsi barədə məlumat vermişdir. Pandemiya vaxtı işlətdiyi kafe bağlananda o banka zəng edib kömək istəmişdir. Amma, ona yardım edilməmişdir. Borcunu qəbul edir. Lakin, bank qeyd edilən halları nəzərə almamış ona əsassız olaraq əlavə faiz və cərimə yazmışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcunun hesablanması hissəsində ləğv edilməsini və ona güzəşt edilməsini xahiş etmişdir.
20. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcu hissəsində ləğb edilməsini xahiş etmişdir.
21. İddiaçı və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
23. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
31. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
32. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
36. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
46. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
50. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, Cavabdeh2 qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan və izahatından görünür ki, qətnamənin faiz borcunun tutulması mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını yalnız Cavabdeh2 münasibətdə mübahisələndirilən hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
52. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(066)-206/2025 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 00/14457/KBK saylı xx.xx.2019- cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında 00/14457/KBK-ZM saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 və Cavabdeh1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kreditin son ödəmə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə öz öhdəliyini icra etmiş, cavabdeh isə kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə də Cavabdeh2 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh2 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Lakin, Cavabdeh2 əsas borca əlavə olaraq hesablanmış faizin əsasız olduğunu bildirir.
55. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.
56. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
57. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
58. Azərbaycan Respublikasının MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
59. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.
60. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
61. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
62. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir.
63. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bu hal apellyator tərəfindən mübahisələndirilmir və izahatında 3 ay krediti ödədiyini sonra isə pandemoiya ilə əlaqadar iş yerinin bağlanmasına görə borcunu ödəyə bilmədiyini bildirir. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
64. Borcalandan faiz borcunun tutulması ilə bağlı məhkəmə göstərir ki, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur.
65. Çünki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
66. Kreditorla borcalan arasında bağlanan kredit razılaşmasının 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit alan kredit məbləğini və ona hesablanmış faizlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.
67. “Banklar haqqında” Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.
68. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.
69. Göründüyü kimi, qanunun tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir. Cavabdeh hesablanmış faizin məbləğini deyil ümumiyyətlə faiz borcunun hesablanmalı olmamasını mübahisələndiir ki, bunda da haqlı deyildir.
70. Hazırda, iddiaçı cavabdeh tərəfindən öhdəlik hazırkı vaxta kimi lazımi qaydada icra edilmədiyini bildirərək, xx.xx.2024-cü tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın tutulmasını tələb edir.
71. Lakin, borcalan həmin əldən çıxmış fayda qismində tutulan məbləğin əsassız olduğunu bildirir. Buna əsas arqument isə pandemiya dönəmində baş vermiş iqtisadi dəyişikliyə görə ödənişlər edə bilməməsini qeyd etmişdir.
72. Belə ki, hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə (zamana görə qüvvədə olan redaksiyasına əsasən) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
73. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi imkanının qarşısının alınmasına yönəlmişdir.
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (26&).
75. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar).
76. Məhkəmə yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
77. Bu baxımdan məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə gecikdirilmiş vaxt üçün illik 5 % qismində pulun tutulmasının mümkünlüyü barədə nəticəyə gəlmişdir.
78. Sadalanan xüsusatlara görə məhkəmə iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.
79. Apellyatorun “Covid-19” pandemiyası ilə əlaqədar maddi imkanının olmağından krediti vaxtı-vaxtında ödəyə bilməməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən dəlil qətnamənin ləğvinə əsas deyildir. Çünki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin göstərdiyi kimi maddi imkanının olmaması və ya səhhətində problemlərin olması, borclunun risk dairəsinə aid haldır.
80. Məhkəmə göstərir ki, cavabdehin göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.
81. Apellyatorun digəri dəlili isə müqavilənin 18 ay müddətində bağlanmasını təşkil edir. Lakin iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış kredit müqaviləsindən müəyyən olunur ki, tərəflər arasında müqavilə 36 ay müdddətinə bağlanmışdır.
82. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
83. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
84. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
85. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
86. Məhkəmə həmçinin izah edir ki, hazırki iddianın qiyməti mübahisələndirilən hissədə 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382, 384.0.2, 385.1, 382, 388, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi :
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(066)-206/2025 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə iddianın mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.