Məhkəmə qərarları › İş №2(104)-1199/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1199/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1199/2023 16.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-479/2023 saylı mülki iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya 28 faiz olmaqla, 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. İşdə olan xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi məqsədilə Cavabdeh2 bank qarşısında zamin durmuşdur.

3. İşdə olan xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində Cavabdeh1 mülkiyyətindəki **-CN-*** dövlət qeydiyyat nişanlı, 2003-cü il buraxılışlı, boz ağ rəngli “SSNG YONGİSTANA” markalı miktoavtobus bankın xeyrinə yüklü edilmişdir.

4. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 2696.63 ABŞ dollan əsas, 4401.83 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 1284.5 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 8382.96 ABŞ dolları məbləğində borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 29 avqust 2012-ci il tarixli kredit müqaviləsi üzrə banka 2696.63 ABŞ dollan əsas, 4401.83 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 1284.5 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 8382.96 ABŞ dolları borcun və 132.75 manat ödənilmiş dövlət rüsumunun tutulması; Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan məbləğ, yəni cəmi 8382.96 ABŞ dolları borcun və 132.75 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətindəki **-CN-*** dövlət qeydiyyat nişanlı, 2003-ci il buraxılışlı, Boz ağ rəngli «SSNG YONGİSTANA» markalı (ban: KPDFBDL813P165016) mikroavtobusun açıq hərrac vasitəsilə satılması hesabına ödənilməsi; İpoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Gəncə Şəhər Məhkəməsinin 2(125)-479/2023 saylı mülki iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə (X.Səfərli) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçının nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-479/2023 saylı mülki iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam əsassızdır, buna görə də apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2014-cü il tarixdə baça çatmalı idi, lakin borclu öhdəliyini tam şəkildə yerinə yetirməmişdir, belə olan halda kredit müqaviləsi qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da bu, əksini tapmışdır. Plenumun mövqeyinə görə MM-nin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bundan əlavə şərti olaraq hesab edilsə ki, öhdəliyin icrası vaxtı xx.xx.2014-cü ildə başa çatmışdır. Ona görə də birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun xx.xx.2013-cü il tarixli qərarına istinad edərək iddianın rədd edilməsi ilə bağlı qənaət formalaşmışdır, onda məhkəmə yenə də maddi hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, iddia tələbinin bir hissəsini kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmış 1284.50 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla zərər təşkil etmiş, nədənsə birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsində də 3 illik müddəti tətbiq edərək iddianı rədd etmişdir. Halbuki, işin faktiki halından göründüyü kimi cavabdeh öz üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş və bundan sonra bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Hesab edirlər ki, gecikdirilmiş vaxt üçün faiz tələbi kredit müqaviləsindən irəli gələn hüquq deyil, qanundan irəli gələn hüquqdur. Göründüyü kimi iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbinin rədd olunması üçün heç bir əsas olmadan məhkəmə düzgün olmayaraq iddianı rədd etmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməmsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

13. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

14. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

15. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də idia müddəti keçir.

16. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydada istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

17. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, mərizəçi hakimi və cavabdehi dinləyib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

26. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2012-ci il tarixli, 10-M-1-0-1559-12 saylı kredit müqaviləsi üzrə kreditin icra müddəti xx.xx.2014-cü il tarixdə bitmiş, iddia ərizəsi ilə məhkəməyə 25 oktyabr 2022-ci il tarixdə müraciət olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə iddia müddətinin axımı kredit müqaviləsi üzrə kreditin icra müddətinin bitdiyi vaxtdan, yəni hazırki halda xx.xx.2014-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi 25 oktyabr 2022-ci il tarixə qədər iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü müəyyən etmək olar. İddiaçı ASC 28 avqust 2012-ci il tarixli, 10-M-1-0-1559-12 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 qarşı öhdəliklərin icrası üçün nəzərdə tutulmuş iddia müddətini üzrlü səbəblərdən buraxmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh1 isə məhkəməyə ərizə verərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbinə iddia müddəti tətbiq edilməklə, iddianı rədd etmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarı).

28. İş materiallarından görünür ki, müqavilənin müddəti xx.xx.2014-ci il tarixdə başa çatmış, iddia ərizəsi 25 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hazırki işin faktiki hallarına görə, müqavilənin müddətinin başa çatdığı 28 avqust 2014-ci il tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi 25 oktyabr 2022-ci il tarixə qədər iddiaçı Bank tərəfindən iddia müddətinin ötürüldüyü təsdiq olunur və hazırki işdə iddia müddətinin axımının kəsilməsi halları müəyyən edilməmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh1 məhkəməyə ərizə verərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayətinin gecikdirilmiş vaxt üçün faiz tələbinə dair dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan digər tələblər də təmin edilə bilməz.

30. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı maddi hüquq normalarına istinad etməklə iddia tələbini təmin etməməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

31. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə mövcud sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-479/2023 saylı mülki iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-479/2023 saylı mülki iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar