Məhkəmə qərarları › İş №2(104)-1215/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1215/2023

03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1215/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(042)-36/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən təqdim edilmiş yerquruluşu üzrə sxemdən görünür ki, İddiaçı iddia etdiyi və Cavabdeh istifadəsində olan 0,10 ha torpaq sahəsi ilə RX0000794 seriya və nömrəli, **********65-10301 saylı çıxarış əsasında İddiaçı məxsus olan 0.22 ha torpaq sahəsi üst-üstə düşmür və aralı yerləşir.

2. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının cavabdeh tərəfindən maddi ziyan vurulduğunu iddia etdiyi torpaq sahəsi 0,1092 ha olmaqla İddiaçı istifadəsində olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilən 09 yanvar 2023-cü il tarixli, 10/7078 nömrəli ekspert rəyində qeyd olunur ki, İddiaçı Cavabdeh tərəfindən maddi ziyan vurulduğunu iddia etdiyi torpaq sahəsi 0,1092 ha olmaqla iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir.

4. Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin 02 mart 2023-cü il tarixli,06 nömrəli arayışında qeyd olunur ki, İddiaçı tərəfindən Cavabdeh qarşı qaldırılmış iddiada göstərilən mübahisəli torpaq sahəsi bələdiyyənin örüş sahəsi olmaqla digər vətəndaşların icarəsinə və istifadəsinə verilməmişdir, qeyd edilən torpaq sahəsindən icarə və istifadə haqqı kimi bələdiyyənin hesabına İddiaçı tərəfindən 2020,2021,2022 və 2023-cü ilin hal-hazırınadək heç bir ödəniş olmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cəlal oğlu məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona dəyən ziyana görə 231 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Gədəbəy rayonu, Slavyanka kəndi 0.22 ha həyətyanı torpaq sahəsi və onun içərisində 48.51 kv.m sahəsi olan fərdi yaşayış evi vardır. Cavabdeh 2022-ci ilin aprel-may aylarında bir rəst atını onun şəxsi mülkiyyətində olan torpaq sahəsini 0.14 ha hissəsini otararaq ona cəmi 231 manat dəyərində zərər vurmuşdur. Cavabdeh könüllü olaraq dəyən zərəri ödəmir. Cavabdehə məxsus olan bir rəst atın ona vurduğu zərərlə bağlı mütəxəssis tərəfindən 17 may 2022-ci il tarixli 6 nömrəli rəy verilmişdir. Rəydə qeyd edilmişdir ki, 0.14 ha biçənək sahəsinə 100% zərər dəymişdir. Həmin sahədən cari ildə 620-640 kq ot məhsulu əldə edilməsi müəyyən edilmişdir. Gədəbəy rayon ərazisində fəaliyyət göstərən "xxxx" MMC-nin 12 may 2022-ci il tarixli, 6 nömrəli arayışına əsasən bazarda 1 kq otun qiyməti 35-36 qəpikdir. Cavabdehin atının ona vurduğu zərərin məbləği 231 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-36/2023 nömrəli qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı əldən çıxmış fayda olaraq vurulmuş maddi ziyana görə 217 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 247 (iki yüz qırx yeddi) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 95 manat məbləğində pul vəsaitinin əvəzinin Cavabdeh alınıb İddiaçı verilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Gədəbəy rayon Mərkəzi tərəfindən verilmiş rəyə əsasən, İddiaçı müraciəti əsasında onun biçənək sahəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, 0.14 ha biçənək sahəsi mal-qara və at tərəfindən yeyilmişdir və vətəndaşa 100 faiz ziyan dəymişdir. Cavabdeh isə əvvəlki məhkəmə iclasında həmin mübahisəli biçənək sahəsində heyvanlarının otlamasını təkzib etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qeyd edilən hüquqazidd hərəkətləri nəticəsində ona vurulmuş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçıya vurulmuş zərərin məbləği məsələsini müəyyən edərkən hesab edir ki, iş materiallarında olan Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 17 may 2022-ci il tarixli qiymətləndirmə barədə arayışda qeyd edilmiş qiymətlərin aşağı həddi, eləcə də Gədəbəy rayon X1 rəyində həmin ot məhsulunun 620-640 kq ziyan dəydiyi göstərilən məhsulun aşağı həddi əsas götürülməlidir. Bu hesabla mübahisəli 620 kiloqram otdan (biçənək sahəsindən) 217 manat (620 x 0.35 manat = 217 manat) qazanc əldə etmək olardı.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Slavyanka bələdiyyəsinə məxsus örüş sahəsini biçənək sahəsi kimi özbaşına istifadə etmişdir. Məhkəmə qətnaməsində həmin sahəyə dair hissəyə toxunulmuş, guya iddiaçının bələdiyyə hesabına büdcəyə pul vəsaiti ödənildiyi qeyd edilmişdir. İddiaçının özü də məhkəmə iclasında cavabdehin atının otladığı sahənin biçənək sahəsi olmasını qeyd etmişdir. İddiaçı ona maddi ziyan dəyməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin, işə baxılarkən məhkəmə onun iştirakını təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında cavabdeh izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, mübahisəli ərazi bələdiyyə torpağı olmaqla örüş torpaq sahəsidir və ümumi istifadə üçün nəzərdə tutulub. Lakin iddiaçı heç bir əsas olmadan sahəni zəbt etmişdir. Tərəfindən təqdim olunan məktubdan da görünür ki, iddiaçı həmin əraziyə dair heç bir vergi ödəməmiş, həmin ərazi heç kimin icarəsinə və ya istifadəsinə verilməmişdir

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, mübahisəli torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir və cavabdeh bilərəkdən heyvanları onun sahəsində yemləmişdir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.

15. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikası Qanunu: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. 11.1. Bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. 11.2. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

18. İddiaçı onun istifadəsində olduğu, biçənək torpaq sahəsinə aid edildiyini qeyd etdiyi torpaq sahəsində cavabdehə məxsus heyvanların otarılması səbəbindən ona maddi zərər dəyməsi iddiası ilə məhkəməyə müraciət etmişdir.

19. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin təqdim etdiyi mütəxəssis rəyini, Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Gədəbəy rayon Mərkəzi tərəfindən verilmiş rəyini və birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin heyvanların həmin torpaq sahəsində otarılması ilə bağlı izahatını əsas götürərək iddia tələbini qismən təmin etmişdir.

20. Məhkəmə kollegiyası hazırki tələb üzrə iş materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

21. Əmlaka vurulmuş zərərin müəyyən edilməsi ilə bağlı ilkin şərt əmlak üzərində iddiaçının qanuni əsasla mülkiyyət hüququnun və ya digər əşya hüquqlarının mövcud olmasıdır.

22. Hazırki tələb üzrə İddiaçı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən iştifadəsində olduğunu iddia etdiyi torpaq sahəsindən istifadə və ya mülkiyyət hüququna dair hər hansı sübut movcud olmamışdır.

23. İddiaçının iddia tələbini əsaslandırdığı sübut qismində təqdim edilən Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Gədəbəy rayon Mərkəzi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli, 06 nömrəli rəydə iddiaçının faktiki istifadəsində olan 0.14 ha biçənək torpaq sahəsinin iddiaçının qanuni istifadəsində və ya mülkiyyətində olması ilə bağlı hər hansı qeyd edilməmişdir.

24. Digər tərəfdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən təqdim edilmiş yerquruluşu üzrə sxemdən görünür ki, İddiaçı iddia etdiyi və Cavabdeh istifadəsində olan 0,10 ha torpaq sahəsi ilə RX0000794 seriya və nömrəli, **********65-10301 saylı çıxxarış əsasında İddiaçı məxsus olan 0.22 ha torpaq sahəsi üst-üstə düşmür və aralı yerləşir.

25. Mütəxəssis rəyində həmçinin qeyd olunmuşdur ki, iddiaçının cavabdeh tərəfindən maddi ziyan vurulduğunu iddia etdiyi torpaq sahəsi 0,1092 ha olmaqla iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilən 09 yanvar 2023-cü il tarixli, 10/7078 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçının cavabdeh tərəfindən maddi ziyan vurulduğunu iddia etdiyi torpaq sahəsi 0,1092 ha olmaqla iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir.

27. Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin 02 mart 2023-cü il tarixli,06 nömrəli arayışında qeyd olunur ki, İddiaçı tərəfindən Cavabdeh qarşı qaldırılmış iddiada göstərilən mübahisəli torpaq sahəsi bələdiyyənin örüş sahəsi olmaqla digər vətəndaşların icarəsinə və istifadəsinə verilməmişdir, qeyd edilən torpaq sahəsindən icarə və istifadə haqqı kimi bələdiyyənin hesabına İddiaçı tərəfindən 2020,2021,2022 və 2023-cü ilin hal-hazırınadək heç bir ödəniş olmamışdır.

28. Belə olan halda iddiaçının cavabdeh tərəfindən maddi ziyan vurulduğunu iddia etdiyi torpaq sahəsi 0,1092 ha olmaqla iddiaçının istifadəsində olan torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması işin mübahisəsiz halıdır.

29. Digər tərəfdən yuxarıda qeyd edilən maddi normalardan da göründüyü kimi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin fiziki və hüquqi şəxsləri istifadəsinə verilməsi zamanı bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilənin olması imperativ tələbdir.

30. İddiaçı ilə Slavyanka bələdiyyəsi arasında torpaq sahəsinin istifadəyə verilməsinə dair müvafiq bələdiyyə qərarı və ya icarə müqaviləsi məhkəmə araşdırmasına təqdim edilməmişdir.

31. Bundan başqa, birinci instansiya məhkəməsinin mövqeyini əsaslandırdığı sübutlardan olan tədiyyə bildirişlərinə qiymət verərkən məhkəmə kolelgiyası qeyd edir ki, həmin tədiyyə bildirişlərində konkret olaraq iddiaçının hansı torpaq sahəsinə dair ödəniş etməsi müəyyən olunmamışdır. Bu hal qeyd edilən tədiyyə bildirişlərinin mötəbər sübut kimi qəbul edilməsini istisna edir.

32. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

33. Beləliklə, məhkəmə kollegiyası qeyd edilən halları rəhbər tutaraq müəyyən edir ki, hazırki tələb üzrə iddiaçının 0,1092 ha torpaq sahəsində olan biçənəyin cavabdehin heyvanının yeməsi nəticəsində zərər tələbinə dair subyektiv hüququ yoxdur.

34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi birinci instansiya məhkəməsində onun iştirakının təmin edilməməsi halına qiymət verərkən hesab edir ki, iş materiallarında olan sənədlərdən cavabdehin məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılması müəyyən olunur (səh 112-114).

35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməklə yeni qətnamə qəbul edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-36/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cəlal oğlunun Cavabdeh maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar