Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1231/2024 25.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun vərəsələrdən tutulması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2(062)-724/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Kreditor "xxxx" ASC ilə X1 arasında bağlanmış 17 yanvar 2018-ci il tarixli 4xx.xx.2018-002817 nömrəli kredit müqaviləsindən görünür ki, borcalana 29 ay müddətinə, illik 36 faizlə 1200 manat məbləğində kredit verilmişdir;
2. Ölüm haqqında AZ-İ seriyalı 984507 nömrəli şəhadətnaməyə əsasən müəyyən olunmuşdur ki, X4 25 dekabr 2018-ci il tarixdə vəfat etmişdir;
3. Tovuz Regional “ASAN Xidmət” mərkəzindəki notariat ofisi tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli 2V-954 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 25 dekabr 2018-ci il tarixdə vəfat etmiş X2 vərəsələri - qızları Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, oğlu Cavabdeh4 hesab edilmişdir. Şəhadətnamə verilən miras əmlak Tovuz rayonu Əyyublu kəndində yerləşən 1,4162 ha torpaq sahəsinin mərhuma məxsus hissəsidir;
4. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 17 yanvar 2018-ci il tarixli kredit müqaviləsi üzrə X2 903,35 manat əsas, 519,19 manat faiz, 135,25 manat gecikdirilmiş vaxt üçün illik beş faiz borcu olmaqla, ümumilikdə 1557,79 manat borcu vardır;
5. Xəbərdarlıqdan görünür ki, cavabdehlərə kredit borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X2 vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə 903,35 manat əsas, 519,19 manat faiz, müqavilə müddəti bitdikdən sonra illik beş faiz hesablanmaqla 135,25 manat faiz borcu olmaqla, ümumilikdə 1557,79 manat borcun, ödənilmiş 35 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə mərhum X4 arasında 17 yanvar 2018-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, sonuncuya istehlak məqsədləri üçün 29 ay müddətinə, illik 36 faizlə olmaqla ilkin 1200 manat kredit ayrılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən, borcalan kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürür. X4 25 dekabr 2018-ci ildə vəfat etmişdir. Tovuz rayon notariat ofisinin 12 sentyabr 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, mərhumun vərəsələri kimi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tanınmışdır. Ona görə də müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 bu günədək borcu geri qaytarmamışlar. Bu günkü günə borcluların kreditor qarşısında 1557,79 manat məbləğində icra edilməmiş öhdəliyi vardır. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışlar.
8. Tovuz Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2(062)-724/2024 nömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddia qismən təmin edilərək, 17 yanvar 2018-ci il tarixli kredit müqaviləsi üzrə 903,35 manat əsas, 294,74 manat faiz borcu olmaqla, cəmi 1198,09 və ödənilmiş 32 manat məbləğində dövlət rüsumu, 0,40 manat xidmət haqqı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; İddianın qalan hissəsinin təmin edilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445, 448.1, 1306.1 və 1309-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmamış hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, maliyyə arayışında göstərilən faiz məbləği hər hansı qanuni əsas olmadan məhkəmə tərəfindən azaldılmış, habelə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş borcun ödənilməsi üçün hesablanmış beş faizlə hesablanan faiz məbləği əsassız olaraq təmin edilməmişdir. Məhkəmə ödəniş cəvdəlinə əsasən hesablanmış faiz borcunun cəmindən maliyyə arayışında ödənilmiş göstərilən faiz borcunu çıxmaqla qalıq faiz borcunu hesablamışdır. Halbuki, ödəniş cədvəli və maliyyə arayışı tamamilə bir-birindən fərqli sənədlərdir. Belə ki, ödəniş cədvəli borc alan tərəfindən öhdəliyin hansı tarixlərdə, hansı qaydada və şərtlərlə icrasını əks etdirir, maliyyə arayışı isə xüsusi hesablama metodları ilə borclunun müvafiq tarixə olan borcunu əks etdirən sənəddir. Əgər borcalan və ya onun vərəsələri öhdəliyini müqavilədə və onun ayrılmaz hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulan qaydada icra etmiş olsaydı, onun əsas və faiz borcu annuitet ödəniş qrafikinə uyğun olaraq azalardı, lakin borcalan və onun vərəsələri öhdəliyini lazımi qaydada və vicdanla icra etmədiyinə görə onun faiz borcu müqavilə müddəti ərzində müvafiq tarixə olan əsas borcuna uyğun olaraq hesablanmışdır. Məhkəmə təcrübəsinə əsasən bildirir ki, adətən iddiaçının təqdim etdiyi maliyyə arayışının mötəbərliyinə şübhə olduğu halda məhkəmələr mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardad çıxarır və ekspertizanın rəyindən sonra hər hansı sübutu mötəbər hesab edərək, ona istinadən yekun məhkəmə aktı qəbul edir. İndiki halda isə məhkəmə hər hansı mötəbər sübuta əsaslanmayaraq qərar qəbul etmiş və faiz borcunu əhəmiyyətli dərəcədə azaltmışdır. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, cavabdehlərdən müqavilə müddəti bitdikdən sonra beş faizlə hesablanmış 135.25 manat pul vəsaiti tutula bilməz. Məhkəmə hesab etmişdir ki, vərəsələr yalnız ölmüş borclunun borclarına görə məsuliyyət daşıyırlar. Uzun müddət məhkəməyə müraciət edilməməsi borc verənin laqeydliyi ucbatından olmuşdur. Vərəsələr miras qoyanın müqavilə üzrə öhdəliklərinə, yəni mövcud olan və miras qoyanın ölümü ilə xitam olunmayan öhdəliyinə cavabdehlik daşıyır. Ona görə də iddianın müqavilə müddəti bitdikdən sonra illik beş faiz hesablanmaqla 135,25 manat faiz borcuna aid hissəsi təmin edilməməlidir. Məhkəmə həmin nəticəyə gələrkən Mülki Məcəllənin 1309-cu maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin maddəyə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, borc alanın vərəsələri onun kreditorlarına (yəni banka) mirası qəbul etmələri barədə vaxtında məlumat versəydilər, vərəsələr tərəfindən borc ödənilmədiyi zaman onlara qarşı elə o zaman iddia qaldırılardı. Yalnız 2022-ci il sentyabrında vərəsəlik işi açılmış, bunda sonra Bank tərəfindən verilmiş müvafiq sorğularla borcalanın vərəsələrinin kimliyi müəyyən edilmişdir. Bundan başqa, müqavilə müddəti bitdikdən sonra 5 faizlə hesablanmış faiz məbləği banka dəymiş zərərin məbləğidir. Belə ki, hazırkı iş üzrə kredit müqaviləsinə əsasən müqavilənin icra müddəti başa çatana qədər tərəflərin razılaşdığı tarixlərdə və məbləğdə müvafiq ödəmələr edilməli və öhdəlik tam olaraq yerinə yetirilməli idi. Lakin kredit müqaviləsinin bitdiyi tarixə qədər öhdəlik tam şəkildə icra edilməmişdir və nəticədə cavabdehlər tərəfindən öhdəliyin icrasının gecikdirilməsi halı baş vermişdir. Göründüyü kimi öhdəliyin icra edilməməsi kredit müqaviləsinin bitdiyi tarixdən sonra da davam etmiş və müqavilə öhdəliyi uzun müddət ərzində icra edilməmişdir və aydındır ki, qeyd olunan hərəkət banka faktiki olaraq ziyan vurmuşdur, çünki bank verdiyi krediti və ona hesablanmış faizləri razılaşdırılmış vaxt ərzində geri ala bilməmişdir
c) Apellyasiya instansiyasında icraat:
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2024-cü il tarixli 2(104)-1231/2024 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2(062)-724/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2024-cü il tarixli 2(104)-1231/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2(062)-724/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxılması qərara alınmışdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
e) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, borclunun vəfatından sonra 903,35 manat ödənilməmiş əsas borc qalmışdır. Maliyyə arayışında göstərilən faiz borcu məbləği də əsas borca uyğun hesablanmışdır. Cavabdehlər 2022-ci ilin sentyabr ayında vərəsə kimi X1nın mirasını qəbul etmişlər. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, cavabdehlər mərhum borcalanın mirasını qəbul etmiş olsalar da, lakin bu barədə banka məlumat verməmişlər. Bank tərəfindən notariat ofisinə verilmiş sorğuya alınmış cavab əsasında bilmişlər ki, cavabdehlər mərhum borcalanın mirasını qəbul etmişlər. Bundan sonra dərhal cavabdehlərə pretenziya göndərilmiş, müsbət nəticə olmadığından da məhkəmədə iddia qaldırılmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmamış hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 443. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
21. Həmin Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
25. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
26. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
32. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 903,35 manat əsas, 519,19 manat faiz, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz borcu 135,25 manat olmaqla, ümumilikdə 1557,79 manat borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
39. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" ASC ilə X1 arasında 17 yanvar 2018-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya istehlak məqsədləri üçün 29 ay müddətinə illik 36 faizlə 1200 manat kredit verilmişdir. X1 25 dekabr 2018-ci ildə vəfat etmişdir. Bundan sonra Tovuz Regional “ASAN Xidmət” mərkəzindəki notariat ofisi tərəfindən 25 dekabr 2018-ci il tarixdə vəfat etmiş X2 övladları Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, oğlu Cavabdeh4 27 sentyabr 2022-ci il tarixli 2V-954 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhum Cəmilə Bayramovanın qanun üzrə birinci növbəli vərəsələri hesab edilmişlər və miras qoyanın miras əmlakından pay almışlar. Şəhadətnamə verilən miras əmlak Tovuz rayonu Əyyublu kəndində yerləşən 1,4162 ha torpaq sahəsinin mərhuma məxsus hissəsidir. Bununla yanaşı müəyyən olunur ki, "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən mərhum borclu X2 17 yanvar 2018-ci il tarixli kredit müqaviləsi üzrə 903,35 manat əsas, 519,19 manat faiz, 135,25 manat gecikdirilmiş vaxt üçün illik beş faiz borcu olmaqla, ümumilikdə 1557,79 manat borcu vardır. Kreditor "xxxx" ASC tərəfindən mərhum borclu X2 mirası qəbul etmiş vərəsələri olan cavabdehlərə miras qoyanın borcunun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdehlər borcu ödəməmişlər. Ona görə də kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir.
40. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, qətnamənin nəticə hissəsində iddia tələbinin qismən təmin edilməsi qeyd edilmiş, lakin iddia tələbinin qalan hissədə təmin edilmədiyi göstərilməmişdir. Məhkəmə qətnamənin nəticə hissəsində təkrarən qeyd etmişdir ki, iddianın qalan hissəsi təmin edilsin.
41. Halbuki, MPM-in 220.5-ci maddəsinə görə, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.
42. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
43. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
44. Məhkəmə kollegiyası iddia tələbini mülki iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
45. Belə ki, öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
46. Cavabdehlər (vərəsələr) Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 25 dekabr 2018-ci il tarixdə vəfat etmiş miras qoyan X2 miras aktivini qəbul etdiyinə görə bilavasitə miras qoyanın miras passivini də qəbul etmiş olur və beləliklə miras qoyanın kreditorunun mənafelərini ödəməyə borcludurlar.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.
48. X5 Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.
49. Daha sonra Plenum qeyd etmişdir ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin müddətinin bitməsi, əks hal razılaşdırılmadığı təqdirdə tərəflər arasında müqavilə münasibətlərinin sona çatmasına səbəb olmur, tərəflər arasında öhdəlik münasibətləri davam edir, kreditor yenə də borcludan müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmək səlahiyyətinə malik olur. Bu baxımdan kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər.
50. Məhkəmə kollegiyası işin şərh olunan hallarını nəzərə alaraq hesab edir ki, miras qoyan X2 mirasını qəbul etmiş vərəsələr olan cavabdehlərdən miras qoyanın iddiaçı "xxxx" ASC-yə olan əsas, faiz və gecikdirilmiş vaxt üçün illik beş faiz borcu tutulmalıdır.
51. İddiaçı "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən müəyyən olunur ki, mərhum borclu X2 17 yanvar 2018-ci il tarixli kredit müqaviləsi üzrə 903,35 manat əsas, 519,19 manat faiz, 135,25 manat gecikdirilmiş vaxt üçün illik beş faiz borcu olmaqla, ümumilikdə 1557,79 manat borcu vardır.
52. Məhkəmə kollegiyası qeyd edir ki, maliyyə arayışında kredit müqaviləsi üzrə əsas, faiz və gecikdirilmiş vaxt üçün illik beş faiz borcu dəqiqliklə göstərilmişdir. Arayışda göstərilən məlumatların həqiqiliyini şübhə altına alacaq hər hansı hal yoxdur. Digər tərəfdən cavabdehlər də bu barədə hər hansı arqument irəli sürməmişlər. Ona görə də kredit müqaviləsi üzrə əsas, faiz və gecikdirilmiş vaxt üçün illik beş faiz borcu maliyyə arayışında göstərilən məbləğ üzrə müəyyən edilməlidir.
53. Bundan başqa, işdən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi 35 (otuz beş) manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
54. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2(062)-724/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 903,35 manat əsas, 519,19 manat faiz, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz borcu 135,25 manat olmaqla, ümumilikdə 1557,79 (bir min beş yüz əlli yeddi manat yetmiş doqquz qəpik) manat borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.