Məhkəmə qərarları › İş №2(104)-1218/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1218/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1218/2024 05.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı “X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-771/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı “X1 Kredit Təşkilatı” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6000 manat əsas, 1164,99 manat faiz, 1218 manat cərimə borcu olmaqla 8382,99 manat kredit borcunun, dövlət rüsumu kimi ödənilmiş 109 manat pulun, vəkilin göstərdiyi hüquqi yardıma görə 480 manat pulun tutulması, tələbin girov predmeti olan 81,6 qram çəkisi olan qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cavabdehin kredit müqaviləsi üzrə kredit borcunun, dövlət rüsumu kimi ödənilmiş 109 manat pulun və vəkilin göstərdiyi hüquqi yardıma görə 480 manat pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə borc məbləğinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-771/2024 nömrəli qətnaməsi (hakim Fərid Əliyev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023cü il tarixli, 4263/2023 saylı kredit müqaviləsi üzrə 6000 manat əsas, 1164,99 manat faiz, 100 manat cərimə borcu olmaqla 7264,99 (yeddi min iki yüz altmış dörd manat doxsan doqquz qəpik) manat borc «X1 Kredit Təşkilatı» MMC–nin xeyrinə tutulması, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 109 (bir yüz doqquz) manat pulun əvəzi Cavabdeh alınaraq «X1 Kredit Təşkilatı» MMC-yə verilməsi, vəkil tərəfindən edilmiş hüquqi yardıma görə ödənilmiş pulun əvəzi kimi Cavabdeh 50 (əlli) manat pul alınaraq X1 Kredit Təşkilatı» MMC-yə verilməsi, tələb Cavabdeh məxsus çəkisi 42 qram olan 750 əyarlı bir ədəd qarnitur (qırıq), çəkisi 4,1 qram olan bir ədəd 750 əyarlı boyunbağı, çəkisi 10,4 qram olan bir ədəd 583 əyarlı boyunbağı, çəkisi 1,1 qram olan 585 əyarlı bir ədəd klon və çəkisi 24 qram olan bir ədəd 583 əyarlı saat qolbaqdan ibarət qızılzinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyaları açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh kredit müqaviləsi üzrə kredit borcu, vəkilə ödənilmiş pulun əvəzi kimi 50 manat və dövlət rüsumu kimi keçirilmiş 109 manat pulun ödənilməsi təmin edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə “X1 Kredit Təşkilatı” MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, məruzəçi hakimi dinləyərək, iddiaçının imtina ərizəsini və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-771/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddiaçı “X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbindən imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iddiaçı “X1 Kredit Təşkilatı” “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəmə kollegiyasına ərizəyə ünvanlayaraq, halhazırda Cavabdeh ilə mübahisə məhkəmədənkənar həllini tapdığından işə baxılıb mahiyyəti üzrə həll edilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikasının MPM-in 370.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair 2(104)-1218/2024 saylı mülki iş üzrə iddia tələbindən imtinaya dair ərizənin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-in 47-ci və 52.1-ci maddələrinə əsasən, iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiadan imtina etmə, bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının MPM-in 370-ci maddəsində deyilir ki, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikasının MPM-in 191.2-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-in 52.5-ci maddəsinin tələbinə görə iddiaçının iddiadan imtina etməsi o halda qəbul edilmir ki, iddiadan imtina etmə qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının MPM-in 384.0.5-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 262.4-cü maddəsində göstərilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 402.2.4-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 191, 261.0.4, 263, 264, 370, 384.0.5, 402, 405.0.2,406 və 407-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-771/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilsin və bu əsasa görə iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar