Məhkəmə qərarları › İş №2(104)-1216/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1216/2024

29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1216/2024 29.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı cavabdeh X3 qarşı “aliment məbləğinin artırılması tələbinə” dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-592/2024 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-592/2024 saylı qətnaməsi ilə (hakim Q.Baxşıyev) iddianın qismən təmin edilməsi, Tovuz Rayon Məhkəməsinin 2(062)-2165/2022 saylı 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 13 iyun 2012-ci il tarixdə anadan olmuş Lalə, 20 dekabr 2013-cü ildə anadan olmuş Rüstəm və 21 yanvar 2018-ci ildə anadan olmuş Mələk adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün X1 hər ay hər uşağa görə 170 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın alimentin məbləğinə aid qalan hissəsinin təmin edilməməsi, cavabdeh X1 34,4 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh X4 apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-592/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Tovuz Rayon Məhkəməsində cavabdeh X3 qarşı iddia qaldıraraq 13 iyun 2012-ci ildə anadan olmuş Lalə, 20 dekabr 2013-cü ildə anadan olmuş Rüstəm və 21 yanvar 2018-ci ildə anadan olmuş Mələk adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 220 manat aliment alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin birgə nigahdan xx.xx.2012-ci ildə X7, xx.xx.2013-cü ildə X5 və xx.xx.2018-ci ildə X6 anadan olmuşlar. Tovuz Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Lalə, Rüstəm və Mələk adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün X1 hər ay hər uşağa görə 130 manat aliment alınıb iddiaçıya verilməsi qət edilmişdir. Uşaqlar iddiaçının himayəsindədir. Uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Odur ki, cavabdeh X1 13 iyun 2012-ci il tarixdə anadan olmuş Lalə, 20 dekabr 2013-cü ildə anadan olmuş Rüstəm və 21 yanvar 2018-ci ildə anadan olmuş Mələk adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə sabit məbləğdə 220 manat aliment alınıb iddiaçıya verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün olmamışdır. Belə ki, tərəflərin qarşılıqlı münasibətləri düzgün araşdırılamadan qətnamə qəbul edilib. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin112.1-ci maddəsinin tələbi ilə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə onun artıq təyin olunmuş alimenti belə vaxtı vaxtına ödəmək imkanının ağır olmasını nəzərə almayaraq həmin alimentin miqdarını bir az da artırmışdır. Məhkəmə nəzərə almamışdır ki, ailənin birgə idarə olunması zamanı ailə budcəsinə daxil olan gəlir hesabına pis-yaxşı keçinmək olur. Hazırki halda isə birgə təsərrüfat idarə olunmur və onun aylıq maaşı o həddə deyildir ki, hər ay 510 (beş yüz on manat) iddiaçı tərəfə aliment ödənişi edə bilsin. Ailə Məcəlləsinin bu kimi hallarda tətbiq edə bilməli olan norması, yəni 76.2-ci maddəsinin tələbinə əsaslansaq onun aylıq gəliri 1020 (bir min iyirmi) manat olmalıdır ki, ondan tələb olunan 510 manatı vermək imkanı olsun. Onun aylıq gəliri isə 300 (üç yüz) manatı aşmır. Uşaqların saxlanılması üçün əvvəl təyin olunmuş alimentin ödənilməsində bir çox hallarda ona yaxınları dəstək olur. Hələ ona dəstək oluna-oluna əvvəlki alimentə görə böyük məbləğdə ödənilməmiş aliment borcu yaranıb. Məhkəmə isə bunları nəzərə almaq əvəzinə onun vəziyyətini daha da ağırlaşdıran qətnamə qət edib. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Belə ki, iş materiallarında olan arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından 13 iyun 2012-ci ildə Lalə, 20 dekabr 2013-cü ildə Rüstəm və 21 yanvar 2018-ci ildə Mələk adlı uşaqları anadan olmuşdur. İşdə olan Tovuz Rayon Məhkəməsinin 2(062)-2165/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, 13 iyun 2012-ci ildə anadan olmuş Lalə, 20 dekabr 2013cü ildə anadan olmuş Rüstəm və 21 yanvar 2018-ci ildə anadan olmuş Mələk adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün X1 hər ay hər uşağa görə 130 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində göstərilir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 16 iyun 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından 13 iyun 2012-ci ildə Lalə, 20 dekabr 2013-cü ildə Rüstəm və 21 yanvar 2018-ci ildə Mələk adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaqlar anasının yanındadır. Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh uşaqların saxlanılması üçün aliment ödəyir. İddiaçı aliment məbləğinin artırılmasını istəyir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və aşağıdakıları qeyd edir. Belə ki, cavabdehin gəlirinin aşağı olması onu yetkinlik yaşına çatmamış uşalarının tələbatını təmin etməkdən azad etmir və onun əmək haqqısının aşağı olması uşağının saxlanması üçün tutulan alimentin miqdarının artırılmasına maneə deyildir. Ona görə ki, işdən göründüyü kimi tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün alimentin məbləği məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, həmin vaxtdan sonra dolanışıq minimumu artmışdır. Digər tərəfdən məhkəmə tərəfindən tutulması qət edilmiş alimentin miqdarı Respublika üzrə uşaqların saxlanması üçün müəyyən edilmiş dolanışıq minimumundan aşağıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək məhkəmənin əvvəlki qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini artırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığına, cavabdeh X2 verdiyi apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-592/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar