Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1221/2024 06.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-41/2024 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadləşdirilmş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 yanvar 2022-ci il tarixli 03371048 nömrəli “Müqaviləyə” əsasən “SOLO SOBA HANSA” üçün 940,86 manat ödənilməmiş hissə və 94,14 manat cərimə borcu olmaqla, ümumillikdə 1035 manat məbləğində borcun və ödənilmiş 30,35 manat dövlət rüsumu alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-41/2024 saylı qətnaməsi ilə (sədrlik edən Mustafa Mustafayev) iddia təmin edilməmişdir. İddiaçı "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-41/2024 qətnaməsinin ləğv edilməsini və yeni qətmamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli 03371048 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 52,27 manat ödəməklə, 18 ay müddətinə “SOLO SOBA HANSA” 940,86 manata satın almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 940.86 manat, ümumilikdə isə cərimə ilə birlikdə 1035 manat borcu yaranmışdır. Hesab edir ki, məhkəmə tərəfindən qəbul edilmiş qərar düzgün deyil və ləğv olunmalıdır. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Cavabdeh FCMXS 582977(gümüşü) seriya **********2620 olan “Soba Hansa” markalı məhsulun üst hissəsi yanmış, sağ-sol yanlarında ləkə və sağ yan cırıq və batıq vəziyyətdə istifadə olunmuş vəziyyətdə müştəri tərəfindən tam 2 ay üstündən keçdikdən sonra xx.xx.2022-ci il tarixdə təhvil alınmışdır. Bu səbəbdən də, məhkəməyə məcburiyyət qarşısında qalaraq müraciət edilmişdir. Ona görə də, apellyasiya şikayətin təmin edilməsini, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-41/2024 qətnaməsinin ləğv olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-41/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: 26 yanvar 2022-ci il tarixli 03371048 nömrəli “Müqavilə” və müqaviləyə əlavələrin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli 03371048 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 52,27 manat ödəməklə 18 ay müddətinə 940,86 manat məbləğində “SOLO SOBA HANSA” satın almışdır. Müqaviləyə əsasən satılmış mala 2 il zəmanət verilmişdir. 26 yanvar 2022-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 26 yanvar 2022-ci il tarixli 03371048 nömrəli müqaviləyə əsasən 1 ədəd “SOLO SOBA HANSA” Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. FCMXS 582977(gümüşü) seriya **********2620 olan “Soba Hansa” markalı məhsul üst hissəsi yanıb, sağ-sol yanlarında ləkələr var, sağ yan cırıq və batıqdır istifadə olunub müştəri Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir, “Kontakt Home”-nin nümayəndəsi Həsənov Azər tərəfindən təhvil alınmışdır. 28 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MM-nin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Məhkəmə kollegiyasında müəyyən edildi ki cavabdeh iddiaçıdan aldığı malı keyfiyyətsiz olması əsası ilə qaytarmış, iddiaçının nümayəndəsi isə həmin məhsulu qəbul etmişdir. İddiaçı həmin malın çatışmamazlıqlarının aradan qaldırıılmasına, yenisi ilə əvəz edilməsinə dair cavabdehə müraciət etməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı 26 yanvar 2022-ci il tarixli 03371048 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən satdığı “SOLO SOBA HANSA” markalı sobanı xx.xx.2022-ci il tarixdə cavabdehdən təhvil almasına və bununla bağlı cavbdehə hər hansı müraciət etməməsinə baxmayaraq 2 ildən sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda isə, iddiaçı xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktı əsasında cavabdehin əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almasına və cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsinə istinad etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh aldığı malda olan qüsura görə malı iddiaçıya qaytarmış, iddiaçı isə malı aldıqdan sonra bununla bağlı heç bir hərəkət etmədən müqavilədə qeyd edilmiş malı cavabdehin qəbul etməsi halına istinad edərək malın dəyərinin ödənilməsini tələb etmişdir və iddiaçı malı geri təhvil aldıqdan sonra cavabdehə, yəni alıcıya bununla bağlı heç bir etiraz etmədiyindən malın qaytarıldığı andan onlar arasında yaranmış müqavilə münasibətlərinə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlili qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-41/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-41/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1221/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1221/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver