Məhkəmə qərarları › İş №2(104)-1206/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1206/2023

11.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1206/2023 11.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-178/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2015-ci il tarixli, 2(104)-793/2015 saylı təyin edilmiş 170 manat alimentin artırılaraq, Cavabdeh 2 (iki) uşaq üçün 400 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2008-ci ilin iyul ayında rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Cavabdehlə birgə nikahları 2010-cu ildə ləğv edilmiş, sonradan 21 dekabr 2011-ci il tarixdə barışaraq yenidən nikaha daxil olmuşlar. İddiaçı ilə cavabdehin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təəvllüdlü X3 adlı 2 (iki) uşaqları olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-793/2015 nömrəli, 28 aprel 2015-ci il tarixli qətnaməsinə əsasən hər ay hər uşağa görə 85 manat olmaqla cəmi 170 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Əvvəllər bir müddət cavabdhlə Rusiya Federasiyasında bir yerdə yaşamışlar. Cavabdeh bizneslə məşğuldur və qazancı 1500 manatdan artıqdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-178/2023 saylı qətnaməsi ilə (sədirlik edən Əyyub Kərimov) iddia qismən təmin edilmiş, 01 iyun 2009-cu il təvəllüdlü X5 və 24 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Gəncə Apellyasiya Məhkəməsinin 28 aprel 2015-ci il tarixli, 2(104)-793/2015 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi və Cavabdeh 42,80 (qırx iki manat səksən qəpik) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-178/2023 saylı qətnaməsinin ləğv edilərək, alimentin məbləğinin hər uşaq üçün hər ay 220 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ölkə üzrə yaşayış miniumu 220 manat müəyyən edilməsinə baxmayaraq, məhkəmə qanunvericiliyin həmin tələbinə əməl etməyərək, hər uşağa görə alimentin məbləğini 180 manat müəyyən etmişdir. Cavabdeh X4 həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-178/2023 saylı qətnaməsinin tam ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edib, ondan tutulan alimentin məbləğini artıraraq, hər uşağa görə 180 manat müəyyən edərkən, onun maddi vəziyyətini nəzərə almamışdır. İşdə iştirak edən şəxslərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə kollegiyaya məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-178/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-793/2015 nömrəli, 28 aprel 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Göygöl Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli, 2(066)-81/2015 saylı qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilməsi, Cavabdeh 10 oktyabr 2014-cü il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 85 (səksən beş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edimişdir. AZE seriyalı, 12264287 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. AZE seriyalı, 12264288 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə Göygöl rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 793/2015 nömrəli, 28 aprel 2015-ci il tarixli qətnaməsi ilə, iş üzrə Göygöl Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli, 2(066)-81/2015 saylı qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilmiş, Cavabdeh 10 oktyabr 2014-cü il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 85 (səksən beş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edimişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. İddiaçı cavabdeh uzun müddətdir ki, Rusiya Federasiyasında işləməsini və yaxşı gəlirləri olmasını əsas gətirməklə, alimentin miqdarının artırılaraq hər ay hər uşaq üşün 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat müəyyən edilməsini, valideynlərin hər ikisinin hüquqlarının bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, habelə uşağın qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-793/2015 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat məbləğində müəyyən edilməli və qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməl olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunu uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Kollegiya iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək, qeyd edir ki, alimentin məbləği müəyyən edilərkən onların maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən, aliment ödəməyən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Aliment ödəyən şəxsin maddi imkanı üçün ödənilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına zəmin yaradacaqdır.Tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, iddiaçı tərəfindən cavabdehin daha yüksək gəlirə malik olmasına dair sübut növü təqdim edilməməsini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək, qeyd edir ki, onun maddi vəziyyətinin aşağı olması barədə dəlillərini alimentin azaldılması üçün əsas hesab etmir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmaqla, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyəti daşıyırlar və hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-178/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, alimentin artırıldığı məbləğin bir il ərzində olan məcmusu ilə iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı və Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-178/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar