Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1195/2023 11.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-03/2023 nömrəli qətnaməsindən Cavabdeh1 hüquqi varisi Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı1 ASC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-ci il tarixli ƏH/470 saylı kredit müqaviləsi və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli ƏH/470/1 saylı zaminlik müqaviləsinə əsasən borclular Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 3510 (üç min beş yüz on) ABŞ dolları əsas borc, 746 (yeddi yüz qırx altı) ABŞ dolları faiz borcu, 20 (iyirmi) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4276 (dörd min iki yüz yetmiş altı) ABŞ dolları pul vəsaitinin və 20 (iyirmi) manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(045)-849/2017 saylı məhkəmə əmrinə əsasən, Goranboy rayonu, Qasımbəyli kəndində yaşayan Cavabdeh1 və ünvan 1 ünvanında yaşayan Cavabdeh2 müştərək qaydada 3510 ABŞ dolları əsas kredit borcu, 746 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4276 ABŞ dolları kredit borcu və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı1 ASC-yə verilməsi əmr edilmişdir. Borclu Cavabdeh2 həmin əmrə etiraz edərək, əmrin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(045)-2094/2021 saylı qərardadı ilə etiraz təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(045)-849/2017 saylı məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarılmışdır. Goranboy Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(045)-251/2022 saylı qərardadına əsasən mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Mülki iş Naftalan Şəhər Məhkəməsinin icraatında olan zaman kredit müqaviləsi üzrə əsas borclu (cavabdeh) Cavabdeh1 09 yanvar 2019-cu il tarixdə “ürəyin dayanması” səbəbindən ölməsi müəyyən edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov 20 iyul 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə Cavabdeh1 onun hüquqi varisi Naftalan şəhəri, Qasımbəyli kəndində qeydiyyatda olan Cavabdeh3 ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə təmin edilərək Cavabdeh1 hüquqi varisi Cavabdeh3 ilə əvəz edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 ASC-nun “Goranboy” filialı ilə Cavabdeh1 arasında xx.xx.2016-ci il tarixli kredit müqaviləsi bağlanaraq borcalana 30 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə, 3510 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsi üçün bank ilə Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüş olsa da, buna əməl etməmişdir. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-03/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən Ayaz Səlimov) iddia təmin edilmiş, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3510 (üç min beş yüz on) ABŞ dolları əsas borc, 746 (yeddi yüz qırx altı) ABŞ dolları faiz borcu, 20 (iyirmi) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4276 (dörd min iki yüz yetmiş altı) ABŞ dolları pul vəsaitinin qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-in xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 hüquqi varisi Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-03/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankla onun arasında kredit müqaviləsi bağlanmamış və bank ona kredit verməmişdir. Özü şəxsən kredit götürmədiyi halda bankla onun arasında hər hansı öhdəlik mövcud olmamışdır. Vərəsələr miras qoyanın borcları üçün qəbul etdiyi miras həcmində məsuliyyət daşısa da, mərhumdan ona miras əmlak qalmamışdır. Hazırda yaşadığı yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi ona qanun üzrə vərəsə kimi verilmişdir. Məhkəmə tərəfindən həmin əmlakın miras əmlak hesab edilərək iddianın təmin edilməsi onu çıxılmaz vəziyyətə salmışdır. Məhkəmə əmri çıxarıldıqdan sonra əsas borclunun vəfatınadək 2 ilə yaxın müddət keçmiş, bu müddət ərzində zamin əmrə etiraz etməmiş, əsas borclunun vəfatından sonra əmrə etiraz etmişdir. Hesab edir ki, əgər əsas borclu tərəfindən həmin kredit götürülmüşdürsə, sağlığında bank ondan həmin pulu tələb etməli idi. Həmçinin məhkəmə borc məbləği ilə bağlı heç bir araşdırma aparmadan, zəruri olduğu halda iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən və ekspert rəyi almadan yekun nəticəyə gəlmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-03/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla bank arasında zaminlik müqaviləsi bağlanmamışdır. O, zamin durmadığı halda bankla onun arasında hər hansı öhdəlik münasibət yaranmamışdır. Məhkəmə borc məbləği ilə bağlı heç bir araşdırma aparmadan, zərurət olduğu halda iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən, onun zamin durub-durmamasını araşdırmadan yekun nəticəyə gəlmişdir. Məhkəmə bildirişləri ona çatmadığından məhkəmə proseslərinin keçirilmə vaxtı barədə məlumatı olmamış və o, məhkəmə iclaslarında iştirak edə bilməmişdir. İş üzrə Cavabdeh1 hüquqi varisi Cavabdeh3 və Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərinə etiraz edərək, göstərdi ki, İddiaçı1 ASCnin “Goranboy” filialı ilə Cavabdeh1 arasında xx.xx.2016-ci il tarixli kredit müqaviləsi bağlanaraq borcalana 30 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə, 3510 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsi üçün bank ilə Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüş olsa da, buna əməl etməmişdir. Həmçinin mülki işin gedişatı zamanı müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh1 2019-cu ildə ölmüşdür. Sorğu əsasında isə müəyyən edilmişdir ki, 2019-cu ildə vəfat etmiş Cavabdeh1 adına Tərtər rayonu notariat ofisində vərəsəlik işi açılmış və mərhumun arvadı Cavabdeh3 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə ilə Cavabdeh3 mərhumdan qalmış fərdi yaşayış evi və torpaq sahəsindən ibarət mirası qəbul etmişdir. Ona görə də, apellyasiya şikayətlərinin təmin edilməməsini və Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-03/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-03/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2016-ci il tarixli ƏH/470 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı1 ASCnin “Goranboy” filialı ilə Cavabdeh1 arasında bağlanmış bu müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 30 (otuz) ay müddətinə, illik 19 (on doqquz) faiz ödəmək şərti ilə, 3510 (üç min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı1 ASC-nin “Goranboy” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli ƏH/470/1 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlamış və sonuncu kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında və lazımınca icrasına dair öhdəlikləri üzərinə götürmüşdür; Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 yanvar 2019-cu il tarixli, AZ- İ№959123 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 09 yanvar 2019-cu ildə ölmüşdür. Tərtər rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Cavabdeh1 məxsus Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən ümumi sahəsi 153.7 kvm olan 3 otaqlı fərdi yaşayış evi və Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən ümumi sahəsi 0.26 ha olan torpaq sahəsindən ibarət miras əmlaka dair Cavabdeh3 qanun üzrə vərəsə kimi tam hissədə pay verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinin tələbinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, xx.xx.2016-ci il tarixli, ƏH/470 saylı kredit müqaviləsi ilə İddiaçı1 ASC tərəfindən Cavabdeh1 30 ay müddətinə 19 % ödəmək şərtilə 3510 ABŞ dolları məbəğində kredit verilmiş və kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdeh1 müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və nəticədə iddiaçı Banka borclu qalmışdır. Həmçinin mülki işin gedişatı zamanı müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh1 2019-cu ildə ölmüşdür. Sorğu əsasında müəyyən edilmişdir ki, 2019-cu ildə vəfat etmiş Cavabdeh1 adına Tərtər rayonu notariat ofisində vərəsəlik işi açılmış və mərhumun arvadı Cavabdeh3 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə ilə Cavabdeh3 mərhumdan qalmış fərdi yaşayış evi və torpaq sahəsindən ibarət mirası qəbul etmişdir. Ona görə də, işə birinci instansiya məhkəməsində baxılan zaman Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov 20 iyul 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə Cavabdeh1 onun hüquqi varisi Naftalan şəhəri, Qasımbəyli kəndində qeydiyyatda olan Cavabdeh3 ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə təmin edilərək Cavabdeh1 hüquqi varisi Cavabdeh3 ilə əvəz edilmişdir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2016-ci il tarixli, ƏH/470 saylı kredit müqaviləsi əsasında, xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 həmin tarixə İddiaçı1 ASC-nə olan borcu 3510 (üç min beş yüz on) ABŞ dolları əsas borc, 746 (yeddi yüz qırx altı) ABŞ dolları faiz borcu, 20 (iyirmi) ABŞ dolları cərimə təşkil edir və həmin məbləğ iddia olunur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, yaranmış cəmi 4276 ABŞ dolları məbləğində kredit borcunun ödəniş anında manata məzənnəsi ilə Cavabdeh1 hüquqi varisi olan Cavabdeh3 və zamin olan Cavabdeh2 müştərək qaydada tutulması qənaətinə gəlmişdir. Cavabdeh1 hüquqi varisi Cavabdeh3 apellyasiya şikayətində bankla onun arasında kredit müqaviləsi bağlanmadığından, heç bir öhdəlik daşımamasını, həmçinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməməsinə dair dəlillər irəli sürmüşdür. Məhkəmə kollegiyası cavabdehin hüquqi varisi Cavabdeh3 həmin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşdən isə göründüyü kimi, Tərtər rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə, xx.xx.2019cu il tarixdə vəfat etmiş Cavabdeh1 məxsus Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən ümumi sahəsi 153.7 kvm olan 3 otaqlı fərdi yaşayış evi və Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən ümumi sahəsi 0.26 ha olan torpaq sahəsindən ibarət miras əmlaka dair Cavabdeh3 qanun üzrə vərəsə kimi tam hissədə pay verilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh3 ölmüş cavabdehin hüquqi varisi cavabdeh qismində işə cəlb etməklə, zamin olan Cavabdeh2 ilə yanaşı borcun həm də əsas borclunun hüquqi varisi qismində ondan tutulmalı olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə ödənilməmiş borcun məbləğinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mülki işin materiallarında olan ödəniş qrafiki, şəxsi hesabdan çıxarış və maliyyə arayışının müqayisəli şəkildə təhlili ilə müəyyən edilir ki, kredit borcunun məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyənləşdirilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsi 1 üzrə ödəniş qrafikindən görünür ki, Cavabdeh1 3510 ABŞ dolları əsas, 928,46 ABŞ dolları faiz olmaqla, cəmi 4438.46 ABŞ dolları borcu 30 ay müddətinə ödəməyə dair öhdəlik götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi öhdəliyi üzrə, ümumiyyətlə heç bir ödəniş etməmişdir ki, belə vəziyyətə həmin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməməsinə zərurət yoxdur. Cavabdeh2 apellyasiya şikayətində onunla bank arasında zaminlik müqaviləsinin bağlanmamasını, həmçinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməməsinə dair dəlillər irəli sürmüşdür. Məhkəmə kollegiyası iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməməsinə dair dəlillər barədə yuxarıda öz mövqeyini bildirmişdir. Cavabdeh2 bankla onun arasında zaminlik müqaviləsinin bağlanmamasına dair dəlilinə gəldikdə isə, işə əlavə edilmiş İddiaçı1 ASC-nin “Goranboy” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli ƏH/470/1 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlamış və sonuncu kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında və lazımınca icrasına dair öhdəlikləri üzərinə götürmüşdür. Məhkəmə kollegiyası cavabdehlərin məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, onlara 12 yanvar 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişini rəsmi qaydada göndərmiş və həmin bildirişi xx.xx.2022-ci il tarixdə qəbul etmişlər. (iş materiallarının 109- 110-cu vərəqində olan məhkəmə bildirişinin kötüyü). Lakin üzürlü səbəblər göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Ona görə də, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, haqlı olaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Naftalan Şəhər Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli və Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-03/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-03/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1195/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1195/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver