Məhkəmə qərarları › İş №2(104)-1204/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1204/2023

03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1204/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin miqdarının artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (atası) X3 iştirakı ilə, Samux Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(058)-101/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İİİ seriyalı 892000 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır.

2. Samux Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(058)-266/2021 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilməsi, Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 150 manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq, xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan 150 manat alimentin artırılaraq 250 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2016-ci ildə ailə qurmuş, xx.xx.2017-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların xx.xx.2017-ci il təvəllüdlü X5 adlı uşaqları var. Heç bir yerdə işləmir, məhkəmə tərəfindən təyin edilmiş alimentlə uşağın maddi ehtiyaclarını ödəyə bilmir.

5. Samux Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(058)-101/2023 nömrəli qətnaməsi ilə (hakim Tərifə Kərimova) iddianın təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə iddianın təmin edilməməsini qət edərkən qeyd etmişdir ki, Samux Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(058)-266/2021 saylı qətnaməsi qəbul olunduğu vaxt tərəflərin nikahdan olan uşağı - X4 4 yaşı olmuş, hazırda isə həmin qətnamədən 1 il 10 ay vaxt keçmiş, bu müddət ərzində uşağın zəruri ehtiyaclarında hər hansı dəyişiklik baş verməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, aliment miqdarı müəyyən edildikdən sonra, yəni son 1 il 10 ay müddətində iddiaçının və cavabdehin maddi və ailə vəziyyətində də dəyişiklik olmamış və iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 112.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(058)-101/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin halları düzgün araşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi alimentin təyin edilməsindən 2 ilə yaxın vaxt keçməsini, uşağın maddi təlabatının artmasını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etarazda qeyd olunmuşdur ki, o, müddətdən artıq hərbi xidmətdə Laçın rayonu ərazisində xidmət edir. Aliment borcu yoxdur. Etirazın nəzərə alınması xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 2016-ci ildə ailə qurmuş, xx.xx.2017-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların xx.xx.2017-ci il təvəllüdlü Mahir adlı uşaqları vardır. Heç bir yerdə işləmir, məhkəmə tərəfindən təyin edilmiş alimentlə uşağın maddi ehtiyaclarını ödəyə bilmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş emişdir.

13. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

18. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşdırılmış hüquqi mövqeyinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

21. Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

25. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

30. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəlmişdir, ona görə də hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Samux Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(058)- 101/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Samux Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(058)- 266/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 150 manat sabit pul məbləğində alimentin miqdarı artırılmalı və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 qətnamənin qəbul edildiyi tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

35. Beləliklə, işin araşdırılmış hallarına görə iddiaçı Samux Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin miqdarını artıraraq sabit məbləğdə hər ay 250 (iki yüz əlli) manat məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmamışdır. Belə ki, Cavabdeh tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış apellyasiya şikayətinə qarşı etirazdan görünür ki, o, hazırda müddətdən artıq hərbi xidmətdə Laçın rayonu ərazisində xidmət edir. Göründüyü kimi iddiaçı işləmir az təminatlı valideyndir, uşaq onun yanında qalır, cavabdeh isə özunun qeyd etməsinə görə işləyir və kifayət qədər maddi imkana malik olan valideyndir. Bundan başqa, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi vəziyyətini, uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq Məhkəmə Kollegiyası hesab edir ki, müəyyən edilmiş 150 manat sabit məbləğdə olan alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir.

36. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır.

37. Məhkəmə Kollegiyası qeyd edir ki, baxılan iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi (illik ödəniləcək alimentin miqdarı) iddianın qiyməti beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Samux Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(058)-101/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(058)-266/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 150 manat sabit pul məbləğində alimentin miqdarı artırılsın və xx.xx.2017ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 qətnamənin qəbul edildiyi tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar