Məhkəmə qərarları › İş №2(104)-1195/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1195/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1195/2025 28.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)- 1195/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 5700 manat məbləğində pul almış və həmin pulu xx.xx.2023-cü il tarixə kimi qaytaracağında dair öhdəlik götürmüşdür.

2. 09.04.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh şahidlər X4 və X5 iştirakı ilə 5700 manat məbləğində pul vermiş və həmin pulu xx.xx.2023-cü il tarixə kimi qaytaracağına dair öhdəlik götürmüşdür.

3. İddiaçı Qazax RPŞ-nin İstintaq Bölməsinə verdiyi xx.xx.2023-cü il tarixli ərizə və izahatdan görünür ki, Cavabdeh hərəkətləri nəticəsində ona ümumilikdə 1500 manat maddi ziyan dəymişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5700 manat məbləğində pulun və ödənilmiş 77 manat dövlət rüsumunun, tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllərdən tanıyırdı. Ailəvi gediş gəlişləri vardır. Cavabdehin pula ehtiyacı olduğu üçün 03 fevral 2022-ci il tarixdə şahidlərin iştirakı ilə ona 5700 borca pul vermişdir. Bu barədə onlar öz aralarında müqavilə bağlamışlar və müqaviləyədə Cavabdeh özüdə imza etmişdir. Tərminədən başqada iki nəfər borc müqaviləsinə şahid olmuş və həmin müqaviləyə imza etmişlər. Həmin puluda 2023-cü ilin may ayının 31-nə kimi qaytaracağına dair söz vermişdir. Tərminə hələdə onun pulunu qaytarmamışdır. Hesab edir ki onun pulunu vermək istəmir. Telefonlarına cavab vermir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur.

6. İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, o, 5700 manat pulu təxminən 2022-ci il tarixdə Tərminəyə vermiş, sonradan pulunu ala bilmədiyini görüb 2023-cü ilin may ayında şahidlərin iştirakı ilə Tərminədən yazılı etiraf almışdır. Odur ki, nəzərə alınmasını xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.

8. Şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, o, iddiaçının qardaşıdır. Tərminəni əvvələrdən tanıyırdı. Qardaşı İddiaçı, onun və başqa şəxslərin yanında Cavabdeh borc kimi 5700 manat pul vermiş və sonuncu həmin pulu xx.xx.2023-cü ilə kimi qaytraracağına dair söz vermişdir.

9. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-1195/2025 nömrəli qətnaməsi (hakim Elçin Mansırov) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat, cəmi 1535 (min beş yüz otuz beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehə 2022-ci il tarixdə pul vermiş daha sonra pulunu ala bilmədiyini görüb xx.xx.2023-cü il tarixdə 5700 manat pula dair cavabdehdən yazılı etiraf almışdır. Sonradan İddiaçı xx.xx.2023-cü il tarixdə Qazax RPŞ-nin İstintaq Bölməsinə verdiyi ərizə və izahatında Cavabdeh hərəkətləri nəticəsində ona cəmi 1500 manat maddi ziyan dəydiyini göstərmişdir.

11. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdehdən 1500 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 882.1, 882.2, 882.4, 1091.1 və 1091.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

13. Cavabdeh Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-1195/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

14. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, sözügedən pullar nə zaman və kimin iştirakı ilə ona verilmiş, eləcədə iddiaçının təqdim etdiyi əqdlərin nə vat harada kimlərin iştirakı ilə bağlanmasını aydınlaşdırmamışdır. Məhkəmə qətnaməsində sözügedən maddəni qeyd etsə də lakin qeyd etməmişdir ki, həmin əqd faktın və yaxud borcun etiraf edilməsini təsdiq edir. Hakimin qeyri obyektiv araşdırması nəticəsində həqiqət üzə çımamış və əqdin kimin tərəfindən tərtib edildiyi müəyyən edilməmişdir. Belə ki, məhkəmənin qənaətinə əsasən o əsassız olaraq varlanmış şəxs hesab edilmişdir. Lakin məhkəmə, iddiaçının, onun və eləcə də şahidlərin iştirakını təmin etməyərək sözügedən pulun kimin tərəfindən alınmasını müəyyən etməmişdir. Qeyd edir ki, sözügedən pullar X2 tərəfindən alınmışdır, o ibtidai istintaq zamanı Hafiz adlı şəxsin dələduzluq etməsini bildirdikdən sonra, Hafiz polis şöbəsində zərərçəkmiş olan şəxsləri məhkəməyə yönləndirərək özünü cinayətdən qorumağa çalışmışdır. Bununla yanaşı burada pullar verilmiş şəxs Hafiz İsgəndərovdur və əsassız varlanmış şəxs məhz Hafiz İsgəndərovdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh qardaşının yaxınıdır. 1500 manatı ona arvadının xəstəliyi ilə bağlı pensiya düzəldilməsi üçün vermişdir. 5700 manatı isə borc vermişdir. Apellyasiya şikayətinə etiraz etdi və təmin olunmamasını xahiş etdi.

17. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasınna gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır.

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

23. Maddə 740.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

24. Maddə 740.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

38. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh şikayətindən qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnamənin iddianın təmin edilmiş hissəsində mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-1195/2025 nömrəli qətnaməsi iddianın təmin edilmiş dəyişdirilmədən saxlanılmalıdır.

42. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı cavabdehə 2022-ci il tarixdə pul vermiş daha sonra pulunu ala bilmədiyi üçün xx.xx.2023-cü il tarixdə 5700 manat pula dair cavabdehdən yazılı etiraf almışdır. Sonradan İddiaçı xx.xx.2023-cü il tarixdə Qazax RPŞnin İstintaq Bölməsinə verdiyi ərizə və izahatında Cavabdeh hərəkətləri nəticəsində ona cəmi 1500 manat maddi ziyan dəydiyini göstərmişdir.

43. Məhkəmə sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.

44. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

45. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

46. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

47. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

48. Qeyd olunan mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdehlər sübut etməlidir.

49. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 5700 manat məbləğində deyil cəmi 1500 manat pul verilmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ibtidai istintaq orqanında verdiyi izahatında cavabdehə 1500 manat pulun verildiyini etiraf etmiş və tərəflər arasında başqa məbləğə dair münasibətlərin olmasına dair münasibət bildirməmişdir.

50. Ancaq, cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıdan pul almadığını və borcunun olmadığını bildirsə də borcun etirafına dair verdiyi ərizə cavabdehin bildirdiklərinin həqiqətə uyğun olmadığını təsdiq edir və bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

52. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

53. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

54. Eyni zamanda məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin hüquqi nəticəyə gəlmək üçün seçdiyi hüquqi norma (əsassız varlanma) əhəmiyyət kəsb etmədən və qeyd olunan haldan əlavə məhkəmə tərəfindən öhdəlik münasibətlərinə qiymət verilərək, həmin normaların tətbiq edilməsi (MM 385.1, 427.3 və 448.1) iddianın mahiyyəti üzrə sübutların qiymətləndirilməsi və faktiki halların müəyyən edilməsi apellyasiya instansiyası tərəfindən düzgün və qənaətbəxş hesab edilmişdir.

55. Apellyasiya instansiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mövcud olan sübutları hərtərəfli təhlil etmiş, tərəflərin izahatlarını və təqdim edilmiş sənədləri nəzərə alaraq faktiki vəziyyəti obyektiv müəyyən etmişdir. Bu baxımdan, hüquqi normanın seçilməsindəki uyğunsuzluq qətnamənin mahiyyət etibarilə ədalətli nəticəyə gəldiyini dəyişdirmir.

56. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

57. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

59. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, iddiaçı birinci instansiyası məhkəməsinin qətnaməsində apellyasiya şikayəti verməmiş və hazırki qətnamə ilə ona münasibətdə maraqlarına toxunulmamışdır. Eyni zamanda qətnamədən iddiaçı tərəfindən şikayət verilmiş olsaydı belə onun tərəfindən mübahisələndiriləcək məbləğ 4200 manat (5700-1500=4200) təşkil edəcəkdir ki, bu halda da mübahisələndiriləcək olan məbləğ 5000 manatdan azdır. Cavabdehə mübasibətdə isə mübahisələndirilən məbləğ 1500 manat təşkil edir ki, bu halda da həmin hissə 5000 manatdan azdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-1195/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar