Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1200/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, onun nümayəndəsi Nümayəndə və cavabdehin vəkili X1 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 2(125)-261/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nağd şəkildə borc olaraq verdiyi 16500 manat pulun, dövlət rüsumu kimi ödədiyi 140 manat və 100 manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 2(125)-261/2023 nömrəli qətnaməsi ilə (hakim X.Səfərli) iddia qismən təmin edilmiş, Cavabdeh 6000 (altı min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 2(125)-261/2023 nömrəli qətnaməsinin ləğv olunması, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh qızı onun qonşusudur.O, Cavabdeh təklifi ilə lotereya oyunu təşkil etmişdir.Cavabdeh təklif etmişdir ki, hər biri beş nəfər təşkil edəcəkdir. Cavabdeh bildirmişdir ki, cəlb etdiklərindən iki nəfər bacısıdır, Rusiya Fedarasiyasının paytaxtı Moskva Şəhərində yaşayırlar və xırda ticarətlə məşğul olurlar. Cavabdeh təklifi ilə 3 qrupdan hər qrupda 10 nəfər olmaqla lotereya oyunu təşkil etmişdir.Beləliklə, Cavabdeh təşkil etdiyi 3 qrupdan ibarət olan lotereyanın hər bir qrupundan 3 nəfər xırda ticarətlə məşğul olan şəxslər olmuşdur. Cavabdeh lotereyanı təşkil edərkən oyunçuların vaxtı-vaxtında pulları ödəyəcəyinə öhdəlik götürdükdən sonra oyuna başlamışlar. Cavabdeh xırda ticarətlə məşğul olan dediyi 3 nəfərdən biri qonşuluqda yaşayan və münasibəti pis olan Şəlalə adlı qonşu olmuşdur. Bir gün Şəlalə adlı şəxs onun yaşadığı evə gələrək, Cavabdeh ilə birlikdə onu aldatdıqlarını bildirmişdir.Sonrada Şəlalə ona bildirmişdir ki, onun tərəfindən verilən 16.500 manat məbləğində pul ona çatmışdır. Hazırda həmin pulu qaytarmağa imkanı yoxdur.O,Cavabdeh belə bir addım atacağına inanmadığı üçün, Şəlalə ilə birlikdə cavabdehin evinə getmişlər.Cavabdeh söhbət əsnasında ona bildirmişdir ki, ondan aldığı 16.500 manat məbləğində pulu Şəlaləyə vermişdir və əməlindən peşmandır.Cavabdehlə aralarında olan razılaşma şifahi olduğundan rəsmiləşdirilməmişdir.Cavabdehə dəfələrlə ona olan 16.500 manat borcunu qaytarmasını xahiş etsə də, o bəhanələr edərək, qaytarmamış və məhkəmə iclasında 6000 manat borcunun olduğunu bildirmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 2(125)-261/2023 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Şəlalə ona demişdir ki, Cavabdeh ondan götürdüyü 16500 manat məbləğində pulu ona verib və onun hal-hazırda o pulu qaytarmağa imkanı yoxdur. Belə olan halda yəni, Şəlalə 16500 manat məbləğində pulu götürdüyü halda, o, hazırki iş üzrə cavabdehlik daşımır. Bundan başqa iddiaçı ilə aralarında həmin pulun borc götürülməsi barədə müqavilə olmamış və buna dair heç bir öhdəlik götürməmişdir. Halbu ki, qanunvericilikdə qeyd edilmişdir ki, borc müqaviləsinin dəyəri 3000 manat və ya ondan çox olduqda notarial qaydada müqavilə bağlanmalıdır. Lakin onların arasında notarial qaydada borc müqaviləsi bağlanmamasına baxmayaraq, məhkəmə bu xüsusatları araşdırmadan iddianın qismən təmin edilməsinə dari qətnamə qəbul etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, cavabdeh ilə aralarında telefon danışığı olmuş və həmin danışıq işə əlavə edilmişdir. Təqdim etdiyi səs yazılarında “Sevinc” adlı şəxs Cavabdeh olmuş, hər kəsin onu bu adla çağırır. Cavabdeh ilə hərəsi 4 nəfər tapmaqla ümumilikdə 10 nəfərdən ibarət lotareya oyunu oynamışlar. 10 nəfərdən hər biri 200 manat olmaqla, növbəlik qaydada ayda bir dəfə 2000 manat həmin şəxsə pul verilir. O və Cavabdeh özləri əlavə etdiyi 4 nəfərin pulunu aylıq 200 manat pulu da əlavə etməklə hərəsinə 1000 manat verməklə növbəti şəxsə verməyi razılaşmışlar. Bu minvalla, cavabdeh ondan aldığı pulları lotareya oynayanlara yox, Şəlaləyə vermiş və nəticə etibarı ilə o, bütün oyunçuların pullarını özü qaytarmışdır. Cavabdehlə danışığı zamanı ona olan 16.500 manat borcunu təsdiq etmiş və tezliklə qaytaracağını bildirsə də, qaytarmamışdır. Ona görə də, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 05 yanvar 2023cü il tarixli 2(125)-261/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, oxşar məzmunlu izahat verdi və onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli 2(125)-261/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, iddiaçıdan 6000 manat borc pul almış, onu da qaytarmışdır. Cavabdeh vəkili X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli 2(125)-261/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli 2(125)-261/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfindən iş materillarına əlavə edilmiş səs yazısı olan 2 ədəd CD diski dinlənilmişdir. Həmin səs yazısı iddiaçı və cavabdeh arasında olan danışığıdır. Qeyd edilən diskləri dinləmə zamanı borc pulun məbləği ilə bağlı İddiaçı Cavabdeh bildirir ki, bir yerdə aramızda hesablamışıq və 16.500 manat borcun vardır. Cavabdeh isə bildirir ki, bilirəm...danmıram ki.. verəcəyəm.. məni bir az gözləyin... Səs yazısı dinlənildikdən sonra, Cavabdeh sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, həmin danışıqda “Sevinc” deyilən şəxs o, yəni Cavabdehdır və onu bu adla çağırırlar. Həmçinin suala cavab olaraq göstərdi ki, səs yazısında olan etirafedici ifadələri iddiaçıdan qorxduğu üçün demişdir. Cavabdeh nümayəndəsi olan yoldaşı Nümayəndə bildirmişdir ki, həmin səs yazısı gizli yazıldığından sübut kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli 2(125)-261/2023 nömrəli qətnaməsi dəyişdirilməli, 16500 manat məbləğində pul və ödənilmiş 140 manat dövlət rüsumu və 100 manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilən sənədlərdən görünür ki, iddiaçı hazırkı iş üzrə iddia ilə məhkəməyə müraciət edərkən, 140 manat dövlət rüsümü, 100 manat xidmət haqqı ödəmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 16500 manat borcun geri qaytarılmasını tələb etmiş, cavabdeh tərəfindən isə 6000 manat borcun iddiaçıdan alındığı etiraf edildiyi, lakin tam və ya qismən geri ödənilməsi sübuta yetirilmədiyindən, qanunvericiliyin tələbinə əsasən, məbləğ üç min manatdan çox olduğu halda yazılı qaydada tərtib edilməyən tərəflər arasındakı borc müqaviləsi etibarsız hesab edilməli, cavabdeh aldıqlarının hamısını-6000 manat pulu iddiaçıya qaytarmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə qismən razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İşin müəyyən olunmuş hallarından müəyyən olunur ki, tərəflər arasında lotareya oyunu ilə bağlı borc münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası MM-nin: 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, tərəflər arasında razılaşdırılmış lotareya oyunu ilə əlaqədar Cavabdeh İddiaçı 16500 manat borcu qalmışdır. İddiaçı cavabdehin ona 16.500 manat borcu qaldığını, cavabdeh isə iddiaçıdan 6000 manat borc pul almasını və onu da qaytarmasını bildirmiş, apellyasiya dəlilində isə 16500 manat məbləğində pul Şəlaləyə verildiyi üçün, o, hazırki iş üzrə cavabdehlik daşımadığını bildirmişdir. İddiaçı sübut növü kimi işə əlavə edilmiş səs yazısı olan CD diskinin dinlənilməsini xahiş etmiş və məhkəmə kollegiyası tərəfindən həmin səs yazıları tərəflərin iştirakı ilə dinlənilmişdir. Müəyyən edilmişdir ki, həmin səs yazısı iddiaçı və cavabdeh arasında olan danışığıdır. Həmin səs yazısında borc pulun məbləği ilə bağlı İddiaçı Cavabdeh bildirir ki, bir yerdə aramızda hesablamışıq və 16.500 manat borcun vardır. Cavabdeh isə bildirir ki, bilirəm...danmıram ki.. verəcəyəm.. məni bir az gözləyin...və s. Göründüyü kimi, qeyd edilən səs yazılarının dinlənilməsi zamanı Cavabdeh İddiaçı 16.500 manat borcunun olması təsdiq edilir. Cavabdeh səs yazısında olan etirafedici ifadələri iddiaçıdan qorxduğu üçün deməsini bildirsə də, həmin hal öz təsdiqini tapmır. Belə ki, həmin danışıq onların aralarında olan pul mübahisələri ilə bağlı sakit tərzdə edilən söhbətdir və cavabdehə qarşı hər hansı bir təzyiq, hədə-qorxu və zorakılıq əlamətləri görünmür. Cavabdeh nümayəndəsi olan yoldaşı Nümayəndə həmin səs yazısı gizli yazıldığından, sübut kimi qəbul oluna bilməz kimi dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxslər arasındakı telefon danışıqlarının bu söhbətdə iştirak edən (tərəf müqabili olan) biri tərəfindən yazılması və mübahisə halında onlardan məhkəmədə sübut kimi istifadə olunması müvafiq şərtlər daxilində mümkündür. Belə ki, gizli yolla əldə edilmiş səs yazısından sübut kimi istifadənin yolverilməzliyi, əslində şəxsi həyatın gizliliyini qorumaq ehtiyacından irəli gələn bir qaydadır. Bu qayda, əsas etibarı ilə şəxsi həyata müdaxilə edilməklə, sirr təşkil edən məlumatların başqaları tərəfindən qanunsuz şəkildə ələ keçirilməsinin və istifadəsinin qarşısının alınmasına xidmət edir. Bununla bağlı qeyd olunmalıdır ki, qeydə alınan məlumatlar, səsi yazılan tərəfin şəxsi həyatının gizli bir sahəsi olmayıb, bu danışığı qeydə alan biri ilə mübahisəli münasibətləri (borc və s.) barədə ifadə etdiyi fikirlərdirsə, həmin bəyanların sonradan təkzib olunacağı ehtimalı ilə yazılması özü-özlüyündə qanunsuz hərəkət hesab edilə bilməz. Çünki, bu halda şəxs başqasını gizli şəkildə dinləmiş və ya onun sirr xarakterli danışıqlarını yazmaqla şəxsi həyatı haqqında məlumat toplamış sayılmır. Bu zaman səsi yazıya alan, məhz özü ilə əlaqəli olan bir hadisədə qarşı tərəfin şifahi şəkildə ona etdiyi etirafı və ya digər bəyanı (məsələn, borcunu qaytaracağını) fiksə etmiş olur. Söhbətin bir tərəfi də elə yazını aparan şəxs olduğu üçün o, həm də mübahisəli məsələ ilə bağlı öz şəxsi həyatına dair bir məqamı qeydə almış sayılır. Bu baxımdan şəxsin iştirak etdiyi söhbəti mübahisə halında sübuta yetirə bilməsi üçün yazması və bu yazıdan məqsədi xaricində deyil, məqsədinə uyğun bir şəkildə istifadə etməsi (məsələn, qarşı tərəf təklikdə etdiyi borc etirafını sonradan təkzib etdikdə yazını məhkəməyə təqdim etməsi), sözügedən qeydlərin qanunsuz sübut sayılmasını istisna edir. Beləliklə, başqa şəxs(lər)lə olan telefon danışığının deyil, tərəflərin özləri arasında, özü də mübahisəli hüquqi münasibətlə bağlı söhbətin yazısının həmin mübahisənin həllində istifadə olunması MPM-nin 76.3-cü maddəsindəki qadağanın məqsədi xaricindədir. Bu şərtlər çərçivəsində səs yazılarının sübut kimi qəbul olunmaması, əsas hədəfi insan hüquq və azadlıqlarının qorunması olan bir qaydadan məqsədinə zidd, yəni insan hüquqlarının pozulması ilə nəticələnəcək şəkildə istifadə edilməsi anlamına gəlir. Belə ki, bəzi hallarda qarşı tərəfin etirafını gələcəkdə danması ehtimalına qarşı şəxsin yeganə sübutetmə vasitəsi olan səs yazısından istifadə edə bilməməsi maddi həqiqətin nəzərə alınmamasına səbəb olur. Halbuki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir.Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən də göründüyü kimi tərəflər arasında baş tutmuş telefon danışıqlarının onlar arasında məhz həmin məsələyə dair yaranmış mübahisənin həllində istifadəsi qanunla icazə verilən hal kimi qiymətləndirilməlidir. Belə olan halda, həmin danışıqlara dair səs yazıları MPM-nin 76.3-cü maddəsi baxımından qanunu pozmaqla əldə edilmiş sübut hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 2(125)-261/2023 nömrəli qətnaməsi dəyişdirilməli və Cavabdeh 16500 manat (on altı min beş yüz) məbləğində pul, ödənilmiş 140 manat dövlət rüsumu və 100 manat xidmət haqqı alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına tam uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Ona görə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 2(125)-261/2023 nömrəli qətnaməsi dəyişdirilməli, 16500 manat məbləğində pul və ödənilmiş 140 manat dövlət rüsumu və 100 manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392-393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 2(125)-261/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 16500 manat (on altı min beş yüz) manat məbləğində pul, ödənilmiş 140 manat dövlət rüsumu və 100 manat xidmət haqqı alınaraq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1200/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1200/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver