Məhkəmə qərarları › İş №2(104)-1210/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1210/2023

10.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1210/2023 10.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı1, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(076)-180/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 7410 manat məbləğində maddi ziyanın və ödənilmiş 95 manat məbləğində dövlət rüsumunun alınıb onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 1(076)-142/2020 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Şəmkir Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli hökmü ilə ona CM-nin 177.2.3-cü maddəsi ilə qəti təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 26 (iyirmi altı) günü azadlıqdan məhrum etmənin bir günü, azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla 5 (beş) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 1(104)- 310/2020 saylı qərarı ilə Şəmkir Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 1(076)- 142/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Qeyd edir ki, onlar bundan əvvəl məhkəmədə iddia qaldıraraq cavabdehdən maddi ziyanın ödənilməsini tələb etmişlər. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1196/2021 saylı 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pulun, qızıl əşyalarını ümumi dəyəri olan 1610 (bir min altı yüz on) manat məbləğində pulun və 2300 (iki min üç yüz) ABŞ dollarının ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq onlara verilməsi qət edilmişdir. Lakin həmin iddia ilə məhkəməyə müraciət edərkən maddi ziyanın məbləği 3500 (üç min beş yüz) manat məbləğində pulun, qızıl əşyalarını ümumi dəyəri olan 1610 (bir min altı yüz on) manat məbləğində pulun və 2300 (iki min üç yüz) ABŞ dolları olaraq qeyd edilmiş, onlara dəymiş maddi ziyanın digər məbləği, yəni 7410 (yeddi min dörd yüz on) manat hissəsi həm iddia ərizəsində, həm də qətnamədə nəzərdən qaçmışdır. xx.xx.2022-ci il tarixdə cavabdehin barəsində icra tədbirləri görülərkən həmin anlaşılmazlıq onların diqqətini çəkmişdir. Hazırda cavabdehdən həmin ziyanı ödəməsini tələb etsələr də, nəinki həmin ziyanın ödənilməsi, həmçinin əvvəlki qətnamə ilə tutulması qət edilmiş ziyanın ödənilməsi üçün aparılan tədbirlərin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Şəmkir Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(076)-180/2023 nömrəli qətnaməsi ilə (hakim Könül Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh 7410 manat məbləğində pulun alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh ödənilmiş 95 manat məbləğində pulun tutularaq iddiaçılar İddiaçı1 oğlyuna və İddiaçı2 verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. Belə ki, iddiaçılar hər ikisi iddia ərizəsinə onun barəsində çıxarılmış məhkəmə hökmünü əlavə etmişlər. Həmin hökmdə maddi ziyan aydın şəkildə göstərilmiş və riyazi hesablamaya heç bir ehtiyac qalmamışdır. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğu halda yenidən həmin mübahisə ilə bağlı qətnamə qəbul edilmişdir. Ona görə də qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, əvvəllər iddiaçılar eyni tələblə hüquqlarını təmsil etdiyi şəxsə qarşı iddia qaldırmışlar və onlarn həmin iddiası Şəmkir Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(076)-1196/2021 saylı qətnaməsi ilə təmin edilmişdir. Onlar iddia ərizəsində başqa tələb irəli sürməmişlər. İddiaçılar əvvəllər eyni tələblə hüquqlarını müdafiə və təmsil etdiyi şəxsə qarşı məhkəmədə iddia qaldırdıqları və onların iddiasına məhkəmədə baxılaraq iddia təmin edilmiş, qətnamə qəbul edildiyinə görə hazırki iddia tələbinə baxılması əsaslı sayıla bilməz. Hökmlə maddi ziyanın məbləği 3500 (üç min beş yüz) manat məbləğində pulun, qızıl əşyalarını ümumi dəyəri olan 1610 (bir min altı yüz on) manat məbləğində pulun və 2300 (iki min üç yüz) ABŞ dolları olaraq qeyd edilmiş, iddiaçılara dəymiş ziyan məhkəmənin əvvəlki qətnaməsi ilə təmin edilmişdir. İddiaçılar cavabdehdən yenidən 7410 (yeddi min dörd yüz on) manat tələb edirlər. Əslində isə bir işə iki dəfə baxıla bilməz. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1196/2021 saylı 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə onun birinci iddiası təmin edilmişdir. Onların evindən 3500 manat pul, 1610 manat dəyərində qızıl əşyaları və 2300 ABŞ dolları oğurlanmışdır. Onun ziyanı ödənilmədiyi üçün yenidən iddia qaldırmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə İddiaçı2 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, bununla belə cavabdeh nümayəndəsi və vəkili ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(076)- 180/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 1(076)-142/2020 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Şəmkir Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli hökmü ilə ona CM-nin 177.2.3-cü maddəsi ilə qəti təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 26 (iyirmi altı) günü azadlıqdan məhrum etmənin bir günü, azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla 5 (beş) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmün məzmunundan məlum olur ki, Cavabdeh qarşı İddiaçı1 və İddiaçı2 məxsus olan 2300 ABŞ dolları və 3500 manat məbləğində pul, 1610 manat dəyərində əmlak, cəmi 7410 manat dəyərində əmlakı oğurladığına görə ittiham irəli sürülmüşdür. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2020ci il tarixli 1(104)-310/2020 nömrəli qərarının surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 1(076)-142/2020 nömrəl hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və hökm həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(076)-1196/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası təmin edilmiş və Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul, oğurlanan qızıl əşyalarının ümumi dəyəri olan 1610 (bir min altı yüz on) manat məbləğində pulun və 2300 (iki min üç yüz) ABŞ dollarının ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə (cəmi 7410 manat) pul və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(076)-1196/2021 saylı qətnaməsinin araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin iddia qaldırılan vaxt hazırki iddianın predmeti olan 7410 (yeddi min dörd yüz on) manat məbləğində maddi ziyanla bağlı məhkəmə qətnaməsinin əsasladırıcı hissəsində öz əksini tapmamışdır. Hazırki mülki iş üzrə isə tərəflər eyni olsa da, iş üzrə tələbin predmeti eyni deyil, iddiaçılara dəymiş maddi ziyanın qalıq hissəsidir. Beləliklə, məhkəmə kollegiyası birinci instnasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, cavadehin təqsirli hərəkəti nəticəsində iddiaçılara - 3500 (üç min beş yüz) manat məbləğində pul, - oğurlanan qızıl əşyalarının ümumi dəyəri olan 1610 (bir min altı yüz on) manat məbləğində pul, - 2300 (iki min üç yüz) ABŞ dolları və - Oğurlanmış özgə əmlak ümumilikdə cəmi 7410 (yeddi min dörd yüz on) manat məbləğində müəyyən edilmişdir. Həmin maddi ziyanın 3500 (üç min beş yüz) manat məbləğində pul, oğurlanan qızıl əşyalarının ümumi dəyəri olan 1610 (bir min altı yüz on) manat məbləğində pul və 2300 (iki min üç yüz) ABŞ dolları hissəsi əvvəllər məhkəmə qətnaməsi ilə cavabdehdən tutularaq iddiaçılara verilməsi qət edilmiş, iddiaçılar 7410 (yeddi min dörd yüz on) manat maddi ziyanın ödənilməsini tələb etmədiklərindən vurulmuş ziyanın həmin hissəsinə hüquqi qiymət verilməmişdir. Daha sonra iddiaçılar hazırki iddia tələbi ilə qalan həmin 7410 manat məbləğində maddi ziyanın ödənilməsini yenidən tələb etmişlər. Birinci instansiya məhkəməsi 7410 (yeddi min dörd yüz on) manat məbləğində maddi ziyanı iddiaçılara dəymiş maddi ziyanın qalıq hissəsi kimi qiymətləndirərək iddianı təmin etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində eyni tərəflər arasında eyni əsaslarla eyni predmet barəsində qanuni qüvvəyə minmiş qətnamənin olmasına istinad etmişdir. Məhkəmə kollegiyası həmin dəlillə razılaşaraq qeyd edir ki, iddiaçılara məhkəmə hökmü ilə müəyyən edilmiş, 3500 manat pul, oğurlanan qızıl əşyalarının ümumi dəyəri olan 1610 manat pulun və 2300 ABŞ dollarının ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə - cəmi 7410 manat ziyan dəymişdir. İddianın predmeti iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətlərindən irəli gələn maddi-hüquqi tələbdən ibarətdir. Bu mənadə iddianın predmeti dedikdə mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddihüquqi tələbi başa düşülür. Hazırki iş üzrə iddia tələbi pul tələbi olmaqla cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmuş 7410 manat məbləğində maddi ziyanın ödənilməsidir. Azərbaycan Respublikasının MPM-in 387.2 və 387.2.8-ci maddələrinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0 və 261.0.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(076)-180/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.2, 263, 264, 384.0.5, 387.2.8, 400, 402.2, 404.1, 405.0.2 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(076)-180/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar